Pedaqogika elminə dəyərli töhfə
Pedaqoji ictimaiyyətə təqdim edilən yeni "Azərbaycan pedaqoji antologiyası" kitabı oxucuların böyük marağına səbəb olmuşdur. Üç cilddən ibarət olması nəzərdə tutulan bu kitabın ikinci cildi "Maarif" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmişdir. Kitab keçmiş SSRİ PEA-nın müxbir üzvü, hazırda Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi üzvü, pedaqoji elmlər doktoru, respublikanın əməkdar ali məktəb işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ümumi pedaqogika" kafedrasının müdiri professor Hüseyn Əhmədov tərəfindən çapa hazırlanmışdır.
543 səhifəlik bu toplu "Ön söz" və dörd hissədən ibarətdir. Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 90 illik yubileyinə həsr edilmişdir.
Təhsil naziri, professor Misir Mərdanov bu kitabın əhəmiyyətini belə dəyərləndirir: "Azərbaycan Respublikasının yaradılmasının ikinci onilliyi ərəfəsində oxuculara təqdim edilən bu kitab Azərbaycan pedaqoji elminin son və ugurlu nəticəsi kimi çox dəyərlidir". Nazir akademik Hüseyn Əhmədovun bu sahədəki gərgin əməyini və zəhmətini yüksək qiymətləndirmişdir.
Azərbaycanda pedaqoji antologiya hazırlamaq tarixi o qədər də qədim deyil. İlk pedaqoji antologiya keçən əsrin sonlarında Moskvanın "Pedaqogika" nəşriyyatı tərəfindən çap edilmişdir. Digər müttəfiq respublikalarla yanaşı, "Azərbaycan pedaqoji fikir antologiyası" adlanan 41 çap vərəqi həcmində olan bircildlik antologiya pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Bu təcrübə həmin kitabın müəlliflərini bir qədər də ruhlandırmış və ana dilində üç cilddə hazırlamaq fikri formalaşmışdır. Azərbaycan dilində üçcilddən ibarət hazırlanacaq antologiyanın II cildi o vaxtlar H.Əhmədova həvalə edilmişdi. Lakin görünür, yaşadığımız keçid dövrü bu işi də bir qədər ləngitmişdi.
Ancaq xoşbəxtlikdən zaman dəyişdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz həm iqtisadi-siyasi, həm də elmi-pedaqoji cəhətdən özünün inkişafının yeni mərhələsinə qədəm qoydu. Həmin əsərin əsas müəlliflərindən biri olan akademik Hüseyn Əhmədov öz əhdinə sadiq qalaraq başlanan işi yenidən davam etdirmiş, 543 səhifəlik irihəcmli monumental bir əsər ərsəyə gətirmişdir. Kitab əsasən XIX əsrin əvvəllərindən XX əsrin ilk onilliyinə qədər olan dövrü əhatə edir. Burada Azərbaycanda fəaliyyət göstərən tanınmış müəllimlərin, məşhur maarifçilərin, klassik pedaqoqlarımızın həyatı və fəaliyyəti, onların zəngin pedaqoji irsi haqqında oxuculara müfəssəl məlumat verilir. Kitab dörd hissədən ibarətdir. Buradakı materiallar məntiqi ardıcıllıqla şərh edilir.
Kitab xalqımızın unudulmaz oğlu N.Nərimanovun Xalq Komissarları Sovetinin sədri vəzifəsində işləyərkən 1921-ci il avqust ayının 26-da imzaladığı "Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təşkili haqqında" məşhur 66 saylı dekretlə başlayır.
Kitabın birinci hissəsi XIX əsrin tanınmış maarifçilərinə həsr edilmiş, onların pedaqoji fəaliyyətlərindən bəhs olunur. Oxucu bu hissədə A.A.Bakıxanovdan tutmuş Səid Rza Əlizadəyə qədər olan maarifçilərin həyatı, elmi-pedaqoji fəaliyyəti və fikirləri ilə yaxından tanış olur.
Burada bir vacib cəhəti qeyd etmək yerinə düşər. 1991-ci ildə Moskvada rus dilində nəşr edilən bircildlik "Azərbaycan SSR Pedaqoji Fikir Antologiyası"ndan xeyli fərqli olaraq, buraya adları və fəaliyyətləri geniş oxucu kütləsinə bəlli olmayan bir sıra maarifçilər daxil edilmişdir. Məsələn, Lənkəran müsəlman məktəbinin müəllimi, XIX əsrin 50-ci illərində Tiflisdə nəşr edilən "Zakavkazskiy vestnik" adlı qəzetin səhifələrində "Lənkərandan məktublar" rubrikası adı altında silsilə məqalələr və hekayələrlə çıxış edən Məmmədəli Səfiyev, Lənkəran ziyalılarının böyük bir dəstəsinin təhsil aldığı yeni üsullu məktəb və onun yaradıcısı məşhur müəllim Mirzə İsmayıl Qasirin (1806-1900) pedaqoji fəaliyyəti haqqında verilən məlumat maraq doğurur.
