QANLI
20 YANVAR FACİƏSİ
Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik
zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm
də bir qürur günü kimi yazıldı. Çünki
bu hadisə günahsız insanların amansız bir formada qətlə
yetirilməsi ilə nəticələnsə də, öz
azadlığına, müstəqilliyinə can atan Azərbaycan
xalqının mübarizliyini, məğrurluğunu bir daha
bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə
aydın şəkildə
nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi
Vətəni, azadlığı uğrunda ölümün
gözünə dik baxan Azərbaycan övladlarının
varlığını bir daha dünyaya tanıtmaqla
yanaşı, SSRİ adlanan nəhəng imperiyanın
çöküşündə əsas amillərdən biri
oldu.
Süquta məhkum olmuş sovet rejimi özünün son günlərində bütün mövcudiyyəti ərzində törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərinə yeridilən sovet ordusu hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu.
Faciəyə gedən yol
Faciəyə gedən yolun başlanğıcı onun törədilməsindən xeyli müddət əvvələ, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə başlamışdı. Qorbaçovun simasında daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın himayədar tapmışdılar. Əlbəttə, nə qədər ki, Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunurdu, ermənilər Azərbaycanla bağlı bədnam niyyətlərini həyata keçirə bilmirdilər. Çünki Heydər Əliyevin Siyasi Büroda olması ermənilərə və Qorbaçova Azərbaycanla bağlı planlarının reallaşmasına, o cümlədən Qarabağ münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə buna görə Qarabağ məsələsinin Heydər Əliyev Siyasi Bürodan istefa verdikdən cəmi 15 gün sonra ortaya çıxması təsadüfi sayılmamalıdır. O vaxt M.Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana verilməsi iddiasını irəli sürmüş, “Humanite” qəzetindəki bəyanatında Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair Moskvanın razılığının olduğunu bildirmişdi.
SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi.
Məhz bundan sonra erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı olan “Krunk” gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən “Miatsum” adlanan hərəkat formalaşdırıldı.
Bütün
bunlar 1988-ci ilin fevralından etibarən hadisələrin daha gərgin
və aqressiv məcrada inkişafı ilə nəticələndi.
Məhz həmin dövrdə həm Dağlıq Qarabağda,
həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana
birləşdirilməsi tələbi ilə silsilə mitinqlər
başladı. SSRİ rəhbərliyi tərəfindən
heç bir ciddi müqavimət görməyən və bundan
daha da ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti
Sovetinin vilayətin statusuna baxılması haqqında Azərbaycan
SSR Ali Sovetinə müraciət qəbul etməsinə nail
oldular.
Baş
verənlərə paralel olaraq Ermənistanda və
Qarabağda etnik təmizləmə siyasəti həyata
keçirilirdi
Azərbaycanın
o vaxtkı rəhbərliyi hadisələrə fəal
müdaxilə etmək əvəzinə, Kremldən gələn
əmrlər əsasında hərəkət edir və bununla
xalqın taleyinə biganə yanaşırdı. Kreml isə
həm Azərbaycana göndərdyi emissarlar, həm də
ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə
daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının
da yaxından iştirak etdiyi bu ssenarilərin əsas hədəflərindən
biri Azərbaycanda ermənilərə qarşı
dözümsüz münasibətin formalaşmasına dair
görüntülər yaratmaq idi. Elə bu məqsədlə
də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri
törədildi.
Müxtəlif
millətlərin nümayəndələrinin
yaşadığı sənaye şəhəri olan
Sumqayıtda iğtişaşlar yaratmaqla siyasi dünyanın
yeni səviyyədə gündəminə gətirilmiş
“böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi
üçün ermənilərə çox lazım idi.
