Hünər
nəğməsidir şəhid məzarı
Ötən
əsrin sonlarından millətimizin başına gələn
fəlakətlər, üzləşdiyimiz
ağrı-acılar, şəhidlik, qaçqınlıq, köçkünlük, Qarabağ
dərdi, Vətən həsrəti, demək olar
ki, ədəbiyyatımıza da öz təsirini
göstərdi. Yazıçı və
şairlərimiz bir-birinin səsini,
harayını tamamlayan, eyni
ağrını, eyni dərdi özlərinə
məxsus sözlə poeziyamızda, nəsrimizdə
naxışladılar. 1990-cı il 20
Yanvarın şənbə gecəsində Bakıda törədilən
vəhşət və dəhşətdən 22 il keçsə də, ölümə ölməzlik
yazan şəhidlərimiz unudulmayıb. Əslində,
o gecə haqsızlığın
üstündən haqqa körpü
salanlar mənəviyyat dünyasında
tarixləşdirdiyi Şəhidlik zirvəsini daha
da əbədiləşdirdilər. O gecə
ucalan ana fəryadları
dünyanın məhvərinə çevrildi.
Haqq bayrağını qaldıranlar
düşmənin qara bağrını öz şücaəti və hünərləri
ilə dəldilər. Xalq şairi
Məmməd Araz bu
hünərin şəninə deyirdi:
"Mərd oğullar - mərdliyilə
öyünməzlər, torpaq altda ölümlüyə kömülməzlər".
20 Yanvar faciəsi ürəkləri tar-mar etdi. Hər tərəfi bürümüş
qırmızı qərənfillərin
harayı o dövrdə
Məmməd Aslanın
misraları ilə anaların ağısına
qarışdı:
Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara,
Ağla, qərənfil, ağla!
Bütün bu göz
yaşlarının, sarsıntının
içindəsə Məmməd
Arazın başqa bir şeirindəki poetik toxtaqlıq qolumuzdan tutaraq bizi vüqara, qürura, ağlamamağa
səsləyirdi:
Bu torpağın son qurbanı
mən olsam,
Öz odumda yanıb
külə tən olsam,
Eldən ötən güllələrə dən
olsam,
Ata millət, oğul deyib ağlama
Ağlamağın yeri deyil,
ağlama!
Göz yaşını silən olsa, ağlamaq əzab deyil - söyləyiblər.
Əliyalın, silahsız ölümün
üstünə gedən
oğulların ağlagəlməz
şəkildə qətlə
yetirilməsi ürəkləri
necə sızlada, yandıra bilməzdi?!
Bu səbəbdən də
xalq şairi Qabilin qələmə aldığı "Mərsiyə"sində
qəlbinin ağrıları
duyulurdu: "Gecəni
atəş ilə qırmızı qan eylədilər, xalqımı-millətimi
gülləbaran eylədilər".
Şairlər son dərəcə
kövrək və həssas olurlar. Bakının fəryad edən
küçələrinə, nalə çəkən gəmilərə, ərşə
çıxan ahlara biganə qalmaq mümkün deyildi. Yazıçı Vidadi Babanlı duyduğu bu ağrıları içindən keçirərək
həyəcanını şeirlə
dilə gətirdi:
Tarix danışacaq hünərimizdən,
Alqış söyləyəcək
nəsillər bizə.
Əssə də qara
yel üzərimizdən,
Zəfər nur saçacaq
şəhərimizə.
Xalq şairi Nəriman Həsənzadə
qələm dostlarının
fikirlərinə şərik
çıxaraq "Qafqaz"
adlı poetik düşüncələrində inamla söyləyirdi:
Qanlı Yanvar qan
içəndən yadigardı,
ona - ləkə, bizə - Vətən yadigarı.
O şanlı gün, o kin-qisas unudulmaz,
Azərbaycan.
Gör nə deyib
qoca Qafqaz, Azərbaycan:
qar nə qədər
çox yağsa da, yaza qalmaz,
Azərbaycan.
