İraq Azərbaycanla əlaqələrin genişlənməsinə maraqlıdır

 

 Yanvarın 17-də Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan İraq Respublikası parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

İşçi qrupunun rəhbəri İlham Məmmədov demişdir ki, Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu ölkə ilə münasibətlər daha da inkişaf etmişdir. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirmişdir. O, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmış, ölkəmizə budəfəki gəlişlərinin əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

İlham Məmmədov daha sonra ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın daha sürətlə inkişafına ciddi mane yaradan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. O, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirmişdir.

İraq Respublikası parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Dedi ki, bu, onun Azərbaycana ilk səfəridir. Ölkəmizdə dinamik inkişafın şahidi olduqlarını vurğulamış və İraqın Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına maraq göstərdiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan və İraqın ortaq tarixi var. İraq nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi iki ölkə  arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, əlaqələrin inkişaf etdirilməsidir. Əlbəttə, bunda parlamentlərin, xüsusən də dostluq qruplarının rolu böyükdür.

Komitə sədri azərbaycanlı iş adamlarını İraqa sərmayə qoymağa da dəvət etmişdir.

Sonra görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2012.- 18 yanvar.- S.  2.