Lakin bu məsələdə sovet DTK-nın da özünəməxsus
rolu oldu. Beləliklə, əvvəlcədən
planlaşdırılmış Sumqayıt olayları törədildi
və o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar
SSRİ rəhbərliyinin, ermənilərin niyyətini, qlobal
hadisələrin mahiyyətini axıra kimi dərk etmək
iqtidarında olmadıqlarından qanlı hadisələrin
yaşanmasının qarşısını almaq
üçün müvafiq addımlar atılmasında acizlik
nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən
hazırlandığını o da sübuta yetirir ki, olaylar
baş verən yerlərdə öncədən çoxlu
telefoto operatorlar, jurnalistlər yerləşdirilmişdi. Bunun
nəticəsində düşünülmüş, ssenarisi əvvəlcədən
cızılmış Sumqayıt hadisələri
saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı. Bundan
sonra ermənilər Ermənistanda və Dağlıq
Qarabağda belə bir əhval yaratdılar ki, artıq azərbaycanlılarla
ermənilər bir yerdə yaşaya bilməzlər. Bunun nəticəsi
olaraq indiki Ermənistanın yarandığı əzəli
Azərbaycan torpaqlarında yaşayan yüz minlərlə
soydaşlarımız 1988-ci ilin sonuna kimi qətlə yetirilməklə,
əmlakları talan olunmaqla ən qəddar formada deportasiya
olundular.
Dağlıq
Qarabağda da vəziyyət getdikcə gərginləşirdi
və bu işdə yenə əsas rol oynayan tərəflərdən
biri Azərbaycan rəhbərliyinin acizliyindən istifadə edərək
hadisələri istədiyi kimi istiqamətləndirən Kreml
təmsilçiləri idi. Bütün bunlara qarşı Azərbaycan
rəhbərliyi tərəfindən heç bir qətiyyətli
addım atılmadı. M.Qorbaçov isə tədbir görmək
əvəzinə, DQMV-nin sosial-iqtisadi inkişafının
geridə qalması barədə ermənilərin
uydurduqları yalanı müdafiə edərək ittifaq
büdcəsindən vilayətə 400 min rubl vəsait
ayrılmasına göstəriş verdi. 1988-ci il iyunun 15-də
Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi
haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali
Sovetinin Rəyasət Heyətinin sessiyasında Dağlıq
Qarabağ məsələsi müzakirə edilən zaman Azərbaycandan
olan deputatlarla yanaşı, qanunazidd olaraq Ermənistandan olan
deputatlar da eyni hüquqda orada iştirak etdilər. Bu isə
Qorbaçov və onun ətrafının Ermənistan
üçün yaratdığı yeni imkan demək idi.
İttifaq
rəhbərliyinin Azərbaycan xalqına qarşı ən
böyük xəyanəti özünü növbəti dəfə
1989-cu ilin yanvarında göstərdi. Belə ki, həmin il
yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ
Muxtar Vilayətində xüsusi idarəçilik
formasının tətbiqi haqqında” SSRİ Ali Soveti qərar
qəbul etdi və bu, ermənilərin istəyinə tam
uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik
forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya
tabe olan ermənipərəst A.Volski burada yaşayan
bütün azərbaycanlı soydaşlarımızın
çıxarılmasına nail oldu. Qısa müddətdə
50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. Halbuki Azərbaycanın
siyasi rəhbərliyi sözügedən idarənin
yaranmasını böyük uğur kimi qiymətləndirir və
bu idarəyə çox böyük ümidlər bəsləyirdi.
Yalnız xalq hərəkatının təsiri altında
1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin
nəzarəti altında olan Azərbaycan SSR Təşkilat
Komitəsinə tapşırıldı. Təşkilat Komitəsinin
sədri təyin edilən V.Polyaniçko əslində öz
sələfinin siyasətini davam etdirdi və azərbaycanlılar
daha da sıxışdırılırdı.
Ümumiyyətlə,
20 Yanvar faciəsinə qədər SSRİ və respublika rəhbərliyinin
çıxardığı qərar və fərmanların
heç birində Azərbaycanın xeyrinə bircə maddə
belə olmadı. Bir tərəfdən Azərbaycan
xalqını sakitləşdirməyə yönələn
addımlar atılır, digər tərəfdən isə
respublikanın suverenliyinə, ərazi
bütövlüyünə xələl gətirən qərarlar
qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi
tərəfindən ən yüksək səviyyədə
müdafiə olunduğunu göstərirdi.
1989-cu
ilin noyabrından səbr kasası dolmuş xalq Bakının
mərkəzi meydanında mitinqlərə başladı.
