Leyla Əliyeva:
“Biz hamımız planetimiz üçün məsuliyyət
hiss etməliyik”
Yanvarın 17-də Londonda “Bakıda uçuş. Müasir Azərbaycan
incəsənəti” sərgisinin açılışı
olacaqdır. Bu ərəfədə Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
rəhbəri Leyla Əliyeva bir sıra milli onlayn
resurslarının nümayəndələri ilə
görüşmüşdür. Yeni media
nümayəndələri ilə bir neçə saatlıq
söhbət maraqlı və açıq müsahibə
götürməyə imkan vermişdir.
- Salam, Leyla xanım. Bu
görüşə və ötən ilin yekunlarını
Sizinlə müzakirə etmək, cari ildə
planlaşdırılan işlər barədə söhbət
etmək imkanına görə sağ olun. Ona görə də söhbətə birbaşa
başlayacağam. 2012-ci ilin əvvəlində
ilk növbədə bilmək istərdik, Siz 2011-ci ildə
Heydər Əliyev Fondunun fəaliyyətinin yekunlarını
necə qiymətləndirirsiniz?
- İlk
növbədə qeyd etmək istəyirəm ki, 2011-ci il bizim üçün tarixi baxımdan
mühüm il olmuşdur. Özü də təkcə ona
görə yox ki, keçən il
yaddaşda “Eurovision”da bizim qələbə və Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi ili kimi qalacaqdır. Həm də
2011-ci ildə ölkəmiz dövlət müstəqilliyinin
bərpa olunmasının 20 illiyini qeyd etmişdir. Bu əlamətdar tarix geriyə nəzər
salmağa, keçilmiş yolu təhlil etməyə və təbii
ki, gələcək barədə düşünməyə
imkan verir. Bununla əlaqədar Heydər Əliyev
Fondu Avropa ölkələrinin paytaxtlarında sözün əsl
mənasında unudulmaz tədbirlər keçirmişdir.
Londonda, Parisdə, Moskvada, Berlində, Romada və Vatikanda
silsilə konsertlər, sərgilər, qədim Azərbaycanın
tarixinə və mədəniyyətinə, Azərbaycan
xalqının müasir incəsənətinə və bənzərsizliyinə
həsr edilmiş təqdimat mərasimləri təşkil
olunmuşdur. Azərbaycanın dünyada daha
geniş tanınması və təqdim edilməsi məqsədilə
Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən layihələr bizim milli mədəniyyətimizin
uğurla təbliği üçün şərait
yaratmışdır.
Onu da qeyd etmək lazımdır ki, son illərdə Heydər
Əliyev Fondu musiqi festivallarının keçirilməsi sahəsində
zəngin təcrübə toplamışdır. Dünya
şöhrətli musiqiçilərin iştirak etdikləri
bu festivallar klassik musiqi və muğam sənətinin gələcək
ulduzlarının parladığı məkana çevrilir.
Qəbələdə hər il
keçirilən beynəlxalq musiqi festivalı, Bakıda beynəlxalq
muğam festivalı, M.Rostropoviç adına beynəlxalq
festival və bir sıra başqa tədbirlər dünya
ulduzlarının böyüməkdə olan nəsil ilə ənənəvi
görüş yerinə çevrilmişdir və
bütün dünyadan ən yüksək zövqlü
musiqisevərləri cəlb edir.
Fondun fəaliyyətinin mühüm istiqamətlərindən
biri təhsil sahəsidir. Vətənimizin gələcəkdə
uğurlu inkişafını məhz bu sahə təmin edir,
idarəetmə kadrlarının yeni nəslini
formalaşdırır. Bizim fond fəaliyyətə
başladığı ilk ildən etibarən “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramını həyata
keçirir. 2011-ci ildə uğurla davam etdirilmiş bu
proqram çərçivəsində biz Azərbaycanın ən
müxtəlif guşələrində 400-dək məktəb
binasını tikməyə və tam təmir etməyə
nail olmuşuq.
