Turizm Azərbaycanın qarşısında yeni üfüqlər açır

 

 Bu fikrin müəllifi Ümumdünya Turizm Təşkilatının keçmiş baş katibi Françesko Franjialidir. O, bir neçə il öncə ölkəmizdə olarkən Azərbaycanın korlanmamış təbiətindən, havasından, ekoturizm üçün yararlı ucqar bölgələrindən heyranlıqla danışarkən söyləmişdi bu sözləri. Ardınca da bildirmişdi ki, turizmin inkişafı üçün Azərbaycana kömək etməyə hazırıq.

Lap qədim zamanlardan səyyahların hörmətlə "Odlar yurdu" adlandırdıqları Azərbaycan əlverişli coğrafi mövqeyinə, flora və faunasının zənginliyinə, gözəl təbiətinə, meşələrinə, dəniz sahilində yerləşməsinə, mədəni-tarixi irsinə, ləziz mətbəxinə və yüksək qonaqpərvərlik ənənələrinə görə turizmin inkişafı üçün olduqca cəlbedicidir. Şimal yarımkürəsində yerləşən vətənimiz İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya kimi ölkələrlə eyni coğrafi enlikdədir. Tarixi İpək yolu da olmaqla Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Ötən illərdə İstanbuldan başlayıb Pekində bitən "İpək yolunda Velosiped Turu" layihəsinin, Rusiyadan başlayıb Hindistanda bitən "XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə" adlı turizm marşrutu layihələrinin Azərbaycan ərazisindən keçməsi də ölkəmizin turizm potensialının beynəlxalq əhəmiyyətli olduğundan xəbər verdi.

Ölkəmizin ərazisində 6500-dən çox tarix-memarlıq abidəsi və 130-dan çox muzey turist axınını təmin edən potensialdan biridir. Bakının simvolu sayılan Qız qalası, Şirvanşahlar sarayı, Əcəminin şah əsərləri olan Möminə xatunYusif İbn Küseyr türbələri, əsrarəngiz Göygöl, Qobustan qayaları, Böyük daş, Kiçik daş, Cingirdağ, Şonqardağ, Şıxqaya dağlarında Azərbaycan xalqının qədim daş dövrlərindən başlayaraq son dövrlərə qədər çoxəsrlik tarixini özündə əks etdirən maddi mədəniyyət nümunələri - qayaüstü rəsmlər, qədim insan məskənləri, daş qalalar, qəbirüstü abidələr var. İrili-xırdalı 8400-ə yaxın çay var ki, onlarının çoxunun vadiləri mənzərəli olmaqla istirahət həvəskarlarını özünə cəlb edir. Turistlər daha çox getdikləri ölkənin qədim yaşayış məskənləri, tarixi abidələri, arxeloji qazıntıları, təbiəti ilə maraqlanırlar, yəni istirahətlərini kondisionerli otaqlarda deyil, macəra axtarmaqda keçirmək, yayın tüğyanında xizəklə sürüşmək istəyirlər. Turizm sahəsinin mütəxəssisləri deyir ki, Azərbaycana gələn turistlər daha çox Suraxanıdaki Atəşgaha, Qobustana və İçərişəhərə marşrut edirlər, bölgələrdən isə Şəkidəki Kiş məbədinə, Qaxdakı hamam pirinə, Lahıca gedib çıxırlar, mağara axtarırlar. Yollar hamar olsa belə Xınalığa qədər gedirlər, hələ bundan da maraqlı yerlər axtarırlar. Ona görə də xarici turistlərin maraqlarına səbəb olan mənbələr yenə tapılmalı, bölgələrimizdə olan tarixi-mədəniyyət abidələri, memarlıq nümunələri üzə çıxarılmalı, kütləvi turizmə üstünlük verilməlidir. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev deyir ki, qoruq-şəhərdə xarici turistlərin çox maraq göstərdiyi ən qədim məscid olan Məhəmməd məscidində bərpa texnologiyalarına əsaslanan muzey konservasiyası həyata keçirilibKiçik Karvansara abidəsinin bərpası başa çatıb.

Əslində, Azərbaycanın turizm potensialı tam öyrənilməyib. Elə əsrarəngiz yerlər, şəlalələr, çaylar, bulaqlar, dağlar, təpələr, yamyaşıl yamaclar var ki, hələ insan ayağı dəyməyib. Müalicəvi əhəmiyyətli Badamlı, Sirab, işğal altındakı Turşsu, İstisu suları turizm və sağlamlıq üçün Azərbaycanın geniş potensiala malik olduğunu göstərir. 