Yanvarın 18-də Bakıda və Azərbaycanın 11
rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi
tətilin başlandığı elan edildi. Lakin genişlənməkdə
olan xalq hərəkatına ilk dövrlərdə səriştəsiz
rəhbərlik, edilən xəyanətkarlıq ölkəni
daha ağır vəziyyətə salırdı. Bununla belə,
Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana
verilməsinə şərait yaradan Qorbaçov respublikada
genişlənən milli-azadlıq hərəkatının
boğulması üçün müxtəlif vasitələr
üzərində baş sındırırdı.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəzirov
isə Moskvanın marionetkası olaraq həm Dağlıq
Qarabağın ermənilərin əlinə keçməsinin
qarşısını almaq, həm də ölkədəki vəziyyəti
sabitləşdirmək üçün heç nə edə
bilmirdi. Əksinə, özünün səhv
addımları, yarıtmaz iş üslubu, yanlış siyasi
manevrləri ilə xalqla öz arasında uçurumu daha da dərinləşdirirdi.
Elə buna görə də Bakıda və Azərbaycanın
digər şəhər və rayonlarında aylarla davam edən
mitinqlərdə dəfələrlə Azərbaycanın
partiya rəhbərlərinin istefası tələbi irəli
sürülmüşdü. Bu dövrdə xalq hərəkatına
rəhbərlik edənlər də böyük səriştəsizlik
göstərir, çox vaxt DTK-nın istədiyi ssenarilərə
uyğun hərəkət edirdilər.
1989-cu
ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət
xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi,
mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə
zəiflədi. SSRİ rəhbərliyi isə Azərbaycanı
növbəti dəfə cəzalandırmaq üçün
Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi.
Milli-azadlıq hərəkatının mərkəzi olan
Bakıda ilk olaraq yerli milis tərksilah edildi, mərkəzdən
isə daxili qoşun hissələri şəhərə gətirildi.
Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını
öldürməsi fitnəkarlıqlar üçün əsas
oldu və iki gün ərzində Bakıda süni şəkildə
erməni talanı təşkil edildi. Mərkəz tərəfindən
düşünülmüş və taktiki baxımdan hərtərəfli
hazırlanmış bu məkrli plan hazır ssenari üzrə
aparıldı. Elə bu səbəbdən də
ayrı-ayrı dəstələrin əməllərinin
qarşısını almaq üçün ali hakimiyyət və
hüquq-mühafizə orqanları tərəfindən
heç bir tədbir görülmədi. Halbuki Bakıda
SSRİ Daxili İşlər Nazirliyinin 12 min nəfərlik
silahlı qüvvəsi var idi. Bu dövrdə ölkəyə
rəhbərlik edən Vəzirov isə yaranan vəziyyətdən
istifadə edərək sovet qoşunlarının müdaxiləsinə
şərait yaratmağa, bununla həm də xalq hərəkatını
boğmağa çalışırdı.
Yanvarın
14-də Azərbaycan KP MK-nın Bürosunda vəziyyət
müzakirə olundu və Vəzirovun təkidi ilə
çağırılan Azərbaycan SSR Ali Sovetinin
sessiyasında DQMV-də və zəruri olarsa, ona bitişik
rayonlarda, eləcə də sərhəd boyunca fövqəladə
vəziyyət elan edilməsi, lazım gələrsə, mərkəzdən
kömək göstərilməsi haqqında qərar qəbul
olundu. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin
müraciəti ilə SSRİ Ali Sovetinin Rəyasət Heyəti
yanvarın 15-də “Dağlıq Qarabağ və bəzi
başqa rayonlarda fövqəladə vəziyyət elan
olunması haqqında” fərman verdi. Həmçinin SSRİ
Ali Soveti Bakı, Gəncə şəhərlərində, eləcə
də başqa yaşayış məntəqələrində
qadağan saatlarının tətbiq edilməsini və digər
zəruri tədbirlər görülməsini Azərbaycan SSR
Ali Sovetinə təklif etdi.
Müdhiş gecə...
