İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
keçirilmişdir
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı
iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin
giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü toplantısında
biz 2011-ci ilin yekunlarını müzakirə edəcəyik və
əlbəttə, 2012-ci ildə görüləcək
işlər haqqında fikir mübadiləsi aparacağıq. 2011-ci ildə
ölkə qarşısında duran bütün sosial və
iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış
qalsın. Yəni, nəzərdə
tutduğumuz bütün planlar həyatda öz əksini
tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin
uğurlu inkişafı davam etmişdir.
Düzdür, bizdən asılı olmayan səbəblərə,
neftin hasilatı aşağı düşdüyünə
görə, ümumi iqtisadi göstəricilər o qədər
də böyük deyil, ancaq bu, bizi narahat etməməlidir və
narahat etmir. Çünki iqtisadiyyatımızın böyük
hissəsi neft-qaz sektorunda formalaşır və beləliklə,
neft hasilatının aşağı düşməsi istər-istəməz
statistik göstəricilərə də təsir edir. Ancaq bir daha demək istəyirəm ki, bu templər
bizi narahat etmir. Çünki ölkə
iqtisadiyyatının uğurlu inkişafını şərtləndirən
digər amillər, - bu gün bu barədə
danışacağıq, - çox müsbətdir.
Bütövlükdə iqtisadi artım 0,1
faiz təşkil etmişdir. Ancaq ölkə
iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz
artmışdır. Bu, gördüyümüz
işlərin nəticəsidir. Çünki
artıq bir neçə ildir ki, ölkə
iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı
üçün praktiki addımlar atılır, proqramlar qəbul
edilibdir, dövlət siyasəti də bu istiqamətdə
aparılır və beləliklə, ölkə
iqtisadiyyatının şaxələndirilməsi
üçün bütün gözəl imkanlar
yaradılmışdır. Bunun nəticəsidir
ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz
artmışdır. Nəzərə alsaq ki, qeyri-neft
sektoru iş yerlərinin yaradılmasında həlledici rol
oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial
inkişafa müsbət təsir göstərir.
Sənaye istehsalı yenə də neft hasilatı
aşağı düşdüyü üçün 5 faiz
azalmışdır. Ancaq qeyri-neft sənayemiz 11,1 faiz
artmışdır. Bu çox gözəl
göstəricidir. Onu göstərir ki, bir neçə il bundan əvvəl irəli
sürdüyümüz sənayeləşmə təşəbbüsləri
artıq öz gözəl nəticələrini verməkdədir.
Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini
qoyduğumuz müəssisələr bu il
və gələn il istifadəyə veriləcək, görərik
ki, gələcəkdə də qeyri-neft sənayesinin
inkişafı üçün çox gözəl imkanlar
vardır. İnflyasiya birrəqəmli səviyyədə
qalmışdır - 7,9 faiz. Bu, müsbət göstəricidir. İnflyasiya birrəqəmli olduğu təqdirdə
biz hesab edirik ki, bu, müsbət nəticədir. Əhalinin
pul gəlirləri isə 19,6 faiz
artmışdır. Bu statistik göstəricilər
əyani şəkildə göstərir ki, insanların rifah
halı yaxşılaşmışdır və beləliklə,
inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı
fərq kifayət qədər böyükdür. Əhalinin
pul gəlirləri 2,5 dəfə
çoxdur. Bu, iqtisadi inkişafımızı
göstərən əsas makroiqtisadi göstəricilərdir.
Bununla bərabər, biz 2011-ci ildə investisiya qoyuluşu sahəsində
rekord göstəriciyə nail ola
bilmişik. İldən-ilə ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır,
böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar
20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37
milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki
dövrdəki investisiyaları da əlavə etsək görərik
ki, Azərbaycanda nə qədər böyük işlər
görülür. Həm yerli, həm
xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər.
Xarici investorlar ölkəmizin uğurlu
inkişafına bizimlə bərabər, bizim kimi inanırlar.
Eyni zamanda, əlbəttə ki, bu
investisiyaların təşkilində dövlət siyasəti
həlledici rol oynayır.
Çünki
dövlət investisiyaları kifayət qədər
böyükdür, bu il də belə
olacaqdır. Eyni zamanda, dövlət tərəfindən
investorları stimullaşdırmaq üçün
atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili
investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir.
Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni,
bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların
qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli iş
adamları və Azərbaycan dövləti isə ölkəmizin
hərtərəfli, şaxələndirilmiş
inkişafı üçün nə lazımdırsa onu edirlər.
2011-ci ildə böyük investisiya proqramımız icra
edilmişdir və dediyim bu rəqəmlərin böyük
hissəsi dövlət hesabına təşkil edilmişdir,
valyuta ehtiyatlarımız artmışdır. İlk dəfə
olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40
milyard dollar səviyyəsinə çatmışdır.
İndiki məlumata görə bizim 41 milyard
dollar vəsaitimiz vardır. Bu, bizim strateji
ehtiyatlarımızdır. Biz bu
ehtiyatların idarə edilməsindən gəlir
götürürük. Növbəti
dövr üçün yeni konsepsiya
hazırlanmışdır və biz valyuta
ehtiyatlarımızı daha da çoxşaxəli formada idarə
etməliyik. Bu məsələ ilə
bağlı müvafiq göstərişlər verilmişdir.
Sosial sahədə bizim siyasətimiz uğurla davam
etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə
yaxın pensiyaçının təqaüdü təxminən
40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas
istiqamətlərindən biridir. İnsanların rifah
halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil
edir. Bu da onu göstərir kİ, hələ
öz maliyyə vəziyyətini yaxşılaşdıra
bilməyən ailələrə dövlət daim diqqət
göstərir və hər bir ailəyə orta hesabla ayda 106
manat müavinət verilir.
Mən dəfələrlə demişəm, bu gün
bir daha bildirmək istəyirəm, - dediyim və gətirdiyim
rəqəmlər onu çox gözəl əks etdirir, - biz
bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər
tuturuq. Eyni zamanda, biz sosial siyasətdə də çox
uğurla addımlar atırıq və sosialyönümlü
dövlətin yaradılması istiqamətində çox
böyük uğurlara nail olmuşuq.
Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda
təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş
460 dollara yaxındır. Deyə bilərəm
ki, MDB məkanında bu, çox gözəl göstəricidir.
Ancaq əlbəttə ki, bu bizi tam şəkildə
qane edə bilməz. Növbəti illərdə
görüləcək tədbirlər, həm ayrılacaq vəsait,
həm yaradılacaq yeni iş yerləri, həm də
apardığımız uğurlu investisiya siyasətimiz bizə
kömək edəcəkdir. Əlbəttə
ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və
artacaqdır.
Beləliklə, bu sahədəki işlər çox
müsbətdir. Sosial obyektlərin tikilməsi prosesi davam
etmişdir. Heç bir layihədə
yubanma olmamışdır. Bəzi hallarda,
- yəni, bu da bir yenilikdir, - müvafiq qurumlar müəyyən
layihələrə ayırdığımız vəsaitdən
vaxtında istifadə edə bilməmişlər. Əlbəttə ki, biz builki investisiya
proqramımızda bu amili nəzərə almalıyıq, bu
qüsurları aradan qaldırmalıyıq. Ancaq bunun səbəbi
ondan ibarətdir ki, bizim 2011-ci il
üçün o qədər böyük planlarımız
olmuşdur ki, bəzi hallarda dövlət qurumları və
onlarla bərabər işləyən şirkətlər bu həcmi
icra edə bilmirlər. Vaxt var idi ki, hansısa
işi görmək üçün vəsaitimiz yox idi.
İndi isə vəsaitimiz var, ancaq əfsuslar
olsun ki, bəzi hallarda bu vəsaitin düzgün istifadə
edilməsi sahəsində müəyyən problemlər
yaranır. Biz bu problemləri bilirik və bu il, ondan sonrakı illərdə bu vəziyyəti
yaxşılaşdırmaq üçün daha da ciddi tədbirlər
görəcəyik.
Ölkəmizdə səhiyyə ocaqlarının, məktəblərin
tikintisi, təmiri davam etmişdir. 33 səhiyyə
ocağı, 60-a yaxın məktəb tikilmiş və təmir
edilmişdir, 4 olimpiya idman kompleksi, mədəniyyət
ocaqları tikilir və təmir edilir. Yəni,
biz bu quruculuq işlərini hər yerdə, o cümlədən
bölgədə görürük. Bölgədəki
vəziyyət yaxşılaşır, şəhərlərimiz
gözəlləşir, abadlaşır. 2011-ci ildə
94 min yeni iş yeri açılmışdır ki, onun da 73
mini daimi iş yeridir. Bütövlükdə biz işsizliyə
qarşı proqramı icra etməyə başlayandan sonra –
2003-cü ildən bu günə qədər 1 milyondan
artıq yeni iş yeri açılmışdır.
Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə
daha da aşağı düşmüşdür və bu rəqəm
5,4 faizdir. Həmişə işsizliklə
bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə
də aşağı düşərək 7,6
faiz təşkil etmişdir. Bu göstəricilər
həm müsbətdir, həm də ümidvericidir. Biz
bilirik ki, 2012-ci il də bizim
üçün uğurlu olacaqdır. Biz bu
gün 2012-ci ildə görüləcək işlər
haqqında danışacağıq.
2011-ci ildə xarici siyasətdə çox yaddaqalan və
tarixi hadisələr baş vermişdir. Azərbaycan
BMT Təhlükəsizlik Şurasına üzv
seçilmişdir. Bu, bizim böyük
siyasi qələbəmizdir. Bu qələbə
müstəqilliyimizin 20 illik yubileyinə təsadüf
etmişdir. Bu da rəmzi xarakter
daşıyır. 20 il ərzində
Azərbaycan dünya xəritəsində nəinki
özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin
mütləq əksəriyyətinin rəğbətini,
hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə heç vaxt 155 ölkə Azərbaycanın
namizədliyini dəstəkləməzdi. 155
ölkənin etimadını, inamını qazanmaq çox
çətin və eyni zamanda, məsuliyyətli işdir.
Azərbaycanın uğurlu siyasəti, müstəqil
siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş
kimi özümüzü təqdimetmə imkanlarımız
bax, bu vəziyyətə gətirib
çıxarmışdır. Biz bu qələbəni rəqabət
şəraitində əldə edə bilmişik və
növbəti iki il ərzində
dünyanın bir nömrəli, ən mötəbər təşkilatında
üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik.
