Azərbaycan dünyada dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınır

 

Dünyanın qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Azərbaycanın milli mədəniyyəti, ənənə və dəyərləri, dini baxışları xalqın müqəddəs etiqadına söykənməklə özündə çox böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir.

Müstəqilliyin ilk illərində dövlətin maliyyə imkanlarının məhdudluğuna baxmayaraq, ulu öndər Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına  xüsusi diqqət ayırmışdır. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət məscidini ziyarət etmiş, onun təmiri və bərpası ilə bağlı göstərişlərini vermişdir. 1997-ci ildə Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin bərpa olunmasına vəsait ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə ziyarətgahın böyük bir hissəsinin açılışı olmuşdur. Ulu öndər Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmişdir.

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən Azərbaycan Prezidenti İlham Əliyev xüsusi həssaslıqla bunun üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda böyük nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni və dini-mənəvi irsə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESKO-nunİSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Son illər fondun səyləri ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-in 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Prezident İlham Əliyev son 8 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir,  Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Hazırda Şamaxı Cümə məscidində də böyük təmir-tikinti işləri həyata keçirilməkdədir. Eyni zamanda Gəncədəki İmamzadə tarixi-dini kompleksinin yenidən qurulması prosesi gedir.

Ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son 8 il ərzində Azərbaycanda 117 məscid tikilmişdir. Onların bir hissəsi dövlət, bir hissəsi dini icmalar,  bir hissəsi isə Heydər Əliyev Fondu tərəfindən tikilmişdir.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Məlumat üçün qeyd edək ki, təmir-bərpa işlərindən sonra burada eyni vaxtda üç minə yaxın mömin ibadət etmək imkanı əldə etmişdir. Ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində də ibadət üçün xüsusi sahəsi ayrılmışdır. Burada Mədinədəki Peyğəmbər məscidində olduğu kimi, hərəkətli tavanlar quraşdırılmışdır. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Prezident İlham Əliyev Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində bildirmişdir: "Əjdərbəy məscidi əsaslı təmirdən sonra istifadəyə verilir, qapılarını dindarların üzünə açır. Bu, çox gözəl və tarixi hadisədir. Əjdərbəy məscidi bizim milli sərvətimizdir. Bu məscid bir əsr bundan əvvəl məşhur xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən tikilmişdir. Oktyabr inqilabından sonra bağlanmış, 1940-cı illərdə yenidən fəaliyyətə başlamışdır. Ancaq son illər ərzində məscidin həm xarici görünüşü, həm daxili vəziyyəti böyük vəsait tələb edirdi. Bir neçə il bundan əvvəl mənim sərəncamımla Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır və məscidin əsaslı təmir işləri başlanmışdır. Mən təmir gedən zaman vəziyyətlə dəfələrlə tanış olmuşdumondan sonra hörmətli şeyx həzrətlərinin təklifi ilə məscidin sahəsi böyük dərəcədə genişləndirilmişdir. Deyə bilərəm ki, bu gün məscidin sahəsi əvvəlkindən ən azı 10 dəfə böyükdür. Burada bütün təmir və yenidənqurma işləri böyük zövqlə, böyük məharətlə həyata keçirilmişdir. Mən çox şadam ki, bu tarixi dini abidəmiz bu gün yüksək səviyyədə təmir ediliböz qapılarını üzümüzə açır". 

Prezident İlham Əliyevin Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü də əlamətdar olmuşudur. Ölkə başçısı din xadimləri arasında bu cür görüşlərin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, bu formatda keçirilən tədbirlər ümumi maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Bu münasibətlər ölkələrimizin, respublikalarımızın qədim ünsiyyət mədəniyyəti ənənələrinə malik olan xalqları arasında münasibətləri də çox cəhətdən möhkəmləndirir.

Hər bir xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan edib. Bununla yanaşı, respublikamızda dinə dövlət qayğısı da qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

 

 

 Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.-12 yanvar.- S.  1.