Geosiyasət: müasir dünyanın yaşam
tərzi və sabahı
Əsrlərin qovuşuğunda dünyada baş verən sosial-iqtisadi, mədəni, siyasi transformasiyalar dövlətlərarası münasibətlərin mənzərəsini əsaslı şəkildə dəyişdirmişdir. Qloballaşma transsərhəd anlayış olaraq planetar təsərrüfat sistemi, qlobal informasiya və maliyyə məkanı, beynəlxalq təşkilatlar, mədəniyyətlərarası dialoq kimi reallıqlar şəklində özünü təsdiqlədi. Gözlərimiz önündə dəyişən prosesləri izləmək və dəyərləndirmək, nəzəri cəhətdən əsaslandırmaq çox müxtəlif elm sahələrində cavabsız sualların sayını da çoxaltdı.
Artıq siyasi leksikonda öz işləklik tezliyi ilə xarakterizə olunan "geosiyasət" termini də vətəndaşlıq hüququ qazandı və bu sahəyə nəinki xarici siyasət, diplomatiya, beynəlxalq münasibətlər sferasında çalışanların, bütövlükdə, cəmiyyətin hər bir üzvünün marağı xeyli dərəcədə artdı. Bu da təbiidir. İnsan cəmiyyətin subyekti olaraq öz informasiya ehtiyaclarını ödəməkdə geniş imkanlar qazandığından həm daxili siyasətdəki proseslərə, həm də ölkədən kənarda yaxın və uzaq meridianlardakı olaylara biganə qala bilməz. Ancaq etiraf olunmalıdır ki, "soyuq müharibə" dövründən sonra olduqca mürəkkəb siyasi mənzərənin formalaşdığı dünyada hər şeyi olduğu kimi dərk etmək və düzgün nəticə çıxarmaq o qədər də asan deyil.
Beynəlxalq münasibətlərin inkişafının bütün mərhələlərində nəzəriyyəçilərin yan ötmədiyi problemlərdən biri də məkan problemidir. Bəsit anlamda geosiyasət məhz insan və məkan vəhdəti kimi formalaşan elm şəklində təsvir olunur və bu təsəvvürlər geosiyasəti əsl fikir ayrılıqları poliqonuna çevirir. Bugünün özündə də nisbətən gənc və hələ də sona qədər formalaşmayan geosiyasət elminin fundamental istiqamətləri siyasi coğrafiyanın təsirindən uzaqlaşa bilmir. Çağdaş geosiyasət, klassik geosiyasətdən fərqli olaraq, yalnız "yaşama məkanı" uğrunda mübarizə elmi olaraq qalmır. Geosiyasəti haqlı olaraq etno-milli, dini, mədəni və digər sosial proseslərin fiziki-coğrafi və siyasi-coğrafi xüsusiyyətlərini öyrənən bir elm sahəsi kimi göstərən professor Novruz Məmmədov əsas diqqəti onun baza müddəalarına, xüsusən də məkan üzərində nəzarət probleminə yönəldir. İnsan və məkanın inkarolunmaz vəhdətinin əski çağlarda özünü təsdiqləyən imperativləri hazırda özünəməxsus və səciyyəvi dəyərlər kimi diqqəti çəkir.
Azərbaycan oxucusunun, bütövlükdə, geosiyasətlə bağlı bilgilərinin yetərli olmadığı indiki dövrdə öz dilimizdə professor Novruz Məmmədovun müəllifi olduğu "Geosiyasətə giriş" ("Azərbaycan" nəşriyyatı, 2011-ci il) ikicildliyinin işıq üzü görməsi bu elm sahəsi ilə bağlı boşluqların doldurulmasında son dərəcə əhəmiyyətlidir. Geosiyasət, müəllifin dili ilə desək, dünyabaxışıdır və müxtəlif elmi (coğrafi, iqtisadi, hərbi, siyasi, informasiya və s.) müstəvilərdə ölkələrin və xalqların yaşamının bütöv epoxalarını dəyərləndirməyə, gələcəyini cizgiləməyə xidmət edir.
Yuxarıda qloballaşmanın bəşəri mahiyyətini açıqladıq. Yalnız onu əlavə etmək istərdik ki, sürətli informasiya mübadiləsinə qanad verən müasir texnologiyalar (daha çox internet) ənənəvi kitab məfhumuna öz təsirini göstərsə də, dövrün sınaqlarını yaşamış kitabları bu gün də öz bəşəri missiyasını ləyaqətlə yerinə yetirir və bilik mənbəyi olaraq qalır. Məhz bu ucalığına görə kitab, sözün həqiqi mənasında, müqəddəsdir. Professor Novruz Məmmədovun ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi "Geosiyasətə giriş" əsəri yuxarıda sadaladığımız bütün keyfiyyətləri özündə ehtiva edir.
