Birlik, həmrəylik günü

 

20 Yanvar - Qanla yazılmış tarix!

20 Yanvar - Azadlıqdan,

istiqlaliyyətdən keçən gün!

20 Yanvar - Xalqımızın qürur

iftixar mənbəyi!

20 Yanvar - And yerimiz!

 

 Hər bir tarixi hadisə, onun ictimai mahiyyətindən asılı olaraq, xalqın yaddaşına  o zaman yazılır ki, o, sənət əsərlərinin mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələr, istər müharibələr, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi  yaradıcı övladları həmin hadisəni  bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.

Xalqımızın qan yaddaşına yazılan belə hadisələr az olmayıb. 20 Yanvar 1990-cı il tarixiyaddaşlara məhz qanla yazıldı. Təbii ki, imperiya caynaqlarından qurtarmaq o qədər də asan deyil. Azadlığın verilmədiyi və zorla, qan bahasına alındığını da bura əlavə etsək,  deyə bilərik ki, 20 Yanvar xalqımızın  yaşadığı müsibətlər və  facilər silsiləsindən biri olsa da, əslində, qüruriftixar mənbəyi, haqq hayqırtısı, milli oyanış, birlik, həmrəylik günüdür!

Ulu öndər Heydər Əliyev hələ 1995-ci il yanvar ayının 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində  keçirilən "Qanlı Yanvar" rəssamlıq sərgisində  çıxışı zamanı demişdir: "20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə  kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər, bu ondan irəli gəlir ki, biz Yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər".

20 Yanvardan ötən  22 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürsən. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda  apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa "Azadlıq" yazan şəhidlərimiz imperiyanın  vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsani, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın  mübarizliyini, əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının hər vaxt ziyarət yerinə çevrilməsi də məhz buradan irəli gəlir.

Bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində də 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə də daha canlı, qanlı və obrazlı təsvir edildi.

Təsviri sənətin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, "İstiqlal" ordenli xalq rəssamı Mikayıl Abdullayev rənglərin dilinisirrini bilən, öz yaradıcılığı ilə klassikmüasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olan fırça ustasıdır. Bu görkəmli sənət korifeyi 1992-ci ildə yaratdığı "Nakamların dəfni" əsəri ilə bir daha 20 Yanvar faciəsinin zaman-zaman unudulmayacağını göstərdi. Hər il, bir qayda olaraq, istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgisi keçirilir  demək olar ki, bu, silsilə xarakteri daşıyır. Ötən il  İstiqlal Muzeyində 20 Yanvara həsr edilmiş sərgidə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, bu əsərlərin bəziləri rəssamların özlərindən alınaraq muzeyin fonduna daxil edilib və müxtəlif sərgilərdə  nümayiş etdirilir: "Xalq yaxşı günləri  yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biribu əsərlərdir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər və asanlaşar".

Həmin sərgidə 20-yə yaxın müəllifin 28 qrafika və boyakarlıq, 3 heykəltəraşlıq  əsərləri nümayiş etdirilmişdir ki, onların hər biri vətənə, xalqa, onun tarixinə və faciələrinə vətənpərvərlik hissi aşılayırdı.

Dəfələrlə qeyd edildiyi kimi, 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı  təcavüzdür.

19 yanvar - şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. İmperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu altında əriyib yoxa çıxdı. Oğul və qızlarımız tankların, ağır texnikanın, cəlladların təpikləri altında xıncım-xıncım olsa da, qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı və tarixləşdi, heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi.

Görkəmli fırça ustası Rasim Babayevin "Təcavüz", rəngkar Hacırza Fərzəliyevin "Ağlı-qaralı dünya", Fikrət İbrahimovun "Gələcək naminə", Həmzə Abdullayevin "Çərxi-fələk", İsmayıl İsmayılovun "Haqq tərəzisi", "Qafar Seyfullayevin "Öncə Vətəndir...", Asim Səmədovun "Ruhlar" və s. tablolarda qanlı şənbə gecəsinin ağrı-acılı  yaşantıları yaddaqalan öz bədii ifadəsini tapıb desək, daha doğru olardı.

Qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort", Fəxrəddin Əliyevin "Qara yanvar" və Arif Ələsgərovun "20 Yanvar" əsərləri də xalqımızın  imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, yaddaşımızı silkələyən və daim ayıq-sayıq olmağa səsləyən əsərlər sırasındadır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahim deyir ki, 20 Yanvar faciəsi təsviri sənətin əbədi  mövzularından biridir: "Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalacaq. Xalq rəssamları mərhum Mikayıl Abdullayev, Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki bütün rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər".

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, faciəyə ilk münasibət bildirib. O, bu mövzuya həsr etdiyi əsəri hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. "Şəhidlər" adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə  çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki,  rəssamlığa  həvəsi olan uşaqlar da adıçəkilən mövzuya daha çox maraq göstərirlər.

Qeyd etməliyik ki, tarixi yaşadan bütün incəsənət əsərlərində 20 Yanvar öz təcəssümünü tapıb. Respublikanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş sənət əsərləri, o cümlədən heykəltəraşlıq nümunələri olan xatirə kompleksləri ucaldılıb. Bakı şəhərinin Yasamal rayonu ərazisindəki  "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılan memorial abidə memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir DadaşovAzad Əliyevdir) kompleksləri və  s. buna parlaq misal ola bilər. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı şəhid olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvarla bağlı  söylədiyi "1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərindən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" fikri qızıl hərflərlə həkk edilib.

Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ  olunur.

20 Yanvar faciəsi, təbii ki, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz  əksini tapır. Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbinin  ibtidai sinif şagirdlərindən Lalə Babayevanın "20 Yanvar", Fatimə Əbilovanın "Dünya göz yumur", Sevinc Məmmədovanın  "Ana fəryadı", Elvin Şahməmmədovun "Sovet ordusunun Bakıya basqını", Ülkər Əmirovanın "Erməni qəddarlığı",  Ülkər Əliyevanın  "Erməni vəhşiliyi" adı ilə təqdim olunan rəsm əsərləri bir daha onların vətənpərvər hislərlə yaşadığını və bu mövzunun onlar üçün müqəddəs olduğunu təsdiqləyir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 18 yanvar.- S.  4.