Səhiyyə
sisteminin müasirləşdirilməsi dövlətin
sosialyönümlü siyasətində mühüm yer tutur
Ölkəmizin elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Hazırda vətəndaşların etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini bu siyasətin prioritet xəttinə çevrilərək yüksək humanizm və insanpərvərlik kimi ideallara söykənmişdir. Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda məhz əhalinin rifahı, sağlamlığı və firavanlığı məsələlərini ön planda saxlamışdır. Artıq Azərbaycanın insan inkişafı sahəsində mühüm uğurlar qazandığını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. Birləşmiş Millətlət Təşkilatı (BMT) İnkişaf Proqramının 2010-cu il üçün açıqladığı "İnsan İnkişafı Hesabatı" respublikanın insan inkişafı indeksinə görə yüksək nəticələr əldə etdiyini bir daha təsdiqləmişdir. Məlumat üçün qeyd edək ki, insan inkişafı indeksi 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf Proqramı tərəfindən mətbuatda yayımlanan və dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. Bu indeks əhalinin rifahını ümumi daxili məhsuldan daha geniş ehtiva edir və insan inkişafının üç meyarını özündə birləşdirir: uzun və sağlam ömür; təhsil səviyyəsi; layiqli yaşayış standartları. Sözügedən indeks həm də insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.
182 ölkənin yer aldığı həmin hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci, Gürcüstan 74-cü, Ermənistan 76-cı yerdə qərarlaşmışdır. Müqayisə üçün bildirək ki, 2005-ci ilin hesabatında 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlib. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Bir faktı da qeyd edək ki, sosialyönümlü iqtisadi siyasətin ən parlaq göstəricilərindən biri də son 8 ildə 900 mindən artıq yeni iş yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49 faizdən 9,1 faizə enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.
Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin bu ilin noyabrında Bakıda keçirilmiş 61-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bununla bağlı demişdir: "Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, keçən il Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha çox vəsait xərcləyir. Yaşlı nəslin sağlamlığı, əlbəttə ki, daha da böyük diqqət tələb edir. Biz hesab edirik ki, məhz pensiyaçıların pensiyalarının 40 faiz səviyyəsində artırılması çox ciddi sosial məsələnin həllidir, eyni zamanda, birbaşa insanların sağlamlığına verilən dəstəkdir".
Respublikada aparılan bu siyasət vətəndaşların sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqları ilə yanaşı, səhiyyə hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı təsbit edilmişdir. Həmin maddədə göstərilir: "Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır".
Müasir dövrdə sağlamlığın təmini insanın fərdi inkişafında sosial həyat göstəricisi və cəmiyyətin sosial güzgüsü sayılır. Bu baxımdan son 8 ildə yüksək tələblərə uyğun səhiyyə sisteminin yaradılması respublikada ardıcıl şəkildə həyata keçirilən sosialyönümlü islahatların başlıca hədəfinə çevrilməklə hər bir ölkə vətəndaşının konstitusion hüquqlarının etibarlı təminatına xidmət edir. Səhiyyə ümumən ölkənin, xalqın müqəddəratı, milli genefondu ilə bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi bu sferada hələ keçmiş sovetlər birliyi dövründən həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitlərin ildən-ilə artırılması da ölkədə vətəndaşların sağlamlığı ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır. Son 8 ildə Azərbaycanda səhiyyə xərcləri 8 dəfədən çox yüksəlmişdir. Məsələn, əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdırsa, 2006-cı ildə bu rəqəm 179 milyon, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon, 2009-cu ildə 508,9 milyon manat olmuşdur. Qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət büdcəsindən 479 milyon, 2011-ci ildə isə 545 milyon manat vəsaitin ayrılması da Azərbaycan dövlətinin insanların sağlamlığı məsələsinə necə böyük həssaslıqla yanaşdığını göstərir. 2012-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 5,7 faiz təşkil edir. "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"na 23,5 milyon manat, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na 20,6 milyon manat, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"na 14,5 milyon, "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"na 4,5 milyon manat, Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 3,5 milyon, qanın və qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,5 milyon manat vəsait ayrılmışdır. Ümumiyyətlə, 2012-ci ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi, gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 10,8 faiz, yaxud 421 milyon manat çoxdur.
