Qədimliklə
müasirliyin vəhdəti
Tarixin müəyyən məqamını, xalqın yaşam və məişət tərzini özündə əks etdirən, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, öyrənən, eləcə də nümayişinə rəvac verən maddi-mənəvi xəzinənin ünvanı muzeylərdir. Zaman keçdikcə muzey, əslində, elm, maarif müəssisəsinə çevrilir. Bu baxımdan, ona sadəcə olaraq, qiymətli əşyaların, milli-mənəvi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün sayılmır. Dövlət müstəqilliyimizin bərpasından sonra muzeylərə münasibət də məhz bu yöndən dəyişdi.
Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçib. Mahiyyətinə görə də müxtəlif təmayüllü muzeylər var. Məsələn, dövlət, memorial, ədəbiyyat, incəsənət, tarix, musiqi, səyyar, qoruq və s. Ümummilli lider Heydər Əliyev muzey işinə həmişə xüsusi diqqət verərdi. Hələ sovet dövründə bir sıra memorial muzeylərin qurulması məhz ümummilli liderin adı ilə bağlıdır. Ölkəmizdə muzey işinin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən lazımi tədbirlər ardıcıllıqla görülür. Təkcə Bakıda deyil, bölgələrimizdə yerləşən muzeylərdə də əsaslı yenidənqurma və təmir işləri aparılır. "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr tarixli sərəncamlar muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə dövlət tərəfindən xüsusi diqqət göstərilir. İqtisadi potensialın artan tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılması, fəaliyyət göstərməsi, millətə xidmət etməsi zərurətə çevrilir.
2007-ci il martın 6-da "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" dövlət başçısı tərəfindən imzalanan sərəncamda deyilir: "Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq elmi və mədəni sərvətlərin hərtərəfli istifadə imkanlarını genişləndirmək üçün Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı hazırlansın". Elə bu sərəncama əsasən, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edildi. 2010-cu ildə Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təməlqoyma mərasimi keçirildi.
Həqiqətən də müstəqillik dövründə muzey işi sahəsində xeyli tədbirlər görüldü. Fərəhlə deyə bilərik ki, bu gün Azərbaycanda muzey quruculuğu yeni mərhələyə qədəm qoyur. Son beş il ərzində muzey işi ilə əlaqədar imzalanan sərəncamlar ölkədə bu sahənin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar açdı. Adını çəkdiyimiz sərəncamla yanaşı, "Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında", "Bakı şəhərində Neft Muzeyinin yaradılması haqqında", "Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında" imzalanan sərəncamlar məhz bu istiqamətdə mühüm addımların atılmasına səbəb oldu.
Bu gün Azərbaycanda 180-ə yaxın muzey var. Müstəqillik dövründə isə 50-dən çox yeni muzey açılmış, onlarla da muzey təzə binaya köçürülmüşdür. Eyni zamanda, muzeylərimizin beynəlxalq əlaqələri də genişlənmişdir.
2010-cu ildə ölkə başçısının imzaladığı sərəncama əsasən, Tarix muzeyinin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Fərəhli haldır ki, ötən əsrin 20-ci illərində yaradılan bu qədim muzeyin yerləşdiyi bina dövlətin xüsusi qayğısı sayəsində yüksək səviyyədə bərpa və təmir edilərək yenidən öz qapılarını seyrçilərinin üzünə açdı. Qədimliklə müasirliyin qovuşaraq yeni bir gözəllik yaratdığını bu muzeyin timsalında açıq şəkildə görmək mümkündür.
Eləcə də maddi-mənəvi sərvətlərin başqa bir ünvanı sayılan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də bu gün özünün rezonans dövrünü yaşayır. Bu muzey 70 illik yubileyini dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən təntənə ilə qeyd etdi. Ədəbiyyat Muzeyi, demək olar ki, dövlətin qayğısı ilə hüsnünü tamamilə dəyişdi. Milli-mənəvi sərvətlərin qorunduğu bu ünvan indi həyatının yeni mərhələsini yaşayır. Əsaslı təmirdən sonra fəaliyyətə başlayan muzeyin ekspozisiyası bütünlüklə təzələndi. Bu gün muzeyə dünyanın neçə-neçə ölkəsindən saysız-hesabsız qonaqlar gəlir. Təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, dünyada yeganə muzeydir ki, elm ocağı kimi fəaliyyət göstərir. AMEA-nın mədəniyyət məbədi adlanan bu füsunkar ünvanda söz sərvətimizi qədim dövrlərdən bu günə qədər əks etdirən mükəmməl ədəbiyyat, əlyazmalar və digər sənədlər saxlanılır.