Mən bu barədə artıq demişəm,
bir daha demək istəyirəm ki, biz bu qurumda ilk növbədə
ədaləti müdafiə edəcəyik. Buna böyük ehtiyac vardır. Ədalət
bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına
hörmətsizlik edilir, onlara riayət edilmir. Azərbaycan öz imkanları daxilində ədaləti
və beynəlxalq hüququ bu mötəbər təşkilatda
müdafiə edəcək, əlbəttə ki, bizim
üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini də daim
gündəlikdə saxlayacaqdır.
Bir daha demək istəyirəm ki, BMT Təhlükəsizlik
Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Biz haqlı olaraq fəxr
edirik ki, bu qələbəyə nail ola
bilmişik. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi
də artırır və biz bu məsuliyyətə
hazırıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli işində əfsuslar olsun
ki, 2011-ci ildə heç bir nəticə
olmamışdır. Bunun yeganə və başlıca səbəbi
Ermənistanın qeyri-konstruktiv mövqeyidir,
danışıqlarda qeyri-səmimi davranışıdır.
Faktiki olaraq danışıqların
pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi
çox çalışmışdır.
Danışıqlar əlbəttə ki, iki tərəfin
iştirakını tələb edir. Bir tərəf əgər
danışıqlardan bu və ya digər formada boyun
qaçırmaq istəyirsə, digər tərəfin
imkanları da məhdudlaşır. Ancaq
deyə bilərəm ki, 2011-ci ildə danışıqlar
prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin
münasibətində müsbət hallar olmuşdur. Biz bunu inkar edə bilmərik. Deyə
bilərəm ki, onlardan ən önəmlisi odur ki,
üç həmsədr ölkə status-kvonun qəbuledilməz
olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır,
yəni bundan əvvəlki illərdə belə bəyanatlar
verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır.
Əlbəttə ki, status-kvo dəyişdirilməlidir
və ümidverici bəyanatdır. Əgər
bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri,
addımları, hərəkətləri olarsa, münaqişəni
tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat sadəcə olaraq bəyanat
kimi qalacaqsa, onda danışıqların perspektivləri
ümidverici olmayacaqdır.
Bu
münaqişənin həllinin iki yolu var:
danışıqlar yolu və hərb yolu. Üçüncü
yol yoxdur. Bu münaqişə
dondurulmuş münaqişə deyildir və olmayacaqdır.
Əgər kimsə fikirləşirsə ki,
danışıqlarda əsas məsələ müharibənin
qarşısını almaqdır, mən bununla razı deyiləm.
Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də
bu qədər böyük uğurlara nail olan Azərbaycan
dövləti. Ancaq o demək deyil ki,
danışıqlar prosesi kənarda qalacaq və bütün
səylər müharibənin başlanmamasına yönəldiləcəkdir.
Bu olmayacaqdır! Mən nə üçün
bunu deyirəm? Çünki 2011-ci ildə
həmsədrlər tərəfindən, xüsusilə ilin
ikinci yarısında biz daha çox etimad tədbirlərinin
gücləndirilməsinə, atəşkəs rejiminin
pozulmamasına yönələn hərəkətləri və
təşəbbüsləri görmüşük, nəinki
danışıqların mahiyyətinə yönələn
diqqəti. Biz də istəmirik ki,
müharibə olsun. Ancaq bunun yolu var. O yol
da hamıya bəllidir. Biz əvvəlki
dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in
xarici işlər nazirlərinin toplantısında iki tərəfə
verilmiş təkliflərə prinsip etibarilə
razılığımızı vermişik. Bu prinsipləri biz yox, həmsədrlər ortaya
qoymuşlar. Əgər o prinsiplər hələ
də qüvvədədirsə, onda bu münaqişə
öz həllini tapa bilər. O prinsiplər haqqında mən
ictimaiyyətə kifayət qədər məlumat vermişəm.
Sadəcə olaraq bir daha əsas məqamları
təkrarlamaq istəyirəm. Azərbaycanın
ərazi bütövlüyü şübhə altına
qoyulmur, Azərbaycan vətəndaşları işğal
edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə
Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən
vaxtda qeyri-müəyyən formada təkliflər irəli
sürüləcəkdir. Əsas məsələ
ondan ibarətdir ki, Azərbaycan dövlətinin
razılığı olmadan Dağlıq Qarabağa heç
bir status verilə bilməz. Bu da təbiidir
ki, Azərbaycan dövləti və xalqı heç vaxt
Dağlıq Qarabağa Azərbaycanın kənarında
heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir.
Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında
davam etdirməyə hazırıq və əgər
qarşı tərəf də belə addımlar atarsa məsələ
tezliklə öz həllini tapa bilər. Bununla
bərabər, o da heç kimə sirr deyil ki, biz hərbi
gücümüzü artırırıq və
artıracağıq. 2010-cu ildə bu rəqəmləri
mən dəqiq xatırlayıram, başqa rəqəmləri
də xatırlayıram. Amma bu rəqəmləri
yaddaşımda xüsusilə dəqiq saxlayıram – 2011-ci
ildə hərbi məsələlərə 3 milyard 413 milyon
dollar xərclənmişdir, 2012-ci ildə 3 milyard 474 milyon. Yəni, təxminən eyni rəqəmdir. İki ildə görün, biz ordu quruculuğuna nə
qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə
etsək, biz də görərik və hamı da görər
ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir.
Biz bölgədə ən güclü orduya
malikik, maddi-texniki təchizat yüksək səviyyədədir,
ən müasir silahlar, texnikalar, döyüş helikopterləri,
döyüş təyyarələri, raketlər, artilleriya
qurğuları, - hamısını sadalamaq çətindir,
- alınır və bizimlə hərbi sahədə əməkdaşlıq
edən ölkələrin coğrafiyası da genişlənir.
Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların
sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul
istehsal edirik. Yəni, bu gün Azərbaycan
ordusu böyük qüvvədir və biz bu qüvvədən
lazım olan halda istifadə edə bilərik və edəcəyik.
Qarşı tərəf də bunu bilir. Ona görə
də bizdə olan məlumata görə, qarşı tərəfdə
- Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar
böyük təlaş və təşviş vardır.
Biz bu məlumatları müxtəlif mənbələrdən
alırıq və bizim imkanlarımıza cavab vermək
üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına
seçkilərdə onlar döyüş meydanından
qaçmışlar. Çünki
bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan
da orada namizəd idi. Sonra sakitcə oradan
çəkildilər. Çünki
bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər.
Eləcə də biz əsl döyüş
meydanından da onların qaçmalarını dəfələrlə
görmüşük. Onlara aid olmayan
torpaqlardan öz xoşları ilə çıxsınlar və
beləliklə, sülh bərpa oluna bilər.
Bizim hərbi potensialımız daha da artmalıdır. Biz indi hərbi
xərcləri yüksək səviyyədə
saxlayırıq. Müqayisə
üçün deyə bilərəm ki, Ermənistanın
ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə
çoxdur. Yəni, bu, artıq
reallıqdır. İllər keçdikcə
bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü
artacaqdır. Hazırda imzalanmış kontraktların
icrası nəticəsində indi demək istəmirəm,
amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli
dərəcədə artacaqdır və məsələnin həlli
üçün biz az itkilərlə daha
da böyük uğurlar əldə edə bilərik. Ancaq yenə də deyirəm, Azərbaycan sülhsevər
dövlətdir. Biz
çalışırıq ki, məsələ sülh yolu
ilə həll olunsun. Ancaq onu da bilirik ki, hər il və hər ay bizi qələbəyə
yaxınlaşdırır. Hər il və
hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da
gücsüz olur.
2011-ci ildə xarici siyasətlə bağlı digər
təşəbbüslər də çox müsbət
olmuşdur, tərəfdaşlarımızın sayı
artmaqdadır.
Həm mənim xarici səfərlərim, həm
xarici qonaqların - dövlət, hökumət
başçılarının Azərbaycana səfərləri
xarici siyasətimizin nə qədər uğurlu olduğunu
göstərir. Bu təmaslar bu il də
davam edəcəkdir. Yenə də deyirəm, Azərbaycan
dünyada çox etibarlı tərəfdaş kimi
tanınır və bu il əlavə təşəbbüslər,
yeni təşəbbüslər irəli sürüləcəkdir.
2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. “Turizm ili” ərzində bu sahəyə daha da
böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli
və elitar turizm mərkəzinə çevirməliyik.
Mən dünya turizm xəritəsində Azərbaycanın
yerini belə görürəm. Beynəlxalq
qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər keçirilmişdir.
Bizim gözəl, təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin
sayı da artmaqdadır. Keçən il təkcə
Bakıda beşulduzlu 3 mehmanxana açılmışdır.
Bu il ən azı yenə də Bakıda
beşulduzlu 3 yeni mehmanxana açılacaqdır. Bölgələrdə
də bu proses gedir. İndi bölgələrdə
beşulduzlu mehmanxanalar tikilir, ən azı 4-ü tikilir.
Ən vacib turizm mərkəzlərinə özüm baş
çəkirəm, vəziyyətlə tanış
oluram.
Şahdağ
Turizm Kompleksi bu il istifadəyə veriləcəkdir.
Bu da dünya miqyasında nadir xizək kurortu
olacaqdır. Mən hesab edirəm ki,
dünyanın ən gözəl xizək mərkəzlərindən
biri olacaqdır. Çünki dünyanın
ən gözəl yerlərində olan müsbət təcrübəni
biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili “Turizm ili” elan etməyimiz də hesab edirəm
ki, düzgün addım idi.
