Azərbaycan ilə
Gürcüstan arasında əməkdaşlıq
əlaqələri uğurla inkişaf edir
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə yanvarın 19-da Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə tarixən dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin müasir dövrdə daha da uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu, o cümlədən hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işinin intensiv şəkildə davam etdirildiyi, bir sıra iri beynəlxalq layihələrdə hökumətlərimizin müştərək fəaliyyət göstərdiyi bildirildi. Qeyd olundu ki, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da xüsusi rolu vardır.
Ölkəmizə səfərindən
məmnunluq ifadə edən qonaq son illərdə müstəqil Azərbaycanın
çox böyük inkişaf yolu keçdiyini qeyd etdi və paytaxt Bakıda genişmiqyaslı quruculuq işlərinin onda
xoş təəssürat
yaratdığını diqqətə çatdırdı.
Azərbaycan.- 2012.-20 yanvar.- S. 1.