İldən-ilə tibb işçilərinin əməkhaqlarının artırılması da ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur. 2011-ci il dekabrın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə səhiyyə müəssisələrində çalışan işçilərin (dövlət müəssisələrində işləyənlərin) sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə aylıq vəzifə maaşları dekabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.
Tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər də diqqət mərkəzində saxlanılır. Yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması bu baxımdan az əhəmiyyət kəsb etmir. Dövlət başçısı hələ 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında səhiyyə sisteminə də geniş yer ayrılmışdır. Dövlət Proqramında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri öz əksini tapmışdır.
Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində dövlət başçısı ayrı-ayrı rayonlarda inşa edilmiş yeni müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların açılış mərasimlərində iştirak etmiş, eləcə də bu sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara tapşırıqlar vermişdir.
2003-2011-ci illərdə Azərbaycanda 350-dək tibb müəssisəsi tikilmiş və yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər Proqramı"na əsasən, ARDNŞ-nin maliyyə vəsaiti hesabına respublikamızın 10-dan artıq bölgəsində beynəlxalq standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri inşa edilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə, Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə, Zaqatalada, Şirvanda, Qubada, Qəbələdə, Şamaxıda müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri bu qəbildəndir.
Səhiyyədə daha keyfiyyətli, çevik və sistemli xidmət infrastrukturunun təşkili məsələləri xüsusi diqqət mərkəzində saxlanılmış, "proqram maliyyələşməsi" prinsipinin tətbiqi bir sıra xəstəliklərin profilaktikasında, eləcə də dövlətin vətəndaşlara göstərdiyi tibbi yardımın keyfiyyətcə yaxşılaşmasına imkan vermişdir. Son illər "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı" hazırlanaraq uğurla icra edilmişdir. İrsi qan və böyrək xəstəliklərindən əziyyət çəkən insanların dövlət hesabına hemodializ və dərman preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Tibb müəssisələrinin tikintisi və yenidən qurulması ilə yanaşı, onların təchizat məsələlərinə də böyük önəm verilmişdir. Son illər müalicə müəssisələrinin əksəriyyətində unikal cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, Avropanın, Amerikanın və Yaponiyanın məşhur şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı xeyli azalmışdır.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda səhiyyə sistemində həyata keçiriləcək tədbirlər sistemi də öz əksini tapmışdır. Proqrama əsasən, 2009-2013-cü illərdə səhiyyə sahəsində aparılacaq işlər əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması; əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi; ana və uşaqlar arasında qidalanmanın və mikro-nutrientlərlə təminatın yaxşılaşdırılması; tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi; səhiyyə sektorunun tələblərinə uyğun olaraq tibbi kadr hazırlığının planlaşdırılması və ailə həkimlərinin hazırlanması; səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi; rayonlarda yeni səhiyyə müəssisələrinin inşası; bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sisteminin yaradılması nəzərdə tutulur. Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev böhran şəraitində sosial məsələlərə, o cümlədən səhiyyə sisteminə qayğı siyasətinin davam etdirildiyini xüsusi vurğulamışdır: "2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük Olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır". Nazirlər Kabineti Yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması səhiyyə sistemində islahatların uğurlu davamı kimi diqqət çəkir. Bu, bilavasitə səhiyyənin özünümaliyyələşdirməsinə xidmət edən mühüm addımdır.
Səhiyyə sisteminin inkişafı tədbirləri çərçivəsində son illər təcili və təxirəsalınmaz tibbi xidmətin təkmilləşdirilməsi sahəsində islahatlar da özünün sistemliliyi və ardıcıllığı ilə mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev bu sahənin problemlərinin həlli və inkişafı ilə bağlı bir neçə sərəncam imzalamışdır. "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 20 fevral 2007-ci il tarixli sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 12 milyon manat vəsait hesabına Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilləri, etibarlı rabitə-dispetçer sistemi, dərman vasitələri ilə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin vəsait hesabına Almaniyadan 150 "Mercedes" markalı təcili tibbi yardım avtomobili, ABŞ istehsalı olan rəqəmsal "TETRA" və CPRS rabitə və motolokasiya sistemləri, təcili yardım briqadaları üçün xüsusi geyim dəstləri və dərman preparatları alınmışdır. Bundan başqa, elə həmin il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında mərkəzi dispetçer xidməti yaradılmışdır. 103-ə olan zənglərin hamısı bu dispetçer xidmətində qəbul olunur və operativ şəkildə briqadalara ötürülür.
