Azərbaycan ordusu ən müasir tələblərə
cavab verir
Müsahibimiz Milli Məclisin Təhlükəsizlik
və müdafiə komitəsinin sədr müavini Aydın
MİRZƏZADƏDİR
-
Aydın müəllim, Azərbaycanda ordu quruculuğunun ilkin mərhələsi
kifayət qədər mürəkkəb ictimai-siyasi
proseslərin baş verdiyi
bir zamana təsadüf
edir. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycanın Silahlı Qüvvələrini
formalaşdırmaq həddindən artıq ciddi problemlərlə müşayiət
olundu.
- Azərbaycan ordusunun təşəkkülü dövlət müstəqilliyimizin bərpası ilə eyni bir tarixdən başlayır. O vaxtlar dövlətimizin çəkdiyi çətinliklər və iqtisadi göstəriciləri orduda da özünü ciddi şəkildə əks etdirdi. Müstəqilliyimiz rəsmi şəkildə 1991-ci ilin oktyabrında bərpa edilsə də, təəssüf ki, bunu istəməyən həm daxili, həm də xarici qüvvələrin və təsadüfi, zəif hakimiyyətlərin sayəsində ölkə iki illik qızıl vaxtı itirdi.
Bu iki il eyni zamanda ordu quruculuğunda da özünü qabarıq şəkildə göstərdi. Milli ordu və hərb anlayışı məqsədli surətdə özünümüdafiə dəstələri, yaxud kimlərinsə hərbləşdirilmiş dəstələri anlayışı ilə əvəz olundu. Məqsəd Azərbaycanın müasir tələblərə cavab verən ordusunun yaranmasına imkan verməmək idi. Çünki belə vəziyyətdə hakimiyyət uğrunda qeyri-qanuni yollarla mübarizə aparmaq, Azərbaycan torpaqlarının itirilməsini sistematik bir hala salmaq, ölkədə gedən prosesləri xaricdən asanlıqla idarə etmək mümkün idi. İndiyədək dövlətçiliyi böhran içərisində yaşayan ölkələrin hamısında təxribatlar məhz bu ssenari üzrə törədilib.
Ancaq bizim ölkəmizin Heydər Əliyev kimi uzaqgörən və müdrik bir siyasi xadimi vardı və xalqın tələbi ilə onun 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı bütün məsələlərdə, o cümlədən ordu quruculuğu sahəsində də müsbət dəyişikliklərin baş verməsinə səbəb oldu. Heydər Əliyev dövlətçiliyi çox yaxşı bilən, hərb işinə dərindən bələd olan bir insan kimi ilk növbədə ordu quruculuğuna ciddi diqqət yetirdi. Qeyri-qanuni hərbi dəstələr buraxıldı. Azərbaycanda ordu quruculuğuyla bağlı ciddi, davamlı və səmərəli tədbirlər planı işlənərək həyata keçirilməyə başlandı.
Ulu öndərin 1993-cü ilin noyabrın 2-də xalqa tarixi müraciəti bütünlükdə Azərbaycanın düşdüyü ictimai-siyasi və hərbi böhranın təhlilinə, bu böhrandan çıxış yollarına həsr olunmuşdu. Ümummilli liderin 1993-cü il 4 noyabr tarixində Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, 7 noyabr tarixində isə hərbi hissələrdən birinin şəxsi heyəti ilə keçirdiyi görüşlər orduda döyüş əhvali-ruhiyyəsinin yüksəlməsinə səbəb oldu. Milli Məclisin 1993-cü il noyabrın 18-də keçirilən iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə edildi.
Bütün bunların nəticəsində qısa zamanda Silahlı Qüvvələrimiz istər silah-sursat, istərsə də kadr potensialı cəhətcə yaxşı təchiz edilmiş erməni ordusunun qarşısında duruş gətirdi. 1993-cü ildən başlayaraq Ermənistan artıq hərbi niyyətlərinin baş tutmadığını ciddi şəkildə hiss etdi. İlk dövrlərdən ulu öndər Heydər Əliyevin apardığı düşünülmüş və uzaqgörən siyasət nəticəsində dövlətimiz möhkəmləndi. İqtisadiyyatda radikal islahatlar aparıldı. Bütün sahələrdə, o cümlədən ordu quruculuğunda hüquqi tənzimləmə siyasəti həyata keçirildi. Milli Məclis tərəfindən "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və başqa qanunlar qəbul edildi.