2011-ci ildə gördüyümüz bütün
işləri burada sadalamaq üçün bir neçə
saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, mən
əsas məqamları bu gün ifadə edirəm. Vacib
məsələlərdən biri də ondan ibarətdir ki, biz
keçən il Azərbaycan Gəncliyi
Proqramını qəbul etmişik. Bu, çox
konkret proqramdır. Yəni, bu, sadəcə
olaraq formal xarakter daşımır. Proqramın
bütün müddəaları konkret nəticələrə
gətirib çıxaracaqdır. Gənclər
Fondu yaradılıbdır. İndi orada təşkilatlanma
prosesi gedir. Bu proses başa çatan kimi dövlət tərəfindən
Gənclər Fonduna ilkin vəsaiti ayıracağıq ki, bu vəsaitdən
səmərəli şəkildə istifadə edilsin, maksimum
sayda gənclərimiz müxtəlif layihələrə cəlb
olunsunlar. Bu fond qrantlar verəcək, müxtəlif
proqramlar üzrə vəsait ayıracaqdır. Əlbəttə ki, bu fondun fəaliyyəti
haqqında danışmaq bəlkə bir qədər tezdir.
Ancaq əlbəttə, biz bilirik ki, əsas
istiqamətlər hansılar olmalıdır. Bu fondun hesabına və əlbəttə ki,
dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri
quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial,
böyük enerji vardır, vətənpərvərlik hissləri
çox yüksəkdir. Hər bir vətəndaş
kimi, onlar da istəyirlər ki, ölkə üçün
yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri
quruculuq işlərinə daha da fəal cəlb edəcəyik.
Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən
Elmin İnkişaf Fondunun təcrübəsi də çox
müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif
proqramların icrasında, o cümlədən gənclər,
gənc alimlər də çox fəal iştirak edirlər.
Gənclər Fondu da fəaliyyətini bu səpkidə,
yəni, bu istiqamətdə aparmalıdır.
2011-ci ildə enerji sahəsində yaxşı işlər
görülübdür. Bu, iqtisadiyyatımızın
aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə
daim böyük diqqət göstərilməlidir. Yeni elektrik stansiyalarının fəaliyyətə
başlaması, yeni stansiyaların təməl
daşının qoyulması, neft-qaz sahəsində
görülən işlər, - alternativ bərpa olunan enerji
növlərinin yaradılması sahəsində aparılan
işlər, - bütün bunlar göz qabağındadır.
2011-ci ildə bunları biz etmişik, bu işləri
biz görmüşük.
Azərbaycanın zəngin qaz potensialının
dünya bazarlarına çıxarılması
üçün 2011-ci ildə çox vacib hadisələr
baş vermişdir. Bir neçə il ərzində
üzərində işlədiyimiz tranzit məsələləri
öz həllini tapmışdır. Böyük
Azərbaycan qazı üçün demək olar ki, indi
qapılar, tranzit yolları açılır. Bu, ölkə iqtisadiyyatına, neft-qaz sektoruna əlavə
investisiyaların gətirilməsinə imkan verəcəkdir.
Bu investisiyalar on milyard dollarla ölçüləcəkdir.
Əlbəttə ki, yeni iş yerləri, yeni iş həcmləri
açılacaqdır. Yerli şirkətlər
indi bu işlərə daha hazırlıqlıdırlar, nəinki
1990-cı illərdə. Çünki
1990-cı illərdə bizdə demək olar ki, elə
çox ciddi şirkətlər də yox idi. İndi, o cümlədən neft-qaz sektorunda
görülən işlər hesabına Azərbaycanda
sahibkarlar daha da güclənmişdir. İnşaat,
enerji, istehsal sahələrində bizim böyük
imkanlarımız, texnoparklarımız vardır. İndi neft-qaz sənayesində istənilən vacib
məhsulları, boruları, digər məhsulları
özümüz istehsal edirik. Yəni ki, bu o deməkdir
ki, veriləcək sifarişlərdə daha çox Azərbaycan
şirkətləri iştirak edəcəklər və
büdcəmizə daha çox vergilər ödəyəcək,
daha çox iş yerləri açacaqlar. Əlbəttə
ki, bu zəncirvarı reaksiya hər bir sahəyə öz
müsbət təsirini göstərəcəkdir.
Yəni, biz 2011-ci ildə bu vacib hədəfə
çata bilmişik. Tranzit məsələləri həll
olunub. 2011-ci ildə yeni böyük qaz
yatağı aşkarlanıb. “Abşeron”
qaz yatağında uğurlu kəşfiyyat işləri
aparılmışdır. İlkin məlumatlara
görə “Abşeron” yatağında 350 milyard kubmetr qaz
ehtiyatları vardır. Azərbaycan
Dövlət Neft Şirkəti öz gücü hesabına
2011-ci ildə “Ümid” yatağını aşkar etmişdir.
Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə
artırır. 2011-ci ilin əvvəlində, düz bir il bundan əvvəl Avropa İttifaqı ilə
Azərbaycan arasında qaz sahəsində strateji əməkdaşlıq
haqqında bəyannamə imzalanmışdır. İl ərzində çox fəal və səmərəli
işlər aparılmışdır. Xüsusi
işçi qrupu yaradılmışdır. İşçi qrupuna Avropa Komissiyasının
enerji üzrə komissarı və bizim energetika və sənaye
nazirimiz rəhbərlik edirlər. Orada
bütün bu məsələ ilə bağlı maraqlı
olan şirkətlər iştirak edir. Başqa
ölkələrin iştirakı ilə artıq üçtərəfli
formatda da görüşlər keçirilir. Bu, yenilikdir. Bu yeniliyi yaradan amillər
də bizim uğurlu enerji siyasətimizdir.
2011-ci il tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacaqdır. Əlbəttə biz bu il, ondan sonrakı illərdə daha da ciddi işləməliyik və əldə edilmiş razılaşmaları artıq real layihələrə çevirməliyik. Bu layihələri real boru xətlərinə, real terminallara, real investisiyalara çevirməliyik və əminəm ki, çevirəcəyik.
Bir daha demək istəyirəm ki, keçən il gördüyümüz işlər o qədər böyükdür və o qədər vacibdir ki, bu barədə bir neçə saat danışmaq olar. Mən öz giriş sözümdə əsas məsələlərə toxundum. İndi müzakirə zamanı bu məsələlərlə bağlı daha da geniş fikir mübadiləsi aparacağıq.
İndi isə söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.
***
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Prezident İlham Əliyevin ulu öndərimiz Heydər Əliyevin strategiyasından qaynaqlanan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasəti nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Mürəkkəb xarici iqtisadi mühitdə qlobal sosial-iqtisadi çağırışlara yüksək dayanıqlıq nümayiş etdirmiş Azərbaycanda müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdiyimiz 2011-ci ildə də iqtisadi artım davam etmiş, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının daha da yüksəlməsində yeni uğurlar əldə olunmuşdur.
Orta illik inflyasiya birrəqəmli səviyyədə və manatın məzənnəsi sabit saxlanılmaqla makroiqtisadi sabitlik təmin edilmişdir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq tələblərə cavab verməklə 7,3 faiz təşkil etmiş, strateji valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür.
Dövlət büdcəsinin gəlirləri 37,7 faiz artaraq 15,7 milyard, xərcləri isə 30,8 faiz artaraq 15,4 milyard manat olmuş, dövlət büdcəsi profisitlə icra olunmuşdur. Vergilər Nazirliyi tərəfindən büdcəyə ötən ilə nisbətən 27,5 faiz, Dövlət Gömrük Komitəsi tərəfindən isə 3,6 faiz çox vəsait daxil olmuşdur. Vergi daxilolmaları qeyri-dövlət sektoru üzrə 40,5 faiz, qeyri-neft-qaz sektoru üzrə 22 faiz artmışdır.
Ümumi daxili məhsul artımı 0,1 faiz təşkil etmiş, onun adambaşına həcmi 7 min dolları ötmüş, yuxarı orta gəlirli ölkələr sırasında ölkəmizin mövqeyi daha da möhkəmlənmişdir.
2011-ci ildə iqtisadi artımın strukturu əvvəlki illərdən fərqli olmuşdur. Belə ki, qeyri-neft sektoru 9,4 faiz, o cümlədən kənd təsərrüfatı 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,8 faiz, nəqliyyat sektorunda yük daşınması 3,6 faiz, o cümlədən qeyri-neft sektorunda 9,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,8 faiz artmışdır. ÜDM-in artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Bu, ölkə iqtisadiyyatının şaxələnməsi, onun neft sektorundan asılılığının minimuma endirilməsi istiqamətində, cənab Prezident, Sizin düşünülmüş siyasətinizin birbaşa nəticəsidir.
Aparılan sənayeləşmə siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik inkişafını təmin etmişdir. Belə ki, qeyri-neft sənayesində məhsul istehsalı 11,1 faiz, o cümlədən emal sənayesi 7,1 faiz, kimya sənayesi 27,1 faiz, metallurgiya sənayesi 1,9 dəfə, tikinti materialları istehsalı 4,4 faiz, elektrik enerjisi istehsalı 8,4 faiz, qida məhsulları istehsalı 5 faiz, mebel istehsalı 24,5 faiz, geyim istehsalı 56,5 faiz artmışdır.
Sumqayıt Texnologiyalar Parkında Ağır maşınqayırma və Sənaye qazları istehsalı, eləcə də Alüminium, Kondensator, MDF, “Müasir Tikinti Materialları”, Qlükoza istehsalı zavodlarının istifadəyə verilməsi, “Qaradağ Sement” zavodunun yenidən qurulması və 2 yeni sement, Bərk məişət tullantılarının yandırılması, Gəmiqayırma, Günəş Panelləri, “Xovlu İplik”, Gübrə zavodlarının və digərlərinin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Bütövlükdə, 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 100-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir. Energetika sənayesinin inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür. Tapşırığınıza uyğun olaraq, yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.
2011-ci
ildə aqrar sektora dövlət dəstəyi tədbirləri
davam etdirilmiş, intensiv metodlara və müasir texnologiyalara əsaslanan
kənd təsərrüfatı məhsulları istehsalı və
emalı genişləndirilmiş, aqrar sektorun infrastruktur təminatı
əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmışdır. Ərzaq təhlükəsizliyi
daha da güclənmiş, əsas ərzaq məhsulları ilə
özünü təminetmə səviyyəsi yüksəlmişdir.
Nəqliyyat
və tranzit potensialının genişləndirilməsi məqsədi
ilə regional və yerli əhəmiyyətli iri infrastruktur
layihələrinin reallaşdırılması, o cümlədən
Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının, TRASEKA və Şimal-Cənub, Şərq-Qərb
beynəlxalq dəhlizlərində yolların tikintisi davam
etdirilmiş, yeni metro stansiyaları və hava limanı istifadəyə
verilmişdir.
