QANLI 20 YANVAR FACİƏSİ
Süquta məhkum olmuş sovet rejimi özünün son günlərində bütün mövcudiyyəti ərzində törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə yeridilən sovet ordusu hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu.
Sovet hakimiyyətinin süqutundan, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış siyasətbazlar xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə onların da üzərinə düşürdü. Düzdür, həmin dövrdə müxtəlif siyasi platformalardan çıxış edən ayrı-ayrı siyasi partiyalar 20 Yanvar faciəsi ilə bağlı bütün günahları Moskvanın üzərinə atmağa cəhd göstərmişdilər. Amma Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışına qədər nə A.Mütəllibov, nə də AXC-Müsavat iqtidarı tərəfindən faciəyə siyasi qiymət verilməsi üçün heç bir iş görülmədi.
Heydər Əliyev isə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də davam etdirir, böyükdən kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: "1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir".
Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubunda yazırdı: "Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi... Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil".
Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında çıxışında isə Heydər Əliyev deyirdi: "20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur".
Milli Şura tərəfindən
qəbul edilmiş qərar xalqa xəyanət idi
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi qarşıya qoyulmuş günün tələbi idi. Ulu öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarlarının araşdırılması ilə də məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən yararlanmaq istəyirmişlər. Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi- hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən qəbul edilmiş səti və başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi yenə də deyirəm, xəyanətdir".
1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər də sənəddə qeyd olundu. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Şəhidlərin xatirəsi həmişə uca tutulacaq
Təəssüf ki, zamanın və şəraitin doğurduğu səbəblərdən 20 Yanvar faciəsini törədənlər hüquqi müstəvidə layiq olduqları cəzanı almadılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda bu barədə deyilirdi: "XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar".
"20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş insanlara "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlətimizin başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: "Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
20 Yanvar hadisəsinin araşdırılması
istiqamətində ilk elmi-analitik
yanaşma
20
Yanvar qırğını barədə indiyədək
çox yazılıb. Onlarca məqalə, kitab, illüstrasiya materialları
dərc olunub. Lakin faciəyə
elmi-analitik yanaşma
ilk dəfə Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara
qarşı soyqırımı
gerçəklikləri" əsərində öz əksini tapmışdır.
Həmin
əsərdə qanlı
faciə bir neçə aspektdən -
dini, milli, Qafqaz amilləri və geosiyasi aspektlərdən, Dağlıq
Qarabağ problemi kontekstindən araşdırılmış,
qanlı Yanvarın ibrət dərsləri təhlil edilmişdir.
Akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı
soyqırımı gerçəklikləri"
kitabı 20 Yanvar qırğınının tarixinin
doğru-düzgün işıqlandırılması
sahəsində çox
mühüm elmi hadisədir. Bu əsər
20 Yanvar faciəsinin tarixşünaslığına qiymətli bir töhfədir. Akademik
Ramiz Mehdiyevin əsərinin bu vaxtadək 20 Yanvar barədə yazılanlardan
ən mühüm fərqi, həm də başlıca məziyyəti burasındadır
ki, müəllif ilk dəfə olaraq 20 Yanvarı dərin tarixi-elmi planda və ümumdünya tarixi kontekstində qələmə alıb. Görkəmli alim
1990-cı ilin yanvarında
Bakıda törədilmiş
qanlı faciənin tarixi və sosial-siyasi köklərini
araşdırıb üzə
çıxarır, ona
çox geniş məkanda və uzun zaman kəsiyində
nəzər salır,
mühüm ümumiləşdirmələr
aparır, 20 Yanvara gələn tarixi yolu addım-addım izləyir, təhlil edir və bu
faciə ilə əlaqədar olan hadisələri, prosesləri
elmi araşdırma süzgəcindən keçirir.
Dünyanın geniş oxucu
kütlələrinə təqdim
olunan bu əsərin ən uğurlu cəhəti onun obyektivliyində, elmiliyindədir. Müəllif bu dəhşətli cinayəti araşdırarkən
emosionallıqdan uzaqda
durmağı bacarmış,
baş verən hadisənin tarixi köklərini və gedişini öz oxucularına soyuqqanlılıqla
- vicdanlı bir alim mövqeyindən təqdim etməyi bacarmışdır.
Akademik Ramiz Mehdiyev 20 Yanvar hadisələrinin səbəbləri barədə
yazır: "Yanvar faciəsinin bir çox səbəbləri
var, onun kökləri tarixin dərinliklərinə gedib
çıxır. Yenidənqurma onların inkişafını
ancaq sürətləndirdi,
labüd faciənin
son mərhələsini yaxınlaşdırdı.
Bəs bu səbəblər ümumən hansılardır?
Əvvəla, mərkəzin
sovet imperiyasını,
kommunist sistemini nəyin bahasına olursa-olsun, qoruyub saxlamaq cəhdi; ikincisi, milli respublikalarda hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək
cəhdi; üçüncüsü,
SSRİ rəhbərlərinin Azərbaycan xalqı barəsində qərəzli
siyasəti, yenidənqurma
haqqında demaqoqcasına
şüarlar altında
sərhədləri dəyişdirmək
və xüsusən Azərbaycanın ərazi
bütövlüyünü pozmaq cəhdi; dördüncüsü, keçmiş
mərkəzin mənəvi,
siyasi, maliyyə və hərbi-iqtisadi yardımına əsaslanan
erməni separatizmi və Ermənistanın təcavüzü;
beşincisi, Azərbaycan
rəhbərlərinin xəyanətkar
fəaliyyəti; altıncısı,
ayağa qalxmış
xalqa rəhbərliyi məsuliyyətsizcəsinə öz
əllərinə alanların
naşılığı və
siyasətbazlığı".
Akademik Ramiz Mehdiyev əsərdə haqlı olaraq belə bir məsələ qoyur ki, nə
üçün sovet
ordusunun Tbilisidə
(1989) və Vilnüsdə
(1991) həyata keçirdiyi
cəza əməliyyatlarından
fərqli olaraq, Bakıda bu qədər genişmiqyaslı
və qəddarcasına
qırğın törədildi?
Özü də bütün
bu qırğınların
cəlladı olan M.Qorbaçov gürcü
və Litva xalqlarından üzr istədiyi halda Azərbaycan xalqından nə üçün üzr istəmədi?
Müəllif bunu başlıca olaraq üç amillə əlaqələndirir: dini
amil; Qafqaz amili; türk amili.
20 Yanvar hadisələri
Azərbaycanın müstəqillik
mübarizəsi tarixinə
faciə və xalqımızın qəhrəmanlıq
salnaməsi kimi yazıldı. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Azərbaycan xalqı həmin gün azad yaşamağa
layiq olduğunu bütün dünyaya sübut etdi. Bu faciə kimin kim olduğunu
da üzə çıxardı.
1990-cı
il yanvarın
19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış
Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə
sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Haqq-ədalətin müdafiəsi yolunda
canlarından keçmiş
Vətən övladları
o qanlı gündə
xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq
səhifə yazdılar.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2012.- 15 yanvar.- S. 3.