İnsanlığa qarşı qanlı cinayət

 

20 Yanvar hadisələri yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymətini aldı

 

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda baş qaldırmış milli azadlıq hərəkatının genişlənməsi keçmiş Sovet İttifaqının rəhbərlərini ciddi şəkildə narahat etməyə başlamışdı. Kreml nəyin bahasına olursa-olsun Azərbaycan xalqını susdurmağa, onun tarixi hüquqlarını tanımadığını nümayiş etdirməyə çalışırdı. Dağlıq Qarabağ münaqişəsinin meydana çıxmasından sonra respublikada İttifaq rəhbərliyinə qarşı inamsızlıq daha da artdı və bu proses getdikcə güclənməyə başladi. Çünki bütün azərbaycanlılar imperiyanın soyuq münasibətini açıq şəkildə hiss edir baş verən proseslərin hansısa məkrli bir ssenarinin tərkib hissəsi olduğunu aydın başa düşürdülər. İttifaq rəhbərliyi Azərbaycan xalqının iradəsini sındırmaq, onun mübarizə əzmini zəiflətmək üçün bütün vasitələrdən istifadə edirdi.

Azərbaycana düşmən mövqe tutan qüvvələr gələcək planlarını rahat şəkildə həyata keçirmək üçün ilk növbədə xalqımızın proseslərə real təsir imkanlarına malik liderlərini aradan götürməyə çalışırdılar. 1987-ci ildə ulu öndər Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Kabineti sədrinin birinci müavini vəzifələrindən uzaqlaşdırılması da bu məqsədə xidmət edirdi. Təsadüfi deyildi ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməyə hesablanmış planlarının ilkin mərhələsi də məhz həmin hadisədən cəmi bir il sonra həyata keçirilməyə başlandı. Heydər Əliyevin siyasi nüfuzu və fövqəladə xarakter daşıyan keyfiyyətləri bu planın qarşısında ciddi bir maneə kimi dayanırdı. Ümummilli lider tutduğu vəzifələrdən istefa verdikdən sonra işğalçılar fəallaşmağa başladılar və bu, tezliklə Azərbaycanın böyük itkilər verməsinə gətirib çıxardı.

1989-cu ilin sonlarına yaxın Qafqazda vəziyyət daha da gərginləşdi və artıq 90-cı ilin əvvəllərində hadisələr katastrofik həddə çatdı. SSRİ rəhbərliyi vəziyyətə nəzarət edə bilmədiyi üçün respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldan xalqa açıq divan tutmaq yolunu seçdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən respublikaya  daxil olması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə xüsusi səfərbər edilmiş hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridildi. Ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olmasını istəyən, azadlıq, müstəqillik uğrunda mücadilə aparan, mərkəzin siyasətinə etiraz edən yüzlərlə dinc insan, o cümlədən uşaq, qoca, qadın qətlə yetirildi, yaralandı, itkin düşdü. Bir çox inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə böyük zərər vuruldu. Törədilmiş faciəni dünya ictimaiyyətindən gizlətmək məqsədi ilə radio-televiziya mərkəzinin enerji bloku partladıldı, Azərbaycan tam informasiya blokadasına salındı. SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində təkcə Bakı şəhərində 131 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı. Qeyd edək ki, bu tarixi cinayət hadisəsi artıq sovet imperiyasının müttəfiq respublikalara qarşı terrorçu mövqe tutduğunu sübut etməklə yanaşı, həm də mövcud totalitar quruluşun əsaslarının sarsıldığına işarə idi. Sovet ordusunun Bakıya hücumundan sonra İttifaqın bütün respublikalarında milli azadlıq hərəkatı daha da güclənməyə başladı.

Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 min nəfərlik Sovet ordusunun resrublikamızın raytaxtı Bakı şəhərinə yeridilməsi ilk növbədə insan hüquqlarına dair beynəlxalq sənədlərə, o cümlədən "İnsan hüquqlarının Ümumi Bəyannaməsi"nə, "Vətəndaş və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktlara, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarının kobudcasına pozulmasına dəlalət edirdi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Bu ordu hissələrinin tərkibinə Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi. Cinayəti ört-basdır etməyə və hərəkətlərinə hüquqi don geydirməyə çalışan o vaxtkı SSRİ rəhbərliyi həmin tədbirlərin "SSRİ Konstitusiyasının müddəalarına uyğunluğu", "insanların hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıdığını" iddia etsə də, həyata keçirilmiş aksiyanın qeyri-hüquqi, cinayət xarakterli olduğu hamıya bəlli idi. Keçmiş SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə əsasən, SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-nin müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə bütün ölkədə və ya onun ayrı-ayrı ərazilərində fövqəladə və ya hərbi vəziyyəti yalnız o halda elan edə bilərdi ki, bu məsələyə müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti tərəfindən baxılsın. Lakin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin bu məsələyə baxmasına imkan verilməmişdi.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz şəhərə daxil oldu və əhaliyə divan tutdu.

