Təhsil problemlərinin
həllinə xidmət edən mütərəqqi islahatlar
Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. Hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imkanı qazanır. Təcrübə göstərir ki, milli intibahı təmin edən başlıca vasitə olan təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib açar rolunu oynayır. Sivil dünya gerçəklikləri ilə uzlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə bu sahədə özünü göstərən obyektiv problemlərin tam aradan qaldırılması son illərdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təhsilin müasir tələblər səviyyəsində inkişafı böyük məbləğdə investisiya tələb edir. Bu da təsadüfi deyil ki, son illərdə ölkəmizin maliyyə imkanlarının artması ilə paralel şəkildə təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər də çoxalır. Müqayisə üçün xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 130 milyon manat təşkil edən təhsil xərcləri 2011-ci ildə 1,4 milyard manata yüksəlmişdir. 2011-ci ildə büdcədən təhsilə ayrılan xərclər ümumi büdcənin 10 faizini təşkil etmişdir.
2012-ci ilin dövlət büdcəsində təhsil
xərcləri üçün 1575861,3 min manat vəsait nəzərdə
tutulmuşdur. Bu da
2011-ci ilin proqnoz göstəricisindən 176058,4
min manat və ya 12,6 faiz çoxdur. Növbəti büdcə
ilində təhsil xərclərinin dövlət büdcəsində
xüsusi çəkisi 11,8, ÜDM-də
xüsusi çəkisi isə 4,6 faiz təşkil edəcəkdir.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin
740,1 milyon manatı və ya 47 faizi natamam və orta təhsilin,
497,1 milyon manatı və ya 47,0 faizi natamam və orta təhsilin,
497,5 min manatı və ya 31,6 faizi təhsil sahələrində
tətbiqi tədqiqatların və digər xidmətlərin,
117 milyon manatı və ya 7,4 faizi ali təhsilin, 96,4 milyon
manatı və ya 6,1 faizi məktəbəqədər və
ibtidai təhsil xərclərinin, 73,5 milyon manatı və 4,7
faizi texniki-peşə məktəblərinin, liseylərin,
51,4 milyon manatı və ya 3,2 faizi isə internat və
xüsusi məktəblərin maliyyələşdirilməsinə
yönəldiləcəkdir.
2012-ci ilin dövlət büdcəsində təhsil xərcləri
üçün ayrılan vəsaitin 322 milyon manatı bir
sıra dövlət proqramlarının və tədbirlərin
maliyyələşdirilməsinə yönəldiləcəkdir. Belə ki, "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na əsasən, təhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
üçün 16,5 milyon, "2008-2013-cü illər
üçün məktəb kitabxanalarının maddi-texniki
bazasının möhkəmləndirilməsi və müasir
informasiya texnologiyaları ilə təchizatına dair tədbirlərə
2,2 milyon, "2010-2013-cü illərdə Azərbaycan
Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Tədbirlər Proqramı"nın maliyyə təminatı
ilə bağlı xərclər üçün 1,9 milyon,
"Texniki peşə təhsilinin inkişafı proqramı
(2007-2012-ci illər)"nın maliyyə təminatı
üçün 1,7 milyon, "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı"nın maliyyə təminatı
üçün 1,6 milyon, "Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı"nın (2006-2015-ci illər) maliyyələşdirilməsi
üçün 1,4 milyon manat vəsait nəzərdə
tutulmuşdur. Bundan başqa, ali təhsil sistemində maliyyələşmə
mexanizmi ilə əlaqədar 89,6 milyon manat, məktəbəqədər
təhsilin maliyyələşdirilməsi üçün 8,5
milyon, ölkənin ümumtəhsil məktəblərində
oxuyan şagirdlərin dərsliklərlə pulsuz təmin
olunması xərcləri üçün 8,1 milyon, təhsil
müəssisələrinin yenidənqurulması və əsaslı
təmiri üçün 3 milyon manat vəsait
ayrılmışdır.
Bütün bunlarla yanaşı, Prezident İlham
Əliyevin xüsusi fərman və sərəncamları əsasında
son 8 ildə təkcə təhsil sahəsində 16
inkişafyönümlü xüsusi proqramın icrası təmin
edilmişdir.