Keçən
il fond “İçərişəhər”
idarəsi ilə birlikdə İkinci beynəlxalq “Qız
qalası” incəsənət festivalını təşkil
etmişdir. Bu festivalda dünyanın 20 ölkəsindən
25 tanınmış rəssam iştirak etmişdir. Bu festival Azərbaycanın ən qədim abidələrindən
biri olan Qız qalasını populyarlaşdırmağa,
tariximiz, mədəniyyətimiz barədə söhbət
açmağa kömək edir və təbii ki, gənc
istedadların özlərini göstərməsinə imkan yaradır.
Gördüyünüz kimi, Heydər Əliyev Fondunun
layihələrinin sayı yalnız artır. Müvafiq
olaraq bizim təşkilatın ən müxtəlif sahələrdə
müxtəlif layihələr həyata keçirmək təcrübəsi
və ustalığı da artır. Buna
görə biz fəaliyyətimizin coğrafiyasını daha
da genişləndirmək, milli mədəniyyəti və ənənələri,
Azərbaycanı bütün dünyada təbliğ etməkdə
davam etmək əzmindəyik. Bu bizim
prioritet vəzifəmizdir.
- Bu yaxınlarda Siz gənclərin
yeni qlobal ekoloji kampaniyasına - İDEA-ya start vermisiniz. Bu kampaniya çərçivəsində artıq
ilk addımlar atılmışdır - BMT İnkişaf
Proqramı ilə saziş imzalanmış, Qəbələdə
gənc ekoloqlar üçün beynəlxalq düşərgə
keçirilmişdir. Siz ictimaiyyətin bu tədbirlərə
marağını necə qiymətləndirirsiniz? Sizin
ideya gənclər arasında nə dərəcədə əks-səda
doğurmuşdur?
- İDEA müasir dövrün
çağırışlarına cavab təşəbbüsüdür. İndi
ekologiya və ətraf mühitin qorunması barədə
hamı danışır. Bizim təşəbbüs
isə dəb xatirinə deyildir, bu, nə isə real və
hiss olunan işlər görmək istəyidir. Mənim
fikrimcə, bugünkü gəncləri bir məsələ
narahat etməlidir: Sabah biz necə dünyada
yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji
problemlərin nə kimi nəticələri ola
bilər? Biz planetimizə görə məsuliyyət hiss etməli
və bioloji müxtəlifliyin, həyatımızı nəinki
sağlam, həm də maraqlı və rəngarəng edən
nə varsa hamısının qorunub saxlanmasına birgə
töhfə verməliyik.
Biz bunu nəzərə alaraq İDEA qlobal gənclik
ekoloji kampaniyasına başladıq. Deyə bilərəm
ki, bu kampaniyanın nəticələri mənim gözlədiyimdən
də artıq oldu. Biz qısa müddətdə
gələcək fəaliyyət üçün daha
genişmiqyaslı zəmin yarada bildik.
Belə
ki, 2011-ci il oktyabrın 21-də Heydər Əliyev
Fondu Azərbaycan gənclərinin “Rio+20” sammitinin məqsədlərinə
hazırlıq üçün səfərbər edilməsi
barədə BMT İnkişaf Proqramı ilə saziş
imzalamışdır. Bu il birinci “Yer
sammiti” keçirilməsinin 20 illiyi tamam olur. Bu
sammit davamlı inkişafın və dünyanın ekoloji təhlükəsizliyinin
təməlini qoymuşdur. İmzalanmış sənəd
bir il ərzində BMT ilə əməkdaşlığı
nəzərdə tutur. Bu layihə çərçivəsində
“Rio+20” sammitinin məqsədləri barədə gəncləri
məlumatlandırmaq üçün çoxlu tədbirlər
keçiriləcəkdir. İyul ayına qədər
biz orta və ali məktəblərdə
işləyəcək, vətəndaş cəmiyyəti ilə
“dəyirmi masa”lar keçirəcəyik. Bir
sözlə, bu gün ətraf mühitin
yaxşılaşdırılması naminə bizim
hamımızı narahat etməli olan bütün məsələlər
barədə danışacağıq.
