Azərbaycan BMT Təhlükəsizlik Şurasında öz maraqlarını qorumaqla bərabər, beynəlxalq miqyasda sülhün, əməkdaşlığın möhkəmlənməsinə də töhfə verəcək

 

Ən vacib məsələ isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir

 

Müstəqilliyinin iyirminci ilini geridə buraxmış Azərbaycan Respublikası təkamül  yolu ilə irəliləyərək keyfiyyətcə yeni mərhələyə qədəm qoydu - inkişaf etməkdə olan ölkədən sürətlə inkişaf edən ölkəyə, dünyada baş verən siyasi proseslərin tənzimlənməsində söz sahibinə çevrildi. Elə müstəqilliyini qazandığı ilk ildən müharibə şəraitində yaşamasına baxmayaraq, sonradan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əldə edilən siyasi sabitliyin verdiyi güvənə arxalanaraq ölkəmizdə bütün sahələrdə köklü islahatlar aparıldı, fəaliyyətin hər bir sahəsində uğurlar qazanıldı.

Azərbaycanın xarici siyasətdə nail olduğu uğurlar bu gün bütün dünyanı heyrətdə qoyub, dövlətimizə olan etimadı artırıb. XX əsrdə bu cür uğurlu sıçrayışa imza atan ölkələr sırasında Yaponiyanı, Cənubi Koreyanı, Almaniyanı, Malayziyanı, İndoneziyanı göstərirdilərsə,  indi Azərbaycan da bu cərgəyə  yaxınlaşır. İndi ölkəmiz ən nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur, səsi eşidilir.

2011-ci il oktyabrın 24-də - BMT-nin yaradıldığı gün Baş Məclisin plenar iclasında gizli səsvermə nəticəsində Azərbaycanın Şərqi Avropa bölgəsindən bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi neçə ildən bəri ölkəmizin qazandığı diplomatik uğurların zirvəsi oldu. Dünya birliyi inandı ki, Azərbaycan bu nüfuzlu qurumda ədaləti, həqiqəti, haqqı müdafiə edəcək, sözünü deyəcək, siyasi mövqeyini müstəqil şəkildə ortaya qoyacaq.

Beynəlxalq təşkilatların üzvü olmaq, onun işində yaxından iştirak etmək hər bir müstəqil dövlətin qarşıya qoyduğu məqsəd və can atdığı hədəfdir. Bu hədəfə çatmaqla ölkəmiz beynəlxalq səviyyədə özünün maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazandı. Prezident İlham Əliyev İTAR-TASS Agentliyinə və "Rossiya 24" telekanalına müsahibə verərkən Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlarından və bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən  xüsusi bəhs etmişdir. Rusiyalı jurnalistlər də Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi bu uğuru yüksək dəyərləndirmiş, gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermə prosesini xatırlatmışlar. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xalqımızın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və ən sanballı qələbə adlandırmışdır: "Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Azərbaycan bu mübarizədə ilk turdan başlayaraq liderlik edirdibütün mərhələlərdə böyük fərqlə irəlidə gedirdi. Nəticədə biz birliyin böyük dəstəyini qazandıq. Məhz beynəlxalq birliyin - çünki yalnız bu cür format elə dünya birliyi, beynəlxalq birlik deməkdir. Onlar inanmışlar ki, biz orada ədalət ideallarını müdafiə edəcəyik. Əlbəttə, bu məsuliyyət bizim üzərimizə yeni funksiyalar qoyur. Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktik səmərəsi olacaqdır. Özü də təkcə ölkəmizin maraqlarını müdafiə etmək üçün yox. Biz həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verəcəyik. Beynəlxalq birliyin bu yeri bizə etibar etməsi faktının özü ona dəlalət edir ki, Azərbaycan dünyada baş verən qlobal proseslərə töhfə verəcək bir ölkə kimi qəbul edilir".

Məlum olduğu kimi, illərdir dünyanın bir çox yerində müharibə, münaqişə ocaqları sönmür, günahsız insanlar, qocalar, uşaqlar öldürülür, əhali yaşadığı ərazidən qaçqın düşür. Bu da dünyanın nizamının pozulmasına, gərginliyin artmasına səbəb olur, iqtisadi balans pozulur, iqlim dəyişiklikləri intensiv xarakter alır. Bu cür münaqişələrin ədalətli həll olunması üçün isə dünyanın, doğrudan da, ədalətli addım atması, ikili standartlardan çəkinməsi, haqqın yanında dayanması vacibdir. BMT 1945-ci ildə yaradılarkən qarşıya qoyulan birinci məqsəd o idi ki, dünyada bir daha müharibə olmasın, yaranan münaqişələrin qarşısı alınsın. Azərbaycanın da hədəfi məhz budur. Dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, çalışacağıq qarşıdaki iki il ərzində həm Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində, həm də qlobal miqyasda sülhün, əməkdaşlığın qorunmasında bu nüfuzlu qurumun işinə töhfələr verək. Oktyabr ayında bu hadisəyə dünyanın aparıcı analitikləri münasibətlərini bildirdilər. LİNKS qeyri-hökumət təşkilatının icraçı direktoru Dennis Sammuta görə, Azərbaycanın qələbəsi onun beynəlxalq oyunçu olduğunu bəyan etdi: "Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu ölkənin yeritdiyi fəal və bir çox cəhətdən uğurlu xarici siyasətinin göstəricisidir".        

BMT Təhlükəsizlik Şurasının üzvü kimi yanvar ayının iş planı da müəyyənləşib, Azərbaycan səlahiyyətlərinin icrasına başlayıb. Belə ki, ölkəmizin 11 qapalı məsləhətləşmədə, üç formal debatda və beş brifinqdə iştirak edəcəyi gözlənilir. Müzakirələr Yaxın Şərq, xüsusilə də Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında aparılacaqdır. Necə deyərlər, strategiya bəllidir: beynəlxalq sülhün və sabitliyin qorunması, haqqın və hüququn müdafiəsi, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması və s. 

Heç şübhəsiz, Azərbaycanın Təhlükəsizlik Şurasında vəzifəsinin icrasına başlaması dostları sevindirdiyi kimi, düşmənləri də məyus etdi və edəcək.

Başladığı oyunda həmişə məğlub durumda qalan Ermənistan yaxşı bilir ki, Azərbaycan ağa qara deməyəcək. Dünyanı düşündürən məsələlərə münasibətdə haqqın və ədalətin yanında olacaq. Bununla da nüfuzunu daha da artıracaq. BMT TŞ-yə üzv seçilmək Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və hücumçu diplomatiya siyasətinin məntiqi nəticəsidir. Heç şübhəsiz, Azərbaycan TŞ-də fəaliyyət göstərdiyi müddətdə üzləşdiyi problemlərin həll edilməsi ilə yanaşı, dünyada baş verən digər münaqişələrin də nizamlanmasına töhfəsini verəcək və artan nüfuzunu daha da genişləndirəcək.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 11 yanvar.- S.  1.