Azərbaycanla İraq arasındakı dostluq
münasibətlərinin tarixi kökləri
var
Yanvarın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İraq Respublikası parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə İraq arasındakı dostluq münasibətlərinin qədim tarixi kökləri var. Əminik ki, sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni təkan verəcəkdir.
Dövlətlər və xalqlar arasında əməkdaşlığın genişlənməsində qanunverici orqanların rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, Milli Məclisdə Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılmışdır. Azərbaycan parlamenti iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafını dəstəkləyir. İş adamlarımız da İraq iqtisadiyyatının dirçəlməsinə yardımçı olmağa hazırdırlar.
Milli Məclisin spikeri Azərbaycanın dinamik inkişafı, beynəlxalq münasibətlərdəki yeri və rolu, Dağlıq Qarabağ problemi barədə qonağa ətraflı məlumat vermişdir. Oqtay Əsədov demişdir ki, artıq 20 ildir ki torpaqlarımızın bir hissəsi işğal altındadır. Bununla bağlı müxtəlif beynəlxalq təşkilatlar qətnamələr qəbul etsə də, hələ də onlara əməl olunmur. O, İraqın bu məsələdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini yüksək dəyərləndirmişdir. Parlamentin sədri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına daimi üzv seçilməsi zamanı göstərdiyi dəstəyə görə İraq hökumətinə və xalqına minnətdarlığını bildirmişdir.
İraq Respublikası parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi göstərilən qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirdi. O, Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etdi. Dedi ki, İraq dövləti və xalqı qardaş və dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Səfərin əsas məqsədi bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. Dövlətlərimiz arasındakı münasibətlərin genişlənməsində parlamentlərin rolu böyükdür. Ümid edirik ki, bu əlaqələr nəticəsində iqtisadi-ticarət dövriyyəmiz daha da genişlənəcək.
Görüşdə parlamentlərarası əlaqələrin
inkişaf perspektivləri,
qarşılıqlı səfərlərin təşkili, iş adamlarının sərmayə qoymaq imkanları və digər məsələlər
ətrafında geniş fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 18 yanvar.- S. 1.