Xüsusi qeyd etmək istəyirəm ki, İDEA
kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən
dəstəklənmişdir. İDEA xətti ilə
həyata keçirilən tədbirlərdə gənclərin
və tələbələrin demək olar ki, bütün iri
təşkilatları iştirak edir. Bu, bizim “Bir planet - bir gələcək”
devizimizi bir daha təsdiq edir. Bununla əlaqədar,
planetimizi daha da yaşıllaşdırmağa
çalışaraq iyun ayında Rio-de-Janeyroda keçiriləcək
sammitə qədər Azərbaycanda təqribən 300 min
ağac əkməyi planlaşdırırıq. İDEA artıq bu aksiyanı həyata keçirməyə
başlamışdır. Hazırda bizim
volonterlər Zığ şosesi boyunca təqribən 20 min
ağacın əkilməsini davam etdirirlər.
İnformasiya-kommunikasiya sahəsində də geri
qalmırıq. Çünki müasir dünyada internetdən
fəal istifadə etməmək mümkün deyildir. Kampaniyanın www.ideacampaign.org saytı artıq
işləyir. Dünyanın hər yerindən
yüzlərlə gənc ekoloq bu sayt vasitəsilə bizə
müraciət edir, bizi dəstəklədiklərini bildirən
məktublar yazır, çoxsaylı təşəbbüslər
irəli sürürlər. Qeyd etməliyəm ki,
İDEA müxtəlif təşəbbüslərin və
layihələrin təbliğ edilməsi üçün
sosial şəbəkələrdə çox fəal iş
aparır. Yeri gəlmişkən, bizim
komandamız aldığımız məktublara əsasən
sahibsiz heyvanlar üçün xüsusi sığınacaq
yaradılması layihəsi üzərində işə
başlamışdır. Bu aktual problem bəzən
milli KİV-də də işıqlandırılır. Buna görə biz bu məsələnin həllinə
öz töhfəmizi verməyi qərara aldıq.
Bundan əlavə,
İDEA Azərbaycanda “Böyük Qafqaz beşliyi” deyilən,
yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən
etmişdir. Bunlar ayı, qartal, canavar, ceyran və
Qafqaz bəbiridir. Biz bu problem barəsində
Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandırmağı
və yox olmaq təhlükəsi qarşısında olan
növlərin qorunub saxlanması üçün konkret layihələr
həyata keçirməyi məqsəd seçmişik.
Məsələn, Heydər Əliyev Fondu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birlikdə Azərbaycan ceyranlarının qorunması və
onların təbii yaşayış mühitinə
köçürülməsi layihəsini
reallaşdırmışdır. Xüsusi
sensor qurğular bu gözəl heyvanların yerdəyişməsini
izləməyə, ceyranların qanunsuz ovlanması
hallarını qeyd etməyə və onların qorunub
saxlanması üzrə qabaqlayıcı tədbirlər
görməyə imkan verir. Nadir heyvanlar və onların
Azərbaycanda yaşadığı mühitlə
bağlı daha bir maraqlı proses barədə
danışmaya bilmərəm.
Yəqin çoxları bilir ki, Bakının rəmzi
olan Qız qalası həm də uzunqanadların
yaşadığı yerdir. Qaranquşlar kimi,
uzunqanadlar da köçəri quşlardır və
qış dövründə Cənubi Afrika istiqamətində
köç edirlər. Yayda isə onlar
Bakıya qayıdır və qədim Qız qalasının
divarlarında onların 200-ə yaxın yuvası vardır.
Qız qalasının konservasiya edilməsi
prosesinə başlanarkən bu yuvalar üçün təhlükə
yaranmışdır. Buna görə də
“İçərişəhər” Tarix-Memarlıq Qoruğu və
İDEA kampaniyası xətti ilə bilavasitə tarixi abidənin
yaxınlığında məhz uzunqanadlar üçün
xüsusi yuvalar qurulmuşdur ki, onlar yay vaxtı özlərinin
ənənəvi yaşayış yerlərini dəyişməsinlər.
Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, İDEA layihəsi
çərçivəsində ən mühüm tədbir gənc
ekoloqlar üçün Qəbələdə beynəlxalq
düşərgə təşkil edilməsi olmuşdur. Bu düşərgə
İDEA-nın məqsədlərini daha qlobal səviyyədə
yaymağa və Azərbaycanın ən qədim guşələrindən
biri olan Qəbələni ətraf mühitin qorunması məsələləri
üzrə regional diskussiyalar mərkəzinə çevirməyə
imkan vermişdir. Keçən il təşkil
edilmiş düşərgədə dünyanın 35 ölkəsindən
85 ekoloq iştirak edirdi. Yeni layihə gənc
ekoloqları o qədər ruhlandırmışdır ki, onlar
xüsusi Qəbələ deklarasiyası qəbul etmişlər.
Bu deklarasiya dünyada ekoloji vəziyyət
üçün hər kəsi şəxsi məsuliyyət
daşımağa çağırır. Biz bu il yenə bütün dünyadan olan gənc
ekoloqları bir yerə toplamağı, planetimizin qorunması
üçün zəruri tədbirləri müzakirə etməyi
planlaşdırırıq.
- İDEA kampaniyası çərçivəsində
bu il üçün əsas
planlarınız necədir? Bilavasitə
Bakıda Azərbaycan ictimaiyyətinin çoxsaylı
nümayəndələrini əhatə edə biləcək
tədbirlər keçirilməsi
planlaşdırılırmı?
- Etiraf
etməliyəm ki, İDEA-nın 2012-ci il
və növbəti illər üçün geniş
planları vardır. Qlobal miqyaslı əsas
layihələr arasında yuxarıda adlarını çəkdiyim
tədbirlərlə yanaşı, Avropanın müxtəlif
ölkələrində “Böyük Qafqaz beşliyi”nə həsr
edilmiş fotosərgi təşkil etməyi nəzərdə
tuturuq. Bu sərginin əsas məqsədi
dünya ictimaiyyətinin diqqətini Qafqazda və Azərbaycanda
yox olmaq həddinə çatmış növlər probleminə
cəlb etməkdir.
Bir neçə ilə “National Geographic” jurnalı ilə
əməkdaşlıq etmiş dünya şöhrətli
fotojurnalist Reza Deqati ilə birlikdə uşaqlar
üçün rübdə bir dəfə ekoloji jurnal nəşr
etməyi planlaşdırırıq. Bu jurnal bizim uşaq təfəkkürünə
istiqamətlənmiş ideya və məqsədlərimizi
yayacaqdır. Jurnal Azərbaycan və
ingilis dillərində nəşr ediləcəkdir. Reza
Deqati yaxın gələcəkdə start götürəcək
“EYE DEA” beynəlxalq foto müsabiqəsinin də əsas hərəkətverici
qüvvəsi olacaqdır. Müsabiqəyə təqdim
edilmiş işlər Avropa şəhərlərində,
sonra isə “Rio+20” qlobal sammiti çərçivəsində
Rio-de-Janeyro küçələrində açıq havada sərgilənəcəkdir.
Bu günlərdə biz Azərbaycan tələbələri
üçün yeni bir layihə - “Rio+20-yə öz
mesajını çatdır” mövzusunda esselər
müsabiqəsinə başlayacağıq. Bu, gənclər
üçün qlobal sammitin məqsədləri barədə
daha çox bilmək, davamlı inkişafın problemlərini
və çağırışlarını öyrənmək
üçün əlavə siqnal olacaqdır.
Gördüyünüz kimi, iş
çoxdur və biz ümid edirik ki, bu müsabiqə
sıralarımıza yeni qüvvələr cəlb edəcək,
İDEA-nın gənclər arasında mövqelərini xeyli
möhkəmlədəcəkdir.
- Leyla xanım, Siz yenicə başa
çatmış ili rəhbəri
olduğunuz Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) fəaliyyəti baxımından necə qiymələndirirsiniz?
- Bu il RAGT-nin 5 yaşı tamam olur. RAGT
artıq yetkin və çox fəal təşkilatdır.
Bu gün bizim təşkilatın
coğrafiyası Rusiyanın 70-dən çox regionunu əhatə
edir. Moskvanın 25-dən çox ali
məktəbində azərbaycanlı tələbə
klubları yaradılmışdır. Təşkilatın
qarşısında qoyulmuş əsas vəzifə
Rusiyanın azərbaycanlı gənclərini və onların
dostlarını sıx birləşdirməkdir. İnamla deyə bilərəm ki, RAGT bu missiyanın
öhdəsindən uğurla gəlir və bu gün
Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici
qüvvəsidir.