Məhz bu dövrdən, hətta ən ağır vaxtlarda belə dövlət orduya maksimum maliyyə vəsaiti və diqqət ayırmağa başladı. Vaxtilə cəmisi bir neçə on milyon büdcəsi olan ordu tədricən böyük hərbi büdcəyə sahib oldu, yeni texnikalarla təchiz edildi. Nəticə özünü çox da gözlətmədi. 1990-cı illərin əvvəllərində dağıdılmış və pis təchiz edilmiş ordu hissələri tədricən peşəkarlaşdı, vahid komandanlıq altında birləşdi və ilk növbədə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müdafiə məsələlərində öz üzərinə düşən vəzifələri yerini yetirməyə başladı.
Müasir texnikalar alındı və bu texnikaların şəxsi heyət tərəfindən mənimsənilməsi prosesi başlandı. Orduya çağırış sistemi təkmilləşdirildi, hərbi şəhərciklər yenidən quruldu. Azərbaycan düşmən qarşısına düşünülmüş bir hərbi strategiya ilə çıxdı. Bunun nəticəsidir ki, qısa müddətdən sonra Azərbaycan ordusu artıq nəinki düşmənin həmlələrinin qarşısını almağa başladı, hətta ona qarşı çox ciddi təzyiq faktoruna çevrildi.
- Hərb sahəsində
əsası ulu öndər tərəfindən
qoyulan ideya və
prinsiplərin uğurla davam
etdirilməsi Azərbaycan ordusunun bugünkü simasını kökündən
dəyişmişdir. Ordumuz beynəlxalq
aləmdə günbəgün artan imici ilə hər bir vətənpərvər
Azərbaycan vətəndaşının qürur
və iftixar mənbəyinə çevrilib.
- Ötən illər ərzində Azərbaycan ordusu böyük bir inkişaf mərhələsi keçmişdir. 1993-cü ildən Silahlı Qüvvələrimiz NATO standartlarına uyğun olaraq yenidən qurulmağa başladı, bir sıra beynəlxalq tədbirlərdə, NATO proqramlarında yaxından iştirak etdi. Azərbaycanla
NATO arasındakı hərbi-strateji münasibətlərin əsası da məhz 1993-cü ildə qoyulub. Həmin ilin 3-4 may tarixlərində Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında "Sülh Naminə Tərəfdaşlıq" proqramının çərçivə sənədini imzaladı. Bu gün Azərbaycan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma, Analiz Prosesi kimi iki böyük proqram üzrə ciddi əlaqələr qurub. Azərbaycan dünyanın 30-dan çox ölkəsi ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən müxtəlif əsas sənədlərə imza atmışdır. Daha 30-dək ölkə ilə analoji saziş layihələrinin imzalanması istiqamətində məhsuldar müzakirələr aparılır. Zabitlərimiz hər il müxtəlif NATO kurslarında kifayət qədər önəmli uğurlara imza atırlar.
2010-cu il iyun ayının 8-də Silahlı Qüvvələrimizin həyatında daha bir əlamətdar hadisə baş verdi. Ölkə parlamenti Azərbaycanın həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanan ilk hərbi doktrinasını təsdiq etdi. Bu sənəd bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizliyimizin təminatı strategiyasının tərkib hissəsinə çevrildi və ölkəmizin hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərb sahəsinə ciddi diqqət yetirməsi güclü və döyüşkən ordunun yaranmasına səbəb olub. İndi Azərbaycan ordusunun ən müasir tələblərə cavab verən silahlı bir qurum olduğunu həm beynəlxalq hərbi tədqiqat mərkəzləri, həm də Ermənistan ordusunun geniraliteti belə etiraf edir. Bugünkü Azərbaycan ordusu Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını yerinə yetirməyə hazır olan çox ciddi bir dövlət strukturudur. Ordu ilə cəmiyyət arasında sıx əlaqələr mövcuddur. Orduda xidmət hər bir gəncin şərəf məsələsinə çevrilib. Bütün bunlar ölkə rəhbərliyinin ordu quruculuğuna prioritet bir məsələ kimi yanaşmasının bariz nümunəsidir və şübhə yoxdur ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bundan sonra da Silahlı Qüvvələrimizin hazırlıqlı olması üçün nə lazımdırsa edəcəkdir.