Haqqında söhbət açdığımız kitaba gəldikdə, ilk növbədə demək lazımdır ki, bu nəşr geosiyasət sahəsində Azərbaycan dilində çap olunan azsaylı kitablar arasında dolğun məzmuna, bitkin tərtibata malikdir. Bunun üçün kitabın bir neçə səhifəsini vərəqləmək kifayətdir. Bu kitabda yazılanlar bəlkə də çoxumuzun ilk dəfə rastlaşdığımız xəritələr, sxemlər və diaqramlarla tamamlanır. Bu tipli tərtibat çətin və zəhmətli olsa da, oxucunun kitabla təmasını xeyli asanlaşdırır və məlumatları yaddaqalan edir. Müəllif çox müxtəlif elmi-tədqiqat mərkəzlərinin, strateji araşdırma institutlarının hazırladığı əyaniliyin istinad olunduğu mənbələri göstərməklə geosiyasət problemlərinə biganə olmayan insanların, gələcək tədqiqatçıların, tələbə, müəllim və doktorantların üzünə zəngin bir xəzinənin qapılarını açır. İstənilən məqamda həmin mənbələrə çıxışa təminat yaradan iqtibaslar bütövlükdə müəllifin çiynini son dərəcə ağır yükün altına verdiyini aşkar təsdiqləyir.
İkincisi, kitabı cəlbedici edən cəhət müəllifin səlahiyyətliliyidir. Bu dərəcədə çətin və ziddiyyətli bir sahəyə baş vurmaq və belə sanballı bir əsəri ortaya qoymaq üçün məhz bu problemlərin içində olmaq, onları duymaq və dərk etmək tələb olunur. Gündəlik fəaliyyətinin bütün hissəsi geosiyasət koordinatlarından kənar olmayan Novruz Məmmədov, düşünürəm ki, bu kitabı yazmağa borclu idi və yaxşı ki, bunu edə bilib. Bu mənada, mahiyyətini açmağa səy edəcəyimiz "transsərhəd məkan" anlayışı da XXI əsrin astanasında yeni məzmun və mahiyyət daşıyan bir anlayış kimi maraq doğurur.
Üçüncusü isə odur ki, kitabın bütün fəsillərində və bölmələrində yaxın və uzaq xaricdə mövcud olan nəşrlərdən fərqli olaraq, müəllif dilimizdə çox da uğurlu səslənməyən termin və anlayışları özünəməxsus şəkildə interpretasiya etmiş və onlara, bir növ, "vətəndaşlıq" verə bilmişdir. İnnovasiyalı şərh zaman və məkan daxilində olayların çağdaş palitrasını yaratmaq baxımından da maraqlıdır.
Kitabın birinci cildi müasir geosiyasət nəzəriyyələri və onların baniləri haqqında zəngin məlumatları əks etdirir. Adları siyasi, fəlsəfi və politoloji qaynaqlarda böyük hərflərlə yazılan alman Ratsel, isveçli Çellen, xüsusən də ingilis Makinder və başqalarının geosiyasət haqqında ilk əsərlərinin mahiyyətini şərh edən müəllif bütün hallarda öz düşüncələrini də oxucu ilə bölüşür. Nə səbəbdən geosiyasəti "şarlatanlıq" kimi qələmə verirdilər? Bunun üçün alman geosiyasətçisi Karl Haushoferin Hitlerlə kifayət qədər yaxınlığı və ona "mənəvi qida" verməsi ehtimalı nə dərəcədə elmi əsasa malikdir? Təbii ki, suallar yetərincədir və bunların cavabını almaq arzusunda olan hər kəs Novruz Məmmədovun sözügedən kitabına üz tutmalıdır.
Müəllifin seçdiyi kommunikativ strategiya və yaradıcılıq texnologiyası həm retrospektiv, həm də məntiqi sistemlidir və bu yüksək peşəkarlıq hər səhifədə özünü daha aydın büruzə verir.
Bugünün oxucusu tələbkardır, həssasdır və məlumatlıdır. Qloballaşan dünyanın virtual məkanında əslində məkansızlaşan informasiya insanların ən böyük ehtiyaclarından biri olsa belə, müəllifin məqsədi oxucunu inandırmaq və düşündürməkdir.
Qərb və Rusiya geosiyasətçilərinin yan ötdüyü, bəzi hallarda isə qısqanclıqla müraciət etdiyi Türkiyə amilinə əsərdə geniş yer ayrılması böyük rəğbət doğurur. Yalnız Azərbaycan-Türkiyə münasibətləri baxımından bu gün Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və Cənubi Qafqazdakı olaylar fonunda Türkiyənin geosiyasətinə işıq tutmamaq mümkünsüzdür. Mustafa Kamal Atatürkdən qaynaqlanan türk avrasiyaçılığının müasir dövrdəki gerçəkliklərinə qənim kəsilənlərə müəllif layiqli cavab verməklə ulu öndər Heydər Əliyevin "Bir millət-iki dövlət" məfkurəsinə sadiqliyini tamamlamışdır. Türkiyənin çağdaş xarici siyasətinin etibarlı platformada qərarlaşdığı hər birimiz üçün önəmlidir. Əslində, müəllifin qardaş ölkənin geosiyasəti ilə bağlı düşüncələri hələ ki öz sıralarında Türkiyəni görmək istəməyən "Böyük səkkizlər"ə (G-8) əsl mesajdır. Çağdaş dünya nizamında yeri və rolu aydın görünən Türkiyəyə münasibətdə çox şeyin dəyişəcəyi uzaqda deyil. Bu mənada Novruz Məmmədovla razılaşmamaq məntiqi düşüncədən kənardır.
