RF XİN rəhbərinin müavini: Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktı onun beynəlxalq aləmdə rolunun tanınmasına dəlalət edir

 

 Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov AzərTAc-a məxsusi müsahibəsində demişdir: "Rusiya Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini müsbət qiymətləndirir". O xüsusi vurğulamışdır ki, Rusiya Azərbaycanın seçilməsinin lehinə səs vermişonun namizədliyini dəstəkləmişdir.

O demişdir: "Azərbaycanlı dostlarımız Təhlükəsizlik Şurasına gələn ərəfədə biz onlarla xüsusi məsləhətləşmələr apardıq və BMT-də birlikdə həll etməli olacağımız məsələləri onlarla müzakirə etdik. Praktiki olaraq bütün məsələlərə bizim yanaşmamız eynidir, şuranın gündəliyində olan problemlərin həllini biz eyni şəkildə başa düşürük və hər şeydən görünür ki, Nyu-Yorkda bizim nümayəndə heyətləri arasında kifayət qədər yaxşı, konstruktiv və faydalı qarşılıqlı əlaqələr yaranmışdır. Ümid edirəm ki, bu əlaqələr gələcəkdə də davam edəcəkdir".

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov demişdir: "Şübhə yoxdur ki, bu hadisə Azərbaycanın imicinə və nüfuzuna müsbət təsir göstərəcəkdir. Vurğulamaq istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktı Azərbaycanın BMT çərçivəsində fəallığına dəlalət edir. Əlbəttə, bu, müsbət məqamdır və bütün dünyada Azərbaycanın nüfuzunu xeyli artırır".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2012.- 18 yanvar.- S. 2.