Quruculuğun üç yolu

 

Gəncənin təcrübəsi təqdirəlayiqdir

 

Nizami yurdunda abadlıq işləri üç istiqamətdə gedir. Əvvəla, mövcud obyektlərin fasadları və dam örtükləri təzələnir, yollar düzəlir. Digər tərəfdən, yeni obyektlər tikilir, parklar, bağlar, xiyabanlar salınır, bütün kommunikasiya sistemi təzələnir. Ən əsası isə, laqeydlik üzündən dağılıb gedən obyektlər müəyyən edilir, bərpa olunur, ilkin görkəmdə həyata qaytarılır.

 

Bu, müasir quruculuğun ən önəmli, ən dəyərli tərəfidir.

Bir neçə obyekti yada salaq. Gəncə filarmoniyası neçə il idi ki, sözün tam mənasında, sıradan çıxmışdı. Onun bircə adı qalırdı. İnşası barədə dəfələrlə məsələ qaldırılsa da, baş qoşan yox idi. Nəhayət, filarmoniyanın bəxti açıldı. Gəncəyə xüsusi qayğı göstərən Prezident İlham Əliyevin tapşırığı ilə şəhərin mərkəzində müasir üslubda, tamamilə yeni formada filarmoniya binasının, konsert-tamaşa mərkəzinin təməli qoyulur. Bu möhtəşəm binanın alt qatında ikimərtəbəli yeraltı qaraj da yaradılır.

Bir zaman adı dillərdə gəzən Zərdabi teatrı uçub-dağılırdı. Baxan yox idi. Qapısı bağlanmış, əslində, belə bir obyektin varlığı çoxunun yadından çıxmışdı. İndi milli üslubda, müasir formada bərpa olunur.

Xoş niyyətlə ucaldılmış Xatirə parkındakı Gənclər sarayı da elə ilk gündən gənclərin üzünə bağlı olmuş, çayxanaya, toyxanaya çevrilmiş, baxımsızlıq üzündən uçub dağılmışdı. Xan bağındakı qapısı bağlanmış yay teatrının da məsələsi artıq həll olunub.

Ən əsası isə şəhərin mərkəzində, gözəl Gəncənin yeni məkanında təməlqoyma zamanı ucaldılmış Çökək hamam! Dörd əsrin yadigarı, tarixin canlı şahidi! 1606-cı ildə Şah Abbas dövründə Gəncə yeni məskənə köçürüləndə ilk öncə üç obyektin təməli  mənbələrin məlumatına görə, 1606-cı ilin may ayının 10-da qoyulub. Cümə məscidi, Karvansara bir Çökək hamamın memarı gəncəli Şeyx Bahəddin Məhəmməd Amili olub. Üçü bir-birindən gözəl, yaraşıqlı, başdan-başa qırmızı kərpiclə  şəhərin mərkəzində ucaldılan maddi-mədəniyyət abidələri göz oxşayır. Karvansara kompleksi əsaslı surətdə bərpa olunur.

Çökək hamamın özü canlı bir tarixdir, əsrlərin o tayından boylanır. Lakin illər boyu onun qədrini bilmədilər. Vaxtilə biri burada çayxana açdı, digəri onu kababxanaya çevirmək istədi, başqa birisi sex düzəltdi. Hər gələn tarixin bu əvəzsiz yadigarına bir zərbə vurdu, onu sahmana salmaq əvəzinə, daha da zədələdi, yararsız hala saldı.

yaxşı ki, indi digər obyektlər kimi, Çökək hamam da öz ilkin görkəmində bərpa olunur. Əsl zərgərlik işi gedir. Ustalar hər kərpicin, hər tağın üstündə, sözün yaxşı mənasında, əsirlər. Hamı çalışır ki, Gəncənin bu ilkin simvollarından biri öz əvvəlki görkəminə qaytarılsın.

Yeri çox gözəldir. Bir tərəfdə Xan bağı, bir yanda Heydər Əliyev parkı. Bəri başda filarmoniyanın möhtəşəm binası ucaldılır, öndə isə Cümə məscidi, Cavadxan məqbərəsi, Gəncə seyrangahı... Turizm üçün əvəzsiz bir guşədir. Elə bil Bakının İçərişəhəridir. Tarixin ən dəyərli yadigarları sanki bilə-bilə bir yerə cəmlənib, elə bil canlı muzeydir. Burada tarix müasirliklə qovuşur. Qədim Gəncə yeni Gəncə ilə qoşa ucalır. Gəncədə şəhərsalma mədəniyyəti özünü göstərir. Qədim Şərq ənənəsi müasir Avropa üslubu ilə qovuşur. Ulu Gəncə əsl cənnətməkana çevrilir. Bu yerlərə qədəm qoyan hər kəs elə ilk baxışdan qədim Nizami yurdunun taleyindən xəbər tutur, bugünkü Gəncənin gözəlliyini görür, fəxr edir.

Həftələr, aylar ötdükcə quruculuq işinin məzmunu, mahiyyəti artır, miqyası genişlənir, tarixi abidələrin tədqiqi, bərpası təbliği sahəsində geniş tədbirlər görülür. Nizaminin adı ilə bağlı guşələr, müqəddəs İmamzadə kompleksi, qədim Gəncənin minillik ərazisi, istiqlal tarixinin şanlı səhifələri bir-bir araşdırılır. Onların hər biri ilə bağlı tarixin yaddaşında qalan silinməz izlər bərpa olunur, bugünün nəsillərinə çatdırılır.

Gəncə quruculuğunun bu yeni üslubundakı dəst-xətti, ötən illərin itən obyektlərinin üzə çıxarılaraq bərpa edilməsi təqdirəlayiqdir. Yəqin ki, Nizami yurdunun bu dəyərli üsulu geniş yayılacaq.

 

 

Əhməd İSAYEV

 

 Azərbaycan .- 2012.- 15 yanvar.- S. 1.