Baş Prokurorluğun
nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 290 illiyinə
həsr olunmuş tədbirlərdə iştirak etmişdir
Azərbaycan
Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik
etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının
Baş prokuroru Yuri Çaykanın dəvəti ilə
yanvarın 11-dən 13-dək Rusiya Federasiyasında səfərdə
olmuşdur.
Baş
Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, səfərin məqsədi Rusiya
Prokurorluğunun yaranmasının 290 illiyinə həsr
olunmuş tədbirlərdə iştirak etmək olmuşdur.
Səfər çərçivəsində yanvarın 12-də Azərbaycanın Baş prokuroru rusiyalı həmkarı ilə görüşmüşdür. Rusiya Prokurorluğunun yaranmasının ildönümü münasibətilə Y.Çaykanı təbrik edən Baş prokuror Z.Qaralov dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd etmişdir. Azərbaycan Respublikasında son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulamış, məhkəmə-hüquq sisteminin, habelə prokurorluq orqanlarının müasirləşdirilməsinə yönəlmiş məqsədyönlü tədbirlər barədə ətraflı məlumat vermişdir.
Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirən Y.Çayka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirmiş, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəflər arasında mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Baş prokuror Z.Qaralov daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kupers, Avstriyanın Baş prokuroru Fabrisiy Ernst Yoqen, Almaniya Federativ Respublikası Federativ Ali Məhkəməsinin federal Baş prokuroru Harald Ranqe, Ukraynanın Baş prokuroru Viktor Pşonka və Belarusun Baş prokuroru Aleksandr Konyukla görüşmüşdür. Görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılmış, cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq və hüquqi yardım məsələləri müzakirə edilmişdir.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə keçirilmiş görüş zamanı Baş prokuror Z.Qaralov Azərbaycan Prokurorluğu orqanlarında son dövrlər həyata keçirilmiş islahatlar, müasir informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən "Elektron sənəd dövriyyəsi" proqramının tətbiqi, "Elektron cinayət işi" layihəsi, Baş Prokurorluqda və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində fəaliyyət göstərən "Qaynar xətt" əlaqə mərkəzlərinin işinin səmərəliliyi barədə ətraflı məlumat vermişdir.
Görüşdə həmçinin
konkret cinayət işlərinin
istintaqı ilə bağlı fikir
mübadiləsi aparılmış, eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə
Rusiya Federasiyasının İstintaq
Komitəsi arasında 2010-cu il
sentyabrın 28-də imzalanmış Əməkdaşlıq
Proqramının hər iki ölkənin
hüquq-mühafizə orqanları üçün
mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli
münasibətlərin və hüquqi əməkdaşlığın
inkişafına töhfə verdiyi xüsusi vurğulanmışdır.
Azərbaycan.- 2012.- 18 yanvar.- S. 5.