Həqiqətən də, şəhidlərin hünəri
bir şərafət,
ömrü isə vətənin yeni adıdır. Bu səbəbdən də şair İlyas Tapdıq təsəlli tapırdı:
"Torpağa qoyular şəhid kürəyi,
şəkli könüllərin
aynasındadır". Elə
bu möcüzəyə
və qismətə görədir ki:
Şəhidi qocaltmaz illərin yaşı,
Şəhid yatan torpaq
oyaqdır, yatmaz!
Şəhidi ağlasın bahar yağışı,
Ona - anaların göz yaşı çatmaz.
O gün təkcə igidlərimizi, bir sözlə, insanlarımızı
qətlə yetirmədilər.
O gün həm də toyların, şən məclislərin
bəzəyi, sevgililərin
əzizi olan qərənfili də şəhid etdilər. Düz 22 ildir ki, bu günahsız
təbiət gözəlləri
yeni bir adla yaşayır - şəhid gül! Yazıçı Əlibala
Hacızadə o ağır
günlərdə şəhidin
dili ilə qələmə aldığı
şeirlərin birində
deyirdi:
Qərənfilim, danış, din,
Səni dinləmək çətin.
Toyuma gəlməliydin,
Yasıma gətirdilər.
O gün ən dözülməz, ən ağır hal anaların ovqatı idi. Xalq yazıçısı Əzizə Cəfərzadə
bütövlükdə bu
dərdlərin əlində
yumağa dönmüş
Azərbaycan anasının
ağlar simasına çevrilmişdi. İndi
də gözlərimizdən
çəkilmir ki, şəhidlərin dəfnində
ağ saçlarını
əlləri ilə xışmalayaraq bədahətən
dilinə gələn
bayatılarla necə şivən qoparırdı:
Arazam, keç üstümdən,
Keç karvan, keç
üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryaz al, biç üstümdən.
Dərdi ilə ölən, dərdi ilə ucalan, dərdi ilə bir qürur heykəlinə çevrilən
anaların çəkdikləri
dağı, daşı
əridərdi. Xalq şairi
Fikrət Qocanın
"Şəhid anaları"
adlı şeiri o günlərin həqiqətindən
doğulurdu:
Dərd daş atar ayna sınar,
Sınar evin sonası
da,
Dönər şəhid anasına
Dünyaya gələr analar.
Haqq dünyasına qovuşmuş Nüsrət
Kəsəmənlinin də
20 Yanvarla bağlı
xeyli şeirləri
var. Şair azadlıq
yolunda sinəsini ölümə pərçim
edənlər barədə
yazırdı:
Bakı qanlı paltarını geyirdi…
Qanlı köynəyinə bürünənlər
Şəhidlik zirvəsinə
gedirdi.
Nahid Hacızadənin o illərdə yazdığı
şeirləri dil əzbərinə çevrildi. Bəstəkarlar ona musiqi libası geyindirdilər.
Müğənnilər şövqlə oxudular. Bir daha bəyan olundu ki, min bir işğalçı
gələ, yeri-göyü
od bürüyə,
mərd xalqı heç zaman əymək olmaz. Ürəyimiz göynədi, gözümüzdən
yaş axdı, amma bütün sınaqlardan qalib çıxmağı bacardıq.
Elə buna görə də Nahid Hacızadənin şeirlərindəki haray
müvazinətimizi itirməməyə,
mübarizəyə səsləyirdi:
Qalx, qalx, ulu
torpaq,
Qalx, qalx, ulu
bayraq.
Qalx, qalx, sən
ey mərd xalq,
Yer titrəsin məhvərindən!
Şairin qənaəti də çox düşündürücüdür. Ağlama, mərdlərin, mərd ol, namərdlərin
var. Hidayətin "Qələmini
qanına batıran şair" adlı şeiri də o günlərin ovqatından
yarandı. Bu könül nəğməsi
də 20 Yanvarda şəhid olmuş Ülvi Bünyadzadəyə
həsr edilib.