Təhsilin ayrı-ayrı sahələrinin inkişafı
üzrə real vəziyyətin təhlili əsasında
hazırlanıb təsdiq edilmiş həmin proqramların
reallaşdırılması nəticəsində tədris
müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi;
infrastrukturun müasir tələblərə uyğun
qurulması; təhsilin məzmununun yeniləşdirilməsi;
yeni dərslik siyasətinin reallaşdırılması; təhsil
alanların nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni model və mexanizmlərin tətbiqi; əmək
bazarının tələbatına uyğun kadr
hazırlığı və təminatının
yaxşılaşdırılması; təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi
və təhsil sisteminin informasiyalaşdırılması; məktəbəqədər,
texniki-peşə, ali təhsil, xaricdə təhsil,
istedadlı uşaqların inkişafı; xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili;
de-institusionalizasiya və digər istiqamətlərdə əhəmiyyətli
nailiyyətlər əldə olunmuşdur.
Təhsilin
səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin
keyfiyyətinin monitorinqini həyata keçirmək, bu sahədə
mövcud problemləri vaxtaşırı təhlil edərək
müvafiq tədbirlərin görülməsinə nail olmaq məqsədilə
dövlət başçısı hələ 30 may 2005-ci il
tarixdə "Azərbaycan Respublikasının Prezidenti
yanında təhsil üzrə xüsusi komissiyanın
yaradılması haqqında" sərəncam
imzalamışdır. Komissiya təhsilin strateji
inkişaf istiqamətləri ilə bağlı təkliflər
vermiş, fundamental islahatların həyata keçirilməsi
mexanizmlərini irəli sürmüşdür. Dövlət
başçısının digər bir fərmanı ilə
Azərbaycanda "Bilik günü" təsis edilmiş, təhsil
müəssisələrində iş rejimi tənzimlənmişdir.
Eyni zamanda, fərmanda respublikanın təhsil müəssisələrində
təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət
edən səmərəli fəaliyyət sisteminin qurulması
ilə əlaqədar bir sıra digər tədbirlərin görülməsi də nəzərdə
tutulmuşdur.
Sovet dövründən formalaşdırılan və
müasir tələblərə cavab verməyən məktəblərin
təmiri və bərpası, yenidən qurulması isə ilk
növbədə, təhsilin forma və məzmunca təkmilləşdirilməsi
zərurətindən irəli gəlmişdir. Bu problemin həlli - məktəblərdə
əsaslı təmir-tikinti işlərinin aparılması,
müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə
verilməsi hələ 11 fevral 2004-cü il
tarixli Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramında əksini tapmışdır. Eyni
zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
avadanlıqlarla təmin olunmasına dair İnkişaf
Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsini təmin
etmişdir. Bölgələrin
sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin
davam etdirilməsini nəzərdə tutan "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
inkişafı Dövlət Proqramı"nda da təhsil
infrastrukturunun müasirləşdirilməsi məsələsinə
xüsusi yer ayrılmışdır.
2003-cü ildən Azərbaycanda 2200-dək yeni məktəb
binasının tikilməsi, əsaslı təmiri və
müasir avadanlıqlarla, o cümlədən kimya və fizika
laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə
kompyuter siniflərinin yaradılması təhsil tariximizdə ən
əlamətdar hadisələrdəndir. Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri də
xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü
ilə 2005-2010-cu illərdə 350-dən çox yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi
binası tikilib istifadəyə verilmiş, əsaslı təmir
və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz
edilmişdir. 2010-2011-ci tədris ili ərəfəsində
ölkədə 9380 yerlik 26 məktəb istifadəyə
verilmişdir. 2011-2012-ci tədris ili ərəfəsində
isə Bakı şəhərində 70-ə yaxın məktəb
əsaslı təmir edilmiş, yeni korpuslar tikilmiş,
bölgələrdə 60-a yaxın məktəb təmir
edilmişdir.
Respublikada qəza vəziyyətində olan, yararsız
binalarda yerləşən məktəblərin yeniləri ilə
əvəzlənməsinə də cənab İlham
Əliyev qayğı göstərir. Dövlət
başçısının "Qəza vəziyyətində
olan ümumtəhsil məktəbləri üçün yeni
binaların tikilməsi və bir sıra məktəblərdə
əsaslı təmir işlərinin aparılması
haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon,
"Qəza vəziyyətində olan ümumtəhsil məktəbi
binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə
25 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil
məktəb binalarının yenidən qurulması işinin
davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı
ilə 13 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil
məktəblərinin yenidən qurulması ilə
bağlı əlavə tədbirlər haqqında" 4
dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait
ayrılmışdır. Bunlardan əlavə,
Azərbaycan Prezidentinin 2003-2011-ci illərdə təməli
qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir
çox məktəblərin açılış mərasimində
iştirakı, hər yeni dərs ilinin ilk günündə
müəllimlərlə, şagirdlərlə, valideynlərlə
görüşü təhsilə yüksək diqqət və
qayğının bariz təcəssümüdür.
"Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı (2007-2010-cu illər)" və "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda
nəzərdə tutulmuş tədbirlərin icrasının
sürətləndirilməsi məqsədilə dövlət
başçısı 2010-cu il 15 sentyabr tarixdə "Məktəbəqədər
təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin
əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar
əlavə tədbirlər barədə" sərəncam
imzalamışdır. Sərəncamla 2010-cu ilin dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə
məktəbəqədər təhsil müəssisələrinin
əsaslı təmiri üçün 2 milyon manat, habelə
peşə-ixtisas təhsili müəssisələrinin əsaslı
təmiri üçün 2 milyon manat məbləğində
vəsait ayrılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"na əsasən,
2009-2012-ci illərdə 390 məktəb üçün yeni
binanın inşası, 540 məktəb üçün əlavə
korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri
nəzərdə tutulmuşdur. Perspektiv
üçün əsas hədəf çoxnövbəliliyin
ləğvi və beşgünlük tədris həftəsinə
keçilməklə bütün şagirdlər
üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.
Ötən illərdə ayrı-ayrı təhsil pillələri
və səviyyələrində də ciddi inkişaf meyilləri
özünü büruzə vermişdir. Məktəbəqədər
təhsilin uşaqların intellektual, fiziki və psixoloji
inkişafında, onların şəxsiyyətinin
formalaşmasında və məktəbə hazırlanmasında
xüsusi əhəmiyyətə malik olması tədricən
cəmiyyət tərəfindən qəbul edilməyə
başlanmışdır. Respublikamızda əvvəlki
20 il ərzində heç bir məktəbəqədər təhsil
müəssisəsi tikilmədiyi halda, 2008-2010-cu illərdə
ilk dəfə olaraq ölkə üzrə 40 yeni uşaq
bağçası tikilib istifadəyə verilmiş, 44 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir edilərək
müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata
keçirilən tədbirlər sayəsində ölkə
üzrə uşaqların məktəbəqədər təhsillə
əhatə səviyyəsi yüksəlmişdir. 2009-cu
ildə bu göstərici 15,8 faiz idisə,
hazırda 17,6 faiz təşkil edir. Bakı
şəhərində bu inkişaf daha cox müşahidə
olunmaqdadır. Belə ki, paytaxtda bağçalara cəlb
olunmuş uşaqların sayı 8,6 min nəfər
artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi
26 faizi ötmüşdür.
Son illərdə aparılan genişmiqyaslı işlər,
təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində
əhəmiyyətli nailiyyətlərin əldə edilməsi
və müasir tələblərə uyğun şəraitin
yaradılması təhsilin məzmununda aparılan islahatlar
üçün də əlverişli zəmin yaratmışdır. 2006-cı ildə
Nazirlər Kabineti tərəfindən "Ümumi təhsilin
Konsepsiyası (Milli kurikulum)" təsdiq edilmişdir.
2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin
birinci siniflərində tədrisə yeni fənn
kurikulumları və müasir dərsliklərlə
başlanılmış, bu proses 2011-2012-ci dərs ilindən
I, II, III və IV sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi ilə əlaqədar
40 minədək müəllim xüsusi proqram əsasında
öyrədici təlim kurslarından keçirilib və
nümunəvi tədris materialları ilə təmin
edilmişdir. V-XI siniflər üçün də eyniməzmunlu
sənədlərin hazırlanması istiqamətində son
illər gərgin iş aparılmış, nəticədə
həmin siniflər üzrə fənn proqramları
(kurikulumlar) hazırlanıb 2011-ci ilin iyununda təsdiq
olunmuşdur.
