Azərbaycan
Prezidenti İlham Əliyev Moldovanın Baş naziri Vladimir
Filatı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Moldova Respublikasının Baş naziri Vladimir Filatı qəbul etmişdir.
Dövlətimizin başçısı Moldova Respublikasının Baş naziri Vladimir Filatla Varşavada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin inkişaf tarixinin müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev yeni mərhələdə münasibətlərimizin inkişafına təkan verməyin vacibliyini bildirdi. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu dedi. Prezident İlham Əliyev Baş nazir Vladimir Filatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan ilə Moldova arasında münasibətlərin həmişə dostluq prinsiplərinə əsaslandığını deyən Baş nazir Vladimir Filat ölkələrimizin əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğuladı. Baş nazir ümidvar olduğunu bildirdi ki, ölkəmizə səfəri Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinə yaxşı imkan yaradacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 19 yanvar.- S. 1.