AzərTAc-ın fotoxronikası Keyfiyyətə görə Beynəlxalq Qızıl mükafata layiq görülmüşdür

 

 AzərTAc-ın fotoxronikası “Keyfiyyətə görə” Beynəlxalq mükafata layiq görülmüşdür. Bu  il həmin mükafat onun təsis edilməsinin 40-cı ildönümü  münasibətilə  istisna olaraq  “Keyfiyyətə görə” Beynəlxalq Qızıl mükafat adlandırılmışdır.

AzərTAc xəbər verir ki, bu barədə məlumat  “Keyfiyyətə  görə” Beynəlxalq mükafatın  hazırlıq komitəsinin prezidenti  Arsenio Pardo Rodrigesin AzərTAc-ın baş direktoru Aslan Aslanova  ünvanlanmış  məktubunda yer almışdır.

Məktubda deyilir: Bizim nəşriyyat qrupunun “Ticarət liderləri klubu” ilə  əməkdaşlıq şəraitində, klubun üzvü olan sahibkarların (90 ölkədən  7700 üzv)  verdikləri informasiya əsasında hər il təqdim etdiyi “Keyfiyyətə görə” Beynəlxalq mükafatının Hazırlıq Komitəsi  səsvermə nəticəsində bu mükafata  AzərTAc-ın fotoxronikasını layiq görmüşdür.  Mükafat müəssisənin üstünlük qazanmasına imkan verən  keyfiyyət ideyalarının təsdiqi  və təşviqi  məqsədi ilə yaradılmışdır”.

“Keyfiyyətə görə” Beynəlxalq Qızıl mükafatı  2012-ci ildə Madriddə təqdim ediləcəkdir. Tədbirdə diplomatik korpusun nümayəndələri, ticarət sektorunun rəsmi şəxsləri və ölkənin iqtisadi-mədəni həyatının  nümayəndələri  iştirak edəcəklər.  Məktubda deyilir: “40 illik yubiley münasibətilə sizin fəaliyyətinizin xüsusi fərqlənməsi və təsdiqi  əlaməti olaraq mükafatdan əlavə, onun təsviri olan Qızıl nişan da təqdim ediləcəkdir”.

 

 

Azərbaycan.- 2012.- 13 yanvar.- S. 4.