20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜDÜR

 

 Qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

 

1990-cı il yanvarın 20-də sovet imperiyası Azərbaycan xalqının, azadlıq və müstəqillik arzusu ilə yaşayan insanların üzərinə zirehli texnika yeritdi. Təpədən-dırnağadək silahlanmış sovet qoşunları qarşısına əliyalın çıxmış dinc cakinləri bir anın icində qanına qəltan etdi. Bu zorakılıq Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, müstəqillik uğrunda dəyanətini, azadlıq mübarizəsini sındırmaq məqsədi daşıyan mənfur planın bir hissəsi idi. Lakin tarix bir  daha sübut etdi ki, bu cür düşünənlər səhv etmişlər. 20 Yanvar hadisələri Azərbaycan xalqının əsrlər boyu imperia müstəmləkəçiliyinə qarşı apardığı azadlıq və müstəqillik istəyinin davamı idi.

Çar Rusiyası yıxılıb, sovet hakimiyyəti qurulanda xalqın vətən təəssübü çəkən övladları yeni quruluşun düşmənləri adıyla həbsxanalara salındı, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı,  ölkəmiz XI qırmızı ordu tərəfindən işğal edildi. Bundan da ürəyi soyumayan sovet imperiyası 1920-ci ildən 1937-38-ci illərə kimi milli ruhlu insanları, yazıçı və şairləri, digər peşə və sənət sahibi olan nüfuzlu adamları, say-seçmə ziyalıları, el-oba ağsaqqallarını repressiyaya məruz qoydu, bəzən zindanlarda, bəzən də yerindəcə ictimaiyyət qarşısında güllələtdirdi, minlərlə günahsız insanı uzaq Sibirin, Orta Asiyanın  gedər-gəlməz ərazilərinə sürgünə göndərdi... İşğal, zorakılıq və nahaq qanlar üzərində  qurulan sovet imperiyası ötən əsrin sonlarında, 1990-cı ildə süquta uğrayanda Azərbaycan xalqı yaranmış əlverişli şəraitdən istifadə edərək müstəmləkəçilik buxovundan azad olmaq, öz tarixi azadlığı və dövlət müstəqilliyini bərpa etmək uğrunda mübarizəyə qalxdı.

1988-ci ildə xüsusi hazırlıqla törədilən və əvvəlcədən hazırlanmış Sumqayıt hadisələri ilə daha da gərginləşən siyasi vəziyyət Azərbaycan xalqının azadlıq, müstəqillik, suverenlik ideyalarını boğmağa hesablanmışdı. Dağlıq Qarabağ münaqişəsi dalğasında törədilmiş bu hadisələr respublikamızın ərazi bütövlüyünə qarşı aparılan məkrli ideoloji təxribat idi.  Şər və böhtan kampaniyasından əl çəkməyən erməni şovinistləri Azərbaycan xalqına qarşı bəşəri cinayətlər törədirdilər.

Qanlı 20 Yanvar hadisəsi  sovet imperiyasının millətimizə qarşı törətdiyi tarixi faciədir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqının mübarizə əzmini qırmaq, onun suverenlik istəyini sarsıtmaq mümkün olmadı. Həmin gün küçələrə, meydanlara çıxaraq azadlıq və müstəqillik uğrunda haqq səsini ucaldan silahsız insanların ölümündən belə qoxmadılar. Elə ona görədir ki, 22 il bundan əvvəl baş vermiş 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinə şərəfli gün, qəhrəmanlıq simvolu kimi həkk olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının xüsusi hazırlıqlı ordusu tərəfindən planlı şəkildə Azərbaycan xalqına qarşı törədilən faciə xalqın yaddaşında silinməz iz qoydu. Həmin gecə xalqda bir təlatüm, coşqunluq, həyəcan vardı. İnsanların qəlbində mübarizəyə çağrış hissi baş qaldırmışdı. Onlar silahsız olmalarına baxmayaraq, düşmən tanklarının, zirehli texnikanın qarşısında öz iradələrinə hakim durdular. Həmin müdhiş gecədə ölümün üzünə mərdliklə baxan silahsız kütlə sarsılmazlığını, birliyini bir daha sübut etdi.  Xüsusi hazırlıqlı hərbçilər tərəfindən törədilən qanlı gecədə 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 800-ə yaxın vətəndaşımız  ağır yaralanmışdı. Həlak olanlar arasında qadınlar, qocalar, uşaqlar da var idi. Bu hadisədə 200 ev və mənzil talan edilərək yandırılmış, 80 avtomaşın, həmçinin təcili yardım maşınları, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edilmişdi. Amansızlıqla həyata keçirilən bu qanlı gecənin əsas məqsədi Azərbaycan xalqının inam və iradəsini qırmaq, ərazi bütövlüyünü sarsıtmaq və sovet hərbi rejiminin gücünü, imperiyanın qüdrətini təsdiq etdirmək idi. O gecə faciə törədən imperiya əsgərləri sırasında erməni əsgərlərinin olduğu və xüsusi fəallığı onların maraqlarına hesablanmışdı.

Tarixin müxtəlif sınaqlarından çıxmış, həmişə mübarizliyi ilə seçilən Azərbaycan xalqı ağır itkilər versə də, öz qürurunu, vətənə bağlılığını bu dəfə də sübut etdi. Bu təcavüz Azərbaycan xalqına qarşı edilmişdi, həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Xalqımızın başına gətirilmiş müsibətin əsl səbəbkarı olan Mixail Qorbaçov ali səlahiyyət imkanlarından istifadə edərək Azərbaycan xalqına 20 Yanvar faciəsini tez bir zamanda unutdurmağa çalışsa da, bu, mümkün olmadı.

Ölkədə xaos, özbaşınalıq, şəxsi maraqlara hesablanmış siyası çəkişmələr böyük vüsət almışdı. Xarici müdaxilələr və daxili çəkişmələr ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu zaman xalqın etibarlı, vətəninə, xalqına sadiq bir liderə böyük ehtiyacı yaranmışdı. 20 Yanvar faciəsinə ilk olaraq etirazını bildirən və bunu dünya ictimaiyyətinə çatdıran ulu öndər Heydər Əliyev xalqın haqq səsinə səs verərək hadisədən bir gün sonra Moskvada yerləşən Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdi. Baş verənlərlə bağlı açıqlama verərək xalqımıza qarşı törədilən cinayəti ifşa etdi və xalqla, millətlə həmrəy olduğunu bildirdi.

Azərbaycanın müstəqillik tarixində misilsiz əhəmiyyət kəsb edən 20 Yanvar hadisəsi həm də öz qəhrəmanları ilə tarixə qovuşdu. Faciənin qurbanları - canlarını vətən uğrunda fəda edən Azərbaycan övladları şəhidlik zirvəsinə yüksəldilər. Onların xatirəsi həmişə yad edilir və əziz tutulur. Hər dəfə yanvar ayı gələndə, o müdhiş, faciəli gecə yada düşəndə dəhşət bizi bürüsə də, o gecədə, o günlərdə sovet ordusu əsgərlərinin gülləsinə tuş gələn şəhidlərimizin ruhu qarşısında baş əyirik. Xatirəsi və müqəddəs əməlləri əbədiyyətə çevrilən vətən oğullarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu günlər onların dəfn olunduğu Şəhidlər xiyabanına gələnlərin ardı-arası kəsilmir.

Zamanından və məkanından asılı olmayaraq xalqının azadlığı, Azərbaycanın ərazi bütövlüyü  və suverenliyi uğrunda canlarından keçmiş bütün insanlara Allahdan rəhmət diləyirik.

 

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  1.