Yaradılmış
əlverişli investisiya mühiti 2011-ci ildə də ölkə
iqtisadiyyatına yatırılan investisiyaların
artımını təmin etmişdir. 13 milyard dollar daxili və 7
milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard
dollar investisiya yatırılmışdır. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard
dolları isə neft sektorunun payına
düşmüşdür.
Dövlət
əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat,
İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər
sahələrin inkişafına 5,9 milyard,
o cümlədən sosialyönümlü layihələrə
1,7 milyard manat investisiya qoyulmuşdur.
Əldə olunmuş nailiyyətlərdə dövlət
proqramlarının, xüsusilə Azərbaycanın strateji
inkişafına təsir göstərən regional inkişaf proqramlarının
böyük əhəmiyyəti vardır.
Möhtərəm
cənab Prezident, regionlara mütəmadi səfərləriniz,
təkcə ötən ildə 300-dək müxtəlif təyinatlı
obyektlərlə tanış olmağınız, yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
iştirakınız, verdiyiniz tapşırıq və
tövsiyələr, hər bir rayonun inkişafı ilə
bağlı qarşıda duran spesifik vəzifələrin həllinə
yönəlmiş 54 sərəncamınız regionların,
eləcə də Bakı qəsəbələrinin
inkişafında müstəsna rol oynamışdır. İl ərzində regionlarda müasir texnologiyalara əsaslanan
110-dan çox müəssisə tikilib istifadəyə
verilmiş, hazırda 200-dən çox müəssisə
tikilməkdədir. Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı üzrə təkcə ötən il
53 məktəbin, 47 uşaq bağçasının, 6 səhiyyə
obyektinin təmir-tikinti işləri
yekunlaşdırılmış və bu istiqamətdə
işlər davam etdirilir. Həm Bakı qəsəbələrində,
həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı,
rabitə və informasiya, kənd təsərrüfatının
infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı
və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri
tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində də sahibkarlığın
inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən
biri olmuşdur. Sahibkarlıq fəaliyyətinin daha da
genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin
artırılması, sahibkarların hüquqlarının
müdafiəsi və əsassız müdaxilələrin
aradan qaldırılması istiqamətində işlər
davam etdirilmiş, aparılan yoxlamaların vahid məlumat
reyestri yaradılmışdır. Elektron
xidmətlərin genişləndirilməsi çərçivəsində
imzaladığınız Fərmana uyğun olaraq fiziki şəxslərin
sahibkarlıq fəaliyyətinin onlayn rejimində
qeydiyyatına başlanılması nəticəsində
onların vergi orqanında qeydiyyatına sərf olunan vaxt 3
gündən bir neçə dəqiqəyə qədər
endirilmişdir. Bununla yanaşı, icazələrə
dair yaradılan internet portalı icazə xarakterli sənədlər
və onların alınması prosedurları, təqdim edilməli
sənədlər, icazələrin verilmə müddətinə
dair bütün məlumatları vahid mənbədən əldə
etmək imkanı yaradacaqdır.
Güzəştli kreditlərin istifadəsi
qaydalarına edilmiş dəyişikliklər iri və
uzunmüddətli investisiya layihələrinin, həmçinin
kiçik sahibkarlığın güzəştli şərtlərlə
maliyyələşdirilməsi imkanlarını
artırmışdır.
2011-ci ildə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643
sahibkara verilmiş 138 milyon manat güzəştli kredit
hesabına 6500-dək yeni iş yeri yaradılacaqdır. Kreditlərin 75 faizi regionların, 25 faizi isə
Bakı qəsəbələrinin payına
düşmüşdür. Müasir
texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü
iri layihəyə 118 milyon manat güzəştli kredit
verilmişdir. Bu kreditlər hesabına 2011-ci ildə 33
müəssisə istifadə verilmiş, bu il
isə daha 96 müəssisə istifadəyə veriləcəkdir.
Yerli
sahibkarların potensial imkanlarının
reallaşdırılmasına dəstək və biznesin
müasir formalarının təşviq edilməsi, xarici əlaqələrinin
genişləndirilməsi məqsədi ilə Azərbaycanda
91, xarici ölkələrdə 99 biznes forum və konfrans, eləcə
də Bakı şəhərində Milli Sərgi təşkil
olunmuşdur. Qeyri-neft məhsullarının
satış bazarlarının genişləndirilməsi məqsədi
ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində,
Rusiyada keçirilmiş sərgilərdə milli şirkətlərin
iştirakı təmin edilmişdir.
Sahibkarlığın inkişafına dövlət dəstəyinin
ən vacib komponentlərindən biri də sahibkarların
maarifləndirilməsi, beynəlxalq təcrübənin
öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin
göstərilməsi olmuşdur. Bu məqsədlə ötən il ərzində
80-i regionlarda olmaqla 144 tədbir keçirilmiş, 52 sahibkar və
gənc menecer bilik və bacarıqlarını artırmaq məqsədi
ilə Almaniyada müvafiq müəssisələrdə təcrübə
keçmişdir.
Cənab
Prezident, Nazirlər Kabinetinin 2011-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında verdiyiniz
tapşırığa uyğun olaraq rəqabət qabiliyyətli
sənaye məhsulları istehsalçıları və
alıcıları ilə görüşlər
keçirilmiş, sənaye məhsullarının kataloqu və
spesifikasiyasına dair məlumatlar hazırlanmış və
potensial alıcılara paylanmışdır.
İstehlak bazarında qiymətlərin müntəzəm
monitorinqi aparılmış, əhalinin artan tələbatının
daha dolğun ödənilməsi, istehlakçıların
seçim imkanlarının genişləndirilməsi və
süni qiymət artımının qarşısının
alınması məqsədi ilə Bakıda bayram günlərində
satış yarmarkaları təşkil olunmuşdur.
Bununla yanaşı, məhsul istehsalının
artması, məhsulların saxlama infrastrukturunun genişləndirilməsi
və eləcə də aşkar edilmiş süni qiymət
artımlarının aradan qaldırılması nəticəsində
son zamanlar istehlak bazarında qiymətlər sabitləşmiş,
bir sıra ərzaq məhsullarının qiymətində
ucuzlaşma müşahidə olunmuş və bu tendensiya davam
edir.
2011-ci il həm də xarici iqtisadi əməkdaşlıq
və ölkə iqtisadiyyatının dünya
iqtisadiyyatına inteqrasiyası baxımından da uğurlu
olmuşdur. 22 ölkə ilə Hökumətlərarası
Komissiya və İşçi Qruplarının iclasları
keçirilmiş, Beynəlxalq Maliyyə İnstitutları ilə
əməkdaşlıq çərçivəsində nəqliyyat,
enerji, telekommunikasiya, kənd təsərrüfatı, sosial təminat
və digər sahələrin inkişafı üzrə dəyəri
1,7 milyard dollar olan 11 kredit sazişi imzalanmışdır.
Regionda iqtisadi liderliyini gücləndirmiş ölkəmiz
investisiya ixrac edən ölkəyə çevrilmiş və
son illərdə xarici ölkələrə 6 milyard dollar sərmayə
yatırılmışdır. Cənab Prezident,
tapşırığınıza əsasən investisiya
imkanlarının araşdırılması məqsədi ilə
Balkan ölkələrinə və Rusiya Federasiyasının
Şimali Qafqaz regionuna səfər edilmişdir. Bu səfərlər çərçivəsində
yaradılmış əlaqələr milli şirkətlərin
xarici ölkələrdə fəal investisiya
yatırımlarının həyata keçirilməsi
imkanlarını genişləndirəcəkdir.
Ölkəmizin
xarici ticarət tərəfdaşlarının sayı 150-yə
çatmış, 11 ay ərzində xarici ticarət
dövriyyəsi 9,2 faiz artaraq 33,2 milyard dollar, müsbət
xarici ticarət saldosu 16,1 milyard dollar təşkil etmiş,
ixrac idxalı 2,9 dəfə üstələmişdir.
Müasir texnologiyaların tətbiqinin genişləndirilməsi,
istehsal proseslərinin beynəlxalq standartlara uyğun
qurulması tələbi nəticəsində mexanizm və
avadanlıqların idxalı 1,7 dəfə
artmışdır.
Möhtərəm
cənab Prezident!
Davamlı iqtisadi artım ölkənin
sosialyönümlü inkişafını təmin
etmişdir.
Dövlət büdcəsindən sosialyönümlü xərclərə
16,5 faiz, o cümlədən sosial
müdafiə və sosial təminat xərclərinə 33,2
faiz çox vəsait yönəldilmişdir.
Orta
aylıq əmək haqqı 11 ay ərzində 8,3 faiz artaraq 357 manata çatmışdır.
2011-ci ildə dövlət büdcəsindən maliyyələşən
təhsil, səhiyyə, mədəniyyət, gənclər və
idman, elm və bir sıra digər sahələrdə əmək
haqqı orta hesabla 10 faiz, 900 min pensiyaçının əmək
pensiyası orta hesabla 40 faizə qədər
artırılmış, qaçqın və məcburi
köçkünlərin sosial vəziyyəti
yaxşılaşdırılmışdır.
Məşğulluq
səviyyəsi artmış, il ərzində 94 min yeni iş
yeri yaradılmış və işsizlik səviyyəsi 5,4 faizə qədər azalmışdır.
Yoxsulluq həddi
2003-cü ildəki 35,8 manatdan 3 dəfə
artırılaraq 2011-ci ildə 106,9 manata
çatdırılmışdır. Yoxsulluq səviyyəsi
isə bu müddətdə 44,7 faizdən
2011-ci ildə 7,6 faizə enmişdir. Göründüyü
kimi, yoxsulluq həddinin ilbəil davamlı şəkildə
artırılması ilə yanaşı yoxsul əhalinin
sayı kəskin surətdə azalmışdır.
“Yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”nın 2011-2015-ci
illəri əhatə edən Tədbirlər Planında müəyyənləşdirilən
tədbirlərin həyata keçirilməsi yoxsulluq səviyyəsinin
daha da azaldılmasında mühüm rol oynayacaqdır.
Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər
nüfuzlu beynəlxalq qurumlar tərəfindən də
yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir
sıra ölkələrin reytinqləri aşağı
salındığı halda “Standart & Poor’s” reytinq agentliyi
Azərbaycanın mövcud uzunmüddətli müstəqil
kredit reytinqini ötən ilin dekabr ayında bir pillə
artıraraq “BBB-” investisiya reytinqi səviyyəsinə
çatdırmış, reytinq üzrə proqnozunu isə
“sabit” saxlamışdır. “Fitch Ratings” və
“Moody's” reytinq agentliklərinin də Azərbaycan
iqtisadiyyatına dair qiymətləndirmələri müsbət
olmuşdur. “Qlobal Rəqabət Qabiliyyəti
İndeksi” hesabatına əsasən, Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə
görə 142 ölkə arasında 55-ci, MDB-də isə
1-ci olmuşdur.
Möhtərəm
cənab Prezident!
Heç şübhəsiz ki, əldə edilmiş nəticələr
Azərbaycanın iqtisadi imkanlarının artmasına, Azərbaycan
vətəndaşının həyat səviyyəsinin
yüksəlməsinə xidmət edir. Sizin, Vətənimizin
daha da qüdrətlənməsinə, xalqımızı daha
firavan gələcəyə aparan qətiyyətli və
düşünülmüş siyasətiniz ölkəmizin
2012-ci və qarşıdakı illərdə də hərtərəfli
inkişafı üçün möhkəm təməl
yaratmışdır.
Sizin
tapşırığınıza əsasən hazırlanan
“Azərbaycan-2020: gələcəyə baxış”
inkişaf konsepsiyası ölkəmizin əldə etdiyi
nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini,
müəyyən etdiyiniz kimi, növbəti 10 ildə
qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə
artırılmasını, xalqın rifahının davamlı
yaxşılaşması istiqamətində qarşıda
duran hədəflərə nail olunmasını təmin edəcək
və Sizin dediyiniz kimi, Azərbaycan daha da inkişaf edəcək,
öz gücünü daha da artıracaqdır.
Diqqətinizə görə minnətdaram.
***
Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək
dedi:
- Zati-aliləri,
möhtərəm cənab Prezident!
Mənə
verilən imkandan istifadə edərək, hökumət
üzvlərinin yeni ildə ilk toplantısı olduğu
üçün Sizə ölkəmizin iqtisadi qüdrətinin
daha da artırılması, siyasi sabitliyin möhkəmləndirilməsi,
əhalinin sosial rifahının
yaxşılaşdırılması, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
ciddi irəliləyişlərin əldə olunmasında yeni
uğurlar arzulayıram.
Bildirmək
istəyirəm ki, 2011-ci il
bütövlükdə ölkəmiz üçün
bütün sahələrdə çox böyük
uğurlar ili olmuşdur. Əldə olunmuş
yüksək nailiyyətlərlə yanaşı, ölkənin
beynəlxalq aləmdə daha yaxşı tanınması,
yerinin möhkəmləndirilməsində rol oynayan iki məqamı
xüsusi vurğulamaq istərdim. Birinci, gənc, müstəqil
ölkəmizin mədəniyyət sahəsində qocaman
Avropa ölkələrini üstələyərək
“Evrovision” mahnı müsabiqəsində birinci yer tutması,
ikinci, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsindən də daha güclü səslənən
155 ölkənin səsini qazanmasıdır.
Hesab edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi
üzrə məşğul olan, Ermənistana himayədarlıq
edən dövlətlər, xüsusən Ermənistan
özü bundan ciddi nəticə
çıxarmalıdırlar.
Möhtərəm
cənab Prezident!
Ölkəmizdə bütün sahələrdə
yüksək nailiyyətlər əldə edildiyi kimi,
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllində də şəxsən
Sizin xüsusi qayğınız nəticəsində yüksək
göstəricilərə nail olunmuşdur.
Məlumat
üçün bildirirəm ki, ümumiyyətlə,
münaqişə dövründə - son 20 ildə
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə 3,7
milyard manat və ya 4,6 milyard ABŞ dolları məbləğində
vəsait sərf olunmuşdur. Bunun 2,7 milyard ABŞ dolları
dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun
və 900 milyonu isə ölkəmizdə fəaliyyət
göstərən beynəlxalq humanitar təşkilatların
vəsaitidir.
O cümlədən,
2011-ci ildə 500 milyon ABŞ dolları məbləğində
vəsait xərclənmişdir. Həmin vəsaitin 295 milyonu
büdcə, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu
isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Bu vəsaitin 60 faizi son 8 ildə - Sizin prezidentlik fəaliyyətiniz
dövründə istifadə olunmuşdur.
İndiyədək
Dövlət Neft Fondundan və digər mənbələrdən
ayrılmış vəsaitlər hesabına 70 müasir,
bütün sosial-texniki infrastruktura malik qəsəbələr
salınmış, 22 min ailənin 120 min nəfərədək
qaçqın və məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılmışdır.
Şübhəsiz, əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulan uğurlu neft
strategiyası olmasaydı, bu irimiqyaslı layihələri
yerinə yetirmək mümkün olmazdı.
Prezidentlik
fəaliyyətiniz dövründə bu sahə üzrə bir
Dövlət Proqramı və ona iki əlavə qəbul
edilmiş, ümumilikdə 45 fərman və sərəncam
imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam,
Milli Məclis isə 9 qanun qəbul etmişdir. O cümlədən,
2011-ci ildə 7 fərman və sərəncam
imzalanmış, Nazirlər Kabineti 12 qərar və sərəncam,
Milli Məclis isə 1 qanun qəbul etmişdir.
Bu günə qədər nəzərdə tutulan
işlər vaxtında, heç bir gecikməyə yol verilmədən
uğurla icra olunmuşdur.
2011-ci ildə
Ağcabədi rayonu ərazisində 560 məcburi
köçkün ailəsinə beşmərtəbəli 10
yaşayış binasının və rayonun Taxtakörpü
ərazisində Laçın rayonundan olan 552 məcburi
köçkün ailəsi üçün yeni qəsəbənin,
Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli
9 yaşayış binasının, Heydər Əliyev Mərkəzinə
yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə
məskunlaşmış məcburi köçkünlərə
Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli
binanın tikintisi başa çatdırılmış, həmçinin
Bakı şəhəri ərazisində dövlət
ehtiyacları ilə əlaqədar 406 məcburi
köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti
ilə hazır mənzillər alınmaqla
köçürülməsi təmin edilmişdir.
“Naftalan
şəhərinin sosial inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” Sərəncamınızın
icrası ilə əlaqədar Naftalan şəhərindəki
bütün məcburi köçkün ailələrinin
Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli
12 yaşayış binasından ibarət yeni məhəllədəki
690 mənzilə köçürülməsi tamamilə
başa çatdırılmışdır.
Ötən
il, eyni zamanda, investisiya vəsaiti hesabına Füzuli rayonunun
Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda
konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış
məcburi köçkünlər üçün 24 evin, həmçinin
Axıska türklərinə məxsus tikintisi
yarımçıq qalmış 52 evin inşası başa
çatdırılmışdır. İndiyədək
Axıska türklərinə məxsus 324 evin inşası
başa çatdırılmış və bundan sonra da bu
layihə davam etdiriləcəkdir.
Beləliklə,
il ərzində 2120 ailənin – 10 600 nəfər
məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılmışdır.
2011-ci ildə
yeni salınmış 3 qəsəbənin
açılışında Sizin və Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın şəxsən
iştirakı dövlətimizin ölkənin bir nömrəli
probleminə, qaçqın və məcburi
köçkünlərə diqqət və
qayğısının bariz nümunəsidir. Xüsusən
dekabrın 24-də Sizin xanımınızla birgə
Qarabağ bölgəsinə səfər edərək məcburi
köçkünlər üçün salınmış qəsəbənin
açılışında iştirakınız
bütün dünyaya ciddi bir mesajdır. Bununla Siz
bütün dünyaya bildirdiniz ki, qaçqın və məcburi
köçkün problemi ölkə üçün, şəxsən
Sizin üçün bir nömrəli
problemdir və münaqişənin həllində heç bir
güzəştə yol verilməyəcəkdir.
Möhtərəm
cənab Prezident!
Həmin görüşdə qeyd etdiyiniz “Bu gün mən
öz ailəmlə birlikdəyəm, mənim ailəm
sizsiniz” ifadəsi nəinki məcburi köçkünlər,
bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanıb. Bütün məcburi köçkünlər,
o cümlədən laçınlılar o günü özləri
üçün tarixi bir gün hesab edirlər.
Məlumat
üçün Sizə bildirirəm ki, 2011-ci ildə 2171 nəfər
məcburi köçkün daimi, 5 min nəfərə qədər
isə mövsümi işlə təmin olunmuş, 10 min 600
ailəyə ünvanlı sosial yardım təyin
edilmişdir. Son 8 ildə isə 83 min nəfər
məcburi köçkün müvafiq işlə təmin
edilmişdir.
Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 2004-2011-ci illərdə
660 məcburi köçkün sahibkarlıq subyektinin
investisiya layihəsinin maliyyələşdirilməsinə 9,6 milyon manat, o cümlədən 2011-ci ildə
162 məcburi köçkün sahibkara 5,9 milyon manat məbləğində
güzəştli kredit verilmişdir.
Dünya
Bankı və Azərbaycan Hökuməti arasında
bağlanılmış kredit sazişi üzrə 2011-ci ildə
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil
edən 106 müxtəlif növ icma mikrolayihəsi həyata
keçirilmiş, nəticədə 55 min nəfər
faydalanmışdır. O cümlədən 2004-2011-ci illərdə
75 faizi məcburi köçkün olan 289 min nəfərin
faydalandığı və dəyəri 34,5 milyon ABŞ
dolları təşkil edən 478 icma mikrolayihəsi icra
edilmişdir.
Həmçinin
son 8 ildə 9,6 min nəfər məcburi köçkünə
4,5 milyon manat məbləğində mikrokredit verilmişdir
ki, bu proqramlardan 44 min 500 nəfər məcburi
köçkün faydalanmışdır.
Tapşırığınıza əsasən, Dünya
Bankı ilə yeni Saziş imzalanmış, növbəti
aydan artıq icrasına başlanılacaqdır.
Dünya Bankının veb-saytının ana səhifəsində
Azərbaycan Hökuməti ilə birgə məcburi
köçkünlərlə bağlı həyata
keçirilən layihələr yüksək qiymətləndirilmişdir.
