Yorulmaz tədqiqatçı, unudulmaz pedaqoq

 

 Əməkdar incəsənət xadimi, görkəmli musiqişünas, professor Elmira Abbasova onu tanıyanların, həmkarlarının, tələbələrinin qəlbində dərin iz salıb. Bu səbəbdən də onun barəsində keçmiş zamanda danışmaq həqiqətən də çətindir. Həyat eşqli, yorulmaz tədqiqatçı, gözəl pedaqoq, bir sözlə, sənətinin vurğunu olan Elmira Abbasova həmişə öz işinə, xüsusilə də pedaqoji fəaliyyətinə bağlılığı ilə seçilərdi.

O, 1932-ci ilin yanvarında Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirəndən ömrünün sonuna kimi burada pedaqoji fəaliyyət göstərib. Hələ gənclik illərindən tədqiqata maraq göstərən Elmira Abbasova 30 yaşında Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Üzeyir Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilən, sonralar musiqi-tənqidi bölməsinin sədri, hətta katibi olan Elmira Abbasova 1967-ci ildən dosent, 1980-ci ildən isə professor kimi Üzeyir Hacıbəylidən yadigar qalan musiqi ocağında pedaqoji fəaliyyətini  səmərəli davam etdirib.

Bir fakt da maraqlıdır ki, Elmira Abbasova yeganə qadın rektordur ki, xeyli müddət Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edib. Onun yaradıcılığını araşdıran həmkarları bu unudulmaz alimin tədqiqat sahəsinin bir neçə istiqamətdən ibarət olduğunu faktlarla əsaslandırırlar. Əlbəttə, yaradıcılığının mərkəzində həmişə Üzeyir Hacıbəyli irsinin tədqiqi dayanırdı. Müəllifin böyük həvəslə araşdıraraq dahi bəstəkar haqqında yazdıqları beş kitab və digər toplularda öz əksini tapıb. Jurnal və qəzetlərdə də onlarca elmi məqaləsi, oçerki dərc edilib. Üzeyir Hacıbəyli haqqında ilk biblioqrafiya da məhz Elmira Abbasovanın rəhbərliyi altında 1961-ci ildə yaradılıb. Sonralar müxtəlif illərdə bu biblioqrafiyalar işıq üzü görüb. Elmira Abbasovanın tədqiqatçı kimi üz tutduğu ilk ünvan Üzeyir Hacıbəyli irsidirsə, ikinci mühüm sahə dünya şöhrətli bəstəkar Qara Qarayevin yaradıcılığıdır. Bu sahədə də Elmira Abbasovanın özünəməxsus üslubu, şərhetmə qabiliyyəti diqqəti çəkir. O, Qara Qarayevin həm dünyada, həm də doğma Vətənində dərin məhəbbətlə sevilməsinin səbəbini dürüst əsaslandırdı. Həqiqətən həm milli kökə, həm də müasirliyə bağlılıq Qara Qarayevin musiqisinə heyranlıq və əbədiyaşarlıq gətirdi. Avropalılar bu böyük bəstəkarın əsərlərində Şərq musiqisinin müdrikliyini, türk dünyası isə Qara Qarayevin bəşəri duyğulara malik istedadını etiraf etdilər. Bu vəhdətin, bu bağlılığın nəticəsində də Azərbaycanda doğan nəhəng musiqi günəşinin şəfəqləri məmləkətlərin möhtəşəm konsert salonlarına nur saçdı.

