Ölkədə
cinayətkarlıqla mübarizədə və asayişin
təmin olunmasında paytaxt polisinin əhəmiyyətli rolu
olmuşdur
Yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2011-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov müşavirədə iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirəni giriş sözü ilə açan Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü xarici və daxili siyasətin məntiqi nəticəsi olaraq 2011-ci ildə ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndiyini, müdafiə potensialının gücləndiyini, iqtisadiyyatın dinamik templə inkişaf etdiyini, xalqın sosial rifahının yaxşılaşdığını bildirmişdir. Nazir demişdir ki, qazanılan bütün uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və asayişin təmini istiqamətində Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsində paytaxt polisinin əhəmiyyətli rolu olmuşdur. Baş idarənin şəxsi heyətinin gərgin əməyi, fədakar xidməti sayəsində ötən müddətdə cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında bir sıra uğurlu nəticələr əldə edilmişdir. Bununla yanaşı, fəaliyyətdə müəyyən nöqsanların olduğunu da xatırladan nazir əməliyyat müşavirəsində onların hərtərəfli təhlil edilməsinin vacibliyini vurğulamışdır.
Bakı Şəhər Baş Polis İdarəsinin
rəisi polis general-mayoru
Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa
qarşı mübarizə, ictimai
qaydanın və təhlükəsizliyin təmini sahəsində
görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə
çıxış etmişdir.
Bildirilmişdir
ki, hesabat dövründə
Bakı şəhərində ümumən 11316 cinayət
qeydə alınmış,
onların 88,5 faizi (10018)
az ağır və böyük ictimai təhlükə
törətməyən, 11,5 faizi (1298) isə ağır və
xüsusilə ağır növ cinayətlər olmuşdur. Qabaqlayıcı
profilaktiki tədbirlərin səmərəsi artmış, əvvəlki
illə müqayisədə ağır və xüsusilə
ağır cinayətlərin sayı 7,4 faiz, o cümlədən
şəxsiyyət əleyhinə olanlar 6,1 faiz, hədə-qorxu
ilə tələb etmələr 35,7 faiz, quldurluqlar 15,1 faiz, qəsdən
sağlamlığa az ağır xəsarət yetirmələr
6 faiz, qəsdən sağlamlığa yüngül zərər
vurma və döymə 6,1 faiz, nəqliyyat vasitələrinin
oğurluğu 14,3 faiz azalmışdır. Ümumi cinayətlərin
açılması 73,3, ağır növ cinayətlərin
açılması 71, şəxsiyyət əleyhinə
törədilən cinayətlərin açılması isə
94,9 faiz təşkil etmişdir. Ötən il 26 quldurluq və
41 soyğunçuluq törətmiş
140 nəfərdən ibarət
58 cinayətkar qrup, eləcə də 46 mənzil
oğurluğu törətmiş 72 nəfərdən ibarət
31 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilmişdir.
Qeyd
olunmuşdur ki, görülmüş məqsədyönlü
tədbirlər qanunsuz saxlanılan 61 odlu silahın, o cümlədən
4 avtomatın, 32 tapançanın, 25 tüfəngin və
xeyli sayda sursatın götürülməsi ilə nəticələnmişdir.
Odlu silahlardan 26-sı əməliyyat yolu ilə
aşkarlanmışdır. Qanunsuz
dövriyyədən 149 kiloqrama yaxın narkotik vasitə
çıxarılmışdır ki, bu da 2010-cu illə
müqayisədə 10,6 kiloqram çoxdur.
Əməliyyat-axtarış fəaliyyətinin mühüm istiqamətlərindən olan təqsirləndirilən şəxslərin axtarışı da fəal surətdə davam etdirilmiş, 1134 belə şəxsdən 801-nin və ya 70,6 faizinin, əvvəlki illərdən axtarılanlardan 87-nin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 160 nəfərin tutulması təmin olunmuşdur. Nəticədə 2010-cu illə müqayisədə ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların tutulması 4,3 faiz yaxşılaşmış, qalıq 15 fakt azalmışdır.
Ağır və xüsusilə ağır cinayətlərə görə tutulan 160 nəfərdən 22-si ölüm və ölümə qəsdə, 14-ü ağır xəsarət yetirməyə, 10-u quldurluğa, 24-ü isə soyğunçuluğa görə axtarılanlar olmuşdur. Hesabat dövründə əməliyyat aparatlarının icraatında olan xəbərsiz itkin düşmüş şəxslərin 66 faizi tapılaraq ailələrinə qaytarılmışdır.
Yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülmüş, il ərzində 366 min 222, o cümlədən sürət həddinə əməl olunmaması ilə bağlı 4426, ötmə və manevr qaydalarını pozma ilə əlaqədar 1699, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4214 yol hərəkəti qayda pozuntusu faktları aşkar edilmişdir. Qaydaları davamlı və kobud şəkildə pozan, ictimaiyyətə açıqca hörmətsizlik edən avtoxuliqanlara qarşı aparılan mübarizə tədbirləri qətiyyətlə davam etdirilmiş, 282 avtoxuliqan yaxalanaraq məhkəməyə verilmişdir.