Orta ümumtəhsil məktəblərinin dərsliklərlə
pulsuz təminatı da dövlət
başçısının diqqət mərkəzindədir. Yeni məzmun
yeni nəsil dərsliklərin hazırlanmasını zəruri
etmişdir. 2003-2011-ci illərdə milli-mənəvi
dəyərlər əsasında müasir tələblərə
uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən
çox dərslik çap edilmişdir. İlk dəfə
olaraq yeni kurikulum tətbiq edilən I-IV siniflər
üçün dərslik komplektləri (şagird
üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) hazırlanmışdır.
2011-2012-ci tədris ili üçün 102
adda 3463170 nüsxə dərslik, metodik vəsait çap olunmuşdur.
Təhsildə innovasion yeniliklərin, kompyuter və
informasiya texnologiyalarının geniş tətbiqi də
hazırkı "sürət əsri"ndə xüsusi əhəmiyyətə
malikdir. Dövlət başçısı İlham
Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrə
şəhərində keçirilən ümumdünya sammitində
çıxış edərkən demişdir ki, Azərbaycanda
neftdən sonra prioritet sahə informasiya və kommunikasiya
texnologiyaları olmalıdır. "Bizim
gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd
olmalıdır, izləməlidir. Ən
qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz
bu istiqamətdə davam etməlidir. Dünyada
uğur qazanmış, inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq, görərik ki, o
inkişafın, tərəqqinin əsas səbəbləri təbii
ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar
- bütün bunlar ölkəyə uğur, rifah gətirir,
inkişaf, müasirlik gətirir", - deyən cənab
İlham Əliyev ona görə də bu qənaətdədir
ki, bu gün bəşəriyyətdə demokratik
idealların daha da möhkəmlənməsi, elmi-texniki tərəqqinin
geniş vüsət alması insan amilinin inkişafından
asılıdır.
Məktəblərin kompyuterləşdirilməsi, gənclərin
virtual dünyaya çıxışının təmini və
informasiya texnologiyaları ilə işləmək vərdişlərinə
yiyələnmələri üçün atılan məqsədyönlü
addımlar da məhz bu məqsədin gerçəkləşdirilməsinə
xidmət edir.
2004-cü il 21 avqust tarixdə "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi
haqqında" fərman imzalayan dövlət
başçısı gənclərin müasir bilikləri və
informasiya texnologiyalarını dərindən mənimsəməsinə
elmi-texniki zəmin yaratmışdır. 2008-ci il
iyunun 10-da təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" Azərbaycan Respublikasında müasir
informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi
yolu ilə vahid ümummilli təhsil mühitinin
yaradılması və əhalinin bütün təbəqələri
üçün keyfiyyətli təhsil almaq imkanlarının
təmin edilməsi məqsədinə xidmət etmişdir.
Hər iki sərəncamın uğurla həyata
keçirilməsi sayəsində ölkənin ümumtəhsil
məktəbləri İKT ilə təmin edilmiş, hər
20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur. Halbuki
2004-cü ildə hər 1063 şagirdə bir kompyuter
düşürdü. Həmin ildən bəri ümumtəhsil
məktəblərinin İKT ilə təminatı, təhsil
sisteminin informasiyalaşdırılması üzrə dövlət
proqramları çərçivəsində
bütövlükdə təhsil müəssisələrinə
33708 ədəd kompyuter, 2809 ədəd proyektor və noutbuk dəsti
verilmişdir. "Xalq kompyuteri" layihəsi çərçivəsində
9000 müəllim kompyuterlə təmin olunmuş, inzibati,
pedaqoji və texniki heyət əhatə olunmaqla 54 min nəfər
müvafiq treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələnmişdi. Təhsil
tariximizdə ilk dəfə olaraq fənlər üzrə
elektron tədris resursları hazırlanaraq məktəblərə
verilmiş, 20 ümumi təhsil müəssisəsində
"elektron məktəb" layihəsi həyata keçirilməyə
başlanmışdır. 1000 məktəb
genişzolaqlı sürətli internetlə təmin
olunmuş, internetə qoşulmuş məktəblərin nisbəti
2004-cü ildəki 1,5 faizdən 2010-cu ildə
22 faizə çatmışdır.