Elmira Abbasova yaradıcılığının üçüncü istiqaməti isə Azərbaycan musiqi incəsənətinin müasir tarixinin inkişaf yolları ilə əlaqədardır. Milli mədəniyyətimizdə öz yerləri və mövqeləri olan Soltan Hacıbəyov, Niyazi, Bülbül, Səid Rüstəmov, Fikrət Əmirov, Rauf Hacıyev, Rəşid Behbudov, Qurban Pirimov, Bəhram Mansurov, Cövdət Hacıyev, Arif Məlikov və başqalarının yaradıcılığı ilə bağlı Elmira Abbasovanın tədqiqatları görkəmli sənətşünaslar tərəfindən yüksək dəyərləndirildi. Əlbəttə, istər Üzeyir Hacıbəyli olsun, istərsə də Qara Qarayev və digərləri - Elmira xanımdan əvvəl də, elə sağlığında da, sonra da müxtəlif araşdırmalar aparılıb, qiymətli əsərlər yaradılıb. Lakin Elmira Abbasovanı öz həmkarlarından fərqləndirən bir sıra xüsusiyyətləri var. Təhlilə çəkdiyi hər bir nümunəyə elmi dəlillərlə yanaşan, onu dürüst və klassik şəkildə ifadə etməyi bacaran müəllif son dərəcə məzmunlu, yığcam şərhi ilə seçilirdi. Elmira Abbasovaya məxsus fikirdir ki, Üzeyir Hacıbəyli öz əsərləri ilə Azərbaycanla Avropa bəstəkarlıq məktəbi arasında əbədi bir körpü yaratdı. Məhz Üzeyir bəydən sonra Şərq və Qərb musiqisi mədəniyyətləri arasında bağlılıq öz bəhrəsini verdi. Azərbaycan bəstəkarlarının yaratdığı nəhəng musiqi abidələrinin şöhrəti elləri dolaşdı.

Elmira Abbasovanın araşdırdığı elmi-tədqiqat işlərindən biri də Azərbaycan muğamları olub. Onun öyrənilməsi prosesində müəllifin fikirləri yenə də orijinallığı və dolğunluğu ilə seçildi. O, hər bir janrın funksiyasını, üslub xüsusiyyətini və Azərbaycan bəstəkarlarının yaradıcılığındakı təsirini elmi dəlillərlə təsdiq etdı.

Elmira xanım yorulmaz tədqiqatçı, sevilən pedaqoq olmaqla bərabər, həm də gözəl natiq idi. İstər mühazirələrində, istər məruzələrində öz fikirlərini çox yığcam və təsirli şəkildə ifadə etməyi bacardığından hamı ona heyranlıqla qulaq asardı. Bəlkə də elə bu xüsusiyyətinə görədir ki, onu beynəlxalq forumlara, simpoziumlara, konfranslara və müxtəlif tədbirlərə məmnuniyyətlə dəvət edərdilər. Dünyanın ən məşhur musiqişünaslarının iştirakı ilə keçirilən belə məclislərdə azərbaycanlı alimin məntiqli və parlaq çıxışları həmişə maraqla, alqışlarla qarşılanardı. Bu da faktdır ki, Elmira Abbasova uzun müddət Azərbaycan musiqişünaslığını beynəlxalq miqyasda layiqincə təmsil edən alimlərimizdən biri idi.

Bir xatirəni də yazmasaq olmur. Bəlkə də bu, taleyin bir xoşbəxtliyidir ki, ötən əsrin sonlarında bu unudulmaz musiqişünasla söhbət etmək, müsahibə almaq qismətimizə düşdü. Dahi Üzeyir bəyin adını daşıyan, əməllərini, arzularını yaşadan konservatoriyada Azərbaycan incəsənətində, mədəniyyətində xidmətləri, ixtisaslı kadrlar yetişməsində əməyi olan professor, əməkdar incəsənət xadimi Elmira Abbasova Türkiyədən yenicə qayıtmışdı. Çox həyəcanlı idi. Gediş-gəlişin təzə-təzə başladığı günlərdə bizim üçün də maraqlı idi ki, Elmira Abbasovanın bu səfəri nə ilə bağlıdır? Cavabı bizi də təsirləndirdi: "Hər bir azərbaycanlı kimi Türkiyəni görmək mənim də ən müqəddəs arzum olub. Amma məni oraya aparan arzularım yox, İstanbul Universitetinin nəzdindəki koservatoriyadan aldığım dəvət idi. Bakıdan çıxanda gah yağış yağırdı, gah külək əsirdi. Havanın tutqunluğu elə bil mənim də əhvalıma təsir etmişdi. Ya bəlkə də həyəcanımdan idi, deyə bilmərəm. Elə ki təyyarə İstanbulda yerə endi ilk gördüyüm aydın səma və günəş oldu. Məni çox mehriban və səmimi qarşıladılar. İlk dəqiqədən məndə gözəl ovqat yarandı. Elə bildim ki, heç Azərbaycandan kənara çıxmamışam. Sanki Bakıdan respublikamızın hansısa bir şəhərinə gəlmişdim. Təyyarə limanından birbaşa universitetə getdim..." Türkiyədə gördüklərindən, böyük satirik yazıçı Əziz Nesinlə görüşündən, kanonçalan Ruhi Ayancilin qeyri-adi istedadından, kitabxanalardan, muzeylərdən, müxtəlif əlyazmalarla tanışlıq nəticəsində aşkarladığı faktlardan danışmaqdan doymurdu. Ən böyük arzusu hər iki ölkədə fəaliyyət göstərən konservatoriyanın musiqi repertuarının mübadiləsini planlaşdırmaq idi. Söyləyirdi ki, bunun üçün çətini ilk addımın atılmasıdır. İndi o günlərdən xeyli vaxt keçib. Bir çox sahələrdə olduğu kimi, mədəniyyət və musiqi istiqamətində də xeyli uğurlarımız var. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, "iki dövlət, bir millət" olaraq nailiyyətlərimizi qoşalaşdırmağı, birlikdə çalışmağı, ucalmağı, dostları sevindirib düşmənə gözdağı olmağı bacardıq.