Hadisələrdən dərhal sonra - 1990-cı il yanvarın 21-də öz həyatını təhlükə qarşısında qoyaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev sovet rəhbərliyinin xalqımıza qarşı etdiyi bu zorakılığı pisləmiş, bunu bütöv bir xalqa qarşı həyata keçirilmiş qəsbkarlıq və cinayətkar hərəkət adlandırmış, bütün İttifaq rəhbərlərini kütləvi informasiya vasitələrinin gözü qarşısında ittiham etmiş, təcavüzə kəskin etirazını bildirmişdi: "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm" deyən ulu öndərin bu qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Bundan başqa, ulu öndər Rusiyanın Arxangelsk televiziyasına verdiyi müsahibədə ilk dəfə olaraq hadisələrə siyasi qiymət vermişdi. Etiraf etmək lazımdır ki, hələ Sovet İttifaqının yaşadığı bir dövrdə bu cür açıq bəyanatlarla çıxış etmək həyatını risk altına qoymaq demək idi, lakin ulu öndər heç nədən çəkinmədən belə bir addımı atdı və bu onun Azərbaycan xalqına sözün əsl mənasında ürəkdən bağlılığını təsdiqləyən  növbəti faktlardan biri idi.

Qanlı Yanvar faciəsi ilə əlaqədar Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlandığını bildirirdi. Ulu öndərin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1990-cı il tarixli ərizə oldu. Ümummilli lider Kommunist Partiyası sıralarından çıxmasına dair ərizəsində bu rejimin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan edirdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyayahüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil".

20 Yanvar faciəsi nəinki Azərbaycanı, hətta bütün dünyanı lərzəyə gətirmişdi, lakin respublika rəhbərliyi baş verənlərin üzərindən qəribə bir sükutla keçməyə üstünlük verirdi. Beləliklə də xalqın milli faciəsinə laqeyd münasibətini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlməməyə can atırdı. Ən qəribəsi isə o idi ki, hətta həmin hadisədən sonra Azərbaycan hakimiyyəti SSRİ-nin saxlanmasına dair referendum keçirməyə və onun nəticələrini Kremlin maraqlarına uyğun bir şəkildə saxtalaşdırmağa da cəsarət etdi. Tarix isə bu cür xəyanətləri bağışlamır. Çox keçmədi ki, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı terror aktına laqeyd bir sükutla cavab verənlər tarixin arxivinə atıldılar. Amma Heydər Əliyev hələ də mübarizənin ön sıralarında idi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ulu öndər 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət verən sənədin qəbul edilməsinə nail oldu.  Azərbaycan xalqının  ali hüquqlarına təcavüz aktı olan bu hadisəni parlamentin müzakirəsinə çıxardı və tezliklə Naxçıvanda bu faciəyə rəsmi münasibət ifadə edən hüquqi sənəd qəbul olundu.  1990-cı il noyabr ayının 21-də ümummilli liderin şəxsən özü tərəfindən hazırlanmış qərar layihəsi müzakirəyə verildi.

Sənəddə 20 Yanvar faciəsini törədənlər açıq şəkildə ifşa edilirdilər:  "Azərbaycan xalqının demokratiyamilli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır". Bundan başqa, qərarda cinayətin iştirakçıları və təşkilatçılarının adı da öz əksini tapdı.

Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Şübhəsiz ki, SSRİ-nin ən yüksək vəzifəli rəhbərlərini bütöv bir xalqa qarşı cinayətdə ittiham etmək o zaman çox böyük cəsarət və qətiyyət tələb edirdi və qəbul olunmuş qərarın bütün məsuliyyəti məhz ulu öndərin üzərinə düşürdü.

