Vətənin layiqli oğulları
Oxucuların ixtiyarına verilmiş yeni nəşrlərdən biri belə adlanır - "Odlar yurdunun övladları Rusiya tarixində". İlk baxışdan digər nəşrlərdən bir o qədər də fərqlənməyən bu kitabı, əslində, Rusiyanın tarixində və ictimai həyatında fəaliyyətləri ilə diqqəti cəlb edən soydaşlarımız haqqında ensiklopediya adlandırmaq olar.
Uzun illər Rusiyanın ayrı-ayrı regionlarında yaşayıb fəaliyyət göstərmiş soydaşlarımızı bir araya toplayan yazıçı-jurnalist Ramin Məmmədovun Azərbaycanın Dövlət Himni ilə açılan, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi kitabının ilk səhifəsində ümummilli lider Heydər Əliyevin rus xalqı ilə azərbaycanlıların tarixən birgə olmaları, eyni məqsəd uğrunda mübarizələrdən keçmələri barədə söylədiyi fikirlərin yer alması heç də təsadüfi deyil. Ön söz yerində verilmiş "Biz keçmişdən doğulmuşuq" adlı yazıda müəllif oxucularına müraciətində qeyd edir: "...Nə qədər ki, insanlıq mövcuddur, xalqımız xeyirxah qonşuluq siyasətini davam etdirəcəkdir. Hələ nə vaxta qədər ki Yer üzərində yaşayış davam edəcək, biz birlikdə olacağıq".
Kitabın əsas məziyyətlərindən biri Azərbaycan və rus xalqlarının dostluq tellərini qoruyan siyasətin davam etdirilməsinin xüsusi rənglə, zəngin faktlarla burada əks etdirilməsidir.
Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin təşəbbüsü ilə rus dilində nəfis tərtibatla nəşr edilmiş ensiklopediyanın hazırlanmasında Rusiyanın ayrı-ayrı regionlarında fəaliyyət göstərən arxiv, muzey və kitabxanalarla əməkdaşlıq da burada mühüm rol oynayıb. Çünki elə tarixi məqamlar var ki, onları yalnız əsaslı mənbələrdən əldə etmək mümkündür.
Müəllif haqlı olaraq yazır: "Bu ölkə bizim üçün bir də ona görə doğmadır ki, onun paytaxtı Moskvada dahi Nizaminin heykəli, Bakının adını daşıyan küçə, restoran, məktəblər, kinoteatr var. "Azərbaycan xalqının Nəriman Nərimanov, Sabit Orucov, Nəsirbəy Tağıyev, general-mayorlar Ajar Xaspoladov, Tofiq Seyidov, general-leytenant Kərim Kərimov, neft korifeyi Fərman Salmanov kimi tarixi simalarımızın məzarları məhz bu şəhərdədir".
Kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən geniş söz açılır, xalq qəhrəmanı Babək, İbn Sinanın şagirdi olmuş Bəhmənyar, söz peyğəmbəri dahi Nizami, məhəbbət şairi Məhəmməd Füzuli, Hacı Zeynalabdin Şirvani, Abbasqulu Ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Hacı Zeynalabdin Tağıyev, Yusif Məmmədəliyev, çar ordusunun general-leytenantları Hüseyn Naxçıvanski, Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, Üzeyir bəy Hacıbəyli, Rixard Zorge, Bülbül, Səməd Vurğun, Sovet İtifaqı Qəhrəmanı, general-leytenant Həzi Aslanov, maestro Niyazi kimi xalqımızın tanınmış simaları rusdilli oxuculara təqdim edilir.
Kitab həmçinin Rusiyada fəaliyyət göstərən və
xalqımızı bu ölkədə
layiqincə təmsil edən diaspor barədə
müfəssəl məlumat verdiyi üçün də dəyərli topludur.
Azərbaycan.- 2012.- 14 yanvar.- S.5.