Kitabın bu hissəsində İrəvan ziyalılarının- məktəbdarların bir dəstəsinin fəaliyyəti diqqətə çəkilir. Bunlardan biri Mirzə Ələkbər Elxanovdur. Moskva, Sankt-Peterburq, Tiflis və İrəvan şəhərlərindəki dövlət arxivlərində saxlanılan külli miqdarda arxiv sənədlərindən məlum olur ki, o, 1828-ci ildə İrəvan yaxınlığındakı Uluxanlı kəndində anadan olmuş, İrəvan şəhərindəki Baş Məscidin nəzdindəki ruhani məktəbini bitirmiş, rus dilini bildiyi üçün 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək ilk Azərbaycan dili müəllimi adını almış və 30 ilə qədər İrəvandakı qəza məktəbində, progimnaziya və gimnaziyada Azərbaycan dilindən dərs demişdir.
Bundan başqa, pedaqoji antologiyada Mirzə Kazım, Məşədi Molla İsmayıl Hacı Kazımov, Mirzə İsmayıl, Axund Mirzə Əli, Cabbar Baxçabani, Hacı Məhəmməd Naxçıvani barəsində verilən məlumatlar yeni olmaqla bərabər, həm də o dövr Azərbaycan pedaqoji fikrin əhatəliyinə və zənginliyinə dəlalət edir.
Antologiyanın birinci hissəsinə daxil olan materiallar içərisində iki maarifçi ilə bağlı məlumat diqqəti xüsusilə cəlb edir. Bunlardan biri məşhur maarifçi Mirzə Həsən Rüşdiyyə (1850-1944), digəri isə Səid Rza Əlizadədir (1887-1937). Dövrünün köhnə tədris üsulunu yeniləşdirməyi qarşısına məqsəd qoyan Rüşdiyyə bir sıra Şərq ölkələrinə - Beyruta, Nəcəfə, İstanbula səfər edir, nəhayət, gəlib İrəvana çıxır və 1883-cü ildə Rüşdiyyə adlı bir məktəb açır, bu məktəbin müvəffəqiyyətlərindən ruhlanaraq Təbrizə gedir və 1888-ci ildə orada yeni üsullu məktəbin əsasını qoyur. O zaman buraya 200-ə qədər şagird cəlb edilmişdir.
Kitaba daxil edilən S.R.Əlizadənin (1887-1937) elmi-pedaqoji fəaliyyəti də zəngindir. Özbək və tacik dillərində dərsliklər tərtib edən, Özbəkistanda milli mətbuatın yaradıcılarından olan S.R.Əlizadənin elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycan-özbək xalqlarının XX əsr əlaqələrinin parlaq səhifələrindən birini təşkil edir.
Antologiyanın ikinci hissəsi daha da zəngindir. XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycanda pedaqoji fikrin inkişafı adlanan bu hissədə
A.O.Çernyayevskidən tutmuş
keçən əsrin
əvvəllərinə qədər
fəaliyyət göstərən
maarifçilərin, klassik
müəllimlərin fəaliyyəti
barədə oxucuya doğru, düzgün, hərtərəfli məlumat
verilir. Həm də bu məlumatların hər biri müvafiq arxiv sənədlərinə,
ilk və mötəbər
mənbələrə əsaslanır.
Buraya daxil edilən maarifçilərin böyük
bir dəstəsi Zaqafqaziya Müəllimlər
Seminariyasının məzunlarıdır.
