Qədim İçərişəhərlə tanışlıq Moldovanın Baş nazirində zəngin təəssürat doğurmuşdur

 

 Bakıda səfərdə olan Moldova Respublikasının Baş naziri Vladimir Filat yanvarın 18-də İçərişəhəri gəzmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır. Yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonağın böyük marağına səbəb olmuşdur.

Elektromobillə gəzinti zamanı Vladimir Filata UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Baş nazir təndir çörəyinə qonaq edilmişdir.

Daha sonra Vladimir Filat Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda olmuşdur.

Moldova Respublikasının Baş naziri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 19 yanvar.- S. 2.