Azərbaycan ilə Moldova arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur

 

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə yanvarın 18-də Moldova Respublikasının Baş naziri Vladimir Filat ilə görüşmüşdür. Əvvəlcə təkbətək keçirilən görüş sonra geniş tərkibdə davam etmişdir.

Baş nazir Artur Rasizadə Azərbaycan ilə Moldova arasında tarixən xoş münasibətlərin olduğunu, ikitərəfli əlaqələrin yeni mərhələsində əməkdaşlığımızın inkişafının zəruriliyini vurğuladı. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyən Baş nazir iqtisadi sahədə də əməkdaşlığı genişləndirməyin vacib olduğunu dedi. Artur Rasizadə mövcud iqtisadi əlaqələrin ölkələrimizin potensialını əks etdirmədiyini bildirdi.

Baş nazir Artur Rasizadə moldovalı həmkarının Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə təkan verəcəyini dedi.

Artur Rasizadə Azərbaycanın artan iqtisadi potensialı barədə məlumat verərək bildirdi ki, ölkədə neft sənayesi ilə bərabər qeyri-neft sektoru da sürətlə inkişaf edir. Neft sahəsindən əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu iqtisadi siyasətin nəticəsidir ki, respublikada iri infrastruktur layihələri həyata keçirilir, yollar, xidmət obyektləri tikilir, turizm sürətlə inkişaf etdirilir, təhsil və səhiyyə müasir səviyyəyə çatdırılır. Təkcə yola saldığımız ildə qeyri-neft sektorundan daxil olan gəlir 11 faiz artmışdır. Bununla yanaşı, ölkədə enerji təhlükəsizliyi nəzarətdə saxlanılır, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün işlər davam etdirilir.

Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi. Bildirildi ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox insan doğma el-obasından qaçqın və köçkün düşmüşdür. BMT-nin işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması barədə qəbul etdiyi 4 qətnaməyə  Ermənistan tərəfi bugünədək əməl etməmişdir. Azərbaycan hökuməti münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır. Lakin danışıqlar nəticə verməsə, digər vasitələrdən istifadə edəcəkdir. Bunun sübutu ölkənin ildən-ilə güclənən hərbi potensialıdır.

Moldovanın Baş naziri Vladimir Filat Azərbaycana ilk səfərindən məmnun olduğunu söylədi. O, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdıraraq dedi ki, bu hadisə respublikanın dünyada artan nüfuzunun bariz göstəricisidir.

Moldovanın iqtisadi durumu barədə məlumat verən Baş nazir  Vladimir Filat qeyd etdi ki, ikitərəfli əlaqələrin inkişafında ölkəsi də maraqlıdır və bunun üçün bütün mümkün addımları atmağa hazırdır.

Vladimir Filat bu il Azərbaycan ilə Moldova arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin tamam olacağını xatırlatdı, hökumətlərarası iqtisadi komissiyanın iclasının və qarşılıqlı ölkə günlərinin keçirilməsini  təklif etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 yanvar.- S. 1.