Azərbaycanda və
İraqda mövcud olan tolerantlıq bütün
dünyaya bir nümunədir
Azərbaycanda səfərdə olan İraq Parlamentinin nümayəndə heyəti yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüşdür.
Komitənin sədri Səməd Seyidov iraqlı qonaqların Azərbaycana səfərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasında qədim tarixi əlaqələr mövcuddur. Azərbaycan və İraqda mövcud olan tolerantlıq bütün dünyaya bir nümunədir. Bu gün ölkələrimiz terrora qarşı fəal mübarizə aparırlar.
S.Seyidov rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat vermiş, ölkəmizdə həyata keçirilən islahatların, qanunvericilik bazasının yaradılmasında parlamentin əhəmiyyətli rol oynadığını qeyd etmiş, Azərbaycanın İraqla parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulamışdır. Komitə sədri nümayəndə heyətinin beynəlxalq təşkilatlarda birgə fəaliyyətini yüksək dəyərləndirmişdir.
İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi iqtisadi, mədəni, humanitar sahələrdə, həmçinin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əməkdaşlığın əhəmiyyətindən danışmış, beynəlxalq təcrübəyə əsaslanan demokratik cəmiyyətin qurulmasının vacibliyini qeyd etmişdir.
Qonaq Azərbaycanda yüksək inkişafın, tərəqqinin şahidi olduqlarını, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinin əhəmiyyətini xüsusi vurğulamış, nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdirəlayiq hesab etmişdir.
Görüşdə Azərbaycan-İraq münasibətlərinin xalqlarımızın mənafeyi naminə bundan sonra da dostluq və əməkdaşlıq müstəvisində inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 18 yanvar.- S. 2.