Elmira Abbasova Azərbaycan musiqişünaslığının inkişafına və zənginləşməsinə böyük əmək sərf edən görkəmli sənətşünas idi. Onun müxtəlif şəxsiyyətlər - bəstəkarlar, müğənnilər və ifaçılar haqqında yazdıqları kitablar həm elmi dəyəri, həm də məzmununa görə Azərbaycan musiqişünaslığının həmişəyaşıl səhifələridir. Özündən sonra da bu yolu davam etdirən tədqiqatçıların - onlarla məzun, musiqişünas və sənətşünasın yetişməsində böyük zəhmət çəkdi. Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi dövrdə bir məsələnin - xalq musiqi problemlərinin diqqət mərkəzində olmasının səbəbkarı da məhz Elmira Abbasova idi. Bu işlə bağlı təhsil ocağında həmişə müxtəlif tədbirlər keçirilərdi. Elmira Abbasova, sadəcə, bir rektor kimi bu məclislərə qatılmazdı. O, əvvəlcədən proqramın tərtibində iştirak edər, ifaçılarla görüşər, hər kəsə öz işini başa salmağa çalışardı. Bu görüşlər, əslində, bir məktəbə bərabər idi. Geniş dünyagörüşünə, dərin biliyə, əsl zövqə malik olan musiqişünasın bu görüşlərdəki ciddiliyi, məsuliyyəti onu hamıya sevdirirdi. Tələb olmayan yerdə işin dürüst alınacağına zəmanət vermək olmaz. Hamı yaxşı bilirdi ki, əgər hazırlanan tədbirdə rektorun şəxsi rəyi və iştirakı varsa, demək, hər şey gözəl və səviyyəli olacaq. Onun haqqında danışanlar bir məsələni də tez-tez vurğulayırlar ki, bu yorulmaz tədqiqatçı, görkəmli alim, istedadlı pedaqoq həm də son dərəcə prinsipial və obyektiv idi. Bəlkə elə bu məziyyətlərinə görədir ki, əbədi ayrılığın soyuq ruzigarı da Elmira Abbasovanın qəlblərdəki isti yerinə yaxın gələ bilmir.

Elmira Abbasova bütün yaradıcılığı və varlığı ilə Üzeyir Hacıbəyli irsinə bağlı idi. Özü söyləyərdi ki, hər dəfə işə gələndə Üzeyir bəyin abidəsi önündə dayanaraq salavat çevirir, ruhuna dualar oxuyur. Sovet dövründə bunu çox gizli edərdi. Görən, duyan olmasın. Dövlət müstəqilliyimizi qazandıqdan sonra arzuları çiçək açdı. Dahi bəstəkardan yadigar qalan musiqi ocağının bir müddət öz halal adından uzaq düşməsi onu çox üzürdü. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən Üzeyir Hacıbəylinin ismini daşıyan Musiqi Akademiyası şərəfli günlərini yaşamaqdadır. Bu günlərdə dövlət başçısının sərəncamı ilə 90 illik yubileyi qeyd edilən musiqi ocağında xatırlananlardan biri də məhz Elmira xanım Abbasovadır.

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 14 yanvar.- S. 5.