Bakıda İnsan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının ictimaiyyətə çatdırılması ilə bağlı konfrans keçirilmişdir

 

 İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi Milli Fəaliyyət Proqramının ictimaiyyətə çatdırılması ilə bağlı yanvarın 10-da Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirilmişdir.

Konfransı açan Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli proqramın əhəmiyyəti haqqında danışmışdır. Bildirilmişdir ki, konseptual miqyaslı xarakter daşıyan Milli Fəaliyyət Proqramının daha səmərəli icrası üçün kütləvi informasiya vasitələri də daxil olmaqla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq olduqca vacibdir.

Ə.Hüseynli vurğulamışdır ki, Proqramın qəbul edilməsi Azərbaycanda insan hüquq və azadlıqlarının və digər demokratik dəyərlərin təmin edilməsinə verilən əhəmiyyətin bariz nümunəsidir.

Komitə sədri həmçinin qeyd etmişdir ki, hazırlanmasında müxtəlif dövlətlərin, eləcə də ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların təcrübəsinin nəzərə alındığı Proqramda insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Milli Fəaliyyət Proqramının mahiyyəti, məqsədi və strukturu ilə bağlı məlumat vermişdir. Bildirilmişdir ki, bu proqram insan hüquqları sahəsində ölkəmizdə aparılan ardıcıl tədbirlərin məntiqi davamıdır.

Milli Fəaliyyət Proqramının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsini təşkil etdiyini deyən Ç.Əsgərov bildirmişdir ki, sənədin təsdiqlənməsi insan hüquqları və azadlıqlarının müdafiəsinin dövlətimizin başçısının həyata keçirdiyi siyasətin prioritetlərindən biri olduğunu sübut edir. Qeyd edilmişdir ki, 6 fəsildən ibarət olan Proqram insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlmişdir. Müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizminin müəyyən edildiyi Proqramın bütün fəsilləri insan hüquqlarının müdafiəsi sahəsində tədbirlərin istiqamətlərini əks etdirir.

ATƏT-in Bakı Ofisinin qanunun aliliyi şöbəsinin müdiri Monika Martinez Milli Fəaliyyət Proqramının qəbulunu insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması baxımından əhəmiyyətini xüsusi vurğulamış, beynəlxalq təşkilatların da təcrübəsi nəzərə alınaraq bu cür mütərəqqi, tam əhatəli bir sənədin hazırlanmasını və qəbulunu yüksək qiymətləndirmişdir.

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov Proqramın icrası ilə bağlı təmsil etdiyi nazirlik tərəfindən görüləcək işlər haqqında məlumat vermişdir. Bildirmişdir ki, Proqram qəbul edildikdən sonra nazirlikdə kollegiya iclası keçirilmiş və xüsusi tədbirlər proqramının hazırlanmasına başlanmışdır.

Konfransda çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və başqaları Milli Fəaliyyət Proqramının son illərdə hazırlanmış ən mükəmməl sənədlərdən biri olduğunu söyləmişlər.

Proqramın əhəmiyyətini xüsusi vurğulayan natiqlər onun icrasında təkcə dövlət qurumlarının deyil, qeyri-dövlət təşkilatlarının, o cümlədən vətəndaşların üzərinə ciddi məsuliyyətin düşdüyünü bildirmişlər.

Sonda proqramla bağlı suallar cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.-11 yanvar.- S.2.