Gülhanə
parkının ceviz ağacı
"Sovetlər
Birliyində hər şeyin yasaq edildiyi bir zamanda Nazim Hikmət
Türkiyə üçün kommunizmin, Azərbaycan
üçün isə türklüyün simvolu idi"
(Anar). Bir vaxtlar Nazim Hikməti qəbul etməyənlər də
bu gün onun şeirlərini əzbər söyləyir və
sevirlər. Çünki Nazim Hikmət ötən əsrin ədəbi
zirvələrindən biri idi.
Nazim Hikmət
1902-ci ilin yanvarında Osmanlı imperatorluğuna daxil olan Saloniki şəhərində
(indiki Yunanıstanın ərazisi - red.) anadan olub.
Atası Hikmət diplomat, anası Ayişə
Cəlilə incəsənətlə, xüsusilə rəssamlıqla
bağlı, elmli, müasir
bir qadın imiş. Nazim Hikmət ilk təhsilini
İstanbulda, davamını isə Moskvada alıb. Ziddiyyətli fikirlərlə dolu qaranlıq zamanın özündə Nazim Hikmət, əslində, bir
şimşək idi. Sadəcə, qamaşan gözlər onu
olduğu kimi görə
bilmirdi. Cəmi 61 il
yaşamış bu böyük
insan dərdlə, həsrətlə
naxışlanan bir ömrün
sahibi olub. Ona 28 il həbs cəzası
kəsilib. Ömrünün qızıl
çağlarının 13 ilini həbsxanada
yatıb. İnandığı ideyaların ucbatından sevgili Münəvvərindən, ciyərparəsi
Mehmetindən, bütövlükdə Türkiyəsindən
ayrı düşüb. Əgər buna yaşamaq demək
mümkünsə, bu illərdə həmişə
təqib və təzyiqlərə məruz qalıb. Ölkəsinə
və millətinə bütün
varlığı ilə bağlı olan bu böyük insan, əsl vətəndaş idi.
Bir övlad kimi həsrətini ürəyində
daşıdığı İstanbulu
şeirləri ilə oxşaya-oxşaya
qalmışdı. O, elə bir qatarın
sərnişini idi ki,
geriyə yolu yox idi. Olumla ölüm
arasında çırpına-çırpına qalan Nazim Hikmət faciəsini
özü daha
yaxşı bilirdi. Demək olar ki, bütün
şeirlərində bu çətin yolların
yolçusu olduğunu,
nigarançılığını elə qəribə bildirirdi ki...
Qovaqlarını
öyməkdən,
quru-quruya sevməkdən
nə
çıxar, ey məmləkətim?!
Bu qəm dolu
sualların qılınc tiyəsinin önündə bir nida gəlirdi: "Bu kədər öldürəcək məni!"
Çünki Nazim
apardığı dialoqun hər iki tərəfində özü
tək dayanmışdı:
Nədir bu cəza-qədər?!
Belə bir kədər, beləsi
gülüm,
bir mənə məlum...
Nazimin
şeirlərində narahat döyüntülü ürəyinin
səsi illərin bu başında da apaydın eşidilir.
"Ölmək istəmirəm, Şimala aparmayın məni!"
Nə
idi bu?
Peşmançılıq, yoxsa
ünvanına yetişməyən, odlara,
ahlara tuş olub pörşələnən haray? "Mən məni bir
daha ələ keçirsəm" - deyən
Nazim Hikmət yəqin
röyalarının ən gözəlini gerçəkləşdirmək
istəyirdi. Çünki o,
əsl xoşbəxtliyi doğma torpaqda, vətəndə olmaqda
görürdü. Bəzən bunun üçün o, ruhuna şeirləri ilə
bir layla
çalırdı:
Qara dəniz axır durmadan,
dəli
həsrət. Dəli həsrət.
Oğlum, səni istəyirəm,
eşidirsənmi,
Mehmet, Mehmet?
Sağlığında
da, ölümündən sonra da Nazimə münasibət
ziddiyyətli olub. Amma onu duyanlar yaxşı
bilirlər ki, kommunist
ideyalarına inanan Nazim
aldanıldığını sonradan
gözəlcə anlamışdı. Görün,
o nə yazırdı:
Üflənən
bir şam kimi söndü,
yepyekə
işıqlar...
Buzlu Baltik dənizinin
kənarında
bir pəncərə örtüldü.
Açıldı
bir pəncərə...
Petronun pəncərəsiydi
örtülən,
açılan
Leninin pəncərəsi.
Əlavə şərhə ehtiyac
yoxdur. Çünki bu pəncərələr eyni
evə məxsusdur. Yəni, imperiya dəyişmədi.
