Ölkədə idman yüksələn xətlə inkişaf edir

 

Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi bunun əyani sübutudur, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal isə böyük tarixi nailiyyətdir.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə bu il futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir.

 

 İlham ƏLİYEV

 

 Azərbaycanın idman potensialı ildən-ilə güclənir. Son dövrdə  bu sahədə ciddi irəliləyiş nəzərə çarpır. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır. Dövlət rəhbərliyi xalqın, ilk növbədə, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin yüksəlməsinə çalışır. Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xəttinin konturları həm idmanın infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsi idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur.

Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət böyük hörmət var. Bu gün paytaxtda bölgələrdə müasir standartlara cavab verən 33 Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. Yeri gəlmişkən, bu komplekslərdən 4-ü - Tovuz, İmişli, Qəbələ Sumqayıt Olimpiya idman kompleksləri ötən il istifadəyə verilmişdir. Cari ildə daha 10 Olimpiya idman kompleksinin inşası nəzərdə tutulmuşdur.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Qısa müddətdə idman sahəsində əldə edilmiş nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamışdır. Məhz bu qurumların istəyi ilə ölkəmizdə onlarca Olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya Avropa çempionatları keçirilmişdir.

Yola saldığımız 2011-ci il ölkənin idman həyatında bir çox  uğurlarla yadda qalmışdır. Ötən il Azərbaycan 42 beynəlxalq idman tədbirinə, o cümlədən dünyaAvropa çempionatlarına ev sahibliyi etmişdir. Eyni zamanda, 84 idman növü üzrə 415 milli birincilik, çempionat və digər ölkədaxili turnir keçirilmişdir. Həmin yarışlarda, demək olar ki, bütün şəhər və rayonlardan 100 minə yaxın idmançı iştirak etmişdir. Ayrı-ayrı Olimpiyaqeyri-olimpiya idman növləri üzrə milli komandalarımızın üzvləri 139 dünya və qitə birinciliyi və çempionatına, 39 dünya kuboku, 18 Avropa kuboku, 12 qran-pri yarışlarına və 67 beynəlxalq turnirə ezam edilmişlər. İl ərzində ölkədə keçirilmiş və hər biri 14 gündən az olmayan 110 təlim-məşq toplanışına 4000-dən çox idmançı qatılmışdır.

Müqayisə üçün qeyd edək ki, idmançılarımız inişil 675 medal (206 Olimpiya, 469 qeyri-olimpiya idman növü üzrə) qazanmışdılarsa, ötən il bu göstərici daha da yaxşılaşmış, 276 Olimpiya və 429 qeyri-olimpiya idman növü üzrə olmaqla ümumilikdə 705 medal qazanılmışdır. Belə yüksək nəticələrin əldə olunmasında yeniyetmə və gənc idmançıların xüsusi payı vardır ki, bu da ölkə idmanının qarşıdakı illər üçün güclü potensialının olduğuna dəlalət edir.

Keçən il güləş üzrə sentyabrın 13-18-də Türkiyənin İstanbul şəhərində keçirilmiş dünya çempionatında pəhləvanlarımızdan Rövşən Bayramov (55 kq) və Şərif Şərifov (84 kq) qızıl, Mariya Stadnik (48 kq) gümüş, Patimat Baqomedova (51 kq), Sona Əhmədli (59 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) bürünc medal qazanmışlar.  Ümumilikdə yığmamız 2 qızıl, 1 gümüş, 5 bürünc medal və 7 lisenziya əldə etmişdir.

Ötən ilin ən əlamətdar idman hadisələrindən biri də paytaxtımızın boks üzrə dünya çempionatına ev sahibliyi etməsi oldu. Sentyabrın 26-dan oktyabrın 8-dək davam etmiş turnirdə 113 ölkədən 570 boksçu mübarizə aparırdı. Maraqlı məqamlardan biri də çempionatın 22 illik fasilədən sonra yenidən postsovet məkanında keçirilməsi idi. Sonuncu dəfə dünya birinciliyi 1989-cu ildə Rusiyanın paytaxtı Moskvada təşkil olunmuşdu. 9 boksçu ilə mübarizə apardığımız keçən ilki çempionatda Məhəmmədrəsul Məcidov (+91 kq) 8 ildən sonra Azərbaycana qızıl medal sevinci yaşatdı. Bu vaxta qədər isə 2003-cü ildə Ağası Məmmədov Odlar yurduna birincilik qüruru bəxş etmişdi.

Voleybolçu qızlarımızın uğurlarını xüsusi qeyd etmək lazımdır. Ötən ilin oktyabr ayında Qətərin paytaxtı Dohada qadın voleybol klubları arasında dünya çempionatı təşkil olunmuşdu. Ölkəmizi turnirdə təmsil edən "Rabitə"  planetin ən güclü komandalarını məğlub edərək dünya çempionu adını qazandı.

Cari ildə də ölkənin idman həyatının əlamətdar hadisələrə şahid olacağını  indidən söyləmək mümkündür. Çünki 2012-ci il Olimpiya ilidir. İdmançılarımızın qarşısında duran ən mühüm vəzifələrdən biri XXX London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək ölkənin adını olimpiada tarixinə qızıl hərflərlə yazdırmaqdır. Diqqətəlayiq haldır ki, hər Olimpiadada təmsilçilərimiz əvvəlkindən daha yüksək nəticələr göstərir, milli rekordu yaxşılaşdırırlar. Odur ki, idman ictimaiyyəti onlardan daha möhtəşəm qələbələr gözləyir .

Məlumat üçün qeyd edək ki, idmançılarımız indiyədək London-2012-yə 10 idman növü üzrə 29 lisenziya qazanmışlar. Lakin bu, son hədd deyil. Hələ lisenziya xarakterli bir neçə turnir keçiriləcək və ona görə də Olimpiya oyunlarına qatılacaq idmançılarımızın sayının artmaq imkanı var. Təbii ki, bütün bu uğurlar dövlətin idmanın inkişafına, olimpiya hərəkatının genişlənməsinə, bu sahədə fəaliyyət göstərən hər bir idman mütəxəssisinə göstərdiyi daimi diqqət və qayğının təzahürüdür.

Digər tərəfdən, cari ildə ölkəmiz bir sıra nüfuzlu futbol turnirlərinə ev sahibliyi edəcək. O cümlədən, sentyabrın 22-dən oktyabrın 10-dək 17 yaşlı qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcək.

Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə idmana qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahəyə diqqət daha da artmış, ölkənin iqtisadi inkişafına, maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda işlər davam etdirilir. Dövlət başçısı bütün bölgələrdə idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, idmanın kütləviləşməsinə xidmət edir.

 Bu ayın 16-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim 10 olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. 65 minlik böyük Olimpiya stadionu tikilir. Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı "Kristal" İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilmişdir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, Olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, biz 2012-ci ili "İdman ili" elan etməliyik."

Bu məsələ ilə bağlı öz fikrini bildirən dövlət başçısı müvafiq sənəd imzalamışdır. Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi haqqında sərəncamda deyilir ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə bu il futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, paytaxtımızın 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir. Sənəd ölkədə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idmanolimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London Olimpiadasında, dünyaAvropa çempionatlarında, digər beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi daşıyır.

Bütün bunlar  bir daha göstərir ki, dövlətin idmana və idmançılara göstərdiyi daimi qayğının nəticəsi olaraq Azərbaycan artıq dünya idmanında layiq olduğu yeri tutmaqdadır.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 19 yanvar.- S. 4.