Avstriyanın Federal Prezidenti Haynts Fişer Azərbaycan ilə Avstriya arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə etmişdir

 

 Yanvarın 13-də Avstriya Respublikası Prezidenti Administrasiyasının yerləşdiyi "Hofburq" sarayında bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Yeni il qəbulu təşkil edilmişdir.

Dünyanın 130-dan artıq ölkəsinin səfirlərinin dəvət olunduğu ənənəvi Yeni il qəbulunda Avstriyanın Federal Prezidenti Haynts Fişer çıxış etmişdir. H.Fişer diplomatik korpusa müraciətində 2011-ci ildə ölkəsi üçün mühüm əhəmiyyət kəsb etmiş hadisələrə toxunmuş, Avropadakı mövcud maliyyə böhranından çıxmaq üçün ölkəsi tərəfindən göstərilən səylərdən bəhs etmiş, eləcə də beynəlxalq aləmdə baş verən hadisələr barədə Avstriyanın mövqeyini diqqətə çatdırmışdır. H.Fişer çıxışının yekununda 2012-ci ildə Avstriyanın xarici siyasətinin əsas istiqamətlərindən də bəhs etmişdir.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovun Prezident Haynts Fişer və Avstriyanın federal kanslerinin müavini, xarici işlər naziri Mixael Şpindeleqqer ilə qısa söhbəti olmuşdur. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Prezident Haynts Fişer ötən ilin oktyabrında Azərbaycana rəsmi səfərini və keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırlamış, ona göstərilmiş qonaqpərvərliyə görə təşəkkür etmişdir. Səfir Q.İsrafilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni il təbriklərini H.Fişerin diqqətinə çatdırmışdır.

 2010-cu ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə Bakıya səfərini məmnunluqla xatırlayan xarici işlər naziri Mixael Şpindeleqqer ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırmışdır. Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Elgün Niftəliyev,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2012.- 15 yanvar.- S.  1.