Azərbaycan
Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin
Avropa və Avrasiya məsələləri üzrə
müavini Erik Rubini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul etmişdir.
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Erik Rubin Amerika Birləşmiş Ştatları Prezidentinin və dövlət katibinin tapşırığı ilə ölkəmizə səfər etdiyini vurğuladı. O, dövlətimizin başçısını Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və ölkəmizin "Eurovision" mahnı müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdi. Erik Rubin 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud baza üzərində daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Ötən ilin Azərbaycan üçün əhəmiyyətli il olduğunu vurğulayan dövlətimizin başçısı 2011-ci ildə müstəqilliyimizin 20 illiyinin qeyd olunmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli formatda münasibətlərin daha da genişləndirilməsi istiqamətində yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişafına göstərdikləri diqqətə görə ABŞ-ın Prezidentinə və dövlət katibinə minnətdarlığını ifadə etdi.
Görüşdə 2012-ci ildə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 19 yanvar.- S. 1.