İynəsi fırça olan tikməçi-rəssam

 

Azərbaycan xalqına məxsus bir sıra sənət növləri var ki, onlar əsrlərlə yol gəlir. Təbii ki, elə sənətlər də olub ki, onların yalnız adı qalıb. Bunun səbəblərindən biri vaxtilə həmin sənətin yaşadılmasına qayğı göstərilməsi, yaxud sənətkarların özlərinin davamçılarını yetişdirməmələridir. Lakin elə sənət növüolub ki, öz dövrünü başa vuraraq sıradan çıxıb.

Xalq tətbiqi sənət incilərindən biri də tikməçilikdir. Tikmələr ağbirçək nənələrin yadigarları kimi,  gəlin köçən qızlara verilən cehizin əntiq əşyalarından biri  olub.

Milli-mənəvi sərvətlərimizdən sayılan bu kimi sənət növlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması dövlətin, həmçinin Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlərdən biridir.

20 ildir ki, tikmə ustası   kimi tanınan, əsərləri evlərin və muzeylərin bəzəyinə çevrilən sənətkarlardan biriMehriban Əliyeva-Xəlilzadədir. Özününetiraf etdiyi kimi, uşaqlıq illərindən  bu günə iynə əlindən yerə düşmür. Daha doğrusu, iynə fırçası, saplar isə boyasıdır.

Tikmə ustasının əsərlərinə kənardan diqqət yetirdikdə elə bilirsən ki, fırça ilə çəkilmiş miniatürlərdir, amma onlar, əslində, əlvan saplardan yaradılmış sənət əsərləri - tikmələrdir.

Tikməçi-rəssam bu sənətə nə vaxtdan məhəbbət göstərdiyini belə xatırlayır: "Tikməni o zamanlar yalnız balış, mütəkkə üzü, pərdələr, süfrələr şəklində işləyirdilər. Anam isə ilk dəfə bunu çərçivələrə alıb və miniatür işləmələrə başlayıb..."

Ustanın təkcə əsərlərində deyil, əllərində də iynənin izlərini görmək olur:  "Sapla işləməyi sevirəm. Amma muncuqla da işlərim var. Sap daha keyfiyyətlidir. Muncuq gözə xoş  gəlir, təsviri almaq asandır, parlaqlığına görə də cəlb edir, amma sapla nəsə yaratmaq və diqqəti çəkmək çətindir. Əsasən, ipək saplardan istifadə etməyə çalışıram, pambıq saplar da olur, digər qarışıqları da. Atlas parça üzərində "xovlu" tikmə işləyirəm, yun parça üzərində isə "təkəlduz" tikməni.

Tikməçi-rəssamın izahından öyrənmək olur ki, xovlu tikmə tərs üzdən işlənilir, tərs üzdən çəkilir və tikilir. Təkəlduz isə düz üzdən işlənilir, sağanaq dediyimiz alətdə - bir-birinə keçirilən taxta dairələrdə işlənilir, qarmağa bənzər iynə ilə tikilir. Xovlu tikmənin iynəsi də fərqlidir, sapı da.

Hələ orta məktəbin 8-ci sinfində oxuyarkən tikmələr tikə-tikə qədim sənətə öz "ilkləri"ni də gətirdiyini deyir: "Məsələn, əlinizi parçanın üzərində gəzdirsəniz, "mərtəbə"ləri hiss edəcəksiniz. Bu, "relyefli tikmə" adlanır. Həmin əsərlər ilk dəfə olaraq qrafikanın tikmədə tətbiqidir. Heç bir ölkənin tikməsində  belə bir şey yoxdur".

Hələ emalatxanası olmayan usta sənət əsərlərini "sellofan"lara bükməklə qoruyur. Bu əsərləri əsasən gecələr yaratmağa adət edən tikməçi-rəssamın fikrincə, əl işlərinin satışını təşkil edə bilməməsi  problemə çevrilib. Çünki emalatxanasızdır və buna görə də ev şəraitində  və gecələr işləyir: "Ölkəmizə gələn turistlərə xaricdən gətirilmiş miniatür hədiyyələri göstərməkdən və satmaqdansa, tikmələrimizi və ya başqa xalq tətbiqi sənət nümunələrini təqdim etmək lazımdır".

L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində məşhur tikmə ustası, bir çox beynəlxalq sərgilərin iştirakçısı və diplomçusu Mehriban Əliyeva-Xəlilzadənin növbəti dəfə əl işləri nümayiş etdiriləndə heyrət dolu baxışlar onun yaratdığı incilərə dikilmişdi. "Tikmələrin izi ilə" keçirilən tədbirdə sənətkarın muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə yaratdığı  əsərlər  müəllifinin sənətə  məhəbbətini təsdiqləyirdi.

Daha geniş auditoriyalara əsərləri ilə çıxmağa qadir olan  tikməçi-rəssam Mehriban Əliyeva-Xəlilzadə Şəki şəhərində anadan olub, orada ərəb-fars təmayüllü orta məktəbi fərqlənmə ilə bitirib. 1985-1988-ci illərdə şəhər Pionerlər evində bədii tikmə dərnəyində məşğul olan, əl işləri 1986-cı ildən respublikabir sıra xarici ölkələrdə sərgilənən tikmə ustasının hazırladığı "Tanrı gözəldir", "Müqəddəs Kəbə", "Atatürk", "Heydər Əliyev", "Şərq ulduzu" "Hekayə", "Əfsanə", "Muğam üçlüyü", "XosrovŞirin", "Sülh quşu", "Gecə-gündüz" və digər sənət nümunələri öz ecazkarlığı ilə fərqlənir. Müəllif təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmədə ustalıqla birləşdirərək maraqlı kompozisiyalı əsərlər yaratmağa müvəffəq olub.

Sərginin keçirilməsində məqsəd qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, yenilikləri, müasir tikmə sənətini geniş ictimaiyyətə çadırmaqdan ibarətdir. O, həm də həndəsi və nəbati naxışlardan istifadə edərək portret, miniatür, mənzərə janrlarına müraciət edib.

2003-cü ildən respublika Rəssamlar İttifaqının üzvü seçilən tikməçi-rəssam bir çox beynəlxalq sərgilərdə uğurlu iştirakına görə mükafatların sahibi və laureatdır.

...İlmə-ilmə naxışlanan tikmələr gözün nurundan, zərif barmaqlardan sığal tapdığından gözəl, incə və qəlbəyatan olur. Qoy onlar bundan sonra da nənələrdən nəvələrə hədiyyə olunan milli-mənəvi sərvətlərimizdən biri  kimi evlərimizin bəzəyinə çevrilsin.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 11 yanvar.- S.  5.