Son
üç ildə biz təbabətlə bağlı aksiyalar
keçiririk - “Qanın milləti yoxdur!”, “Sağlam
olduğunu yəqin et, xəstəliyə “yox” de!”, pulsuz müayinə aksiyası. Məsələn,
pulsuz qanvermə aksiyasında hər il gənclərin
yüzlərlə nümayəndəsi iştirak edir,
toplanmış vəsait isə onkoloji xəstəliklərdən
əziyyət çəkən uşaqların müalicəsinə
sərf edilir.
2011-ci ildən RAGT çoxsaylı aksiyalar
keçirmişdir, o cümlədən futbol turniri,
Sankt-Peterburqda bizim təşkilatın növbəti
konfransı, RAGT-nin jurnalının buraxılması, bir
sıra elmi konfranslar, fleş-moblar, tələbələrlə
görüşlər.
Bununla yanaşı, 2011-ci ildə Heydər Əliyev
Fondu Moskvada Azərbaycan Mədəniyyəti Mərkəzi
açmışdır. M.İ.Rudomino adına dövlət
ümumrusiya xarici ədəbiyyat kitabxanasında yerləşən
bu mərkəzdə biz Azərbaycan haqqında kitablar, filmlər,
disklər, bir sözlə, bütün informasiyanı
toplamışıq. Orada Azərbaycanın böyük
yazıçı, şair, rəssam və bəstəkarlarının
yaradıcılığı ilə tanış
olmaq, ölkəmizin təbii gözəlliklərini, Bakı
şəhərinin nadir memarlıq nümunələrini
görmək olar. Biz həmin mərkəzdə
yaradıcılıq gecələri, sərgilər, seminarlar,
maraqlı və məşhur azərbaycanlılarla
görüşlər keçirməyi
planlaşdırırıq. Əlbəttə, biz həmin mərkəzdə
həm də Azərbaycan dili, tarixi və ədəbiyyatı
dərsləri də təşkil edəcəyik. Bu dərsləri Bakıdan dəvət edilmiş, Azərbaycan
dilinin daşıyıcıları olan müəllimlər
keçəcəklər.
- Siz İslam Əməkdaşlıq
Təşkilatının mədəniyyətlərarası
dialoq üzrə gənclər forumunun baş əlaqələndiricisisiniz
və həmin təşkilatın üzvləri olan ölkələrin
gənclərini sıx birləşdirmək məqsədi
güdən müxtəlif təşəbbüsləri kifayət
qədər fəal şəkildə irəli
sürürsünüz. Elə yuxarıda
haqqında danışdığınız kampaniyalar buna
sübutdur. Bu il yeni kampaniyaların və
aksiyaların başlanması gözlənilirmi? Sizin fikrinizcə,
yaxın gələcəkdə əsas, ən
aktual fəaliyyət istiqamətləri nədən ibarət
olacaqdır?
- Gənclər
forumunun baş əlaqələndiricisi kimi mənim fəaliyyətim
2007-ci ildən davam edir. Bu illər ərzində
biz forumun strukturunu möhkəmlətməklə bərabər,
bir sıra iri tədbirlər və çoxsaylı layihələr
həyata keçirməyə nail olmuşuq.
Qeyd etməliyəm ki, Azərbaycan gəncləri
İslam Əməkdaşlıq Təşkilatının
üzvü olan ölkələr arasında coğrafi əhatəsinə
görə ən fəal gənclərdir. Azərbaycanda
çoxsaylı etnoslar və dinlər dinc yanaşı
yaşayır və bizim ölkədəki tolerantlıq
mühiti qürur duymağa və təqdir edilməyə
layiq nümunədir.
Gənclər
forumundakı fəaliyyət kontekstində 2011-ci il aprel ayında Bakıda Sivilizasiyaların
Alyansı uğrunda Qlobal Gənclər Hərəkatının
birinci qurultayının keçirilməsi ilə yadda
qalmışdır. Dörd illik iş nəticəsində
biz Qlobal Gənclər Hərəkatını təsis etməyə
və onu institusionallaşdırmağa nail olmuşuq. Bu,
çox mühüm məsələdir, çünki
qarşıya qoyulmuş vəzifələrin
reallaşdırılması üçün ardıcıl
iş aparılmasını nəzərdə tutur.
