Azərbaycan Respublikasında 2012-ci ilin «İdman ili» elan edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasında idmanın
inkişafı ildən-ilə
geniş vüsət alır. Müstəqilliyimizi
əldə etdiyimiz vaxtdan bu günə
qədər Azərbaycan
idmançılarının müxtəlif səviyyəli
beynəlxalq yarışlarda
beş mindən artıq medala layiq görülməsi bunun əyani sübutudur, Olimpiya oyunlarında qazanılan 4
qızıl, 3 gümüş
və 9 bürünc
medal isə böyük
tarixi nailiyyətdir.
İdman sahəsində gerçəkləşdirilən
dövlət siyasəti,
Olimpiya ideallarının
təbliği, idmanın
maddi-texniki bazasının
möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində
ölkəmiz mötəbər
beynəlxalq idman yarışlarının keçirildiyi
məkana çevrilmişdir. Bakı
şəhərində bədii
gimnastika, güləş
və boks
üzrə dünya çempionatlarının, habelə
bu il futbol
üzrə qadınlar
arasında dünya çempionatının keçirilməsi,
paytaxtımızın 2020-ci ilin Yay Olimpiya
Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq
edir.
Ölkəmizdə idmanın inkişaf
etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi,
gənclərin müntəzəm
şəkildə idmana
cəlb olunması, əhalinin bütün təbəqələri arasında
sağlam həyat tərzinin formalaşdırılması,
yeni idman və Olimpiya komplekslərinin tikilməsi
zərurəti, eləcə
də idmançılarımızın
London Olimpiadasında, dünya
və Avropa çempionatlarında, rəsmi
beynəlxalq yarışlarda
yüksək göstəricilərinin
təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il Azərbaycan Respublikasında "İdman
ili" elan edilsin.
2. Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə birlikdə 2012-ci ilin Azərbaycan Respublikasında "İdman
ili" elan edilməsinə dair tədbirlər planını
hazırlayıb bir ay
müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar
2012-ci il
Azərbaycan.- 2012.- 17 yanvar.- S. 5.