Cinayətlər üzrə istintaq və təhqiqatın aparılması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, onların ərizə və müraciətlərinə baxılması və digər istiqamətlərdə də qarşıya qoyulan vəzifələr ümumən təmin edilmişdir. Baş vermiş cinayətlər üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılması, vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi sahəsində işlər davam etdirilmiş, nəticədə istintaq aparatları tərəfindən 77,5 faizinin ödənilməsi təmin olunmuşdur.
O da bildirilmişdir ki, cinayətkarlıqla mübarizə və profilaktika işinin səmərəliliyinin göstəricilərindən biri olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələlərinə xüsusi önəm verilmiş, il ərzində ərazi polis orqanları tərəfindən 87 mindən artıq ərizə və müraciətə baxılmış, Baş İdarəyə daxil olmuş 13067 müraciətin 6465-i aidiyyəti üzrə digər orqan və təşkilatlara göndərilmiş, 2438-i rəhbərlik tərəfindən nəzarətə götürülmüş, 1040 nəfər Baş İdarənin rəhbərliyi və məsul əməkdaşları tərəfindən qəbul edilmişdir.
Məruzəçi xidməti fəaliyyətdə yol verilmiş nöqsanların üzərində də ətraflı dayanmışdır.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlər barədə danışmış, nöqsanların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görəcəklərinə söz vermişlər.
Əməliyyat müşavirəsinə yekun vuran daxili işlər naziri Ramil Usubov hesabat dövründə Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti tərəfindən görülən işləri bütövlükdə qənaətbəxş saymış, bununla belə, cinayətkarlıqla mübarizənin ayrı-ayrı istiqamətlərində nəzərəçarpan nöqsan və çatışmazlıqlardan narahatlığını bildirmiş, onların aradan qaldırılması üçün konkret tapşırıq və tövsiyələrini vermişdir.
Nazir ictimai təhlükə mənbəyi olan və çox vaxt şəxsiyyət əleyhinə ağır cinayətlərin törədilməsini şərtləndirən qanunsuz silahların yığılması, xüsusən onları saxlayan və gəzdirən şəxslərin əməliyyat yolu ilə müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi, mülkiyyət əleyhinə törədilən cinayətlərlə və narkotiklərlə mübarizə işinin günün tələblərinə cavab vermədiyini nəzərə çatdırmışdır. O, belə vəziyyətin DİN rəhbərliyini ciddi narahat etdiyini, kollegiya iclaslarında, həmçinin BŞBPİ və ərazi polis orqanları rəhbərlərinin iştirakı ilə keçirilən naziryanı əməliyyat müşavirələrində dəfələrlə müzakirə və təhlil olunduğunu xatırlatmış, əməliyyat-xidməti fəaliyyətin bu və digər sahələrində ciddi dönüş yaradılmasını tələb etmişdir. Bildirilmişdir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə göstərici xatirinə deyil, ölkədəki mövcud vəziyyətə uyğun və digər xidmətlərlə qarşılıqlı əlaqədə aparılmalı, bu zaman əsas diqqət güclü təsirə malik narkovasitələrin qanunsuz dövriyyədən çıxarılmasına, onu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəldilməlidir.
Kriminogen durumun öyrənilməsi üzrə fəaliyyətin, konkret istiqamətlər üzrə analitik işin səviyyəsinin yüksəldilməsinin önəmini vurğulayan daxili işlər naziri kollegiya qərarlarının icrası ilə bağlı fəaliyyətdə də əsaslı dönüş yaradılmasının, Baş İdarənin bu sahədə aparıcı rol oynamasının, yerlərə idarəçilik təsirini gücləndirməsinin zəruriliyini qeyd etmişdir. Nazir demişdir ki, peşəkarlığın və fiziki hazırlığın artırılması, nizam-intizamın daha da gücləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin müasir forma və üsullarının mənimsənilməsi sahəsində kollegiya qərarları, DİN rəhbərliyinin əmr və göstərişləri yüksək səviyyədə yerinə yetirilməli, qabaqcıl dünya təcrübəsindən və informasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Asayiş keşikçilərinin davranışı, vətəndaşlarla nəzakətli rəftarı, qanunçuluğa ciddi riayət etmələri cəmiyyətdə polisə olan inamı və etimadı artırır, polis-vətəndaş münasibətlərinin daha da yaxınlaşmasında önəmli rol oynayır.
Çıxışının sonunda general-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, Bakı Şəhər Baş
Polis İdarəsinin şəxsi heyəti
cinayətkarlıqla mübarizə və ictimai
qaydanın nümunəvi qorunması sahəsində öz səylərini bundan
sonra da əsirgəməyəcək,
paytaxtda asayişin və
əmin-amanlığın etibarlı təmini istiqamətində
qarşıya qoyulan bütün
vəzifə və tapşırıqları layiqincə yerinə
yetirəcək, sabitliyin və təhlükəsizliyin
keşiyində həmişə ayıq-sayıq
dayanacaqdır.
Azərbaycan.- 2012.- 19 yanvar.- S. 5.