Prezident İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi bu sahədə imkanların reallaşdırılmasında və turizm sektorunun inkişafında mühüm rol oynadı. Dövlət başçısı çıxışlarının birində demişdi ki, çalışacağıq 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin: "...Bölgələrdə  hotelçilik işləri ilə bağlı çox işlər görülür. Azərbaycanda turizmin inkişafı reallıqdır. İnfrastruktur yaratmaq üçün, əlbəttə, dövlət tərəfindən böyük vəsait tələb olunur. Hotellər isə özəl sektor tərəfindən tikilir. Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, son illər hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlar inanırlar ki, qoyduqları vəsait onlara dividend gətirəcək. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. "Şahdağ" qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bu, sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Oraya birinci dəfə gedəndə heçyox idi. Dağlar idi, yaşayış məntəqələri yox idi. İndi oraya yollar, elektrik, qaz, su xətləri çəkilir. Birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da, bu təşəbbüsə qoşulacaq. Çünki orada çoxlu mehmanxanalar tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə mərkəzləri olacaq. Bir sözlə, "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcək. Dünyada mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaq da. Bu, həm ölkəmizə yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq..."

2011-ci ilin fevral ayında Prezident İlham Əliyevin iştirakı ilə burada 2 nömrəli kanat və xizək enişinin açılışı həyata keçirildi. Kompleksin ərazisində birinci mərhələdə 9 kanat yolunun çəkilişi nəzərdə tutulmuşdur ki, layihəni bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. Süni qardüzəltmə komplekslərinin layihələndirilməsi və süni qardüzəltmə qurğularının quraşdırılması işlərini isə İtaliyanın dünya şöhrətli "TeknoAlpen EC" şirkəti həyata keçirir. Şahdağ Qış-Yay Turizm Komleksində lazım olan qar örtüyünü təmin etmək üçün isə "T-60" markalı 69 ədəd süni qarlandırma generatorları quraşdırılmışdır.  

Turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi bu sahənin inkişafının bəlkə də ən əsas atributlarından biridir. Elə götürək çimərliklərin və dağ-xizək turizmində xidmətin peşə standartlarının hazırlanmasını. Turizm təhsilini təkmilləşdirmək üçün təhsil standartları yenilənməli, ixtisas fənləri əlavə olunmalıdır. Hər turizm sahəsinə aid praktik vərdişlər tədris olunmalıdır. Turizmin inkişaf etdiyi ölkələrdə kadr hazırlığı məqsədilə xüsusi təhsil proqramları və uyğun standartlar hazırlanır. Əlbəttə, bu sahədə ölkəmizdə də ciddi addımlar atılıb. Turizm sənayesini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Turizm İnstitutunun, Mingəçevir Turizm Kollecinin, Qəbələ TurizmHotelçilik Mərkəzinin, İsmayıllıda Turizm üzrə peşə məktəbinin yaradılması da Prezidentin şəxsi təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Nəticədə regionlarda, ucqar dağ kəndlərində yeni yerləri açılır, əhalinin dolanışığı, güzəranı yaxşılaşır.    

Azərbaycan 2001-ci ilin sentyabr ayından BMÜTT-nin tamhüquqlu üzvüdür və təşkilatın himayədarlığı ilə müxtəlif ölkələrdə keçirilən bütün turizm sərgi və yarmarkalarda iştirak edir, bu tədbirlərdə milli turizm məhsulları təbliğ olunur. Ümumdünya Turizm Təşkilatının və digər beynəlxalq nüfuzlu təşkilatların qiymətləndirməsində Azərbaycanda turizmin müasir inkişaf mərhələsi müsbət dəyişikliklər kimi xarakterizə olunur. Kənd turizminin, ekolojiovçuluq turizminin inkişafı üçün ölkəmizin reytinqi yüksək qiymətləndirilib və bu sahədə Azərbaycandan uğurlu inkişaf gözlədiklərini bəyan ediblər. "A.Düma Qafqazda", "Azərbaycanda alman məskənləri", "Şərab yolu", "Böyük İpək yolu", "Babaların zəfər və şəhadət yolu", "Xəzər dənizində kruiz" kimi beynəlxalq layihələrdə ölkəmiz fəal iştirak edir. 

