Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının VIII konfransı olmuşdur

 

Yanvarın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının VIII konfransı keçirilmişdir.

Təşkilatın sədri professor Fikrət İsmayılov hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, partiya Azərbaycan tarixinin çox gərgin bir məqamında yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin YAP-a rəhbərlik etməsi partiyanın siyasi nüfuzunu qısa zamanda artırmışdır. 1993-cü ildə Azərbaycan xalqının  təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən inkişaf yoluna qədəm qoymuşdur.

Professor F.İsmayılov YAP-ın Yasamal rayon təşkilatının son beş ildə gördüyü işlər haqqında məlumat verərək bildirmişdir ki, hazırda partiyanın rayon təşkilatının 25 mindən artıq üzvü vardır.

Sonra məruzə ətrafında çıxışlar olmuş və YAP Yasamal rayon təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov da ölkədə həyata keçirilən abadlıq və quruculuq işlərindən, Azərbaycanın qazandığı diplomatik uğurlardan danışmışlar.

Təşkilati məsələyə baxıldıqdan sonra professor Fikrət İsmayılov yenidən YAP Yasamal rayon təşkilatının sədri seçilmişdir.

Sonda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-18 yanvar.- S. 2.