Pak Hi Te: «Azərbaycanda həyat səviyyəsi çox yüksəkdir»

 

Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te yanvarın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Pak Hi Te əvvəlcə Milli Məclisin binasına baxmış, burada deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur. Parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanışlıq zamanı qonağa ümummilli liderin həyat və fəaliyyəti, keçirdiyi görüşləri, xarici ölkələrə səfərləri barədə geniş məlumat verilmişdir.

Koreya Respublikası Milli Assambleyasının sədri xatirə kitabına ürək sözlərini yazmışdır.

Görüşdə Oqtay Əsədov Azərbaycan və Koreya respublikaları arasında əlaqələrin inkişaf etdiyini vurğulamış, bu səfərin parlamentlərarası münasibətlərin daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirmişdir.

Milli Məclisin Sədri demişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Bugünə qədər dövlətlərimiz və hökumətlərimiz arasında

40-dan çox sənəd imzalanmış, 3 biznes forum keçirilmişdir. İki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki illərlə müqayisədə 74 faiz artmışdır.

Milli Məclisin Sədri 2008-ci ildə Koreya Respublikasına səfərini, keçirdiyi görüşləri xatırlatmış, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd etmişdir.

O.Əsədov qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, təcavüzkar Ermənistanın BMT TŞ, AŞ PA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə əməl etmədiyini diqqətə çatdırmış, bu problemin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı üçün ciddi maneə yaratdığını söyləmişdir.

Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te Azərbaycana səfərindən məmnun qaldığını bildirmiş, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.

Hörmətli qonaq ölkəmizdə həyata keçirilən islahatları, iqtisadi inkişafı xüsusi qeyd etmiş, Azərbaycanda həyat səviyyəsinin çox yüksək olduğunu bildirmişdir. O demişdir ki, bu nailiyyətlərə yalnız uzaqgörən dövlət başçısının praqmatik siyasəti nəticəsində nail olmaq mümkündür.

Pak Hi Te ölkəsinin Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Koreya Respublikası Cənubi Qafqazda yalnız Azərbaycanda səfirlik açmışdır. Bu gün Koreya şirkətləri Azərbaycanda həvəslə çalışır və sərmayə qoyurlar. Bu da bizim Azərbaycana olan münasibətimizin göstəricisidir.

Qonaq parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün səylərini artıracağını bildirmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 14 yanvar.- S.  1.