Təcrübə göstərir ki, turizm sektoru inkişaf edən ölkələr milyonlar qazanır və bu sahədən əldə etdiyi gəlirlərdən digər sektorların inkişafına da nail olurlar. Bunun üçün ilk növbədə ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turizmin müxtəlif növlərinin, həmçinin bu sahədə kiçikorta sahibkarlığın inkişaf etdirilməsi qarşıda duran əsas prioritetlərdən biri hesab olunur. Turizm potensialının təqdimatı məqsədilə ölkəmiz Vyanada, İstanbulda, Parisdə, Madriddə, Vilnüsdə, Berlində, Londonda, Moskvada, Kiyevdə, Pekində, Tokioda, Dubayda, Küveytdəki sərgi və yarmarkalarda, birjalarda ənənəvi olaraq iştirak edir. Dəfələrlə dünyanın məşhur telekanallarında - CNN, "Euronews", "Travel Channel", BBC, CNBC, "National Geographic" və başqalarında  Azərbaycan turizmi haqqında reklam çarxları nümayiş etdirilib. Ona görə də son illərdə ölkəyə gələn turistlərin sayı əvvəlki illərə nisbətən artıb.

Turizm sektoru inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, bu sahənin sürətli inkişafı üçün ilk növbədə mütləq siyasi sabitlik lazımdır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra aparılan islahatlar nəticəsində ölkəmizdə siyasi sabitlik təmin edildi. Dünyanın Azərbaycana inamı, güvəni artdı, iqtisadiyyat dinamik inkişafa başladı. Bazar iqtisadiyyatına əsaslanan sahibkarlıq fəaliyyəti genişləndi, xarici investorlar bura vəsait yatırmaqdan çəkinmədilər və yanılmadılar. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olunub. Proqramda qeyd olunur ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxanamehmanxana tipli müəssisələrin sayı 370-ə çatıb. Hazırda respublikamızda 123 turizm mərkəzi lisenziya əsasında fəaliyyət göstərir. Sənəddə bildirilir ki, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çevrilməsi ən mühüm vəzifə olaraq qarşıda durur və dövlət proqramının istiqaməti buna yönəlib. Turizmin miqyasının genişlənməsi üçün nəqliyyat sisteminin inkişafı mühüm amillərdən hesab edilir. Son illərdə Azərbaycanda 1000 kilometrdən çox avtomobil yolu çəkilib və yenidən qurulub, 69 yeni körpü tikilib. Gəncə, Lənkəran və Zaqatalada müasir beynəlxalq standartlara cavab verən aeroportlar inşa edilib. 

Mütəxəssislər deyirlər ki, siyasi sabitlikdən və iqtisadi inkişafdan sonra turizm sənayesi ölkəsinə çevrilmək üçün mükəmməl turizm infrastrukturuna malik olmaq lazımdır. Bu sahədə Azərbaycanda görüləsi işlər çoxdur. Düzdür, bəzən vətəndaşlarımız istirahət üçün Türkiyəyə, Yunanıstana və başqa ölkələrə üz tuturlar. Səbəb kimi də xidmət səviyyəsinin yüksək olduğunu göstərirlər. Bu fikirlər həqiqətdir. Ölkəmizdə turizmin xidmətinin səviyyəsini yaxşılaşdırmaq üçün hələ çox işlər görülməli, bu sahədə uzun illik təcrübəyə malik ölkələrin köməyindən istifadə olunmalıdır. Regionlarımızın turistik yerlərinin tanıdılmasına xidmət edən plakatlar, xəritələr, bukletlər hazırlanmalı, çoxaldılmalıdır. Heç kimdə şübhə yoxdur ki, Azərbaycan çox yaxın illərdə elitar turizm mərkəzinə çevriləcək. 2011-ci ilin sonlarına yaxın Bakıda "Kempinski" və "Hilton" hotelləri açılmışdır. Yaxın aylarda isə "Marriot", "For season", "Feermond" və "Cümeyra" hotellərinin və dünya şöhrətli beşulduzlu mehmanxanaların açılacağı gözlənilir. May ayında isə ölkəmizdə "Eurovision"  müsabiqəsinin keçirilməsi qarşıda ciddi vəzifələr qoyur. Dövlətimiz bu münasibətlə ölkəmizə gələn qonaqları xalqımıza layiq qarşılamağa, onları təbiətimizin gözəlliyi ilə tanış etməyə ciddi hazırlaşır.

Əminik ki, bu müsabiqə xalqımızın zəngin mədəniyyətinin və turizminin nümayişinə gözəl fürsət yaradacaq. Musiqi yarışması ilə əlaqədar Azərbaycana gələcək minlərlə qonaq təbiətimizin gözəlliyinə heyran qalacaq, qonaqpərvərliyimizdən isə hər zaman ağızdolusu danışacaqlar.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 14 yanvar.- S. 4.