- Azərbaycan ordusunun beynəlxalq əlaqələrindən
bəhs edərkən sülhməramlılarımızın
fəaliyyətindən danışmamaq mümkün
deyil. Silahlı Qüvvələrimizin müvafiq istiqamətdə əldə etdiyi uğurlarda
onların da öz
payı var.
- Sülhməramlılarımızın 1999-cu ildən 2008-ci ilədək Kosovoda, 2003-cü ildən 2008-ci ilədəksə İraqda sülhün yaradılması və dəstəklənməsi üzrə əməliyyatlarda Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində fəaliyyəti kifayət qədər uğurlu və səmərəli olmuşdur. 2002-ci ildən sülhməramlılarımızın 151 nəfərdən ibarət digər kontingenti Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində Əfqanıstanda fəaliyyətə başlamışdır. 2008-ci ildə buradakı sülhməramlılarımızın sayı artırılaraq bölük səviyyəsinə çatdırılsa da, Azərbaycan dövlətinə olunan müraciətləri nəzərə alaraq 2009-cu ildə Milli Məclis onların sayının daha iki dəfə artırılması barədə qərar qəbul etdi və bu, icra olundu.
Sülhməramlılarımızın peşəkarlığının nəticəsidir ki, bu qaynar ölkədə strateji əhəmiyyətli obyektlərin mühafizəsini yerinə yetirərək indiyədək heç bir itkiyə yol verilməmişdir. Azərbaycan sülhməramlıları daima dislokasiya olunduqları yerin hakimiyyət orqanları və dinc əhali ilə çox sıx və ciddi ünsiyyət qura bilirlər. Bütün bunlar həm ictimaiyyət nümayəndələri, həm də beynəlxalq koalisiya qüvvələrinin müxtəlif komandanlıqları tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin, onun rəhbərliyinin ünvanına göndərilən təşəkkür məktubları, sülhməramlılarımıza verilən orden və medallar, o cümlədən hərbçilərimizin digər qaynar nöqtələrdə də iştirakının arzulanması və bu barədə edilən rəsmi müraciətlər Silahlı Qüvvələrimizin hazırkı durumu haqqında kifayət qədər ürəkaçan və dolğun təəssürat yaradır.
- Azərbaycan ordusu Cənubi Qafqazda ən
yüksək döyüş
hazırlığına malik mobil və intizamlı bir ordu kimi tanınır.
Silahlı Qüvvələrimiz dövlət
maraqlarının qorunmasında da xüsusi çəkiyə malikdir.
Bunu həm də Ermənistana təzyiq kimi qiymətləndirmək olarmı?
- Bu gün cəbhə xəttində Azərbaycan ordusunun şəxsi heyətinin mərdliklə vətəni müdafiə etməsi, daim atəşkəsi pozmağa çalışan erməni ordusunun həmlələrinə cəsarətlə cavab verməsi Ermənistana qarşı çox ciddi təzyiqlərdən biridir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dəfələrlə bildirib ki, torpaqlarımız işğaldan azad olunana qədər ölkəmiz Ermənistana hərtərəfli, siyasi, iqtisadi, diplomatik və hərbi təzyiq edəcəkdir. Burada yeganə məqsəd ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.
Bü gün Azərbaycanın güclü ordusunun formalaşması, qüdrətlənməsi yeni torpaqların işğalının qarşısını almaqla bərabər, həm də Ermənistana və onun ordusuna qarşı çox ciddi təzyiq vasitəsinə çevrilmişdir. Bu, özünü düşmən düşərgəsində də daim sistematik olaraq göstərməkdədir. Yaranmış ağır vəziyyət Ermənistan əhalisinin ölkəsini kütləvi şəkildə tərk etməsinə səbəb olur. Bu ölkənin ordusu çox acınacaqlı bir vəziyyətdədir. Artıq erməni ictimayiyyəti də erməni ordusunun Azərbaycan ərazilərində olmasını özü üçün ciddi təhlükə mənbəyi sayır və bunu daim yerli hakimiyyət rəhbərliyinə xatırladır.