Kitabda Səfərəlibəy
Vəlibəyov, Teymurbəy
Bayraməlibəyov, Rəşidbəy
Əfəndiyev, Firudin
bəy Köçərli,
Nəriman Nərimanov,
Üzeyir Hacıbəyli,
Cəlil Məmmədquluzadə,
Mahmudbəy Mahmudbəyov,
İsabəy Abakarov, Qarabağda ilk dünyəvi
qız məktəbinin
əsasını qoyan
Məmməd Qarayev, Süleyman Sani Axundov, Hacı Kərim Sanılı və başqalarının
həyatı, pedaqoji fəaliyyəti və əsərlərindən seçilmiş,
bu gün də öz təravətini saxlayan parçalar böyük həvəslə oxuculara çatdırılır və
maraqla oxunur. Bu materialları oxuduqca
belə bir yəqinlik də hasil olur ki,
akademik Hüseyn Əhmədovun çoxsahəli
və çoxşaxəli
elmi-pedaqoji fəaliyyətinin
əsas istiqamətlərindən
biri məhz Qori Müəllimlər Seminariyası, onun məzunları ilə bağlı olmuşdur.
Antologiyanın bu hissəsində özünə yer tutan materialların bir qismi yenidir,
oxucuya o qədər də məlum olmayan, unudulan pedaqoqların həyat və fəaliyyəti ilə bağlıdır. Onlardan biri
Gəncədə "Rus-Azərbaycan"
məktəbinin Azərbaycan
dili və şəriət müəllimi,
bir sıra dərsliklərin müəllifi
Mirzə Abbas Abbaszadədir (1870-1920).
Kitabda özünə
yer tutan Gəncənin tanınmış
pedaqoqlarından biri də Mirzə Məhəmməd Axundzadədir
(1875-1923). Ömrünün 55 ilini Qutqaşen
(Qəbələ) kənd
məktəbində müəllimliyə
həsr etmiş, İrəvan Müəllimlər
Seminariyasının məzunu
Vahid bəy Musabəyov (1889-1943) haqqında
da ilk məlumat bu kitabda verilir.
Əhməd bəy Ağaoğlu və Əlibəy Hüseynzadə ilə bağlı topluya daxil edilən parçalar, H.Z.Tağıyevin
maarifçilik fəaliyyətinə
həsr edilmiş bölmə diqqəti daha çox cəlb edir.
Antologiyanın üçüncü hissəsi
"Azərbaycan Xalq Cümhuriyyətinin təhsil
siyasəti" adlanır. AXC-nin maarif nazirlərinin
hər biri - Nəsibbəy Yusifbəyli,
Həmid ağa Şahtaxtinski, Cəmo bəy Hacınski, Nurməmməd Şahsuvarov
və Rəşid xan Kaplanov haqqında
məlumat verilir.
Nəhayət, kitabın dördüncü
hissəsi "Azərbaycan
Dövlət Pedaqoji İnstitutun (Universitetinin)
orta sütunları"
adlanır. Fikrimizcə, bu hissə
kitabı oxunaqlı etməkdən əlavə,
onu müasirləşdirir.
Oxucu Azərbaycanın
bu baş Pedaqoji İnstitutunda çalışmış klassik
müəllimlərimizlə bir daha ətraflı
tanış olur və onlarla
fəxr edir. Bu hissə institutun
ilk rektoru olmuş Fətulla bəy Rzabəyli ilə başlayır, onun bugünkü rektoru Yusif Məmmədov ilə qurtarır.
Kitabın tərtibçisi akademik Hüseyn Əhmədov bu ali məktəbdə çalışan məşhur müəllimlər sırasına Əhməd Zəkuzadə, Əhməd Seyidov, Feyzulla Qasımzadə, Zəhra Şahtaxtlı, Mehdi Mehdizadə, Mikayıl Rəfili, Abbasqulu Abbaszadə, Həmid Əfəndiyev, Əzəl Dəmirçizadə, Mərdan Muradxanov, Ağamməd Abdullayev, Həmid Qədirov, Qara Bəhram, Allahverdi Verdizadə və Əfşan xanım Qədimbəyova kimi pedaqoqları daxil etmişdir. Onların hər biri haqqında qısa oçerk, fəaliyyətinə verilən qiymət elmi-pedaqoji cəhətdən dəyərlidir.
"Azərbaycan pedaqoji antologiyası"nı oxunaqlı edən cəhətlərdən biri də kitabın sonunda özünə yer tutan izahlar və şərhlərdir. Kitab müvafiq ədəbiyyat siyahısı ilə tamamlanır.
Toplunun daha bir üstün cəhəti odur ki, buraya bir sıra dəyərli arxiv sənədlərinin surəti, dərsliklərin üz qabıqları, ilk ana dili proqramları daxil edilmişdir.
Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru,
professor, Pedaqoji və
Sosial
Elmlər Akademiyasının həqiqi
üzvü,
Azərbaycan Respublikası Təhsil
Şurasının sədri
Azərbaycan.- 2012.- 11 yanvar.- S. 5.