İlin sonunda, noyabrın 22-23-də Bakıda İƏT
üzvü olan ölkələrin Gənc Sahibkarlar Şəbəkəsi
təsis edilmişdir. Bu şəbəkənin əsas məqsədi
müsəlman dünyasında gənc sahibkarların əməkdaşlığını
inkişaf etdirməkdir. Həmin şəbəkə
təcrübə mübadiləsi və yeni əlaqələr
yaradılması üçün bir məkandır. Gənc sahibkarlar hər bir ölkədə əhalinin
ən fəal təbəqəsidir və məhz bu sosial təbəqəyə
istiqamətlənmək forum çərçivəsində
daha səmərəli konsolidasiya üçün əlverişli
şərait yaradacaqdır. Əlamətdar
haldır ki, bu təşəbbüsün paytaxtı məhz
Bakı olmuşdur.
Ümumiyyətlə, Gənclər forumu dünyada ən
fəal gənclik qurumlarından biridir və şübhəsiz,
qlobal ekoloji təşəbbüslərdə, o cümlədən
İDEA layihəsində çox fəal iştirak edir. Yeri gəlmişkən,
biz forum çərçivəsində “10 gənc müsəlman”
mükafatını təsis etmişik. Bu mükafat gənc
nəslin yaradıcı və maraqlı ideyalarının
populyarlaşdırılmasına real töhfə olacaq və islam dünyasının gəncləri
arasında fəallığı stimullaşdıracaqdır.
2012-ci il həm də İslam Əməkdaşlıq
Təşkilatı Gənclər forumu çərçivəsində
tələbə mübadiləsi proqramının həyata
keçirilməsinin ilk ili olacaqdır. Bu proqram
təşkilata dinamizm gətirəcək, yaxın illərdə
onun fasiləsiz inkişafını təmin edəcəkdir.
- Bu yaxınlarda “Baku”
jurnalının ingilisdilli versiyası çapdan
çıxmışdır. Sirr deyildir ki, jurnalın rusdilli
versiyası Rusiya auditoriyasında və təkcə orada deyil,
çox populyardır. Sizin fikrinizcə, ingilisdilli
versiyanın perspektivləri necədir?
-
Jurnalın ingilis dilində nəşri ideyası məni
çoxdan düşündürürdü. Bu barədə
ilk dəfə jurnalın rus versiyasının təqdimatından
sonra fikirləşmişəm, o vaxt çox adam
bu nəşrin ingilisdilli versiyasının olub-olmaması ilə
maraqlanırdı.
“Baku”
jurnalının rus versiyası təqribən dörd il ərzində öz oxucu auditoriyasını
getdikcə genişləndirmişdir. Bu müddətdə
bizim komanda bazarları öyrənir, bu işdə bizə
kömək edə biləcək müxtəlif şirkətlərlə
məsləhətləşmələr aparırdı. Təbii ki, mən özüm də
hazırlaşırdım, çünki bütün bunlar həm
vaxt, həm də özünü fiziki və intellektual
baxımdan bu işə tam həsr etməyi tələb edir.
2011-ci il başlanğıc nöqtəsi oldu. Biz jurnalı ingilis dilində nəşr etməyə
başladıq. Bu gün “Baku”
jurnalını artıq təkcə Böyük Britaniyada
deyil, digər Avropa ölkələrində də alırlar.
Satışın nəticəsi barədə
danışmaq hələ tezdir, lakin yaxın vaxtlarda bu barədə
məlumat alandan sonra sizinlə bölüşəcəyimi vəd
edirəm.
Bu il biz jurnalın ABŞ-da təqdimatını
keçirməyi planlaşdırırıq. Gələcəkdə
isə bizim jurnalın köməyi ilə Azərbaycanı təkcə
orada deyil, Azərbaycan səfirlikləri və bizim diasporun
nümayəndələri olan hər yerdə təbliğ etməyi
planlaşdırırıq. Bu jurnal bizim qədim
tariximizi, mədəniyyətimizi, ənənələrimizi,
musiqimizi və ədəbiyyatımızı fəal təbliğ
etmək, onları dünya ictimaiyyətinə
çatdırmaq üçün daha bir imkandır.