Azərbaycan
Prezidentinin 4 sentyabr 2007-ci il tarixli
"Ən yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" sərəncamı da təhsil
işçilərinin əməyinə verilən yüksək
qiymətin təzahürüdür. Belə bir sərəncamın
imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını
yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı
və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər
qazanan, informasiya texnologiyalarının mənimsədilməsi,
şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi
işində yüksək nəticələr əldə edən
ümumtəhsil məktəblərinin və müəllimlərin
fəaliyyətini qiymətləndirmək məqsədi
daşıyır. Dövlət başçısının
bununla bağlı hər il imzaladığı sərəncamlarla
müasir təlim texnologiyaları və üsulları üzrə
kompleks tədbirlər (innovativ təhsil proqramlarını) həyata
keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən
50 məktəbə 10 min manat, 100 ən yaxşı müəllimin
hər birinə isə 5 min manat məbləğində birdəfəlik
mükafat verilir.
Şübhəsiz, respublikanın dinamik sosial-iqtisadi inkişafının
hazırkı mərhələsində dövlət idarəçiliyi
sahəsində müasir idarəetmə təfəkkürünə
malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi
məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi
Qərb dəyərlərini dərindən mənimsəyən,
qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz
edən, müasir idarəçilik məktəbi keçən
gənclərin formalaşması məsələsi zaman
keçdikcə tarixi zərurətə çevrilir. Ölkə rəhbərliyinin kadr
hazırlığına xüsusi diqqətlə
yanaşması da respublikada demokratik ölkələrin zəngin
təcrübəsinə əsaslanan mükəmməl,
çevik və mütərəqqi dövlət idarəçilik
sistemi formalaşdırmaq niyyətindən irəli gəlir.
Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il
tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almasına dair Dövlət Proqramı
haqqında" sərəncamı da bu sahədə həyata
keçirilən dövlət siyasətində
ardıcıllığın və sistemliliyin təmin
olunması məqsədi daşıyır. Dövlət
Proqramı məhz azərbaycanlı gənclərin müəyyən
elmi istiqamətlər üzrə dövlət hesabına
xaricdə təhsil almalarını nəzərdə tutur.
Sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan
Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı
ilə təsdiq olunmuşdur.
Dövlət
başçısının 5 sentyabr 2007-ci il tarixli
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi
haqqında" sərəncamına əsasən, həmin tədris
ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş
Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə,
İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə
təhsil almalarını təmin etmək məqsədilə
2007-ci ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində
vəsait ayrılmışdır.
Məlumat
üçün bildirək ki, 2007-2011-ci illərdə 800-ə
yaxın istedadlı azərbaycanlı gənc dünyanın
müxtəlif ölkələrinin nüfuzlu ali
məktəblərində təhsil almağa göndərilmişdir.
Ümumiyyətlə isə bu gün
dünyanın aparıcı universitetlərində müxtəlif
mənbələr hesabına 10000-dən çox azərbaycanlı
gənc təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində təhsil
alan əcnəbilərin sayı 7000-i ötmüşdür.
Son 8 ilin ən mühüm hadisələrindən biri də
2009-cu ildə "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun qəbul edilməsidir. Qanun ölkəmizdə
təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini
əks etdirməklə yanaşı, ilk növbədə,
xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət
edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil
sisteminə inteqrasiyasını sürətləndirəcək.
Qanunun icrası istiqamətində Təhsil
Nazirliyində hazırlanmış 40 adda normativ sənəd
Nazirlər Kabineti tərəfindən artıq təsdiq
edilmişdir.
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununa əsasən,
2011-ci ildə son 20 ildə ilk dəfə olaraq təhsil
aldığı müddətdə xüsusi nailiyyətlər
qazanan 53 şagird qızıl və gümüş medallara
layiq görülmüşdür. Bundan başqa, son illərdə dünya
və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri
11 qızıl, 38 gümüş, 60-dan çox bürünc
medala layiq görülmüşlər. Əhalisinin
sayı ilə müqayisədə medalların sayına
görə Azərbaycan dünya ölkələri
sırasında ilk onluqda yerini qoruyub saxlayır.
Təcrübə
göstərir ki, insan inkişafı sahəsində əsas
ağırlıq məhz ali təhsil
sisteminin üzərinə düşür. Bu
sahə əhalinin həyat səviyyəsinin yüksəldilməsinin,
insan inkişafı indeksinin ən mühüm amillərindən
biri olmaqla, hər bir ölkənin sosial-iqtisadi
inkişafının sürətlənməsinə də hərtərəfli
təsir göstərir. Ali təhsil
insanın istedadının, intellektinin üzə
çıxmasına kömək göstərən
mühüm vasitə olaraq cəmiyyətin
inkişafının özülünü təşkil edir.