Geosiyasətdən söz getdiyi üçün öncə dünyanın supergüclərindən olan ABŞ-ın xarici siyasəti diqqəti çəkir. Etiraf olunmalıdır ki, dünya siyasətində Amerika amili həmişə aktual olmuşdur, bu gün də aktualdır.
"Geosiyasətə giriş" əsərində də bu ənənə qorunmuşdur. Məhz bu dövlətə və onun tarixi inkişafının son 100-150 ildəki hadisələrinə münasibətilə müəllif amerikaşünaslığın çox incəliklərini araya gətirməyə müvəffəq olmuşdur. Bəzən bizdə belə bir arxayınlıq yaranır ki, guya ABŞ haqqında hər şeyi bilirik. Bir ərəb zərb-məsəlində deyildiyi kimi, "mən sənin adını bilirəmsə, sənin haqqında hər şeyi bilirəm". Təəssüf ki, ABŞ haqqında nə qədər biliriksə, bir o qədər də bilmirik. Bilmədiklərimizi öyrənəcəyimiz "Geosiyasətə giriş" kitabında "Monro doktrinası"ndan üzü belə ABŞ-ın rəqabətsiz dövlət obrazının formalaşmasına aparan yolun eniş və yoxuşlarını elmi-nəzəri cəhətdən tədqiq edən müəllif, eyni zamanda, postbipolyar dünyada baş qaldıran proseslərə tək bir dövlətin nəzarətə qadir olmadığı qənaətinə gəlir. Bütün cəhdlərlə "xoşməramlı hegemonluq" siyasətinə qatılaraq öz xarici siyasi imicini formalaşdıran ABŞ sözdə güc faktoruna önəm vermədiyini, əməldə isə dünyanı fəth etməkdə yeni-yeni metod və üsullara söykəndiyini büruzə verdi. 1990-cı ildə ABŞ dövlət katibinin keçmiş köməkçisi, sonralar isə müdafiə naziririnin müavini olan C.Hey ABŞ-ın o dövrkü siyasətini pərdələyən "yumşaq güc" termini ilə diplomatiya tarixində iz qoydu. Hey fenomeninin əsasında belə bir fikir dayanır ki, dövlətin xarici mədəni simasını onun hərbi qüdrəti və güclü iqtisadiyyatı hesabına formalaşdırmaq mümkünsüzdür. Bu sıraya çox vacib və əhəmiyyətli faktor olan "yumşaq güc" qatılmalıdır. Digər dövlətlərə iqtisadi yardımlar göstərməklə, demokratik institutların formalaşmasına dəstək verməklə rəğbət və etimad qazanmaq daha asan, az məsrəfli və daha effektlidir. Beləliklə, Vaşinqtonun "dünya paytaxtı", eləcə də ABŞ-ın "dünya hökmdarı" olacağı ehtimalı geosiyasi reallıqlardan uzaqdır.
Kitabın Çin, Yaponiya, Ərəb dövlətləri ilə bağlı fəsilləri də zəngin və maraqlıdır. Ancaq daha böyük maraq doğuran Novruz Məmmədovun siyasi incəliklə və obyektiv düşüncə ilə yanaşdığı doğma Azərbaycanımızın mövcud geosiyasi reallıqlarıdır (2-ci cild, səh. 226-315). Müəllif "Dəyişən dünyada Azərbaycan: milli inkişafın prioritetləri", "Geniş dialoq siyasəti: qlobal və regional təşəbbüslər", "Təhlükəsizlik məsələlərinin müasir təkamülü: Azərbaycan modeli", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: sülh üçün perspektivlər" başlıqları altında öz vətəndaş və siyasətçi mövqeyini təsdiqləməklə əsl yurdsevərlik nümunəsi göstərmişdir. Geosiyasət ümmanına baş vurmaq çoxumuzun arzusu ola bilər. Özünü təsdiqləmək üçün isə böyük zəhmətə qatlaşmaq tələb olunur. Professor Novruz Məmmədova çəkdiyi zəhmətin müqabilində oxucu minnətdarlığından pay düşəcəyinə əminik.
İzzət RÜSTƏMOV,
Bakı Dövlət Universitetinin
Sosiologiya
kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 18 yanvar.- S. 6.