Qərar layihəsində Azərbaycana rəhbərlik edən qüvvələrin hadisəyə siyasi-hüquqi qiymət verməkdən çəkinməsi də ciddi etiraz doğurmuşdu və Naxçıvan Ali Məclisi respublika rəhbərliyindən təcili tədbirlər görməyi tələb edirdi. Çünki bununla bağlı Azərbaycan SSR Ali Sovetinin 20 Yanvar faciəsindən bir neçə gün sonra keçirilmiş iclası yarımçıq saxlanılmışdı və bu faktın özü respublikaya rəhbərlik edənlərin baş verənlərə münasibətini tam ifadə edirdi. Ümummilli lider Heydər Əliyev isə dövlət səviyyəsində Qanlı Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən sənədin qəbul edilməsi istiqamətində fəaliyyətini davam etdirirdi. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında xalqımızın böyük oğlu faciə ilə bağlı növbəti dəfə öz fikirlərini bildirərək ölkə rəhbərliyini konkret addımlar atmağa çağırdı: "Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir".

Bir müddətdən sonra, 1991-ci ilin 19 iyununda ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Kabinetinə məktub göndərərək faciənin səbəbkarlarının aşkar olunmadığını, əksinə, hadisələrin üstünü ört-basdır etmək üçün rəhbərliyin xüsusi canfəşanlıq göstərdiyini kəskin şəkildə pislədi, rəsmi Moskvadan qəti  addımlar atmağı tələb etdi. Lakin bundan sonra da faciənin günahkarlarının aşkarlanması üçün heç bir tədbir görülmədi. Elə həmin ilin avqustunda Heydər Əliyev bu məsələni respublika Ali Sovetinin sessiyasında yenidən qaldırdı. Ali Sovetin 19 avqust tarixli sessiyasında çıxış edən ümummilli lider  bir daha göstərdi ki, bu məsələ müzakirə olunmalıdır və parlament 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verməlidir.

Ulu öndər Heydər Əliyevin "Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır" tələbi onun bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi olmuşdur. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi böyük şəxsiyyətin fəaliyyətinin bütün sonrakı mərhələlərində də öz aktuallığını qoruyub saxlamışdır.

Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətini məhz ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aldı. Ümummilli liderin 1994-cü il 5 yanvar tarixli fərmanında qanlı aksiyanın respublika miqyasında geniş araşdırılıb ona hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Həmin il yanvarın 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclası oldu. İclasda çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli hüquqi-siyasi qiymət verilməsinin vacibliyini önə çəkdi.

Dövlət Komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi. Qeyd olunurdu ki, Bakıya qoşun yeridilməsi milli azadlıq hərəkatını boğmaqkommunist rejimini saxlamaq məqsədinə xidmət edib. Eyni zamanda, əsas məqsəd xalq hərəkatına zərbə vurmaq, istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olub. Bundan əlavə, qərarda faciənin günahkarları konkret adlarla göstərilirdi.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə sərəncamlar imzalamışdır. Ulu öndərin 17 yanvar  2000-ci il tarixli fərmanına əsasən, 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Eləcə də "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 15 yanvar 2003-cü il tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm xatirə kompleksi ucaldılmışdır. Ümummilli lider Heydər Əliyev xalqın qəhrəmanlığını yüksək dəyərləndirərək demişdir: "Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün, sizlər üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".

Ötən müddətdə respublikada 20 Yanvar hadisələri zamanı həlak olmuş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan olunmuş, şəhidlərin xatirəsinə xüsusi memorial kompleks ucaldılmış, ölkəmizin şəhər və rayonlarında xiyabanlar salınmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev xalqın faciələrinə daim xüsusi həssaslıqla yanaşaraq bütün çıxışlarında bildirir ki, bu qanlı aksiya sovet rejiminin qəddarlığını, saxtalığını və iflasa uğradığını bütün dünyaya bəyan etmiş, Sovetlər birliyinə inamı tamamilə puça çıxarmış, xalqın imperiya buxovundan qurtulmasına, azadlıq uğrunda mübarizlik əzminin möhkəmlənməsinə, xarici düşmən qarşısında və milli müstəqillik naminə bütün qüvvələrin birləşməsinə güclü təkan vermişdir: "20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu... Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir". Ölkə rəhbəri bu illər ərzində vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısı  Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edib.

XX əsr tarixində totalitarizmin ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycana qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. Qanlı qırğından 22 il keçməsinə baxmayaraq, o müdhiş gecəni hamı xatırlayır, ağrılarını yaşayır, bu fəlakətin baiskarlarına dərin nifrətini bildirir. Hər il milyonlarla insan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.-17 yanvar.- S. 6.