Bir qrup tanınmış mədəniyyət və incəsənət nümayəndəsinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuşdur

 

 Yanvarın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında bir qrup tanınmış mədəniyyət və incəsənət nümayəndəsinə YAP-ın üzvlük vəsiqələri təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək son vaxtlar mədəniyyət və incəsənət xadimlərinin, ümumiyyətlə, yaradıcı insanların partiyaya axınının gücləndiyini qeyd etmişdir. Bildirmişdir ki, bu da təsadüfi deyil. Onlar həmişə insanlarla ünsiyyətdə olaraq cəmiyyətin əhvali-ruhiyyəsini yaxşı bilirlər. Bu gün cəmiyyətimizi yüksək səviyyədə təmsil edən insanlar YAP-a ona görə üzv olurlar ki, bu partiyanın əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Məhz ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir.

Əli Əhmədov vurğulamışdır ki, Azərbaycanda bütün sahələrdə böyük inkişaf vardır. Ölkə vətəndaşları sabitlik şəraitində yaşayaraq istədikləri kimi həyatlarını qururlar. Dövlət başçısı həmişə qeyd edir ki, əgər iqtisadi inkişaf insanların həyatını yaxşılaşdırmırsa, bu inkişafın heç bir əhəmiyyəti yoxdur. Ona görə də Azərbaycanda görülən bütün işlər insanların daha da yaxşı yaşamaları üçündür.

Azərbaycanda sənət adamlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Əli Əhmədov qeyd etmişdir ki, ölkəmiz gündən-günə gözəlləşir, abadlaşır, yeni mədəniyyət ocaqları tikilib yaradıcı insanların istifadəsinə verilir, onların mənzil-məişət şəraiti yaxşılaşdırılır. Onlara fəxri adlar, mükafatlar verilir.

YAP sədrinin müavini-icra katibi vurğulamışdır ki, bu partiya Azərbaycan cəmiyyətində aparıcı siyasi qüvvədir. Onun sıralarında 560 min insan birləşir ki, bu da sadəcə olaraq, statistik rəqəm deyil. Bu, yarım milyondan artıq insanın həyatını dövlətə və dövlətçiliyə həsr etməsi deməkdir.

Mərasimdə çıxış edən mədəniyyət və incəsənət nümayəndələri  YAP-ın üzvü olduqları ilə fəxr etdiklərini bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti uğurla həyata keçirilməkdədir. Azərbaycan dövləti mədəniyyətə və incəsənətə böyük diqqət və qayğı göstərir. Yaradıcı insanlar bu qayğını yüksək qiymətləndirərək özlərinin Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyaya üzv olmalarını mənəvi borc hesab edirlər.

Sonda 12 nəfər tanınmış sənət adamına YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 14 yanvar.- S.  3.