Nazim Hikmət
komsomolun da şəninə
şeir yazıb. Leninin
ölümünə də inanmayıb. Bu,
onun günahı deyildi.
Sadəcə, quruluşları yerindən tərpədən,
milyonları öz arxasınca aparan sovet
ideologiyasının təsiri bu azman türk oğlunun da qollarında qandala dönmüşdü.
Şair düşdüyü
tilsimdən çıxa bilmirdi. Bircə
köksündəki ürəyi əvvəlki kimi
millət üçün döyünürdü.
Ümid ağacının Leninin
ölkəsində ucalacağına nə qədər inansa da, onun
üçün məmləkətlər
içində bir şirin
məmləkət Türkiyə idi.
"Qarşı sahil məmləkət..."
deyərək bütün şeirlərində
üzünü Vətəninə
tutardı. Nazim Hikmətin müxtəlif
ölkələrdə və nəşriyyatlarda çap olunmuş
kitablarını oxuduqca onun
duyumuna və addımına, həsrətinə
və məhəbbətinə, tərənnümünə və
xiffətinə, könüllü olaraq ömrünü alovlara tapşırmağına heyrətlənməyə
bilmirsən. Bioqrafiyası ilə şeirləri
arasındakı məsafənin oxşar və
fərqli cəhətlərinin son anda bir axara
yönəlməsi insanı dəhşətə gətirir. Bu səbəbdən də elə bilirsən ki, Nazim Hikmət bu yolu özü
qəsdən seçib. Bilə-bilə. Hər
şeyi gözləri ilə görmək,
əsl həqiqətləri öyrənmək üçün
dünyanı dolaşan Nazim
görün nə yazırdı:
Yer üzünə toxum kimi
səpmişəm
ölülərimi,
Kimi Odessada yatar, kimi
İstanbulda,
Praqada.
Ən sevdiyim məmləkət
yer üzüdür,
sıram gəlincə
yer üzüylə
örtün üzərimi.
Əslində, Nazim Hikmət
günəş kimi zamanın və vaxtın fövqündə
dayanaraq itkilərə,
tapıntılara, sevgi
və nifrətlərə,
ən başlıcası,
ayrılıqlara şeirləri
ilə meydan oxuyurdu:
Mən bir ceviz ağacıyam,
Gülhanə parkında,
Nə sən bunun farkındasan,
nə də
polis farkında.
Bu həm də Nazim Hikmətin sözlərlə, misralarla
möhürlənmiş mənəvi
pasportu idi. Yəni, cismim uzaqdadır, özüm, ruhum Türkiyədə, onun adi parklarındadır.
Nazim Hikmət Azərbaycanla, Azərbaycan
poeziyası ilə bağlı sənətkar
olub. Yurdumuzda onu dərin məhəbbətlə seviblər.
Əsərləri əsasında
Azərbaycanın tanınmış
rejissorları "Bir
məhəlləli iki
nəfər", "Yaşamaq
gözəldir, qardaşım"
filmlərini çəkiblər.
Dramları müxtəlif
teatrlarda tamaşaya qoyulub. Kitabları çap edilib. Görkəmli bəstəkarımız
Arif Məlikov Nazim Hikmətin sağlığında onun
əsəri əsasında
"Məhəbbət əfsanəsi"
baletini yazıb, şeirlərinə neçə-neçə
romans bəstələyib.
Dünyanın bir çox opera və balet teatrlarında "Məhəbbət əfsanəsi"
tamaşaçıların alqışlarını qazanıb.
Nazim Hikmət Azərbaycanın görkəmli
şair-yazıçılarından Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Abdulla Şaiq, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov və başqaları ilə dostluq edib.
Şair Nəriman Həsənzadə söyləyir:
"Onun mənim həyatımda rolu böyük olub. Bu səbəbdən də oğluma onun adını vermişəm.
Nazim təkcə qüdrətli şair yox, həm də
böyük ürək
sahibi idi".
Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Nazimin Bakıya gəlməsini belə xatırlayırdı. Vurğunun
ölümü ona bərk təsir etmişdi. Nazim Xavər xanıma deyib: "Qəmlənmə
canım, Səməd
xalqının içində
öldü, mən kafirlərin içində
öləcəyəm".
Bu sözləri məhz
"mən məni bir daha ələ
keçirsəm" söyləyən
Nazim Hikmət deyirdi. O, təkcə özünün yox, çoxlarının tora düşdüyünü, aldadıldığını
hayqırmağa məqam
axtarırdı. Ən
uca kürsü isə onun poeziya
aləmi idi. Hər şey yazılırdı. Sonra zaman bütün müəmmalara güzgü
tutacaq:
İnsanlarım, ah. Mənim
insanlarım,
yalanla bəsləyirlər
sizi.
