Milli azadlıq hərəkatının
zirvəsi
1990-cı il yanvarın 20-də Bakıda tarixin ən dəhşətli gecələrindən biri yaşandı. Xalqın istiqlal ruhunu qanla boğmaq istəyi ilə silahlanmış imperiya cəlladları Azərbaycan paytaxtında dinc əhaliyə qarşı qətliam törətdilər. Yüzlərlə vətəndaş öldürüldü, ağır yaralandı, itkin düşdü.
1980-ci ilin ikinci yarısında keçmiş SSRİ-də hakimiyyət başına gələn M.S.Qorbaçovun Azərbaycana, xalqımıza düşmən münasibəti ağır nəticələrə səbəb oldu. M.S.Qorbaçov tərəfindən respublikaya rəhbər vəzifəyə göndərilən, milli hislərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin "səyləri" nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi. Azərbaycan xalqının milli azadlıq mübarizəsi ruhunu sındırmaq üçün yanvarın 20-də Bakıda qırğın törədildi. Ə.Vəzirov Azərbaycandan qaçdıqdan sonra hakimiyyətə gətirilən A.Mütəllibov da imperiya mənafeyinə uyğun siyasət həyata keçirirdi. Xalq hərəkatı dalğalarında meydana gələn Xalq Cəbhəsinin səriştəsiz liderləri ilə A.Mütəllibov qrupu arasında hakimiyyət uğrunda gedən mübarizə ölkəni xaos və anarxiya vəziyyətinə salmışdı.
Bakıdakı qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev mərkəzin Bakıda keçirdiyi vəhşiliyə qarşı kəskin bəyanat verdi, bu cəlladlığı pislədi. Mixail Qorbaçovun əli ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, sözün həqiqi mənasında, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi. Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilir. Ona görə də bu dahi insanın Mixail Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, ulu öndərin bu qətiyyətli mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.
Bir müddətdən sonra isə Heydər Əliyev Sov.İKP sıralarını tərk etdi. Müsahibələrinin birində ulu öndər özünün partiya ilə əlaqələrinin qırılmasını belə izah etmişdir: "Mən Kommunist Partiyasına xeyli güc və eneryi sərf etmişəm. Mən SSRİ-nin rəhbərlərindən biri olmuşam. Lakin əmin olanda ki bu quruluşun məhvi labüddür, partiya dönükdür və açıq-aydın xalqın əleyhinədir, mən onun sıralarını heyifsilənmədən tərk etdim. Azadlıq və demokratiya ideallarına xidmət naminə tərk etdim".
Artıq Heydər Əliyev Moskvada qala bilməzdi. Ulu öndəri ölkənin gələcək müqəddəratının həll olunduğu vətən, coşqun siyasi hadisələrin mərkəzi özünə çəkirdi. Ulu öndərin heç bir vəzifəsi olmadığı və fəal siyasətdən kənarda qaldığı illərdə hörmət və ehtiramla qarşılanan növbəti addımı onun Moskvadan Azərbaycana qayıtmaq barədə qərarı idi. Azərbaycan həmin dövrdə çox ağır günlərini yaşayırdı. SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də ümummilli lider Heydər Əliyev həmin çətin məqamda öz xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Hətta ulu öndərin siyasi dəst-xəttinə və dövlətçilik təcrübəsinə açıq rəğbət göstərən tanınmış yazıçı Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə Heydər Əliyevə xəbərdarlıq edilmişdi. Ancaq böyük siyasətçinin öz xalqına inamı, eyni zamanda xalqa bağlılığı tam qarşılıqlı idi. Xalq ona inanır və hər zaman öz böyük oğlunu bütün təhlükələrdən qorumağa hazır olduğunu bildirirdi. Məhz həmin inamın nəticəsində Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində təyyarə ilə Bakıdan Naxçıvana getməyə məcbur oldu. Bu, böyük qayıdışın başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdışı idi.
Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik ideyasının bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk etdilər; ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin tarixin milli matəm günü kimi qeyd olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi barədə tarixi qərarlar qəbul olundu.
20 Yanvar faciəsinə dovlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Ulu öndərin tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə cıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.
"20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci il tarixində "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ Silahlı Qüvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş şəxslərə "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.
1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.
Ümummilli lider Heydər Əliyevin ölkəmizin ağır vəziyyətində xalqın çağırışına səs verərək ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi. Böyük öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və mahir idarəetmə qabiliyyəti sayəsində Azərbaycan fəlakətdən qurtardı, qısa müddətdə siyasi, iqtisadi sabitlik təmin edildi, respublikamız dinamik inkişaf yoluna çıxdı.
E.HACIALIYEV
Azərbaycan.- 2012.- 18 yanvar.- S. 4.