-
Aydın müəllim, ordumuzun
düşmənə layiqli təzyiq vasitəsi
kimi formalaşmasında hərbi
potensialımızın gücləndirilməsi ilə
yanaşı, bu gün
dövlət rəhbərliyinin hərbi qulluqçulara,
müharibə veteranlarına göstərdiyi daimi diqqət və
qayğının da rolu
böyükdür. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin yeni il qabağı imzaladığı fərman ordu mənsublarına dövlətin növbəti
böyük hədiyyəsi kimi tarixin yaddaşına
yazıldı. Hərbi qulluqçular bu fərmanı həm də onlara
göstərilən inam və etimadın
ifadəsi kimi, minnətdarlıq
hissilə qarşıladılar.
- Bu gün
orduya diqqət ordunun texniki təminatı ilə yanaşı,
şəxsi heyətin sosial problemlərinin
həlli istiqamətində çox ciddi addımların atılması ilə
müşayiət olunur. Zabit
və gizirlərin məvacibi vaxtaşırı
artırılır. Məqsəd hərbi qulluqçuların
məvaciblərini ölkədə ən yüksək maaşlar kateqoriyasına
yaxınlaşdırmaq və bunu ötüb keçməkdir. Hərbçilərin
sosial müdafiəsini gücləndirmək
istiqamətində işlər daim yüksələn xətlə davam etdirilir. Hələ
2010-cu ildə ölkə başçısının sərəncamı
ilə xidməti mənzilə və mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan hərbçilər üçün
xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat vəsait
ayrılmışdır. Yeni il qabağı dövlət
başçısının imzaladığı fərman isə
ordu mənsublarına dövlət
qayğısının daha böyük ifadəsinə çevrildi.
Bu fərmana
əsasən Silahlı Qüvvələrdə 20 təqvim ili
və daha çox qüsursuz xidmət etmiş hərbi
qulluqçular dövlət vəsaiti hesabına mənzillə
təmin ediləcəklər. Bu, hərbçilərin
respublikamızın hər bir yerində mənzillə təmin
olunmasını təmin edəcək böyük bir
proqramdır. Söhbət mənzillə təminat işinin
keyfiyyət göstəricilərinin daha da
yaxşılaşdırılmasından gedir. Ancaq bu da son
addım deyil. Müvafiq istiqamətdə bundan sonra da
böyük islahat və tədbirlər həyata keçiriləcək.
- Son iki hərbi parad Azərbaycan ordusunun yüksək
döyüş hazırlığının nümayişi
kimi yadda qaldı. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin
hazırkı durumu Ermənistanda narahatlıq doğurmaya bilməz.
- 2008-ci ilin hərbi paradı həm ölkə, həm də dünya ictimaiyyətinə çox ciddi təsir etmişdi. Builki parad isə həmin təəssüratı daha da gücləndirdi. Biz ən yeni texnikaları gördük və bu texnikaların Azərbaycan hərbi qulluqçuları tərəfindən peşəkarcasına idarə olunmasına şahidlik etdik. Azərbaycan özünün etibarlı müdafiəsi üçün artıq bütün müasir hərbi texnikalara və peşəkar hərbi kadrlara malikdir. Şübhə yoxdur ki, ordunun kadr potensialının gücləndirilməsində bizim ixtisaslaşmış müxtəlif ali hərbi məktəblərimizin fəaliyyəti və burada hərbi təhsilin yüksək səviyyədə qurulması mühüm rol oynayır. Hərbi təhsil ocaqlarımızda xarici ölkə vətəndaşlarının təhsil alması və bu istiqamətdə yeni müraciətlərin ildən-ilə artması bunu bir daha sübut edir.
