Azərbaycan-Gürcüstan əlaqələri strateji xarakter daşıyır

 

 Bakıda səfərdə olan Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Todua yanvarın 17-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası  əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

İşçi qrupun rəhbəri Qənirə Paşayeva demişdir ki, Gürcüstan Azərbaycan üçün yaxın dost və tərəfdaş ölkədir. Bildirilmişdir ki, beynəlxalq qurumlarda eyni mövqedən çıxış etməyimiz iki ölkə rəhbərinin həyata keçirdiyi strateji tərəfdaşlıq siyasətinin nəticəsidir. Əməkdaşlığımızın tarixi kökləri haqqında məlumat verən Q.Paşayeva hər iki dövlətin üzləşdiyi işğal və qaçqın probleminin həlli üçün səylərimizi birləşdirməyin vacibliyini vurğulamışdır.

Fridon Todua Bakıya iki il əvvəl gəldiyini və ötən müddət ərzində ölkəmizin daha da inkişaf etdiyini söylədi. O, iki xalqın tarix boyu eyni mövqedən çıxış etdiyini xatırladaraq bütün məsələlərdə yenə də bir olacağını, Azərbaycanın gürcü xalqı üçün yaxın dost olduğunu qeyd etmişdir. Dövlətlərimizin tezliklə öz ərazi bütövlüyünü bərpa edəcəklərinə əmin olduğunu bildirmişdir.

Görüşdə ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin günü-gündən inkişaf etdiyi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 yanvar.- S. 2.