Ötən ilin dekabrından hər bir məcburi
köçkünə verilən aylıq yemək xərci
müavinətinin həcmi 10 faiz
artırılmışdır.
Komitəyə 2011-ci ildə 46 min müraciət daxil
olmuş, onun 72 faizi müsbət həll edilmişdir.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları
ərazilərdə onların elektrik enerjisi, qaz və su ilə
fasiləsiz təminatı aidiyyəti xidmət təşkilatları
ilə sıx əməkdaşlıq nəticəsində
yerinə yetirilir və ortaya çıxan bütün problemlər
operativ şəkildə həll olunur.
2011-ci ildə bir nəfər məcburi
köçkünə xərclənən vəsaitin həcmi
təxminən 715 manat (894 ABŞ dolları) təşkil
etmişdir ki, bu da dünyanın digər münaqişə
zonaları ilə müqayisədə ən yüksək
göstəricidir.
Sizin bu sahəyə olan müntəzəm diqqət və
qayğınız nəticəsində məcburi
köçkünlər arasında yoxsulluq həddi son 8 ildə
74 faizdən 18 faizədək azalmışdır.
Cənab
Prezident!
Fəaliyyətə başladığı ilk gündən
etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi
köçkünlərin üzləşdikləri
çoxsaylı problemlərin dünya ictimaiyyətinə
çatdırılmasına və onların həllinə
daim diqqətlə yanaşır.
Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə yaradılmış “Azərbaycan”
internet portalı olduqca böyük əhəmiyyətə
malikdir.
Bununla yanaşı, hər il Xocalı
soyqırımı ərəfəsində dünyanın
müxtəlif ölkələrində faciə
qurbanlarının fotoşəkilləri sərgilənir, beynəlxalq
mətbuatda soyqırımı haqqında yazılar dərc
etdirilir, mütəmadi olaraq keçirilən Yeni il şənliklərinə
qaçqın və məcburi köçkün
uşaqları da dəvət edilir.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə “Xocalıya ədalət” kampaniyası hazırda 30-dan
artıq ölkədə uğurla davam etdirilməkdədir.
Cənab
Prezident!
Hazırda ölkədə 45 beynəlxalq, 41 yerli
humanitar təşkilatın xətti ilə hökumət
üçün prioritet hesab olunan müxtəlif humanitar və
inkişaf layihələri həyata keçirilir.
Ölkənin yüksək iqtisadi inkişafına
baxmayaraq, humanitar təşkilatların bu gün də Azərbaycanda
fəaliyyət göstərməsinin bir səbəbi
vardır. Bu da Sizin onların şəffaf, sərbəst və
səmərəli fəaliyyətləri üçün
yaratdığınız şəraitdir. BMT-nin
Qaçqınlar üzrə Ali Komissarı Antonio Quttereş,
BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri
Ceyms Morris, BMT baş katibinin məcburi köçkünlərin
insan hüquqları üzrə nümayəndəsi Valter Kalin
ölkəmizə son səfərləri zamanı qeyd
etmişlər: “Azərbaycan Prezidentinin ölkədəki
bütün qaçqın və məcburi
köçkünlər, o cümlədən beynəlxalq
humanitar təşkilatlar üçün gördüyü
işlər dünyanın oxşar problemlə
qarşılaşan əksər ölkələri
üçün nümunədir. Azərbaycan
Hökuməti ilə əməkdaşlığımız
çox yüksək səviyyədədir”.
Tapşırığınıza
əsasən, mənim rəhbərliyimlə Azərbaycan
nümayəndə heyəti 2011-ci il dekabrın 7-8-də
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən
Cenevrə şəhərində təşkil olunan, 155
ölkənin nümayəndəsinin iştirak etdiyi BMT-nin
“Qaçqınların Statusu haqqında” 1951-ci il
Konvensiyasının 60 və Vətəndaşsızlıqla
bağlı 1961-ci il Konvensiyasının 50 illiyinə həsr
edilmiş tədbirdə iştirak etmiş, yubiley tədbiri
olmasına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi haqqında əsl həqiqətlər
bir daha iştirakçıların diqqətinə
çatdırılmışdır.
Sonda
xalqımızın ümummilli lideri Heydər Əliyevin
2003-cü ildəki xalqa müraciətindən bir sitat gətirmək
yerinə düşərdi: “İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri İlham Əliyev axıra
çatdıra biləcəkdir. Mən ona
özüm qədər inanıram, gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin tövsiyələrinin
hamısını vaxtından əvvəl icra etmisiniz, yeganə
bir problem qalıbdır. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. Əminik ki, bu problemi də
tezliklə həll edəcəksiniz və bu işdə Sizə
uğurlar diləyirik.
Mövcud
Dövlət Proqramına əsasən bu il
2011-ci ilə nisbətən 2 dəfə çox ailənin mənzil-məişət
şəraiti yaxşılaşdırılacaqdır. Sizin
tapşırığınızla 2012-ci il
üçün yeni proqram hazırlanmışdır və
yaxın vaxtlarda Baş nazirin yanında müzakirə
olunacaqdır.
Cənab
Prezident!
Ümumiyyətlə, bu sahədə
görülmüş işlərə verdiyiniz yüksək
qiymət bizim üzərimizə çox böyük məsuliyyət
qoyur. Biz öz məsuliyyətimizi dərk edərək,
şəxsən Sizi əmin edirəm ki, verilən
bütün tapşırıqların icrası bundan sonra da
vaxtında və yüksək keyfiyyətlə yerinə
yetiriləcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Rabitə
və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata
keçirilən uğurlu sosial-iqtisadi siyasət digər sahələrdə
olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) və
telekommunikasiya sektorunda da öz bəhrəsini verməkdədir. Belə ki, 2011-ci ildə
sektor üzrə əldə olunan gəlirlərin həcmi
2010-cu ilə nisbətən təxminən 12 faiz
artmış, bu isə uyğun ümumdünya orta göstəricisinin
gözlənilən rəqəmindən təxminən 2 dəfə
çoxdur. Bizim ilkin hesablamalara görə,
sektora təxminən 400 milyon manat həcmində investisiya
qoyulmuşdur. Hesabat dövründə, həmçinin
aşağıdakı əsas nəticələrə nail
olunmuşdur.
Ölkəmizdə MDB dövlətləri arasında ilk
dəfə sabit telefon şəbəkəsi tam rəqəmləşdirilmiş
və bütün ölkə üzrə beynəlxalq standart
nömrələmə sisteminə keçirilmişdir. Sabit telefon şəbəkəsinin
tutumu təxminən 50000 nömrə artaraq hər 100 nəfərə
18,6 faiz sıxlığa
çatdırılmışdır. Mobil şəbəkə
genişləndirilmiş, hər üç operator müasir
3G xidmətləri göstərməyə başlamış
və nəticədə 3G abonentlərinin sayı qısa
müddətdə 2 milyona çatmışdır. Bu gün
artıq əhalinin hər 100 nəfərinə 110 mobil telefon
düşür ki, bu da ümumdünya orta göstəricisindən
təxminən 40 faiz yüksəkdir.
2011-ci ildə internet istifadəçilərinin
sıxlığı 65 faiz, genişzolaqlı isə 30 faizi
ötmüşdür. Hər iki göstərici üzrə
ölkəmiz ümumdünya orta göstəricilərini iki dəfədən
çox qabaqlayır. İnternet xidmətlərinin
qiymətləri isə rəqabətin genişlənməsi
hesabına 35 faiz aşağı düşmüşdür.
Ölkədə biri dövlət, ikisi isə
özəl olmaqla üç şirkət tərəfindən
qurulan magistral optik informasiya ötürmə şəbəkələri
bütün rayon mərkəzlərini və təxminən 35
faiz kəndləri yüksəksürətli vahid şəbəkədə
birləşdirmişdir. Bu isə Mərkəzi
və Şərqi Avropa üçün yüksək nəticə
sayılır.
Hesabat dövründə ölkə ərazisində
televiziya və radio proqramlarının yayım keyfiyyətinin
və əhatə zonasının genişləndirilməsi məqsədi
ilə 72 ədəd müxtəlif təyinatlı radio-TV
verici istismara verilmişdir. Ölkə ərazisinin
85 faizi rəqəmli televiziya yayımı ilə təmin
olunmuşdur. Özəl sektor televiziya və
radio yayım sahəsində də aktivləşmişdir və
təxminən 10 şirkət peyk, kabel, efir, İP-TV və
digər texnologiyalarla ödənişli yayım xidmətləri
göstərir. 20-dən çox internet
televiziya və radio yayımı mövcuddur. Ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə
görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə
inkişaf etmiş ölkələr arasında qiymətləndirilir
və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə
qrupuna daxildir.
Poçt sistemində hesabat dövründə gəlirlər
23 faiz artmış, ancaq 2011-ci ildə də dövlət və
əsasən də telekommunikasiya sektorundan ayrılan
subsidiyalar hesabına fəaliyyəti təmin olunmuşdur. Maliyyə
Nazirliyi və Mərkəzi Bankla birlikdə poçt sistemində
yeni islahatlar üzərində düşünürük.
“Elektron hökumət” layihəsi çərçivəsində
elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri
Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabr
ayından dövlət orqanlarına, vətəndaşlara və
biznes qurumlarına elektron imza xidmətlərinin göstərilməsinə
başlanılmışdır. Həmçinin, “elektron hökumət
portalı”nın birinci versiyası
yaradılmış və bu ilin birinci yarısında vətəndaşlar
və iş adamları üçün
açılacaqdır. Hazırda 15 dövlət
orqanı bu sistemə qoşulmuş və göstəriləcək
elektron xidmətlərin sayı 60-a
çatdırılmışdır.
Hesabat
ilində “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”nın həyata keçirilməsində
kontraktlar üzrə işlər
görülmüşdür. İlk
telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi
bu ilin oktyabr ayına, sonrakı 3 ay müddətində isə
orbitə çıxarılması
planlaşdırılmışdır. İkinci
telekommunikasiya peyki ilə bağlı araşdırma işləri
başa çatmaq üzrədir və peykin orbitə
çıxarılması təxminən 2015-ci ilə
planlaşdırılır. Yer səthinin
müşahidə və tədqiqatı üzrə
aşağı orbitli kiçik həcmli peykin orbitə
çıxarılması isə 2013-cü ilə
planlaşdırılır. Bu sahədə xarici peykin
region üzərində icarəyə götürülməsi
isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin
tikintisinə başlanılmışdır və bu ilin avqust
ayında idarəetmə sisteminin qurulması üçün
peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və
peykin idarəetmə və istismarı üçün
ABŞ, Fransa və Malayziyada mütəxəssislərin
hazırlığı aparılmış, bu proses bu il də davam etdiriləcəkdir.
