Azərbaycan və Gürcüstan arasındakı mükəmməl hüquqi baza bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə gözəl imkan yaradır

 

Bakıda səfərdə olan Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun Sədri Fridon Todua yanvarın 18-də Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Azərbaycan ilə Gürcüstanın tarixi dostluq münasibətlərindən danışan Milli Məclisin Sədri demişdir ki, ölkələrimiz arasında mövcud olan mükəmməl hüquqi baza bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə gözəl imkan yaradır. Azərbaycan və Gürcüstanın regionda birgə reallaşdırdıqları iri layihələrdən danışan O.Əsədov bildirmişdir ki, bütün bunlar gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasına zəmin yaradacaqdır.

Ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayan Milli Məclisin Sədri qanunverici orqanlarımızın beynəlxalq qurumlardakı əməkdaşlığından razılığını ifadə etmişdir.

Azərbaycana səfərindən məmnunluğunu bildirən F.Todua  keçirdiyi səmərəli görüşlərdən danışmışdır. Ölkəmizə ikinci dəfə səfər etdiyini və ötən müddətdə burada çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyən qonaq bildirmişdir ki, xalqlarımız hər zaman mehriban qonşuluq şəraitində yaşamış və bu gözəl ənənə gələcəkdə münasibətlərimizin daha da yaxşılaşmasına zəmin yaradır. O, Azərbaycanda müxtəlif sahələrdə, xüsusilə də səhiyyə sahəsində tətbiq olunan müasir texnologiyanı bir həkim kimi yüksək qiymətləndirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-19 yanvar.- S.  2.