- Jurnalın başqa dillərdə nəşr
edilməsi planlaşdırılırmı?
-
Hazırda məqsədimiz ingilis versiyasını maksimum təkmilləşdirməkdir.
Buna görə hələlik onun başqa dillərdə
nəşri barədə fikirləşmirik. Ola bilsin ki, gələcəkdə, ingilis
versiyası da, rus versiyası kimi populyar olanda bu barədə
fikirləşməyə dəyər.
- 2012-ci il
yanvarın 17-dən29-dək Londonda çoxlu sayda müasir rəssamların
iştirakı ilə “Bakıda uçuş. Müasir
Azərbaycan incəsənəti” mövzusunda sərgi
keçiriləcəkdir. Əlamətdar haldır ki, sərginin
iştirakçıları arasında Sizin
də adınız göstərilmişdir. Bu
ideyanın müəllifi kimdir? Bu tədbirin
keçirilməsinin əsas məqsədi və vəzifəsi
nədən ibarətdir?
- Belə
bir sərgi keçirilməsi barədə mən bir neçə
il düşünmüşəm. Deməliyəm ki, son illərdə Azərbaycanda
çox istedadlı gənclər yetişmişdir. Rəssam, heykəltəraş və musiqiçilərin
əvvəlki nəsilləri kimi, bu gənclər də
dünya incəsənət xəzinəsinə öz töhfələrini
verə bilərlər. Bu gün Bakıda
mövcud vəziyyət müasir incəsənətin
inkişafı üçün hər cür şərait
yaradır və dünya səviyyəsində dolğun sərgilər
hazırlamağa imkan verir.
“Bakıda uçuş. Müasir Azərbaycan
incəsənəti” sərgisində 21 müəllifin təsviri
incəsənət, qrafika, heykəltəraşlıq,
fotoqrafiya, video kimi müxtəlif istiqamətlərdə
yüzlərlə işi təqdim ediləcəkdir.
Sərginin rəhbərləri və baş məsləhətçiləri
incəsənət aləmindən yaxşı baş
çıxaran insanlar - kurator Erve Mikaelof və təşkilatçı
Simon de Püridir. Buna görə onlara ayrıca təşəkkür
edirəm! Yanvarın 17-də Londonda
açılacaq sərginin əsas ideyası və
konsepsiyası onlara məxsusdur.
Biz ümid edirik ki, azərbaycanlı müəlliflərin
işləri öz tamaşaçısını tapacaq və
bu sərgi istedadlı gənc azərbaycanlıların
dünya sənət meydanlarına çıxması
üçün zəmin yaradacaqdır. Bu sərgi
bizim mədəniyyətimizi və milli bənzərsizliyimizi
nümayiş etdirmək üçün daha bir imkandır.
- Gənc rəssamlarla yanaşı,
Azərbaycanın ustad sənətkarlarının da işlərinin
nümayiş etdiriləcəyi bu cür sərgilərin
başqa ölkələrdə və şəhərlərdə,
habelə Bakıda da keçirilməsi
planlaşdırılırmı?
- İndiki mərhələdə biz Londonda keçiriləcək
sərgiyə ciddi hazırlaşırıq. Çünki
bu, belə genişmiqyaslı və müxtəlif istiqamətli
ilk sərgi olacaqdır. Azərbaycanı
belə bir nüfuzlu məkanda təmsil etmək çox məsuliyyətli
işdir.
Şübhə
yoxdur ki, Londonda sərgi uğurla başa çatandan sonra biz
həmin işləri Berlin, Paris, Roma, ola bilsin ki, Nyu-York və
Moskvada, habelə müasir incəsənət mərkəzləri
sayılan başqa şəhərlərdə də
nümayiş etdirməyi planlaşdırırıq. Əlbəttə, biz Bakıda da sərgi keçirməyə
hazırlaşırıq, lakin bunu lap axırda etmək istəyirik.
Bizim üçün Bakı layihələrimizin, məqsədlərimizin
həm əvvəli, həm də sonudur.