Şair Çingiz Əlioğlunun "And" şeiri
də yaylıqları
bayraq, bayraqları torpaq olan Vətənin
ağır məqamlarına
ünvanlanıb. Bu bədii məramdakı məqsəd
də aydındır:
"Qan içən deyilik, düşmən qanını su yerinə şərbət
sanıb içərik".
Bütün varlığı ilə Vətənin ağısına çevrilən,
onun dərd-sərlərini
şeirlərində ustalıqla
dilə gətirən
Şahmar Əkbərzadənin
harayı damarlarda qanı dondururdu:
Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur.
Şəhidlər heç zaman
sadə insanlar kimi dünyasını dəyişmirlər. Onlar bu yurdun ömrünə öz ömürlərini
calayırlar. Şəhid ömrünün
qarşısında əbədiyyət
kəlməsi belə
sönük görünür.
Şair Musa Ələkbərli
"Ağlama şəhidlərə"
şeirində bu hissləri çox dürüst dilə gətirir:
Torpağını
əyninə
Geyinənlər basılmaz.
Öz şəhid ömrü ilə
Öyünənlər basılmaz.
Əslində, oğlu
ölən ağlayar,
öldürülən ağlamaz. Şəhid qisası isə
heç vaxt qiyamətə saxlanmaz.
Bu qürurlu gündə
başımızı dik
tutmağı, qəmdən
sıyrılıb çıxmağı
bacardıq. Zülüm-zülüm ağlasaq da, şəhidlərimizin şərafətli
ölümünün önündə
sağ qalmağımızın
xəcalətini çəksək
də, millət öz qəhrəmanlığı,
hünəri ilə öyündü. Əbülfət Mədətoğlunun dediyi
kimi, əslində, o günlərdə dərd
özu ağlayırdı.
Xalq şairi Bəxtiyar Vahabzadə şəhidlərlə bağlı
çox sayda şeir və poemalar yazıb. 20 Yanvarla bağlı poemalarının
birində xalq şairi belə bir qənaətini dilə gətirib:
Şəhidlərin hamısı
bənzəyir bir-birinə.
Bir bax, qəbirlərinə!
Hamısı qıpqırmızı
qərənfilə bələnmiş,
Hamısı bir biçimdə, bir boyda cərgələnmiş.
Səbəb birdir, əməl
bir, hədəf birdir, hədə bir.
Xalq şairi Xəlil
Rza Ulutürk "Qanım bayrağımdadır"
adlı şeirini 20 Yanvar şəhidlərinin
xatirəsinə həsr
edib. Özü də şəhid atası olan şairin düşüncələrində
bu müqəddəs xiyaban belə görünür:
Məzarlar xonça-xonça, məzarlar gül sərgisi,
Şəhidlər xiyabanı
bəlkə çiçək
dənizi.
Şəhidlik, həqiqətən
də, qeyrət və hünər zirvəsidir. Hər kəsin də
taleyinə bu müqəddəsliyə qovuşmaq
yazılmır. Bəlkə də
ona görə Şəhidlər xiyabanı
nəsillərin əbədi
ziyarətgahına çevrilir.
Həmişə onlarla fəxr
edirik. Hər kəs bir ömrün sahibidir.
Az-çox yaşamağından asılı olmayaraq bir gün son gəlir. Şəhidlər isə adilikdən
çox uzaqdırlar.
Onlar ölməzliyə qovuşublar.
Nura qənşər bir yolun əbədi yolçularıdır. Şair
Balayar Sadiq bu müqəddəsliyi, ömrün bu əbədiliyini belə dilə gətirib:
Boy verir ürəkdə hünər nəğməsi,
Nəsillər dinləyir
bu məğrur səsi.
Şəhidlər - Vətənin qələbə rəmzi,
Şəhid oğulları Vətən yaşadır!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 19 yanvar.- S. 6.