Bakının Qala kəndində bir neçə il öncə istifadəyə verilmiş Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi açıq səma altında yaradıldı. Muzeydə Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanaraq bərpa olundu. Bu ərazidə eramızdan əvvəl III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ibtidai görünüşündə olduğu kimi qurulub. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, müəyyən təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-V əsrlərə aid iki yeraltı yol, XVIII əsrə aid təndir kompleksdə nümayiş olunur. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub. Muzey kompleksi qədim və orta əsrlərdən üzü bəri sakinlərin məişəti, təsərrüfatı, yerli sənətkarlar haqqında ətraflı məlumat almağa imkan verir.
Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün dövlət tərəfindən bu sahədə bir sıra əlavə tədbirlər də həyata keçirilir. Nəticədə bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi yaxşılaşdırılır, digər tərəfdən də inkişaf edən, gündən-günə gözəlləşən məmləkətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi, yaşaması, daha da səmərəli fəaliyyət göstərməsi öz bəhrəsini verir.
Kompleksə daxil olan X-XIV əsrlərə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunan qüllənin hündürlüyü 13,8 metrdir. Qüllənin tarixi X əsrə aid edilir.
Dövlətin qayğısı sayəsində tikilən müasir İncəsənət muzeyinin 2009-cu ilin yazında açılış mərasimi keçirildi. Bu muzeydə Azərbaycanın görkəmli, eləcə də gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb.
Dövlət tərəfindən muzey işinə göstərilən qayğı bəhrəsini verməkdədir. Bu qiymətli əşyaların, tarixin yadigarları sayılan, eləcə də bir sıra müəmmalara işıq saçan, keçmişimizlə bugünümüz arasında körpüyə çevrilib bizi gələcəyə aparan milli-mənəvi sərvətlərin qorunduğu ünvanların sayı getdikcə artır. Bu il Qala Arxeoloji-Etnoqrofik Muzey Kompleksinin ərazisində istifadəyə verilən Qala Əntiq Əşyalar Muzeyi təkcə Azərbaycan üçün deyil, bəşəriyyətin çox maraqlı, qeyri-adi ünvanlarından biri sayılır. Kolleksiyaçı Şahid Həbibbullayevin şəxsi kolleksiyası əsasında yaradılan bu üçmərtəbəli binada xalqımızın əsrlər boyu yaratdığı müxtəlif dekorativ tətbiqi sənət inciləri, müxtəlif əntiq əşyalar, xüsusilə də samovarlar, bir sıra qiymətli məişət əşyaları nümayiş etdirilir.
Paytaxtımızın özü də səma altında bir muzeyə bənzəyir. Qədim tarixi abidələr, binalar bərpa edilərək ikinci ömrünü yaşayır. Müxtəlif park və xiyabanlarda tarixi keçmişimizi əks etdirən eksponatların yerləşdirilməsi diqqət çəkir. Paytaxtın müxtəlif ünvanlarında qədim memarlıq üslubunda kiçik hasarların hörülməsi, ətrafında araba və küplərin düzülməsi, əkinçilik mədəniyyətini əks etdirən alətlərin nümayişi həm şəhər sakinlərinə, həm də qonaqlara xoş təsir bağışlayır. Hətta elə əşyalar var ki, onların öz görünüşü tarixin konkret məqamından xəbər verir. Qədimliklə müasirliyi özündə ustalıqla qovuşduran Bakı həm klassik, həm də modern görkəmli şəhərdir. Köhnə yaşayış binalarının, müxtəlif tikililərin bərpası, xüsusilə də onlara əlavə edilən milli ornamentlərin, Şərq memarlıq üslubunun qabardılması şəhərimizə bir gözəllik gətirib. Bir tərəfdə müasir binalar ucaldılır, Bakı göydələnlər şəhərinə çevrilir, digər tərəfdən də tarixi keçmişimizi əks etdirən İçərişəhərin qədim Qala divarlarının, Qız qalasının (o da bərpa edilir), eləcə də məbədlərin, məscidlərin görünüşündəki gözəlliklər paytaxtımızda qədimliklə müasirliyin vəhdətindən xəbər verir. Milli hislərlə yaşayıb bəşəri arzulara sahib olub onu birlikdə həyata keçirmək həmişə insanlığa xidmətdir, yaşayışa gözəllik gətirməkdir. Bu mənada, dimdiyi göy sularda olan nəhəng qartalımız - Bakı şəhəri qanadlarını dünyaya geniş açıb.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 18 yanvar.- S. 6.