Heydər Əliyevin
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
çıxışı
29 avqust 1991-ci il
...20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Tamerlan Qarayevin verdiyi arayışla mən razı ola bilmərəm. Çünki bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı məsələnin hüquqi cəhətinə, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunmasına, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək olmur.
Elmira
Qafarova: Verilib, sessiyada, ayın 20-də.
Heydər
Əliyev: Bəs verilibsə, kim bu hərbi təcavüzün
günahkarıdır? Bu günləri deyirlər ki, Yazov,
Kryuçkov, Bakatin, Girenko, Qorbaçov. Bu doğrudur. Bəs
Azərbaycan rəhbərliyindən kimdir günahkar? Bəli,
bu şəxslər də məlumdur. Vəzirov, Qafarova,
Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin başqa üzvləri. Bəli, əgər
başqa adamlar da günahkardırsa, aydınlaşdırmaq
lazımdır. Başqa qüvvələr də
günahkardırlarsa, demokratik qüvvələr, Xalq Cəbhəsi,
onlara da siyasi qiymət vermək lazımdır. Bunları
aydınlaşdırmayana qədər Azərbaycanda siyasi
sabitliyi əldə etmək olmaz. Əgər bu məsələyə
siyasi qiymət verilibsə, Ayaz Mütəllibovdan xahiş edirəm
desin, nə üçün Qorbaçov 3 nazirin təyin
olunması barədə 9 respublikanın rəhbərlərindən
razılıq alarkən, Ayaz Mütəllibov Bakatinin Dövlət
Təhlükəsizliyi Komitəsinə sədr təyin
olunmasına etiraz etməmişdir? Əgər edibsə, bəs
niyə çıxışında demədi? Nə üçün
20 Yanvar faciəsinin günahkarlarından biri olan Vəzirov Azərbaycan
Respublikasından Xalq Deputatları Qurultayını
hazırlama Komissiyasına üzv seçilibdi? Onu ora kim təqdim
edib? Azərbaycan Respublikasının rəhbərləri əgər
bunu ediblərsə, onlar Azərbaycan xalqının
qarşısında günah edirlər, mən bunu tam
açıqlığı ilə demək istəyirəm.
Bütün
bu məsələləri aydınlaşdırmadan -
şübhəsiz ki, mən də çıxış edən
deputatların təklifləri ilə razıyam - Azərbaycanda
prezident seçkiləri keçirmək olmaz. Sonra Azərbaycan
Respublikası Ali Soveti deputatlarının əksəriyyəti,
tam əksəriyyəti kommunist olduqlarına görə,
Kommunist Partiyasının rəhbər orqanlarında fəaliyyət
göstərən adamlar parlamentə deputat seçildiklərinə
görə və Azərbaycan Kommunist Partiyası çox
şeylərdə günahkar olduğuna görə mən
hesab edirəm ki, Azərbaycan Respublikasının parlamenti
buraxılmalıdır və yenidən seçkilər
aparılmalıdır. Mən belə kəskin
çıxış edərkən düşünürəm
ki, indi mənim çıxışımdan sonra xüsusi
hazırlanmış adamlar çıxıb mənim əleyhimə
sözlər deyəcəklər. Mən bu sözlərə
öyrənmişəm. Ona görə də heç narahat
olmayın. Mən öz vicdanım qarşısında cavabdeh
olaraq bu gün bu çıxışı edirəm.
Azərbaycan.- 2012.- 20 yanvar.- S. 2.