Dünya təcrübəsinə diqqət
yetirdikdə, bu sahənin nəinki sosial-iqtisadi, sosial-mədəni
inkişafa nail olunmasında, həmçinin cəmiyyətin
gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
və proqnozlaşdırılmasında mühüm əhəmiyyəti
bir daha təsdiqlənir. Bu baxımdan, Azərbaycan
dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri,
qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini,
"nau-hau" texnologiyalarını dərindən mənimsəyən
gənc, kreativ düşüncəli, vətənpərvər
kadrların hazırlanması məsələsi də
xüsusi diqqət mərkəzində olur. Bu xüsusda təhsil sisteminin təkmilləşdirilməsinə
göstərilən qayğının artması respublikada
demokratik ölkələrin zəngin təcrübəsinə
əsaslanan mükəmməl, çevik və mütərəqqi
dövlət idarəetmə sistemi formalaşdırmaq niyyətindən
irəli gəlir. Başqa sözlə, sabah
dövlət idarəetməsində bu və digər formada
iştirak edən peşəkar kadrlar, mütəxəssislər
bu gün məhz ali məktəblərdə yetişir.
Prezident
İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında" sərəncamı
da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncama
əsasən, bir sıra mühüm tədbirlər həyata
keçirilmiş, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, tabeçiliyində ali təhsil
müəssisələri olan digər qurumlarla birlikdə
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı" hazırlanaraq təsdiqlənmişdir.
Dövlət
başçısının 10 fevral 2010-cu il
tarixli "Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə"
fərmanında isə göstərilir ki, yeni dövrün
reallıqları respublikada ali təhsil sahəsində
islahatların istiqamətlərinin dünyada ali təhsilin
inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi
zərurətini qarşıya qoyur. Fərmanda həmçinin
göstərilir ki, 2010-2011-ci tədris ilindən başlayaraq
Azərbaycan Respublikasında fəaliyyət göstərən
ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilməli,
dövlət sifarişinin formalaşdırılması
ölkənin milli, mədəni, humanitar, tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri,
dövlətin perspektiv inkişaf amilləri nəzərə
alınmaqla təmin olunmalıdır.
Mülkiyyət
formasından asılı olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət
göstərən bütün ali təhsil
müəssisələrinin dövlət sifarişinin yerinə
yetirilməsində iştirakı mümkünlüyü də
fərmanda əksini tapmışdır. Ən əsası, fərman
əsasında ötən ildən ali təhsil
müəssisələrində kadr
hazırlığının adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçirilməsi təmin
olunmuşdur. Fərmanda həmçinin qeyd olunur ki, hər il üçün ayrı-ayrı ixtisaslar
üzrə ali təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrinə dövlət
sifarişi İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə
nazirlikləri ilə razılaşdırılmış təklifləri
əsasında müəyyənləşdirilir.
Fərman
əsasında ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi üçün təhsil, maliyyə,
iqtisadi inkişaf nazirliklərinin müvafiq əməkdaşları
ilə birlikdə müzakirələr aparılmış,
normativ sənədlər hazırlanmışdır. Nazirlər
Kabinetinin "Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi
haqqında" 25 iyun 2010-cu il tarixli qərarına
əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində hər
bir təhsil alana düşən təhsil xərclərinin
miqdarı müəyyənləşdirilmişdir. Həmin qərarla
dövlət sifarişi əsasında ali
təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
qaydaları da təsdiqlənmişdir. Bu prosesin uğurla
reallaşması ölkədə ali təhsil
sisteminin daha da təkmilləşdirilməsinə və
mövcud bəzi problemlərin həllinə imkan vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 iyul 2011-ci il tarixli "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncamı da ölkə təhsilinin gələcəyi ilə bağlı kifayət qədər nikbin mənzərə yaradır. Sərəncama əsasən, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı xüsusi komissiya yaradılmışdır. Ümumilikdə, belə bir strategiyanın hazırlanması ölkədə informasiya cəmiyyətinin qurulmasına və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatının ödənilməsinə xidmət edir.
Bütün bunlar o deməkdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən siyasət əzmlə davam etdirilir. Azərbaycanda təhsilin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Respublikamızın iqtisadi inkişaf tempi, habelə yüksək təhsil almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır.
Azərbaycan.- 2012.- 15 yanvar.- S. 2.