Azərbaycan ilə
Gürcüstan strateji
müttəfiqdirlər
Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin sədr müavini Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.
Komitənin sədri Səməd Seyidov xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi ənənələrə, qədim köklərə malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, eyni zamanda, strateji müttəfiqdirlər. Dövlət başçılarının siyasəti nəticəsində əlaqələrimiz daha da güclənir. Beynəlxalq təşkilatlarda hər iki dövlətin eyni mövqedən çıxış etməsi yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərimizin bariz nümunəsidir.
S.Seyidov hər iki ölkənin ərazi bütövlüyünün pozulduğunu, Azərbaycanda 1 milyondan, Gürcüstanda isə 500 mindən çox qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, beynəlxalq ictimaiyyət bu insanların problemləri ilə az maraqlanır. Bu məsələdə dövlətlərimiz bir-birlərinə dəstəyi daha da gücləndirməlidirlər.
Fridon Todia xalqlarımızın sadəcə qonşu deyil, yaxın dost olduğunu diqqətə çatdırmış, Gürcüstanın hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini xüsusi vurğulamışdır.
Görüşdə ölkələrimiz arasında mədəni, sosial, iqtisadi, elm və təhsil sahələrində əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.-18 yanvar.- S. 2.