Bu
dövrdə Mərkəzdən Azərbaycana, xüsusən də
Bakı ətrafına əlavə qoşun hissələri və
hərbi texnika gətirilməsi prosesi davam edirdi. Əslində
bu, Bakıya qoşun yeridilməsi üçün ilkin
hazırlıqdan başqa bir şey deyildi. Xalq hərəkatına
rəhbərlik edənlər, o cümlədən Xalq Cəbhəsinin
təmsilçiləri isə vəziyyəti düzgün
qiymətləndirmək əvəzinə, şəhərin ətrafında,
o cümlədən Bakı qarnizonu ətrafında sədlər,
barrikadalar yaratmağa başladı. Yük və minik
maşınlarından, avtobus və trolleybuslardan, eləcə
də başqa vasitələrdən istifadə etməklə
barrikadalar quruldu, piketlər düzəldildi. Lakin 20 Yanvarda bu
düzgün olmayan taktikadan bəhrələnən sovet ordusu
çoxlu sayda dinc əhalinin qırılmasına,
yaralanmasına rəvac verdi.
Yanvar
hadisələri ərəfəsində Moskva SSR Ali Soveti
İttifaq Sovetinin sədri Y.Pirmakovu və Sov.İKP MK katibi
Girenkonu Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və
liberal qanadları ilə görüşüb
apardığı danışıqlar heç bir nəticə
vermədi. Yanvarın 17-də Azərbaycan KP MK binası
qarşısında böyük mitinq başlandı və
üç gün davam etdi. Mitinqlərdə Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarına son
qoyulması, Bakı ətrafına yığılmış
qoşunların Dağlıq Qarabağa göndərilməsi,
respublika rəhbərliyinin istefası və digər tələblər
irəli sürüldü.
Sovet
rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik
uğrunda apardığı mübarizənin
qarşısını almaq, milli-azadlıq hərəkatına
zərbə vurmaq, habelə digər müttəfiq
respublikalara dərs vermək üçün 1990-cı il
yanvarın 19-da “Bakı şəhərində fövqəladə
vəziyyətin tətbiq edilməsi haqqında” fərman
imzaladı. Halbuki bununla Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSR
Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozurdu.
Digər
tərəfdən bu fərmanın tətbiqi barədə əhaliyə
məlumat verilməmişdi. Xalqdan fərqli olaraq respublika rəhbərliyi
yanvarın 20-nə keçən gecə Bakıya ordu yeridiləcəyindən
xəbərdar idi. Həmin günlər güman edilirdi ki,
ölkə rəhbərliyinin istefa verməsi gərginliyi nisbətən
azaldar, adamlar barrikadaları tərk edərək
dağılardılar. Lakin bunun əksinə olaraq,
axşamçağı boş küçələrdə
üstünə səsgücləndirici
quraşdırılmış maşınlardakı insanlar
xalqı piketlərə səsləyirdilər.
Yanvarın
19-dan 20-nə keçən gecə SSRİ rəhbəri
M.Qorbaçovun göstərişi və Azərbaycanın o
zamankı səriştəsiz rəhbərlərinin
razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycanı
informasiya blokadasına almaq və xalqın haqq səsini
boğmaq üçün SSRİ DTK-nın “Alfa” qrupu
respublika televiziyasının enerji blokunu yanvarın 19-da
partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələri
üzərinə, qəzet və jurnalların nəşrinə
qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə
blokadaya düşdü, əhali hər hansı bir məlumat
almaq mənbəyindən məhrum oldu.
Bakıya
qoşun yeridiləndə isə tanklardan, zirehli
transportyorlardan, piyadaların döyüş
maşınlarından istifadə edildi. Zirehli texnikanın
üstündə nömrələr yox idi. Qırmızı
Bayraq Ordenli Xəzər Hərbi Donanmasının gəmilərindən
desant çıxarılmışdı. Tanklar və ZTR-lər
Bakı küçələrində qarşılarına
çıxan hər şeyi əzir, hərbçilər
qarşılarına çıxanları amansız atəşə
tuturdular. İnsanlar nəinki küçələrdə, hətta
avtobusda gedərkən, öz mənzillərində
oturduqları yerdə güllələrə tuş gəlirdilər.
Gözlərini qan tutmuş hərbçilər
yaralıları aparmağa gələn təcili yardım
maşınlarını və tibb işçilərini də
atəşə tuturdular.
Rəşad CƏFƏRLİ
(ardı var)
Azərbaycan.- 2012.- 13 yanvar.- S. 3.