Hollandiyada ermənilərin növbəti təxribatının qarşısı alınmışdır

 

 Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvarın 11-dən 15-dək Utrix şəhərində Beynəlxalq Turizm Sərgisi keçirilmişdir.

Sərgidə ermənilər Hollandiya ictimaiyyətini aldadaraq Ermənistana aid guşədə növbəti dəfə heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası"na turizm səfərlərinin təşkili ilə bağlı materiallar nümayiş etdirməyə cəhd göstərmişlər. Amma hər il olduğu kimi bu dəfə də onların təxribatlarının qarşısı alınmışdır.

Niderland Krallığının Xarici İşlər Nazirliyinin strukturuna daxil olan "CBJ" təşkilatı sərginin açılmasına bir neçə gün qalmış Ermənistanı təmsil edən turizm şirkətlərini xəbərdar edərək "Dağlıq Qarabağ Respublikası" haqqında hər hansı bir məlumatın sərgidə nümayiş etdirilməsinin qətiyyən yolverilməz olduğunu bildirmişlər.

Xəbərdarlığa əhəmiyyət verməyən ermənilər öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərmişlər. Amma onların niyyətləri baş tutmamışdır. Ermənistan guşəsini daima nəzarətdə saxlayan BAK-ın üzvləri ermənilərin təxribat hərəkətləri barədə "CBJ" təşkilatının rəhbərliyinə dərhal məlumat verərək Dağlıq Qarabağa dair eksponatların guşədən çıxarılmasına nail olmuşlar.

"CBJ" təşkilatının rəhbərliyi erməniləri bu cür "təşəbbüsə"  təkrar yol verəcəkləri təqdirdə belə, sərgilərdə iştiraklarının sual altında qalacağını diqqətə çatdırmışlar.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

 

Azərbaycan.- 2012.- 18 yanvar.- S.  6.