«Eurovision-2012» müsabiqəsi: Azərbaycan milli seçim turunun yeddinci yarımfinalçısı müəyyənləşmişdir

 

 İctimai TeleviziyaRadio Yayımları Şirkətində Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək iştirakçının seçilməsi üçün keçirilən milli seçim turunun yeddinci yarımfinalçısı məlum olmuşdur.

AzərTAc xəbər verir ki, telekanalın canlı efirində növbəti 9 iştirakçı Azərbaycanı 2012-ci ildə bu mötəbər yarışmada təmsil etmək üçün  5 gün ərzində yarışmışdır. Tamaşaçıların və münsiflər heyətinin birgə səsverməsi ilə Səbinə Babayeva həftənin birincisi seçilmişdir.

Milli seçim turunun sonuncu günündə qonaq qismində əməkdar artist Tünzalə Ağayeva öz ifası ilə iştirakçılara dəstək olmuş, onlara nəticədən asılı olmayaraq gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışdır.

Seçim qaydaları ötən ildə olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların və münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən olunur. Daha 1 həftə ərzində iştirakçılar yarımfinal mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Ötən həftələrin qalibləri Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Elton İbrahimov, Adil Baxışlı, Fəqan Səfərovdur. Final mərhələsində isə milli seçim turlarının birincisi olan 8 iştirakçı yarışacaq və qələbə qazanan ifaçı Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəkdir.

Milli seçim turlarının sonuncusu canlı efirdə yanvarın 23-dən başlayacaqdır.

 

 

Azərbaycan.- 2012.- 15 yanvar.- S. 6.