İnformasiya texnologiyaları sahəsində istehsal həcmi
də hesabat ilində 50 faiz artmış və təxminən
120 milyon manat olmuşdur. Bu məhsullara əsasən radioelektron
elementlər, optik daşıyıcılar, kompyuterlər,
müxtəlif proqram modulları və s. daxildir. Həmçinin bir neçə yeni tipli elektron məhsullar
alınmışdır. “Bakutel-2011” sərgisində Sizə
nümayiş etdirilən yeni tipli tablet kompyuter- AzPAD, səslə
tam Azərbaycan və müəyyən həcmdə ingiliscə
işləyən Dilmanc noutbuk və hesabat ilində
qurulmuş nanolaboratoriyada alman alimləri və mühəndisləri
ilə birgə hazırlanmış yeni tipli işıq
diodlarını misal gətirə bilərəm.
Regional bazarda fəaliyyətimizin bir istiqaməti isə
ölkəmiz tərəfindən region ölkələrinə
informasiya xidmətlərinin göstərilməsi və tranzit
potensialının yaradılmasıdır. Bu sahədə
BMT-nin 64-cü Baş Assembleyasının xüsusi qətnaməsi
və Azərbaycanın koordinatorluğu ilə həyata
keçirilən “Avro-Asiya Transmilli İnformasiya
Supermagistralı” layihəsi mərhələlərlə
reallaşmaqdadır. Artıq magistralın keçəcəyi
ölkələrin – Rusiya, Türkiyə, Azərbaycan,
Qazaxıstan və Çinin əsas telekom operatorları məsləhətçi
şirkətin iştirakı ilə beynəlxalq konsorsiumun
yaradılması istiqamətində danışıqlara
başlanmış və hesabat ilində bu layihə ilə
bağlı Qəbələdə birinci biznes-forum
keçirilmişdir.
Digər bir layihə isə Avropa-Yaxın Şərq
informasiya magistralı (EPEG-Persia Express Gateway) layihəsidir. Bu layihə
sayəsində Frankfurt şəhərindən Omana qədər
çox böyük tutumlu rabitə kanallarının Asiya
ölkələrinə çatdırılması təmin
ediləcəkdir. Bu marşrut Avropadan
Asiyaya olan dənizaltı rabitə kanallarına alternativ olaraq
qısa yoldur. Azərbaycan bu layihədə
tranzit ölkə kimi həm əsas, həm də ehtiyat
marşrut olaraq seçilmişdir.
Azərbaycanın
beynəlxalq operatorlarının səyi nəticəsində
hesabat dövründə ölkəmizdə iki birinci səviyyəli
Beynəlxalq İnternet Exchange - kommutasiya mərkəzinin və
Telehauz - Beynəlxalq telekommutasiya mərkəzinin, həmçinin
“Microsoft”un regional İnformasiya-hesablama mərkəzinin
yaradılması istiqamətində hazırlıq işləri
həyata keçirilmişdir. Qeyd edim ki, hər
üç layihəyə MDB və Mərkəzi Asiyanın
aparıcı ölkələri də sahiblik etmək
arzusundadırlar.
Möhtərəm
cənab Prezident!
Təbii sərvətlərdən texnoloji və innovasiya
tutumlu iqtisadiyyata keçiddə innovativ
sahibkarlığın və xarici investorların
iştirakının gücləndirilməsi üçün
əlverişli işgüzarlıq mühitinin
yaradılmasına ehtiyac yaranmışdır. Hesabat ilində
Regional İnnovasiya Zonası layihəsi çərçivəsində
innovativ İKT məhsul və xidmətlərinin istehsal və
ixracını təşviq edən təkliflər paketi xarici
və daxili mütəxəssislər tərəfindən
hazırlanmışdır.
Cənab
Prezident!
Ölkəmizin
regional İKT mərkəzinə çevrilməsində son
illər Sizin şəxsi
iştirakınızla keçirilən və Xəzəryanı
regionda ən böyük nüfuza malik olan “Bakutel” Beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgi və
konfransı böyük rol oynayır. 2011-ci ildə bu sərgidə
30 ölkədən 250 şirkətin iştirakı, o
cümlədən şirkətlərin 60 faizinin xarici ölkələrdən
olması və 19 ölkənin milli stendlərlə
iştirakı buna parlaq misaldır.
Bu il Ümumdünya İnternet İdarəçilik
Forumunun (IGF) Bakıda keçirilməsi və Forum çərçivəsində
“Bakutel” Beynəlxalq sərgisinin qlobal İnternet şəbəkəsinin
perspektivlərinə həsr edilməsi təklif olunur. Artıq bu barədə BMT rəhbərliyi tərəfindən
Azərbaycan hökumətinə müraciət olunmuşdur.
Möhtərəm
cənab Prezident!
Rabitə və informasiya texnologiyaları işçiləri
adından Sizi əmin edirik ki, bundan sonra da ölkəmizdə
davamlı və dayanıqlı inkişaf üçün
bütün qüvvələrimizi səfərbər edəcəyik.
Diqqətinizə görə sağ olun.
***
Dövlət
Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV çıxış edərək
dedi:
-Möhtərəm
cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin uğurla gerçəkləşdirdiyi
sosialyönümlü iqtisadi siyasət və çevik
islahatlar nəticəsində əldə olunan nailiyyətlər
ölkə vətəndaşlarının yaşayış
səviyyəsinin daimi olaraq yüksəldilməsini təmin
edən fundamental əsasları
formalaşdırmışdır. Bu əsaslara söykənərək
ölkəmizdə sosial müdafiə sistemi beynəlxalq
standartlar əsasında keyfiyyətcə yenidən
qurulmuşdur və sosial məsələlərin həllini Azərbaycan
Respublikası Prezidentinin daimi diqqət mərkəzində
saxladığını hər bir vətəndaş gündəlik
həyatında daha qabarıq hiss etməkdədir.
Bu
baxımdan xüsusi əhəmiyyət kəsb edən 2011-ci il Azərbaycanın sığorta-pensiya
sisteminin inkişafı tarixində əlamətdar illərdən
biri kimi yadda qalacaqdır. Ötən ilin ən
böyük sosial tədbirlərindən biri, möhtərəm
cənab Prezident, Sizin, ölkəmizdə yeni
sığorta-pensiya sistemi fəaliyyətə
başladıqdan əvvəl və sonra pensiyaya
çıxmış şəxslərin pensiya məbləğləri
arasındakı fərqlərin aradan qaldırılması barədə
verdiyiniz tapşırığın icrası olmuşdur.
Bu məqsədlə qanunvericiliyə edilmiş dəyişikliyin
tətbiqini təmin etmək üçün əvvəlki
pensiya sənədləri əsasında hesablamaların
aparılması fiziki baxımdan çətin proses olsa da,
qısa vaxt ərzində uğurla
reallaşdırılmış, 2010-cu il yanvarın 1-dək
pensiyaya çıxmış 1 milyon 273 min şəxsin hər
birinin Fondun mərkəzləşdirilmiş arxivindəki
pensiya işində olan əmək stajı məlumatı əsasında
pensiyasının yenidən hesablanması iyul-avqust
aylarında yekunlaşdırılmışdır. İş stajının pensiya təyinatından
sonra toplanması və ya digər səbəblərdən
pensiya işində məlumatın tam olmadığı hallar
isə sonradan fərdi nəzarətə götürülərək
hesablamalara daxil edilmişdir.
Nəticədə,
yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən
daha yüksək olanı pensiya təyinatı
üçün əsas götürülməklə 898 min
952 nəfərin pensiyası iyulun 1-dən orta hesabla 40 faiz
artırılmış, həmin artım nəticəsində
yarım il ərzində bu pensiyaçılara əlavə
olaraq 200 milyon manata yaxın vəsait ödənilmişdir. Bununla da bütün pensiyaların vahid prinsiplə
hesablanması təmin edilmiş, yəni hər bir şəxsin
əmək stajına uyğun olaraq pensiyasının
sığorta hissəsi
formalaşdırılmışdır. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya
göstəricilərinə uyğun olaraq hər il
aparılacaq pensiyaların sığorta hissəsinin
artırılması proseslərinin bütün
pensiyaçılara şamil olunması deməkdir.
Pensiya sistemində köklü islahatlar aparmış əksər
inkişaf etmiş ölkələrdə belə əvvəlki
sistemin iştirakçılarının yeni şəraitə
inteqrasiyasının hələ də açıq
qaldığı bir şəraitdə, ölkəmizdə bu
problem tam həll edilmişdir.
Həmin prosesin maraq doğuran bəzi məqamlarını
da diqqətinizə təqdim etmək istərdim. İslahat nəticəsində
keçən il iyulun 1-nə qədər
85 manat pensiya almış 482 min nəfərin pensiyası orta
hesabla 44 manat və ya 52 faiz artmışdır. 8550 nəfərin
pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən
100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən
80 faizə qədər artmışdır.
Bu islahat
nəticəsində cari ildə pensiyaçılara ödəniləcək
əlavə vəsaitin həcmi 400 milyon manat olacaqdır ki, bu
da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin
17 faizini təşkil edir.
Bundan əlavə
2011-ci il yanvarın 1-dən bütün növ əmək
pensiyalarının sığorta hissəsinə 5,7 faizlik
artım tətbiq olunmuş, həmçinin müvafiq şəxslərin
pensiyalarına elmlər doktoru elmi dərəcəsinə
görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə
görə 120 manat məbləğində əlavələr
hesablanmış və bu 5 min 900 nəfərə yaxın
alimi əhatə etmişdir.
