Əsrlərdən
gələn səslər
Hər bir xalqın təşəkkülü əsrlər, bəlkə də minilliklər tələb edən uzun, çətin və mürəkkəb bir prosesdir. Problem ondadır ki, bugünkü xalqların ulu əcdadı olan erkən tayfalar müxtəlif səbəblər üzündən ilkin yaşadıqları coğrafi ərazidən dünyanın çeşidli bölgələrinə səpələnmiş, səpələndikcə parçalanmış, parçalandıqca daha kiçik hissələrə bölünmüş, hər bölünən tayfa yeni ad altında üzə çıxmış, yazılı qaynaqlarda bu geneoloji ardıcıllıq öz əksini tapmadığına görə tarixçilər, əslində, eyni kökdən olan, eyni dilin müxtəlif dialektlərində danışan tayfalar arasında qohumluq əlaqəsini itirmişlər.
Qədim türk tayfaları da eynən bu aqibəti yaşamışlar. Tədqiqatçılar indiyədək müəyyən edə bilməyiblər ki, türk tayfaları öz başlanğıclarını haradan götürüblər, bir xalq kimi necə və nə zaman formalaşıblar, onların milli mənşəyi, linqvistikası, varisliyi barədə də bu günədək tutarlı elmi dəlil-sübutlar əldə edilməyib. Tanınmış jurnalist Rizvan Cəbiyevin "Erkən türklər" kitabı məhz belə bir vacib problemə həsr olunub.
Bu kitabı mən də böyük maraqla oxudum. Kitabda oxucunu razı salan ən başlıca amil odur ki, müəllif tapdanmış yolla getməmiş, türklərin yaranışı, tarix səhnəsinə çıxması ilə bağlı keçmiş sovet və İran tarixçilərinin formalaşdırdıqları hakim konsepsiyadan cəsarətlə imtina etmiş, türkologiyada yeni sayıla biləcək bir sıra önəmli ideyalar irəli sürmüşdür. Türk etnoslarının, o cümlədən Azərbaycan türklərinin ən dərin köklərə - ilkin bəşər sivilizasiyasına, ulu Şumerə bağlılığı barədə kifayət qədər inandırıcı faktlar kitabın başlıca məziyyətini təşkil edir.
Heç kəsə sirr deyil ki, uzun yüzilliklər boyu Azərbaycan tarixi yad düşüncələr tərəfindən formalaşdırılmış, xalqımız üçün önəmli olan bir sıra faktlar saxtalaşdırılmış, guya Azərbaycanın cənub torpaqlarında heç vaxt türkdilli xalqların yaşamadığı, bu gün mövcud olanların isə XI əsrdə səlcuq oğuzları tərəfindən zorla türkləşdirildiyi barədə həqiqətə uyğun olmayan absurd konsepsiya hazırlanaraq elmi ədəbiyyata sırınmışdır.
Böyük təəssüf və ürək ağrısı ilə qeyd etmək lazımdır ki, bu yanlış və zərərli konsepsiyanın dəyişdirilməsinə hələ sovet dövründə bir neçə dəfə cəhd edilsə də, həmin işi axıra çatdırmaq mümkün olmamışdır. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu 1966 və 1984-cü illərdə Azərbaycan tarixinin yeni konsepsiyasının hazırlanması və planlı şəkildə həyata keçirilməsi barədə tezislər, məruzələr hazırlasa da, hakim konsepsiyanın arxasında duran qüvvələr buna imkan verməmişdilər.
Çox yaxşı haldır ki, son illər həqiqi tariximizi gün işığına çıxaran çoxlu elmi əsərlər, monoqrafiyalar yazılmaqdadır. Fikrimizcə, Rizvan Cəbiyevin "Erkən türklər" kitabı bu əsərlər arasında öz orijinallığı ilə seçilir. "Erkən türklər"i fərqləndirən başlıca keyfiyyətlər hansılardır? İlk növbədə, müəllif Şumer sivilizasiyası dövründən mövcud olan, elmi ədəbiyyatda çeşidli mülahizələrə, ziddiyyətli fikirlərə yol açan sakların mənşəyi, linqvistikası, onların bəşəriyyətin kökündə dayanan ən qədim, ən erkən superetnos olması barədə çox maraqlı ideya irəli sürür, fikrini əsaslandırmaq üçün çoxsaylı faktlar, dəlil-sübutlar gətirir.
