Azərbaycan və ABŞ Müdafiə nazirlikləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə konkret planlar müzakirə edilmişdir

 

 Yanvarın 12-13-də Vaşinqtonda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilmişdir.

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun başçılığı ilə nümayəndə heyəti Pentaqon və Dövlət Departamentində məsləhətləşmələr apararaq Birləşmiş Ştatlarla müdafiə əməkdaşlığı üzrə geniş spektri əhatə edən məsələləri nəzərdən keçirmiş, cari il üçün konkret planları müzakirə etmişlər. ABŞ tərəfindən məsləhətləşmələrə Pentaqon başçısının müdafiə və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Cozef MakMillan həmsədrlik etmişdir.

Pentaqonun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ABŞ nümayəndə heyətinin tərkibində müdafiə nazirinin Rusiya, UkraynaAvrasiya siyasəti üzrə müavini Selest Volander, ABŞ Baş Komandanlığı, Oklahoma Milli Qvardiyası və Müdafiə Nazirliyi şöbələrinin əməkdaşları təmsil olunmuşdur. Tərəflər müdafiə əməkdaşlığı, xüsusilə də NATO çərçivəsində əməliyyatlararası qabiliyyətin inkişaf etdirilməsi, dəniz təhlükəsizliyi və vacib enerji infrastrukturunun qorunması, eləcə də bölgə təhlükəsizliyi ilə bağlı bir sıra məsələlər üzrə fikir mübadiləsi aparmışlar.

Azərbaycan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik əməkdaşlığı üzrə ikitərəfli məsləhətləşmələr ölkələrimizin bu istiqamətdə əməkdaşlığının əsas amillərindən biri hesab edilir. 2002-ci ilin martından başlayaraq məsləhətləşmələr illik formatda Vaşinqton və Bakıda keçirilir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2012.- 15 yanvar.- S.  1.