2008-ci ildə
6 milyon manat vəsait hesabına 65 ədəd "Mercedes" markalı təcili tibbi yardım maşını alınmışdır. Həmin ambulanslarda tələb olunan yeni müasir avadanlıq kompleksləri quraşdırılmış, onlar müxtəlif növ xərəklər, tibbi ləvazimatlar,
dərman preparatları ilə təmin olunmuşdur. Bütün bunlar isə imkan verir ki, xəstəyə yüksək səviyyədə tibbi yardım edilsin və o, xəstəxanaya çatdırılan müddətdə, həkim hətta reanimasiya tədbirləri həyata keçirə bilsin. Küveyz aparatı ilə təzhiz edilmiş avtomobillərdə reanimasiya tədbirləri ilə yanaşı, yeni doğulmuş uşağın ürək qan-damar və tənəffüs orqanlarının fəaliyyətinə nəzarət etmək üçün monitor qurulmuşdur. Küveyz imkan verir ki, uşağın bədən hərarətinə uyğun optimal temperatur yaradılsın, bu da əlavə fəsadların qarşısının vaxtında alınmasına xidmət edir. Həmin maşınlarda anaya da yüksək səviyyədə təcili tibbi yardım göstərilir. Mobil laborator ambulanslarda isə
operativ şəkildə bütün laborator müayinələri
aparılır. Hazırda respublikada səyyar cərrahiyyə əməliyyatlarının
həyata keçirilməsi, regionlarda kütləvi rentgen müayinələrinin
aparılması üçün də xüsusi təcili
yardım maşınları var. 2008-ci ildən Bakı Şəhər Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında
müasir tələblərə cavab verən avadanlıqlar və
əyani vəsaitlərlə təchiz edilmiş təlim-tədris
mərkəzi fəaliyyət göstərir.
Azərbaycan
Prezidentinin 2009-cu il iyunun 9-da imzaladığı "Təcili
və təxirəsalınmaz tibbi yardım xidmətinin
maddi-texniki bazasının gücləndirilməsi ilə
bağlı bəzi tədbirlər haqqında" sərəncamına
əsasən, təcili tibbi yardım avtomobillərinin alınması
üçün Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait
ayrılmışdır. Bu vəsait hesabına
daha 45 "ambulans" alınaraq təcili tibbi yardım xidmətlərinə
paylanmışdır. Dövlət
başçısının 2010-cu il
martın 4-də imzaladığı daha bir sərəncam bu
istiqamətdə tədbirlərin ardıcıl xarakter
daşıdığını göstərir. Sərəncamla
təcili tibbi yardım maşınlarının
alınması üçün Səhiyyə Nazirliyinə Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan daha 7 milyon manat vəsait
ayrılmışdır.
Təcili yardım xidmətinin regionlarda keyfiyyətinin
yüksəldilməsi məqsədilə Naxçıvan, Gəncə,
Sumqayıt, Mingəçevir, Şirvan, Ağdaş, Qəbələ,
Şəki, Yevlax, Naftalan, Göyçay rayonlarındakı
tibb müəssisələri belə müasir avtomobillərlə
təmin olunmuşlar. 2006-2007-ci illərdə təcili tibbi
yardıma gün ərzində müraciətlərin sayı
orta hesabla 350-400 idisə, hazırda bu rəqəm 1700-2000-ə
yüksəlmişdir. Bu da ilk növbədə,
vətəndaşların təcili tibbi yardım xidmətinə
inamının göstəricisi kimi diqqəti çəkir.
Əhalinin sağlamlığının təmin
olunması xüsusi həssaslığı ilə seçilən
elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin
tam aradan qaldırılması üçün bəzən
dövlət tərəfindən görülən tədbirlər
yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə
mənsub insanların şəfa tapmaq üçün əlahiddə
köməyə ehtiyacı yaranır. Bu
baxımdan, ötən illərdə Heydər Əliyev
Fondunun reallaşdırdığı səhiyyə layihələrinin
əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü
ilə həyata keçirilən layihələr 2004-2011-ci illərdə
səhhətindəki problemlər üzündən əziyyət
çəkən minlərlə insanı yenidən sağlam
həyata qaytarmışdır.