Nəticədə,
2011-ci ilin əvvəli ilə müqayisədə ölkə
üzrə əmək pensiyalarının orta aylıq məbləği
28,7 faiz artaraq 145,2 manata, o cümlədən
yaşa görə əmək pensiyalarının orta
aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata
çatmışdır. Ölkə üzrə
əmək pensiyalarının orta aylıq məbləğinin
əməkhaqlarının orta aylıq məbləğinə
nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları
üzrə isə 45 faiz təşkil etmişdir.
Digər tərəfdən, aparılan son islahatdan sonra
pensiyaçılarımızın 97 faizinin pensiya məbləği
yoxsulluq həddinin üzərinə
çıxmışdır. Təbiidir ki, bu artımlardan sonra
pensiya xərclərinin ÜDM-ə nisbəti də
artmışdır və bu göstərici cari ildə 5,34 faiz proqnozlaşdırılır.
Müqayisə
üçün qeyd edim ki, həmin göstərici 2003-cü
ildə 3,9 faiz təşkil etmişdir və 2003-2011-ci illər
ərzində ölkədə 60 yaşdan yuxarı
insanların sayı 4 faiz artaraq 810 min nəfərə
çatdığı halda, pensiya sistemi xərclərinin
artımı 7,3 dəfə olmuşdur. Başqa sözlə,
60 yaşdan yuxarı şəxslərin əhalinin
sayındakı xüsusi çəkisinin 8,9 faiz təşkil
etdiyini nəzərə alsaq, bu xüsusi çəkinin hər
1 faizinə pensiya xərclərinin ÜDM-dəki xüsusi
çəkisinin 0,59 faizinin düşdüyünü görərik.
Bu da ahıl insanların əhalinin strukturundakı
payının hər 1 faizinə ÜDM-in ən azı 0,5 faizinə qədər pensiya xərcinin
ayrılması prinsipinə Azərbaycanda nail olunduğunu
göstərir.
Bütün
bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycanda dünya
ölkələri hökumətlərinin gündəliyində
duran çox mühüm bir problem - yeni yüzilliyin ortaya
qoyduğu əsas çağırışlardan biri olan əhalinin
tərkibində xüsusi çəkisi getdikcə artan
ahıl nəslin layiqli həyatını təmin etmək
üçün dövlətin yönəltdiyi vəsaitin
artan həcmi ilə iqtisadiyyatın getdikcə daralan
imkanları arasında optimal nisbətin saxlanılması
problemi uğurla tənzimlənməkdədir.
Bu prosesin makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik
inkişafı nəticəsində əldə olunan
potensialın, o cümlədən ölkənin
sığorta-pensiya sisteminin gəlirlərinin davamlı
artımı ilə reallaşdırıldığı
xüsusi qeyd edilməlidir.
Qlobal
maliyyə böhranının təsirinin davam etdiyi, əksər
ölkələrin pensiya sistemlərinin göstəricilərinin
aşağı düşdüyü 2011-ci ildə, ilkin məlumatlara
əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri
əvvəlki ilə nisbətən 354 milyon manat və ya 20,1 faiz artaraq 2 milyard 120 milyon manat təşkil
etmişdir.
Ötən
il sosial sığorta haqları üzrə gəlirlər
2010-cu ilə nisbətən 10,8 faiz artaraq
1 milyard 230 milyon manat olmuşdur. Sosial sığorta
daxilolmalarının 58,6 faizi qeyri-büdcə
təşkilatlarının payına düşmüş,
onların ödədiyi sosial sığorta haqlarının məbləği
əvvəlki ilə nisbətən 12,5 faiz və ya 80 milyon
manat artmışdır. Sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin və torpaq
mülkiyyətçilərinin sosial sığortaya cəlb
edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən
daxilolmalar 14 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri
isə 13 faiz artmışdır.
İl ərzində dövlət büdcəsinin
transferti proqnozlaşdırılan həcmdə, yəni 886
milyon manat təşkil etmişdir.
Fondun gəlirlərinin həcmi xərclərinin
vaxtında maliyyələşdirilməsinə imkan
vermişdir.
2011-ci ildə Fondun xərcləri 2 milyard 118 milyon manat
olmuşdur.
Pensiya və müavinətlərin maliyyələşdirilməsinə
2 milyard 66 milyon manat xərclənmişdir ki, bu da əvvəlki
ilə nisbətən 362 milyon manat çoxdur. Bu
məbləğin 2 milyard 11 milyon manatı bilavasitə
pensiyaların, 55 milyon manatı isə müavinətlərin
ödənişinə sərf olunmuşdur.
İlkin
məlumatlara görə, 2011-ci ilin sonuna əmək
pensiyaçılarının sayı ilin əvvəli ilə
müqayisədə 14200 nəfər azalaraq 1 milyon 278 min nəfər
təşkil etmişdir. Yaşa görə əmək
pensiyaçılarının sayı 18300 nəfər, ailə
başçısını itirməyə görə 3200 nəfər
azalmış, əlilliyə görə isə 7300 nəfər
artmışdır.
Görülən tədbirlər nəticəsində
2011-ci ildə sosial sığorta sistemində fərdi
uçotun tətbiq dairəsi daha da genişlənmişdir. Fərdi uçot sistemində
şəxsi hesabı olan sığortaolunanların sayı
ilin əvvəli ilə müqayisədə 166,3 min nəfər,
o cümlədən muzdla işləyənlər üzrə
114 min 633 nəfər artmışdır və beləliklə,
fərdi uçot sistemində qeydə alınmış şəxslərin
sayı 1 milyon 967 min nəfərə
çatmışdır.
Möhtərəm cənab Prezident, 2009-2015-ci illərdə
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramında 2015-ci ilə qədər Fondun fəaliyyətinin
prioritet istiqamətləri dəqiq müəyyənləşdirilmişdir.
Əgər 2011-ci ildə sistem üçün əsas
vəzifə pensiya təminatının bütün
pensiyaçılar üçün vahid sistemə gətirilməsi
idisə, 2012-ci ildə prioritet pensiya təyinatının
avtomatlaşdırılması olacaqdır. Bu sahədə
əsas problem 2006-cı ilə qədər
qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsi
ilə bağlı idi. Lakin son islahatlar bu
hüquqların sadə hesablamalarla yeni şəraitə
transformasiya olunmasına, yəni həmin dövr
üçün pensiya kapitalının müəyyənləşdirilərək
vətəndaşların fərdi hesablarına
yazılmasına və həmin hesablardakı məbləğin
onların bütün əmək fəaliyyəti dövrlərini
əhatə etməsinə imkan vermişdir. Bu məqsədlə
fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 967 min nəfərin
2006-2010-cu illərə görə ödənilmiş sosial
sığorta haqlarının fərdi hesablara işlənməsinə
paralel olaraq, həmin şəxslərin 2006-cı ilə qədər
topladıqları staja görə pensiya kapitallarının təyin
olunması prosesi də artıq başa
çatdırılmaqdadır.
Sığorta-pensiya sisteminin aktuar təhlilinə əsaslanmaqla
sistemin orta və uzunmüddətli inkişafı üzrə
tədqiqatların təşkili məqsədi ilə Dünya
Bankı və BMT-nin İnkişaf Proqramı ilə birgə
tədbirlər 2011-ci ildə davam etdirilmişdir. Həmin tədbirlər
makroiqtisadi, demoqrafik və bilavasitə sistemin fəaliyyətini
səciyyələndirən göstəricilərin əlaqəli
şəkildə öyrənilməsi ilə yanaşı,
sığorta-pensiya sistemində real yığım
komponentinin tətbiqi ilə bağlı amilləri də əhatə
etmişdir. Bu sahədə Avropa standartlarına uyğun
qanunvericiliyin hazırlanması məqsədi ilə Fond tərəfindən
Avropa Tərəfdaşlıq və Əməkdaşlıq
Aləti çərçivəsində təqdim olunmuş
“Pensiya sistemində yığım komponentinin tətbiq edilməsində
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fonduna dəstək” adlı tvinninq layihəsi artıq Avropa
Komissiyası tərəfindən təsdiq edilmişdir.
Qeyd olunan aktuar tədqiqatların ilkin nəticələri
göstərir ki, Azərbaycanda pensiya yaşının tənzimlənməsi
istiqamətində vaxtında qəbul olunmuş düzgün
qabaqlayıcı qərarlar nəticəsində
pensiyaçıların ümumi sayı 2020-ci ilədək
sabit qalacaqdır ki, bu da sistemin maliyyə
dayanıqlığının və islahatların davam
etdirilməsi üçün əlverişli şəraitin təmin
olunmasının başlıca şərtlərindəndir. Halbuki bir
çox inkişaf etmiş ölkələrdə həmin məsələnin
həllinə yalnız 2008-2010-cu illərin maliyyə
böhranından sonra başlanılmışdır ki, bu da
ciddi gərginliklərlə müşayiət olunur.
“Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında” 23 may 2011-ci il tarixli Fərmanınızın
icrası olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən
əhaliyə interaktiv və informativ elektron xidmətlərin
göstərilməsi işi daha da təkmilləşdirilmiş,
Fondun bu sahədəki fəaliyyəti müxtəlif təşkilatlar
və ekspertlərin keçirdiyi monitorinq və müsabiqələrin
nəticələri üzrə xüsusi qiymətləndirilmişdir.
Azərbaycanın
sığorta-pensiya modelinin üstünlüklərini nəzərə
alan Beynəlxalq Sosial Təminat
Assosiasiyası (BSTA) 2011-ci ilin iyun ayında Bakı şəhərində
Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi
açmışdır. BSTA kimi mötəbər
bir qurumun özünün əlaqələndirmə mərkəzinin
açılmasında ölkəmizə istinad etməsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi sürətli sosial-iqtisadi islahatlarla
qazanılmış nailiyyətlərin və yüksək
beynəlxalq nüfuzun əyani göstəricisidir.
Möhtərəm
cənab Prezident, əldə olunmuş nəticələr və
Dövlət Proqramı ilə nəzərdə tutulmuş tədbirlərin
keyfiyyətlə icrası göstərir ki, cari ildə də
ölkəmizin sığorta-pensiya sistemində islahatlar
uğurla davam etdiriləcək, pensiyaların
artırılması və vaxtında maliyyələşdirilməsi
sahəsindəki bütün tapşırıqlarınız
dəqiqliklə yerinə yetiriləcəkdir.
Diqqətinizə
görə təşəkkür edirəm!
Azərbaycan.-
2012.- 17 yanvar.- S. 1, 2, 3.