Bundan başqa, əsərdə türk etnosunun başlanğıc nöqtəsi araşdırılır, müasir türklərin qədim kökə malik olan ağ saklardan, hökmdar sak tayfalarından yarandığı irəli sürülür. Bir çox tanınmış türkoloqların əksinə olaraq, R.Cəbiyev böyük Quti dövləti quran, Şumeri 91 il əsarətdə saxlayan qutilərin Azərbaycan türklərinin əcdadı olduğunu təkzibolunmaz faktlarla sübut etməyə çalışır. Bəzi türkoloqlar belə hesab edirlər ki, Şumer də siyasi iflasa uğradıqdan sonra qutilər bir etnos kimi əriyib yox olmuş, daha tarix səhnəsində görünməmişlər. Qədim qaynaqların informasiyalarına söykənən R.Cəbiyev qutilərin, lulluların və turukların eramızın birinci minilliyinə qədər uzanan tarixi yolunu izləyir, beş min il əvvəldə olduğu kimi, eramızdan əvvəlki birinci minillikdə də Manna, Atropatena, Sakasena və Albaniya kimi qüdrətli dövlətləri məhz qutilərin, lulluların, turukların və subarların qurduqlarını, müasir Azərbaycan türk ləhcəsinin formalaşmasında onların önəmli rol oynadıqlarını inandırıcı faktlarla oxucuya çatdırır.
R.Cəbiyev türkşünaslıqda müxtəlif tayfalar kimi təqdim olunan skif, sak və oğuz etnonimlərinin əslində bir tayfaya - ağ quzlara aid olduğu barədə maraqlı konsepsiya irəli sürür. Müəllifə görə, skif-sak-oğuz üçbucağındakı etnonimlər yaddilli salnaməçilər tərəfindən fonetik dəyişikliyə uğradılaraq ilkin budağından uzaqlaşdırılmışdır. Əslində isə skif-sak-oğuz tayfa adlarının kökündə vahid etnos - ən qədim türklər dayanır.
Tarixdə skif tayfaları olmamışdır. Bəzi mənbələrdə "skuz", bəzi mənbələrdə "askutay", digərlərində "işquzay", "aşquzay", ruslarda "skif" şəklində yazılan tayfa adı müasir tədqiqatçıların "oğuz" kimi təqdim etdikləri qədim türklərdən başqa birisi deyil.
"Azərbaycan" adının yaranması və azəri tayfalarının formalaşması ilə bağlı R.Cəbiyevin gətirdiyi arqumentlər də çox maraqlıdır. Bildiyimiz kimi, bu gün türkologiyada hakim mövqe tutan konsepsiya ondan ibarətdir ki, "Azərbaycan" sözü qədim Atropatena dövlətinin adından götürülmüş, həmin vaxt bu torpaqlarda üstün olaraq farsdilli azəri tayfalarının dilində danışılmışdır. Müəllif çox haqlı olaraq bu konsepsiyaya qarşı çıxır və elmi dəlillərlə sübut etməyə çalışır ki, Orxan Yenisey abidələrində adı çəkilən az (as) tayfaları qədim türklərdir, bu etnonimin yaranmasında "Günəş Allahı" Asar çox mühüm rol oynamışdır. Asar (Asari) adı zaman-zaman, Azar-Azari, Azər-Azəri formasına düşmüş, türklər bu ad altında dünyanın bir çox ölkələrinə, o cümlədən Avropaya öz damğalarını vurmuşlar. Ölkəmizin adı da məhz bu tayfaların adından götürülərək əvvəlcə qaynaqlarda "Azərbiqan", "Azarbican", sonralar isə "Azərbaycan" formasına düşmüşdür.
Bütün yuxarıda dediklərimi ümumiləşdirərək deyə bilərik ki, "Erkən türklər" Azərbaycan oxucusu üçün faydalı kitabdır, cəmiyyətdə bu səpkili əsərlərin təbliğinə və geniş yayılmasına böyük ehtiyac vardır.
Xanməmməd İBRAHİMOV,
Azərbaycan Dillər Universitetinin
kafedra müdiri, dosent
Azərbaycan.- 2012.- 12 yanvar.- S. 5.