"Talassemiyasız həyat naminə" layihəsi bu
baxımdan Azərbaycanda böyük rəğbətlə
qarşılanmışdır. Proqramın daha səmərəli
həyata keçirilməsi üçün Məsləhət
Şurası yaradılmış, bu xəstəlikdən əziyyət
çəkən uşaqların keyfiyyətli qanla təmin
olunması üçün donor xidmətinin inkişafı, əhalinin
maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin
proqnozlaşdırılması məsələlərinə
xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində
inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin
2009-cu il mayın 10-da - ulu öndərin
doğum günündə istifadəyə verilməsi fondun
ölkə səhiyyəsinə böyük töhfəsi
olmuşdur.
2011-ci il fevralın 9-da fondun təşəbbüsü
ilə inşa olunmuş Gəncə Regional İnformasiya Mərkəzinin
istifadəyə verilməsi də mühüm addımlardan
biridir. Belə bir mərkəzin
yaradılmasında əsas məqsəd məhdud fiziki
imkanlı insanlar üçün informasiya
texnologiyalarının tədrisidir. Mərkəzin
imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy,
Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və
Naftalan şəhərindən, ümumilikdə, 60 mindən
çox fiziki cəhətdən qüsurlu insan istifadə edə
biləcəkdir.
Ölkə
rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət
və qayğısını Azərbaycan Tibb Universiteti də
yaxından hiss edir. Bu siyasətin nəticəsidir
ki, son illər ATU-nun maddi-texniki bazası, infrastrukturu
müasirləşmiş, elmi potensialı daha da güclənmişdir.
Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci ildə
imzaladığı "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik
klinikasının yaradılması haqqında" sərəncamı
dövlət başçısının təhsil və səhiyyə
məsələlərinə necə böyük həssaslıqla
yanaşdığına daha bir əyani sübutdur. Sərəncama
əsasən, Bakı şəhərində Azərbaycan Tibb
Universitetinə məxsus ərazidə universitetin
çoxprofilli tədris-terapevtik klinikası inşa
olunmuşdur. Bu klinikanın fəaliyyətə
başlaması klinik fənlərin tədrisi ilə məşğul
olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi,
tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının
əsaslı şəkildə
yaxşılaşdırılması, həmçinin elmi- tədqiqat
işlərinin aparılması üçün əlavə
imkanların yaradılması baxımından son dərəcə
əhəmiyyətlidir. Klinika ən
müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz edilmişdir.
400 çarpayılıq klinikada universitetin 14
terapevtik yönümlü kafedrası yerləşir. Prezident İlham Əliyevin sərəncamı əsasında
universitetin Cərrahiyyə Klinikası da inşa olunur.
Azərbaycan
Prezidenti İlham Əliyev 2010-cu il aprelin 28-də "Azərbaycan
Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam imzalamış, həmin sərəncam
əsasında universitetin yubileyi yüksək səviyyədə
qeyd olunmuş, dövlət başçısının
özü həmin gün tədris-terapevtik klinikanın
açılışında iştirak etmişdir.
Son illər səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq
əlaqələri də genişlənmişdir. Dövlət
başçısının məqsədyönlü siyasəti
nəticəsində səhiyyə və tibb elmi də
qloballaşan dünyada inteqrasiya proseslərinə cəlb
olunmuşdur. Səhiyyəsi daha çox inkişaf
etmiş ölkələrin müsbət təcrübəsindən
Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif
sahələri üzrə konsepsiya və strategiyaların
yaradılması, tibb təhsilinin beynəlxalq standartlara
uyğunlaşdırılması, yeni müalicə və
diaqnostika metodlarının, eləcə də müasir tibb
texnologiyalarının tətbiqi, səhiyyədə təşkilatçılıq
və tibb müəssisələrinin menecmenti, maliyyə vəsaitlərinin
istifadəsi, regional epidemioloji təhlükəsizlik, təbii
fəlakətlərin aradan qalıdırılması və
bir çox digər sahələrin inkişafı
üçün səhiyyədə beynəlxalq əlaqələrin
qurulması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu sahədə həyata keçirilən
bütün milli və beynəlxalq layihələrə
ölkə rəhbəri xüsusi diqqət yetirir. Cənab İlham Əliyev beynəlxalq humanitar təşkilatların
rəhbərləri ilə mütəmadi görüşlər
keçirir və layihələrin uğurla
reallaşdırılmasına qayğı və dəstək
göstərir. Ötən il mart
ayının 28-də ÜST-ün qlobal malyariya
proqramının direktoru Robert Nyuma Bakıda olmuş, Azərbaycanda
malyariya ilə mübarizə sahəsində əldə
edilmiş nailiyyətlərlə maraqlanmış, eləcə
də bu sahədə uğurlu və məhsuldar
qarşılıqlı əməkdaşlığın gələcək
inkişaf yolları barədə müzakirlər
keçirilmişdir. Onu da qeyd edək ki, 2005-ci ilin
dekabrında Azərbaycan Avropa regionu ölkələrində "Malyariya ilə mübarizədən
onun eliminasiyasına doğru irəli" deklarasiyasına
qoşulmuşdur. 2008-ci ildə Azərbaycanda
malyariyanın eliminasiyası üzrə 2008-2013-cü illər
üçün milli strategiya və tədbirlər planı qəbul
edilmişdir. Bundan başqa, əlillərin
və sağlamlıq imkanları məhdud uşaqların
sosial müdafiəsi ilə bağlı tədbirlərin
maliyyələşdirilməsinin dövlət proqramı təsdiq
olunmuşdur.