Bu gün ordu məsələsi aktual olaraq daim cəmiyyətin diqqət mərkəzindədir. Bu, həm dövlət strukturlarının fəaliyyətində, həm də cəmiyyətdəki ictimai müzakirələrdə özünü göstərir. Bu gün elə bir ailə tapmaq çətindir ki, ondan kimsə orduda xidmət etməsin. Buna görə də ordumuzun daha hazırlıqlı, daha təminatlı olmasında bizim hamımız maraqlıyıq.
Sevindirici haldır ki, hərbi sənayemiz də gündən-günə inkişaf edir. Azərbaycanda 20-dən çox hərbi müəssisə və hərbi zavod fəaliyyət göstərir, 30-dan çox istehsal sahəsi yaradılıb. Ölkəmizdə ən müasir texnikaların istehsalı ordunun texniki təminatının da daim dövlət rəhbərliyinin ciddi nəzarətində olmasını göstərir. Söhbət yalnız sadəcə təminatdan deyil, həm də ən müasir təminatdan gedir və bu məsələdə Azərbaycanın heç bir problemi yoxdur.
Bu yaxınlarda Ermənistan da özünün hərbi paradını keçirdi. Ancaq bu parad sadəcə gülüş doğurdu. Dünyanın heç bir yerində tankın avtomobil qoşqusunda meydandan keçirilməsi görünməmişdi. Hörmətli Prezidentimizin bildirdiyi kimi, ya onların yanacağı yoxdur, ya da texnikaları işləmir. Bu gün Azərbaycan ordusu ilə Ermənistan ordusunu qətiyyən müqayisə etmək mümkün deyil. Artıq Ermənistan generalitetinin özü də ölkəsinin ordusunun Azərbaycan ordusundan qat-qat geri qaldığını dəfələrlə etiraf edibdir və bundan ciddi narahatlıq hissi keçirir. Bir sözlə, bu gün ordu məsələsi Azərbaycanın, həqiqətən də, çox ciddi dövlətçilik məsələsidir və müvafiq istiqamətdə Azərbaycan bundan sonra da önəmli addımlar atacaqdır.
- Siz
tez-tez deputat həmkarlarınız və ölkə
ictimaiyyətinin nümayəndələri ilə
ayrı-ayrı hərbi hissələrdə əsgər və
zabitlərlə görüşlər keçirir,
onların mənəvi-psixoloji durumu, döyüş hazırlığı ilə
yaxından tanış olursunuz. Bu tanışlıq daha çox hansı təəssüratlarla yadda qalır?
- Təəssüratlarımız kifayət qədər yüksək və zəngindir. Biz ordunun ön xətdə hər an başlaya biləcək döyüş əməliyyatlarına hazır olduğunu görürük. Vətənpərvər zabit və əsgərlərimizi görürük. Cəbhə xəttinin çox ciddi qorunduğunun və bunun təbii nəticəsi kimi düşmənin daim xof içində yaşadığının şahidi oluruq. Bizim səfərlərimiz hər dəfə ordu hissələrində böyük maraq doğurur.
Bununla belə, bizim ordu ilə əlaqələrimiz yalnız səfərdən-səfərə gerçəkləşmir. Ümumiyyətlə, biz ordu ilə bağlı bütün tədbirlərdə yaxından iştirak etməyə çalışırıq, ordunun problemləri ilə mütəmadi olaraq dərindən maraqlanırıq. Müdafiə nazirliyi ilə sıx əlaqələrimiz bu istiqamətdə, fikrimcə, digərlərinə nümunə ola bilər.
Parlamentin Təhlükəsizlik
və müdafiə komitəsi hərbi qanunvericilik
aktlarının təkmilləşdirilməsi ilə
bağlı vaxtaşırı öz təkliflərini
verir. Parlamentdə ordunun
vəziyyəti ilə ilgili görüşlər, fikir
mübadilələri keçirilir. Bu baxımdan parlament və
Müdafiə Nazirliyi əməkdaşlığı
kifayət qədər sıxdır və biz
bu əməkdaşlıqdan məmnunuq.
Azərbaycan.- 2012.- 12 yanvar.- S. 3.