"Xəzər dənizi"
adlı şeirində
də Nazim Hikmət çox ustalıqla bəyan edirdi: "Ucsuz-bucaqsız,
dəlisov, duzlu bir sudur Xəzər!
Xəzərdə dost gəzər,
e...y, düşmən gəzər!.."
Nazim Hikmət
ruhən, qəlbən həmişə Azərbaycana yaxın olub. O, çəkdiyi yanğıları sanki Bakıya gəlişi ilə
söndürməyə çalışırdı. Bu böyük şair haqqında maraqlı kitablar
çap etdirən
yazıçı-jurnalist Aqşin Babayev öz tədqiqatlarında
Nazim Hikməti həmişə olduğu kimi oxuculara çatdırmağa
çalışıb. O bildirir ki, Nazim Hikmətin
Türkiyədən sonra ikinci
sevdiyi ölkə Azərbaycan, xüsusilə
də Bakı olub. Bu da səbəbsiz deyildi. Doğma məmləkəti zamanın hansı
məqamındasa övladına laqeyd
qaldığı illərdə məhz Azərbaycan, Bakı Nazim Hikməti öz
doğması kimi bağrına basıb, onu sevib, qiymətləndirib.
Nazimin Bakıya hər gəlişi böyük hadisəyə çevrilərmiş.
Azərbaycanın görkəmli sənətkarları onunla bir yerdə olmaqdan, bir süfrə
başında əyləşməkdən zövq
alarmışlar. Məlumdur ki, çəkdiyi
mənəvi əzablar, zindan həyatı,
eləcə də bir çox
dərdlər Nazimə ağır xəstəliklər gətirmişdi.
O, zahirən boy-buxunlu və
yaraşıqlı kişi olub. Üz-gözündə elə bir işıq var imiş ki, heç
kəs onun xəstə olduğuna
inanmazmış. Aybəniz Vəkilova danışırdı:
"Mehdi əmimgildə (Mehdi
Hüseyn nəzərdə tutulur - F.X.) qonaqlıq idi,
süfrə açılmışdı. Nazim
Hikmət birdən dilləndi: "Allah, Allah, yeyəcək var, yeyəməm,
içəcək var, içəməm,
gözəllər var, sevəməm. Al canımı, İlahi".
Bu söhbəti də mənə
heykəltəraş Münəvvər Rzayeva
danışıb. O, 1954-cü ildə Moskvada
təhsil alanda Nazim
Hikmət ona həqiqətən atalıq edib. Münəvvər xanım Nazim Hikmətin sağlığında onun portretini işləmək
səadətinə nail olub.
Bakıya sonuncu gəlişində şair Münəvvər xanıma bir xahişini yetirib: "Münəvvər, qızım,
bilirəm, mən öləndən sonra
abidəmi işləyəcəksən. İki
arzum var. Onun birini sən yerinə yetir, abidəmin üstündə uzaqda qalmış bir
qadın surəti, mənimsə gözlərimi işlə.
Yalnız iki gözlərimi. Elə
canlı, elə diri ki,
bilinsin mənəm baxan.
Ona görə ki,
ölmək yox, yaşamaq
istəyirəm. Mən vətənimdə ölməliyəm".
İçində bir yurd həsrəti püskürən bu böyük insan sanki əbədi gedişin qəfil olacağını duyubmuş. Bəlkə də gələcək
onu qınamasın deyə, o dövr üçün
çətin və ağlagəlməz olan
vəsiyyətini edirdi: "Anadoluda bir kənd qəbiristanlığında
basdırın məni". Ürəyi soyumurdu,
yenə yazırdı: "Anadolu
yaylasında basdırılmağımı istəyirəm".
O ağır günə, o kəsiləcək
nəfəsə isə hələ 7-8 illik
bir məsafə var idi. Nazim Hikmət
darıxırdı, sac üstünə düşmüş buğda
kimi qovrulurdu.
Özünə yeni-yeni adlar
tapırdı: "Mən nəmli, ilıq bir
cənub gecəsiyəm". Amma nə səhər
açılırdı, nə Vətənə yollar görünürdü.
Saçlarımın
ağında,
ürəyimin
infarktında,
alnımın
qırışlarındasan,
məmləkətim!
Elə bu
sözlərlə də tamamlandı həyatı. 1963-cü
il iyunun 3-də Moskvada dünyasını dəyişdi. Cismi yad ölkədə...
"Ruhum bir
irmakdır, gülüm, akar
yukarıda, dağların arasında". Beləcə qurtuldu bu qəriblikdən.
Nazim gedəli dünya
da dəyişdi...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 19 yanvar.- S. 7.