- Leyla xanım, rəsmi suallardan bir qədər
uzaqlaşmaq istərdim. Siz həmişə məşğulsunuz,
çoxlu layihələriniz, müxtəlif təşəbbüsləriniz
vardır və buna baxmayaraq, Siz rəsm çəkirsiniz.
İcazə verin, soruşaq, Siz bunun üçün necə
vaxt tapırsınız və boyakarlıq Sizin
üçün nə deməkdir?
- Rəsm
çəkmək həqiqətən, çox böyük ləzzətdir.
Ona görə ki, bu iş insanı çox sakitləşdirir,
deyərdim ki, onu ipə-sapa yatırır və nəticə
ya alınır, ya da yox. Bəzən yarım il
rəsm çəkməyə bilərəm, amma bir ayda beş-altı
rəsm də çəkə bilərəm. Rəsm
çəkməyə başlayanda bu işdən ayrılmaq
sadəcə qeyri-mümkündür və nə isə
başqa işlə məşğul olmaq çox çətindir.
Yəqin ki, rəsm çəkənlərin
hamısı bu hissləri keçirir. Bir
sözlə, bu, böyük ləzzətdir, lakin uğurlu
alınmayanda ilham pərisini gözləmək lazım gəlir.
Məsələn, hazırda mən uşaqlar
üçün milli nağıllar kitabının
illüstrasiyası üzərində işləyirəm. “Biri var idi,
biri yox idi” adlanan bu kitab rus dilində çıxacaqdır.
Bu ideya mənim üçün çox
maraqlı və yaxındır, başqa işlərlə
yanaşı xeyli vaxt aparır. Lakin istəyirəm ki,
uşaqlar üçün nə isə məxsusi və
çox maraqlı bir iş görüm.
Son həftələrdə mən Londonda keçiriləcək
sərgiyə fəal hazırlaşmışam. Orada digər azərbaycanlı
rəssamlarla bərabər mən də ola
bilsin ki, beş-altı iş təqdim edəcəyəm.
- Leyla xanım, çox adam bilir və çoxları şahiddir ki, Siz
şeir yazırsınız. Şeir yazmaqda davam
edirsinizmi?
- Bəli,
davam edirəm, mənim şeirlərim çoxdur, sadəcə
olaraq, daha onları çap etdirmirəm. Əlbəttə,
kitab nəşr etmək ideyası var, lakin yəqin ki, bu, gələcəkdə
olacaqdır. Şeir yazmaq da rəssamlıq kimidir, bir il yazmamaq, sonra isə bütöv həftəni
yazmaq olar.
- Leyla xanım, Siz həmişə formadasınız.
Özünüzdən eşitmək istərdik, Siz idmanla nə
dərəcədə məşğul olursunuz?
- Yəqin
ki, həddən artıq (gülümsəyir). İdman
insanın özünü həm fiziki, həm də mənəvi
baxımdan daha yaxşı hiss etməsinə imkan verir. Buna görə mən hər gün idmanla məşğul
oluram.
Yeri gəlmişkən, hazırda qayayadırmanma
idmanı barədə düşünürəm. Mənim
üçün bu nə isə yeni, çox maraqlı
işdir. Çünki bu, təkcə cəsarət
və mərdliklə deyil, həm də daha bir yüksəkliyi
fəth etmək imkanı ilə bağlıdır.
Həyatda elə olur ki, bir layihə üzərində
işə başlayandan sonra həmişə onu bir sıra
başqa layihələrlə yanaşı davam etdirmək
lazım gəlir. Beləcə, ətraf mühitin
qorunması üzrə kampaniyanı başlayandan sonra dağa
qalxmaq barədə düşündüm. Qayaya dırmaşmağı öyrənməyə
başladım. Bu il yayda bizim ekologiya
kampaniyasının volonterləri ilə birlikdə milli zirvələrdən
birinə qalxmağı planlaşdırıram.
- Müsahibə üçün
sağ olun.
- Siz də
sağ olun, oxucularınıza ən xoş arzularımı
bildirirəm.
AzərTAc
Azərbaycan.- 2012.- 13 yanvar.- S. 2.