Azərbaycanın sıx əməkdaşlıq etdiyi
beynəlxalq qurumlardan biri də Dünya Səhiyyə Təşkilatıdır. Təşkilat
səhiyyə məsələləri ilə bağlı
ölkəmizə müxtəlif təkliflər, tövsiyələr
verir, eyni zamanda, həyata keçirilən mütərəqqi
islahatları daim diqqət mərkəzində saxlayır.
Son illər respublikada ekoloji vəziyyətin
normallaşdırılması istiqamətində
reallaşdırılan tədbirlər xüsusi
vurğulanmalıdır. Azərbaycan
dövləti vətəndaşların
sağlamlığını, sosial rifahını nəzərə
alaraq böyük maliyyə vəsaiti tələb edən bu
layihələri uğurla həyata keçirir.
Prezident
İlham Əliyev bu məsələyə xüsusi toxunaraq
demişdir: "Ekoloji vəziyyətin
yaxşılaşdırılması bilavasitə insanların
sağlamlığına təsir göstərir. Ölkəmizin hər bir yerində böyük su
layihələri icra edilir. Su problemi, əfsuslar
olsun ki, bütün dövrlərdə Azərbaycanda çox
kəskin, çox ciddi bir problem idi. Biz bu
problemin həlli üçün konkret addımlar
atırıq və 2013-cü ilin sonuna qədər Azərbaycanda
əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verməlidir. Yəni, bu, bir
meyardır və biz çalışacağıq ki, bu məqsədlərə
nail olaq".
Dünya Səhiyyə Təşkilatının baş
direktoru xanım Marqaret Çan Avropa Regional Komitəsinin
Bakıda keçirilən 61-ci sessiyasında xüsusi
vurğulamışdır ki, qeyri-yoluxucu xəstəliklərin
aradan qaldırılması üçün bütün
iqtisadi mənfəətlər səfərbər olunaraq xəstələr
üçün müalicə işini təmin etmək məqsədilə
onların həyat şəraitini dəyişmək
lazımdır. Bu baxımdan,
"Sağlamlıq-2020" Fəaliyyət Proqramı
xüsusilə diqqətəlayiqdir.
Ümumiyyətlə, dövlət
başçısı səhiyyə sisteminin təkmilləşdirilməsi,
tibb işçilərinin layiqli həyat tərzinin təmin
edilməsi istiqamətində atılan addımların
ardıcıl xarakter daşıdığını dəfələrlə
bəyan etmişdir. Görülən işlər, aparılan islahatlar
dövlətin sosialyönümlü siyasətində səhiyyə
məsələlərinin daim ön planda olduğunu,
strateji məsələlər kimi nəzərdən
keçirildiyini bir daha təsdiqləyir. Bu diqqət
və qayğının müqabilində indi tibb
işçilərinin qarşısında duran başlıca
vəzifə dövlətin müəyyənləşdirdiyi
səhiyyə konsepsiyasının icrasında fəal
iştirak edib vətəndaşlara layiqli xidmət göstərməkdir.
Azərbaycan.- 2012.- 12 yanvar.- S. 2.